Məhkəmə qərarları › İş №2(110)-259/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-259/2023

10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-259/2023 10.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(110)-338/2022 saylı qətnaməsi ilə Cavabdeh aliment tutularaq 11 mart 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi barədə məhkəmə qətnaməsində dəyişiklik edilərək bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla sabit məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində, 2006-cı ildə Cavabdeh ilə nikah qeydindən keçməklə evləndiklərini, birgə nikahdan birgə yaşadıqları müddətdə iki övladları 11 mart 2006-cı il təvəllüdlü X1 və 21 oktyabr 2009-cu il təvəllüdlü X3 doğulduğunu, cavabdehlə yola gedə bilmədiklərindən cavabdehin iddia ərizəsi əsasında onlar arasında olan bağlanmış nikah Şərur rayon məhkəməsinin qətnaməsi ilə 2022-ci ildə pozulduğunu, azyaşlı 11 mart 2006-cı il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən olunduğunu, Şərur rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(110)-338/2022 saylı məhkəmə qətnaməsinə əsasən cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) dörddə biri tutularaq bir uşağın saxlanılması üçün aliment müəyyən olunduğunu, Cavabdeh ayda cəmi 30 manat olmaqla bir uşağın saxlanılması üçün ona aliment pulu ödədiyini, haliyyədə övladlarının böyüdüyünü, Naxçıvan şəhərində Texniki kollecdə təhsil aldığını, onun saxlanlması üçün xərclərin artdığını, bu səbəbdən də ödənilən aliment məbləğinin onun tələbatını ödəmədiyini, uşağın normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyinə kifayət etmədiyini, özünün heç yerdə işləmədiyini, valideynlərinin yanında qaldığını, onların maddi dəstəyi nəticəsində özlərini saxladıqlarını, uşağın atası, Cavabdeh uşağın sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırdığını, ilkin mediasiya sessiyasında alimentin artırılması barədə razılığa gələ bilmədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 402230 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 06 fevral 2023-cü il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 12 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Adıyeva” soyadı verilmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, iş üzrə tərəflər 21 oktyabr 2009-cu il təvəllüdlü X3 valideyinləridir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, iş üzrə tərəflər 11 mart 2006-cı il təvəllüdlü X1 valideyinləridir. - Şərur Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(110)-338/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə Cavabdeh və İddiaçı arasındakı xx.xx.2006-cı il tarixdə Şərur rayon Qeydiyyat Şöbəsində bağlanmış 169 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2009-cü il tarixdə doğulmuş X3 atası Cavabdeh, xx.xx.2006-cı il tarixdə doğulmuş X1 anası İddiaçı yanında qalması müəyyən edilmiş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 miqdarında aliment alınaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün anası Şərur rayon Zeyvə kəndində yaşayan İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir; Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(110)-338/2022 saylı qətnaməsi ilə iddia təmin edilməklə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 miqdarında aliment alınaraq xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün anası Şərur rayon Zeyvə kəndində yaşayan İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin ayda 30 manat miqdarında aliment ödədiyini, haliyyədə övladlarının böyüdüyünü, Naxçıvan şəhərində Texniki kollecdə təhsil aldığını, onun saxlanlması üçün xərclərin artdığını, bu səbəbdən də ödənilən aliment məbləğinin onun tələbatını ödəmədiyini, uşağın normal qidalanmasına, istirahətinə, təhsilini təmin etməyinə kifayət etmədiyini, özünün heç yerdə işləmədiyini, valideynlərinin yanında qaldığını, onların maddi dəstəyi nəticəsində özlərini saxladıqlarını, uşağın atası, Cavabdeh uşağın sağlamlığı, təhsili və digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərməkdən boyun qaçırdığını bildirmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(110)-338/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 11 mart 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X4 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə alimentin dəyişdirilərək qismən təmin edilməsi qənaətinə gələrkən yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərini, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş ¼ hissə alimentə görə cavabdehin ödədiyi 30 manat alimentin uşağın mənafeyinə uyğun olmamasını, tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını nəzərə almışdır. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 140 manatdır ki, bu da il ərzində 1680 manat (140x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 36.80 (otuz altı manat səksən qəpik) manat (1680-1000=680/100*1=30+6.8=36.8) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 2(110)-338/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2006-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar