Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-272/2023 13.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mağazadan götürdüyü ərzaq mallarına görə 567,5 manat borcun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Oğlanqala kənd sakini olub Şərur şəhərində yaşadığını, şəhid ailəsi olduğunu, Şərur rayon Oğlanqala kənd mərkəzində ərzaq mağazası işlətdiyini, Şərur rayon Oğlanqala kənd sakini Cavabdeh bir həmkəndli kimi tanıdığını, həmişə mağazadan alver etdiyini, 2022-ci ilin yay aylarından başlayaraq müxtəlif vaxtlarda onun mağazadan nisyə olaraq evlərinə ərzaq aldığını, 2022ci ilin sentyabr ayının sonundan başlayaraq dəfələrlə onun mağazaya 567,5 manat borcu olduğunu və ödəməli olduğunu bildirdiyini, onun isə hər dəfəsində pulu olmadığını, ona görə də mağazaya borcunu ödəyə bilməyəcəyini bildirdiyini, cavabdehin sonuncu dəfə ona 2022-ci ilin sonunadək ona vaxt verməsini xahiş etdiyini, bir həmkəndli kimi ona inandığını və bu barədə heç bir rəsmi sənəd olmadan onunla razılaşdığını, xx.xx.2023-cü il tarixdə cavabdehə mağazaya olan borcunu qaytarmağı bildirdikdə onun yenə pulu olmadığını bildirib 1 ay vaxt verməyi xahiş etdiyini, fevral ayının 10-dək qaytaracağına söz verdiyini, həmkəndlisi X1 yanında mağazaya olan borcunu fevral ayının 10-dək qaytaracağı barədə qol kağızı verdiyini, həmin vaxtdan 1 ay keçməsinə baxmayaraq cavabdehin hələ də borcunu qaytarmadığını, özünün maddi vəziyyətinin yaxşı olmadığını, həmin pula çox ehtiyacı olduğunu, cavabdehin hər dəfə borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayındığını, ona dəfələrlə zəng etsə də telefonlarına cavab vermədiyini, buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatında və verilən suallara cavabından iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq bacısının İİ qrup əlil olduğu üçün məhkəmə iclasında iştirak etmədiyini, cavabdehin bacısına məxsus ərzaq mağazasından nisyə olaraq ərzaq aldığını, borcunu qaytaracağını bildirsə də həmişə boyun qaçırdığını, hal-hazırda ərzaq mağazasını özünün istifadə etdiyini, cavabdehin hərbiçi olduğunu, onun özbaşına hərbi hissəni tərk etdiyini, cavabdehin kənddə başqa şəxslərə də borcu olduğunu, cavabdehin hal-hazırda ailəsi ilə birlikdə Türkiyə Respublikasında olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, məhkəmə sənədini cavabdehin qeydiyyatda olduğu yerin icra nümayəndəliyi qəbul etmiş, icra nümayəndəliyinin arayışına əsasən cavabdehin ərazidə olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində və verilən suallara cavabında Şərur rayon Oğlanqala kəndində yaşadığını, xx.xx.2023-cü il tarixdə Muradla birlikdə iddiaçıya məxsus həmin mağazaya getdiyini, onun yanında Muradın borcu barədə yazılı ərizə verdiyini, həmçinin Muradın hərbidən fərari olduğunu, ailəsi ilə birlikdə Türkiyə Respublikasına getdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh X1 şahidliyi ilə İddiaçı mağazasından 567,5 manatlıq ərzaq götürdüyünü, maddi vəziyyəti pis olduğundan fevral ayınının 10-a kimi ödəyəcəyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya məxsus mağazadan 567,5 manatlıq ərzağı nisyə almış və həmin borcu xx.xx.2023-cü il tarixədək ödəyəcəyi barədə xx.xx.2023-cü il tarixdə ərizə yazmışdır. Cavabdehin iddiaçıya borclu olması iş üzrə şahid ifadəsində də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 567,5 manat alınaraq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azad olunurlar. İş üzrə İddiaçı şəhid ailəsinin üzvü olduğundan dövlət rüsumunu ödəməkdən azad olunmuşdur. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Şərur rayon Oğlanqala kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 567,50 manat (beş yüz altmış yeddi manat, əlli qəpik) pul vəsaiti alınaraq ünvan 1 ünvanında yaşayan İddiaçı və 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-272/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-272/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver