Məhkəmə qərarları › İş №2(110)-271/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-271/2022

14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-271/2022 14.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Səfərova Ayşən Fazil qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndə-vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc kimi verdiyi 3000 ABŞ dollarını və 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh uzun illər yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış binasında kirayə ev tutub yaşadığı üçün tanıdığını, həmin vaxtı cavabdehin onların binasında qızı ilə birlikdə boş olan mənzildə kirayədə yaşadığını, bir-birilərinə inamları olduğundan o nəvəsini Türkiyənin Ankara şəhərində müalicəyə aparacağını bildirdiyini, ondan 5000 manat pul istədiyini, uzun illər topladığı 3000 ABŞ dollarını borc olaraq ona verdiyini, 3-4 aya kimi götürdüyü borcu qaytaracağını söz verdiyini, 3000 ABŞ dollar borc pulu evlərində ona verdiyini, həmin vaxtı X2 və Mahmudova Aybəniz Vəkil qızının da onlarda olduğunu, pulu onların yanında verdiyini, bir müddət keçdikdən sonra Nəsibənin ondan əlavə olaraq 4000 manat da pul istədiyini, Türkiyədə torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsinin 150000 manat qiyməti olduğunu, sənədlərinin hazır olduğunu, yalnız imza məsələsinin qaldığını, onu satıb pulunu 2019-cu ilin mart ayının sonuna kimi qaytaracağını bildirdiyini, sonra Nəsibənin ona bildirmədən kirayə yaşadığı mənzildən çıxıb getdiyini, onu axtarmağa başladığını, onun telefon zənglərinə belə cavab vermədiyini, tez-tez kirayə yaşadığı mənzilləri dəyişdiyini, 2020-ci fevral ayında Naxçıvan MR Ali Məhkəməsində Nəsibənin iştirakı ilə işə baxıldığını öyrəndiyini, oraya gedib Nəsibə ilə görüşdüyünü, ondan pulunu istəyəndə Nəsibənin söz verərək pulunu qaytaracağını bildirdiyini, aralarında olan bu danışığı telefona yazdığını, həmin vaxtdan sonra Nəsibənin ondan yayındığını, onu görəndə isə 9000 manat pulu qaytaracağını bildirdiyini, sonuncu dəfə telefonuna zəng edəndə qızının açdığını, nalayiq ifadələrlə onu təhqir etdiyini, yaxşı edib pulu qaytarmadıqlarını, yeyib üstündən də su içdiklərini, borcunu qaytarmayacaqlarını bildirdiyini, bundan sonra onun borcunu qaytarmayacaqlarını başa düşdüyünü, bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində sadaladığı halları bir daha təsdiqlədiyini, cavabdehin özünü onlara Aytən adı ilə tanıtdığını, sonradan onun şəxsiyyət vəsiqəsinə baxanda onun adının Aytən deyil, Nəsibə olduğunu bildiyini, birinci dəfə 300 ABŞ dollarını 2018-ci ilin sentyabr ayının ortalarında verdiyini, ikinci dəfə pul verməyinin səbəbinin onun pulunun hamısının mart ayında qaytarması barədə cavabdehin onu inandırdığını, 2019-cu ilin may ayında onunla əlaqələrinin kəsildiyini, yalnız 2020-ci ilin fevral ayında Püstə adlı şəxsin ona zəng vuraraq Nəsibənin ona borcu olduğunu, işin Ali Məhkəmədə olduğunu bildirdiyini, onun da Ali Məhkəməyə gedərək Nəsibəni gördüyünü, ondan pulunu qaytarmasını tələb etdiyini, Nəsibənin isə eyni vədlərlə onu aldatdığını, sonuncu dəfə zəng edəndə cavabdehin qızı telefonu açaraq təhqiramiz formada pulunu qaytarmayacaqlarını dediyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddiaçının dediklərinin heç birini qəbul etmədiyini, onunla əlaqələrinin 4-5 ildir ki, kəsildiyini, iddiaçının onunla prinsip apardığını, bir-birilərindən pul alıb qaytardıqlarını, iddianı qəbul etmədiyini, ondan əvvəllər 1100 ABŞ dolları aldığını, hamısını qaytardığını, indi ona heç bir borcunun olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid Mahmudova Aybəniz Vəkil qızı ifadəsində və verilmiş suallara cavabında Gülnarə ilə bir binada yaşadıqlarını, onu uşaqlıq vaxtından tanıdığını, Gülnarənin qardaşının “Laləli” telefon mağazasında telefon ustası işlədiyini, telefonu işləmədiyindən Gülnarənin qardaşına düzəltmək üçün verdiyini, zəng edib soruşanda telefonunun hazır olduğunu, düzəldib Gülnarəyə verdiyini, gedib ondan götürməyini bildirdiyini, telefonunu götürmək üçün Gülnarənin evinə tanışı Namazova Gülnar ilə getdiyini, çay içən zaman Nəsibənin gələrək Gülnarədən nəvəsinin xəstə olduğunu deyərək pul istədiyini, Gülnarə də ona 1200 ABŞ dolları bir, 1800 ABŞ dollarını da bir verdiyini, həmin qadının pulu 1 aya kimi qaytaracağını bildirdiyini, o gedəndən sonra həmin qadının kim olduğunu və ona nə üçün inanıb bu qədər pul verdiyini soruşduğunu, Gülnarənin də onun yaxın qonşusu Aytən olduğunu bildirdiyini, həmin qadının indi zalda gördüyü qadın olduğunu, həmin vaxt saç qurluşunun fərqli olduğunu, 2018-ci ilin sentyabr ayının ortaları olduğunu, həmin vaxtı məktəbin yeni açıldığını, onun yanında ümumilikdə 3000 ABŞ dolları verdiyini, həmin qadının da aldığı pulu dollarla qaytaracağını bildirdiyini, ötən məhkəmə iclasında cavabdehin ona qarşı kobud ifadələr işlətdiyindən xəstəliyi ilə əlaqədar çox əsəbləşdiyini, iclasda verəcəyi ifadəsini tamamlaya bilmədiyini, hətta ötən məhkəmə iclasında verdiyi ifadəyə görə təzyiqlərə məruz qaldığını, məhkəmədən sonra müxtəlif nömrələrdən zəng edilərək ona təhdidlər gəldiyini, ifadəsini dəyişmək tələb olunduğunu, əlavə olaraq 2019-cu ilin yanvar ayının sonlarında Gülnarə tibb bacısı işlədiyindən iynələrini vurdurmaq üçün onlara getdiyini, özünün herpes xəstəliyi olduğunu, ora gedən zaman Gülnarənin Nəsibə ilə qovurma yeyib tortla çay içdiklərini gördüyünü, həmin vaxtı onun yanında Nəsibəyə əlavə olaraq 4000 manat pul verdiyini, Nəsibənin Türkiyə Respublikasında torpaq sahəsinin olduğunu və həmin torpaq sahəsini satıb pulunun hamısını birlikdə qaytaracağını bildirdiyini, Gülnarənin ona bacısından da artıq güvəndiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində və verilən suallara cavabında Gülnarə ilə əvvəllər heç bir tanışlığı olmadığını, bir neçə il öncə uşağının hazırlıq müəllimi olan Aybəniz müəllimənin xahişi ilə telefonunu götürmək üçün Gülnarəgilə getdiklərini, həmin vaxtı Gülnarənin onları içəriyə dəvət etdiyini, birlikdə oturub çay içdiklərini, orada olan zaman indi adını bildiyi Nəsibənin gələrək pula ehtiyacı olduğunu bildirib Gülnarədən borc istədiyini, uzun zaman keçdiyi üçün nə ilə bağlı pulu istədiyini dəqiq xatırlamadığını, Gülnarənin onların yanında 3000 dollar pulu sayaraq ona verdiyini, Nəsibənin zaldakı həmin xanım olduğunu, Gülnarə xanım pulu verəndə həmin qadının onun neçə illik dostu olduğunu bildirdiyini, bundan başqa heç nə görmədiyini, o vaxtdan bəri Gülnarə ilə görüşmədiyini, hadisənin vaxtını tam dəqiqliklə xatırlamadığını, 2- 3 il bundan əvvəl sentyabr ayında olduğunu, çünki məktəblərin yeni açıldığını bildirmişdir. Yazılı sübutlar: Məhkəmə iclasında iştirak edən mütəxəssis X1 iştirakı ilə iddiaçının “Samsung” markalı smartfon telefonundan whatsapp messenceri vasitəsilə iddiaçının istifadəsində olan ***-***-**-** nömrəsindən cavabdehin istifadəsində olan ***-***-**-** nömrəsi ilə yazışdığı xx.xx.2018-xx.xx.2019-cu il tarixlər arasında olan yazılı və səsli mesajların tədqiq edildiyi zaman xx.xx.2018 - xx.xx.2018-ci il tarixləri arasında olan yazışmalara əsasən iddiaçının cavabdehə 3000 ABŞ dolları pul verdiyi, xx.xx.2019-cu il tarixdə olan yazışmalara əsasən cavabdeh pulu 2020-ci ilin mart ayında qaytaracağını vəd etdiyi, xx.xx.2019-cu il tarixdə olan yazışmalara əsasən cavabdehin qeyri-müəyyən miqdarda pulu iddiaçıya qaytaracağı barədə vəd etdiyi, iddiaçının “Samsung” markalı digər (smartfon olmayan) telefonundan ***-***-**-** nömrəsindən cavabdehin ***-***-**-** nömrəsinə göndərilən SMS mesajların tədqiq edən zaman iddiaçının xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə cavabdehin ***-***-**-** nömrəsinə ona olan borcunun dərhal qaytarılması ilə bağlı xəbərdarlıq SMS-ləri göndərdiyi və cavabdeh tərəfindən isə heç bir cavab verilmədiyi müəyyən olmuşdur. İddiaçının təqdim etdiyi cavabdehin 2020-ci ilin fevral ayında borcunu etiraf etməsinə dair aralarında olan danışığın səsyazması MPM-in 95.2-ci maddəsinə görə gizli yolla əldə olunmuş səs yazılarından sübut kimi istifadə oluna bilmədiyindən qəbul edilməmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasıda şifahi borc müqaviləsi bağlanmışdır. İddiaçı həm şahid ifadələri, həm də aralarında olan telefon yazışmaları ilə iddianı sübut etmişdir. Cavabdeh iddiaçı ilə əlaqələrinin 4-5 il əvvəl kəsildiyini bildirsə də, mütəxəssisin iştirakı ilə tərəflər arasındakı Whatsapp messenceri ilə aparılan telefon yazışmalarının tədqiqi zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan aldığı pulu 2019-cu ilin mart ayında qaytaracağını vəd etmiş, eyni zamanda iddiaçı tərəfindən borcun dərhal qaytarılması ilə bağlı sonradan 2020-2021-ci illərdə göndərilən xəbərdarlıq SMS-lərinə qarşılıq olaraq cavabdeh ona borcunun olmaması məzmununda heç bir reaksiya bildirməmişdir. Cavabdeh iddianı qəbul etməyərək aldığı pulları qaytardığına dair qısa izahat vermiş, lakin aldığı pulların qaytarılmasına dair sübutlar təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Həmin məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 4000 manat və 3000 ABŞ dollarının qətnamənin icra olunduğu tarixə olan manat məzənnəsi alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia təmin edildiyindən, iddia tələbi üzrə ödənilmiş 110 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Qarxun kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 3000 (üç min) ABŞ dolları qətnamənin icra olunduğu tarixə olan manat məzənnəsi ilə, 4000 (dörd min) manat borc pul vəsaiti və 110 (bir yüz on) manat dövlət rüsumu alınaraq ünvan 2 ünvanında yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar