Məhkəmə qərarları › İş №2(110)-260/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-260/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-260/2025 16.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X6 Elmar oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1600 manat və ödədiyi 37 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh ilə birlikdə hərbi xidmətdə olduğunu, hərbi xidmətdən sonra da yaxın münasibətdə olduğunu, ailəvi bir-birilərinin evinə gedib gəldiklərini, cavabdehin Gəncəyə gəlib avtomobil alanda onun da iştirak etdiyini, xx.xx.2022-ci il tarixdə ona avtomobilin sığortası üçün 60 manat borc verdiyini dediyini, xx.xx.2022-ci il tarixdə zəng edib yolda qaldığını, avtomobili evakuatora yükləmək üçün onun kartına 14 manat pul vurmağını dediyini, kartına 14 manatı göndərdiyini, bir müddətdən sonra avtomoilinin matorunun xarab olduğunu, yoldaşının kartını göndərərək 400 manat pul atmağını dediyini, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı X1 400 manat pul göndərdiyini, bundan sonra onun xahişi ilə xx.xx.2023-cü il tarixdə Aytənin kartına 250 manat pul göndərdiyini, bir müddət sonra cavabdehin Gəncə şəhərinə gəldiyini, avtomobilində texniki problemin yarandığını, 600 manat verməyini dediyini, onunla birlikdə ustaların yanına getdiklərini, 600 manat verdiyini, cavabdehin avtomobili Elton adlı tanışlarından aldığını, xx.xx.2023-cü il tarixdə cavabdehin krediti ödəyə bilmədiyini, Eltonun kartına pul göndərməyini dediyini, Elton Əhmədovun kartına 354 və 400 manat olmaqla 2 dəfə pul göndərdiyini, onun 2200 manat borcunun yarandığını, bir müddət sonra ayda 50 manat olmaqla 600 manat pul göndərdiyini, xeyli gözləyəndən sonra ondan qalan 1600 manat borcunu qaytarmasını tələb etdiyini, pulunun olmadığını, borcunu ödəyə bilməyəcəyini, ona pul göndərmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə həyata keçirilən məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, yalnız İddiaçı müvafiq teleqramlarla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında Whatsapp üzərindən videogörüş zamanı İddiaçı izahatında və verilən suallara cavabında iddianı müdafiə etdiyini, özünün Gəncə şəhərində yaşadığını, Whatsappda maşın statusu qoyduğunu, maşının X4 mülkiyyətində olduğunu, illik 35% ilə 5500 manat ilkin ödənişlə satılığa qoyulduğunu, cavabdehin onun əsgərlik yoldaşı olduğunu və statusunda həmin maşını görərək, ondan ilkin ödənişsiz həmin maşını almaq üçün vasitəçilik etməsini istədiyini, köməklik göstərmək üçün mülkiyyətçi ilə danışdığını, Cavabdeh maşının sahibi Eltonun ofisinə gedərək kredit müqaviləsi bağladıqlarını və maşının 10000 manata satışı ilə bağlı razılaşdıqlarını, Cavabdeh heç bir ilkin ödəniş etmədiyini, ona maşın verilərkən yararlı vəziyyətdə olduğunu, Nurlanın maşını Bakıya apararkən Goranboyda Maşının xarab olduğunu, Nurlanın maşını evakuatora yükləyib təkrarən Gəncəyə gətirdiyini və təqribən 2-3 gün içərisində maşını orda təmir etdirdiyini və Bakıya apardığını, maşının təqribən 4 ay yarım Nurlanda qaldığını, özünün Nurlana zamin durduğunu və aylıq 420 manatlıq ödənişlərinin təqribən 2 ay yarımlıq hissəsini Nurlanın əvəzindən Eltona özünün ödədiyini, müxtəlif vaxtlarda cəmi 2200 manat olmaqla Nurlana borca pul verdiyini, bu borcdan xx.xx.2022-ci il tarixində 400 manat pulu cavabdehin yoldaşının kartına yüklədiyini, daha sonra 2023-cü ilin yanvar ayında cavabdehin övladı olduğu üçün ondan yenə də borc istədiyini, bu səbəbdən də xx.xx.2023-cü il tarixində 250 manat pulu cavabdehin yoldaşının kartına atdığını, 60 manat pulu cavabdehin özünün kartına yüklədiyini, Goranboyda maşın xarab olarkən evaquator şöfirinə vermək üçün Nurlan ondan istədiyindən 14 manat pulu evaquator şöfirinin kartına yüklədiyini, 200 manat pulu Nurlanın əvəzindən kredit ödənişi olaraq Eltonun kartına yüklədiyini, bu məbləğlərdən geriyə qalan pulları da Nurlanın əvəzindən kredit ödənişi olaraq Eltona ödədiyini, Nurlanın ona olan cəmi 2200 manat borcundan bugünədək yalnız 600 manat ödədiyini bildirərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında Whatsapp üzərindən videogörüş zamanı Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, iddiaçıya pul borclu oladığını, 2022-ci ildə Vüqarın Vhatsap statusunda DAEVO 0.8 mator 3000 manatlıq maşını gördüyünü, Vüqarın vasitəçiliyi ilə həmin maşını ilkin ödəniş etmədən təqribən 10000 manata kreditlə aldığını, internetdə həmin maşının 2500-3000 manat real qiymətinin olduğunu, maşını Vüqarın təşkil etdiyini, 0.8 motor maşın olduğunu, 2 ay maşının onda qaldığını, telefon danışıqları əsasında Gəncədən maşını götürüb Bakıya getdiyini, Gəncədən çıxarkən maşının Goranboyada dayandığını, 30 km yol getməmiş yolda maşının xarab olduğunu, 10 gün keçməmiş sığortasının ödənilmədiyini öyrəndiyini, kreditlə aldığı üçün maşının elə baha olduğunu, maşını o vəziyyətdə iddiaçıya qaytardığını, maşın nazas olduğundan Vüqardan aldığı bütün pulları (xx.xx.2022-ci il tarixində yoldaşının kartına yüklənmiş 400 manat pulu, xx.xx.2023-cü il tarixində yoldaşının kartına yüklənmiş 250 manat pulu, özünün kartına yüklənmiş 60 manat pulu Goranboyda maşın xarab olarkən evaquator şöfirinə vermək üçün evaquator şöfirinin kartına yüklənmiş 14 manat pulu-cəmi 724 manat pulu) maşının təmirinə və sığortasına xərcləndiyini, maşının nazas olaraq ona verildiyini, Vüqarın onun adından kiməsə kredit ödəmədiyini, təqribən 2 ay maşını istifadə etdikdən sonra Vüqarın özünə təhvil verdiyini, Vüqarın maşının təmirinə çəkilmiş xərcləri ondan tutmaq istədiyini, +**********80 vhatsap nömrəsinin ona aid olduğunu bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə 400 manat pul X2 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə 60 manat pul 524375******8683 nömrəli kart hesabından 552209******4131 nömrəli kart hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə 14 manat pul 524375******8683 nömrəli kart hesabından 416974******6711 nömrəli kart hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə 250 manat pul X2 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə 200 manat pul ƏHM****EL****İL**** adlı şəxsə məxus 52********735794 nömrəli kart hesabına köçürülmüşdür. Məhkəmənin əsaslandırması: Mməhkəmə işin materiallarını, tərəflərin izahatlarını, təqdim edilmiş sübutları və tərəflərin arasında yaranmış münasibətlərin faktiki xarakterini təhlil edərək belə qənaətə gəlir ki, tərəflər arasında faktiki olaraq şifahi borc müqaviləsi münasibətləri mövcud olmuşdur. Hərçənd ki, Cavabdeh məhkəmə iclasında iddiaçının ona borc pul verdiyini inkar etsə də, iddiaçı tərəfindən onun kartına və onun göstərişi ilə digər şəxslərin kartlarına pul köçürülməsi faktını inkar etməmiş, həmin vəsaitlərin iddiaçının vasitəçiliyi ilə aldığı avtomobilin təmirinə sərf olunduğunu bildirmişdir. Bununla belə, iş materiallarında olan bank köçürmələri (xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023 tarixli ödəniş qəbzləri) məhz cavabdehin və ya onun göstərişi ilə üçüncü şəxslərin kart hesablarına pul köçürülməsi faktını təsdiq edir. Həmçinin, iş materiallarına əlavə edilmiş “WhatsApp” yazışmalarında iddiaçının cavabdehə “1750 manat borcunun qalmasını” bildirdiyi, cavabdehin isə buna etiraz etməyərək yalnız borcun məbləği ilə bağlı “elə keçən ay da bu qədər qalmışdı” kimi cavab verdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında “WhatsApp” yazışmalarında qeyd olunan bu faktlar cavabdehin rəsmi izahatına zidd olsa da, məhkəmə hesab edir ki, 1700 manat məbləğində minimum borc öhdəliyinin mövcudluğuna dair dolayı etirafdır, yəni tərəflər arasında borc münasibətlərinin yaranmasına dair əsaslı sübutdur. Məhkəmə bu dolayı etirafı nəzərə alır və hesab edir ki, 1700 manat məbləğin cavabdeh tərəfindən minimum öhdəlik kimi dolayı yolla etiraf edilməsi əsas götürülməklə, borcun ümumi həcmi iddiaçının öz tələbində bildirdiyi kimi 2200 manat yox, 1700 manat olaraq müəyyən edilməlidir. Həmçinin qeyd etmək lazımdır ki, eyni “WhatsApp” yazışmalarından görünür ki, cavabdeh borcun aylıq 50 manat olmaqla hissə-hissə ödənilməsini iddiaçıya təklif etmiş və bir neçə dəfə bu məqsədlə ödənişlər etmişdir. İddiaçı da məhkəmə iclasında cavabdehin ona cəmi 600 manat məbləğində ödəniş etdiyini təsdiq etmişdir. İddiaçı ümumilikdə 2200 manat borc tələbi irəli sürmüşdür, lakin bu məbləğin yalnız 924 manatı üzrə ödəniş qəbzlərini təqdim etmiş, qalan hissənin isə cavabdehin əvəzindən üçüncü şəxs Elton adlı şəxsə kredit ödənişləri etdiyinə dair iddiasını təsdiqləyən sənədləri təqdim etməmişdir. Cavabdeh də bu halı inkar etmişdir. Məhkəmə hesab edir ki, “WhatsApp” yazışmalarında cavabdehin 1700 manat borcunun qalmasını etiraf etdiyi və bu məbləğə etiraz etmədiyi nəzərə alınmaqla, məhkəmə ümumi borcun məbləğini 1700 manat həcmində qəbul edir. İddiaçı tərəfindən cavabdehin 600 manat məbləğində ödəniş etdiyi etiraf olunduğundan, cavabdehin iddiaçıya qarşı ödənilməmiş öhdəliyi 1100 manat məbləğində qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri borc müqaviləsindən əmələ gələn öhdəliklərdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinin şərtləri baxımından, müvafiq müqavilə bağlanıldığı andan və müqavilə üzrə müvafiq borc məbləği borcverən tərəfindən borcalana verildiyi və borcalanın həmin məbləğə dair sərəncam hüququnun yarandığı andan, borcalan- Cavabdeh borc müqaviləsinin predmeti olan pul vəsaitini borcverən- İddiaçı ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli; -Cavabdeh 1100 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli; -İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilməli; -Tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 37 manat məbləğində dövlət rüsumunun 25.44 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1100 (bir min yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə əsaslı sayılmadığından rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 37 (otuz yeddi) manat məbləğində dövlət rüsumunun 25,44 manat (iyirmi beş manat, qırx dörd qəpik) hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar