Məhkəmə qərarları › İş №2(110)-287/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-287/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-287/2024 02.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 2(110)-71/2022 saylı qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində 2018-ci ildə cavabdeh ilə evləndiklərini, nikahlarının qeydiyyat şöbəsində qeydə alındığını, birgə nikahdan xx.xx.2019-cu il tarixdə X2 adında uşaqlarının olduğunu, ailə münasibətlərinin bir müddət keçdikdən sonra pisləşməyə başladığını, Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikahın pozulduğunu, yetkinlik yaşına çatmayan uşağın onun yanında qaldığını, Şərur Rayon Məhkəməsinin 2(110)-71/2022 saylı qətnaməsi ilə uşağın saxlanması üçün cavabdehdən ayda 150 manat miqdarında aliment təyin olunduğunu, cavabdehin ayda 150 manat aliment ödədiyini, bundan başqa uşağın maddi vəziyyəti ilə maraqlanmadığını, heç bir köməklik göstərmədiyini, haliyyədə uşağın təminatını ödəməyin çətin olduğunu, çünki uşaq böyüdükcə tələbatını ödəməyin çətin olduğunu, cavabdehin qazancı barədə məlumatı olmadığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqlədiyini, hal-hazırda Ordubad rayonunda müəllim işlədiyini, tutqular çıxıldıqdan sonra 586 manat əmək haqqı qaldığını, 150 manat kirayə verdiyini, cavabdehin ona xəsarəti nəticəsində gözündə problem yarandığını və bir dəfə əməliyyat olduğunu, yenidən əməliyyat olacağını, aldığı əmək haqqının özünə ancaq yetdiyini, cavabdehin əlavə qazancı da olduğunu, Tik-tok sosial şəbəkəsi vasitəsilə qazanc əldə etdiyini, təyin olunan alimentin uşağın ehtiyaclarını ödəmədiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, 2 ildən artıqdır ki ayrıldıqlarını, uşağın saxlanması üçün 150 manat aliment təyin olunduğunu və onu vaxtı-vaxtında ödədiyini, uşaq üçün hər şeyi etdiyini, 367 manat əmək haqqı aldığını, xəstə anasının olduğunu və onun bütün ehtiyaclarını qarşıladığını, həmçinin iddiaçının özünün müəllimə işlədiyini, dövlət tərəfindən əlavə kirayə haqqı ödəndiyini, başqa gəlir sahəsinin olmadığını, iddiaçının dediyi kimi tiktok və ya başqa vasitələrlə heç bir qazanc əldə etmədiyini, əksinə 7400 manat kapitalbank və birkart krediti olduğunu, telefonunda olan birkart tətbiqində də bunun müəyyən oluna biləcəyini, 150 manatdan artıq aliment ödəməyə imkanı olmadığını bildirərək iddianın rədd olunması xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İV № 164281 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2019-cu il tarixdə doğulmuş X1 valideynləridir. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 401620 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)- 71/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Ordubad rayon İcra Hakimiyyəti Parağa kənd İƏDN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18 nömrəli arayışdan görünür ki, Parağa kənd Poçt bölməsində əməliyyatçı vəzifəsində işləyir, başqa heç bir gəlir sahəsi yoxdur. Anası ilə birlikdə yaşayır. İş materiallarında olan “NaxçıvanPoçt” PHŞ Ordubad rayon Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 04 saylı arayışdan görünür ki, Ordubad rayon Filialının Parağa kənd Poçt bölməsində əməliyyatçı vəzifəsində işləyir və 367 manat əmək haqqı alır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 1 uşaq doğulmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-71/2022 saylı qətnaməsi ilə uşağın ananın yanında saxlanması və uşağa görə hər ay 150 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçının 586 manat əmək haqqı, cavabdehin 367 manat əmək haqqı aldığı, cavabdehin əlavə qazancının və əmlakının olmadığı, 7400 manat kredit borcu olduğu müəyyən olunmuşdur. İddiaçı cavabdehin əlavə qazancının olduğunu bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Buna görə məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını və uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, eyni zamanda iddiaçının özünün müəllim işlədiyini, 586 manat əmək haqqı aldığını, cavabdehin isə 367 manat əmək haqqı almasını və əlavə qazancı barədə sübutun olmadığını, əlavə kredit borclarının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq 180 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 10,66 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-71/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq Ordubad rayon Parağa kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Danyeri kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 10,66 manat (on manat altmış altı qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar