Məhkəmə qərarları › İş №2(110)-262/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-262/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-262/2021 14.07.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı QSC-nin Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4518,81 manat əsas borc, 597,41 manat faiz borcu olmaqla cəmi 5116,22 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb bankın xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh1 ilə “«İddiaçı” QSC arasında bağlanmış 17.03.2015-ci il tarixli 47-17.03.2015-SM74 saylı kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik, 22 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verildiyini, kreditin təminatı kimi Cavabdeh2 ilə 17.03.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlandığını, cavabdehlərin üzərilərinə düşən öhdəliyi yerinə yetirmədiklərini, borcun qaytarılması ilə bağlı onlara rəsmi bildiriş göndərilməsinə baxmayaraq heç bir nəticə əldə olunmadığını göstərmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçının nümayəndəsi X1 izahatında və ona verilən suallara cavabında İddiaçı QSC ilə Cavabdeh1 arasında 17.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 6000 manat manat miqdarında kredit verildiyini, kreditin təminatı məqsədilə Cavabdeh2 ilə 17.03.2015-ci il tarixli zaminlik müqaviləsi bağlandığını, cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq onların öhdəliklərini yerinə yetirmədiklərini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, Elektron Məhkəmə Sistemindən adına çıxan nömrələrə sms bildiriş göndərilmiş, məhkəmə bildirişləri göndərilmiş, Cavabdeh1 göndərilən məhkəmə sənədini onun anası qəbul etmiş, digər cavabdeh məhkəmə sənədlərini şəxsən qəbul etmişdir. Bütün bunlara baxmayaraq cavabdehlər məhkəmə iclasında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan 17.03.2015-ci il tarixli 47-17.03.2015-SM74 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 17.03.2015-ci il tarixli 47-17.03.2015-SM74 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 17.03.2015-ci il tarixli 47-17.03.2015-SM74 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan 17.03.2015-ci il tarixli məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 hesabına 5580 manat pul köçürülmüşdür. İş materiallarında olan 01.01.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 47-17.03.2015-SM74 saylı kredit müqaviləsi üzrə 4518,81 manat əsas, 597,41 manat faiz borcu var. Ekspert rəyi: Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31.05.2021-ci il tarixli 122 nömrəli ekspert rəyindən görünür ki, 17.03.2015-ci il tarixli 47-17.03.2015-SM74 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 5335,26 (beş min üç yüz otuz beş manat iyirmi altı qəpik) manat, faiz borcu 546,05 (beş yüz qırx altı manat beş qəpik) manat təşkil edir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqavilələri bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, məxaric orderi və.s) sübuta yetirmişdir. Maliyyə-kredit ekspertizasının rəyinə əsasən Cavabdeh1 İddiaçı QSC-yə olan əsas borcu 5335,26 manat, faiz borcu 546,05 manat təşkil edir. Cavabdeh hər hansı ödəniş etməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İşə iddia tələbinin hüdudlarında baxıldığı üçün kredit müqaviləsi üzrə əsas borc iddia ərizəsində göstərilən 4518,81 manat, faiz borcu isə ekspert rəyində göstərilən 546,05 manat olmaqla hesablanmalıdır. Beləliklə cavabdehin iddiaçıya kredit müqaviləsi üzrə cəmi olan borcu 5064,86 manat təşkil edir. 17.03.2015-ci il tarixli 47-17.03.2015-SM74 saylı kredit müqaviləsinin 10.3-cü bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən günə görə gecikdirilmiş borc məbləğinin 20%-i miqdarında dəbbə pulu ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 29 (iyirmi doqquz) manat cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayonu Dizə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 və Biləsuvar rayonu Xırmanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 müstərək qaydada 17.03.2015-ci il tarixli 47-17.03.2015-SM74 saylı kredit müqaviləsi üzrə 4518,81 manat (dörd min beş yüz on səkkiz manat səksən bir qəpik) əsas, 546,05 (beş yüz qırx altı manat beş qəpik) faiz borcu olmaqla ümumilikdə, 5064,86 (beş min altmış dörd manat səksən altı qəpik) manat borc və 29 (iyirmi doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar