Məhkəmə qərarları › İş №2(110)-29/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-29/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-29/2022 26.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3911.89 (üç min doqquz yüz on bir dollar, 89 sent) ABŞ dolları borc- 655.64 (altı yüz əlli beş dollar, 64 sent) ABŞ dolları əsas, 995.67 (doqquz yüz doxsan beş dollar, 67 sent ) ABŞ dolları faiz, 2165.09 (iki min yüz altmış beş dollar, 09 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 95.49 (doxsan beş dollar, 49 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC- yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 19 noyabr 2014-cü il tarixli 1886 nömrəli 905263 SSUDA hesablı kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 30% faiz dərəcəsi ilə 1406 ABŞ dolları məbləğində kredit verildiyini, 19 noyabr 2014-cü il kredit müqaviləsinə 16 aprel 2015-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləğinin 1311.33 ABŞ dolları təşkil etdiyini, kreditin müddətinin 16.08.2018-ci il tarixinə kimi müəyyən edildiyini, kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh kreditdən istifadəsinə görə krediti və kreditə hesablanmış faizləri müəyyən edilmiş müddətdə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditora ödəməli olduğunu, 12.07.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 3911.89 (üç min doqquz yüz on bir dollar, 89 sent) abş dolları təşkil etdiyini, bundan 655.64 (altı yüz əlli beş dollar, 64 sent) ABŞ dolları əsas, 995.67 (doqquz yüz doxsan beş dollar, 67 sent) ABŞ dolları faiz, 2165.09 (iki min yüz altmış beş dollar, 09 sent) ABŞ dolları cərimə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 95.49 (doxsan beş dollar, 49 sent) ABŞ dolları faiz borcu təşkil etdiyini, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********893 saylı 14.07.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehin borcun ödənilməsi üçün heç bir tədbir görmədiyini, kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququnun olduğunu qeyd edərək, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini, borcun gecikdirilməsini təstiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl , yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsa idi bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyini qeyd edərək, cəmi 3911.89 (üç min doqquz yüz on bir dollar, 89 sent) ABŞ dolları borc- 655.64 (altı yüz əlli beş dollar, 64 sent) ABŞ dolları əsas, 995.67 (doqquz yüz doxsan beş dollar, 67 sent ) ABŞ dolları faiz, 2165.09 (iki min yüz altmış beş dollar, 09 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 95.49 (doxsan beş dollar, 49 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı ASC- yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı təşkilat Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin 26.01.2022-ci il tarixdə məhkəmənin elktron poçt ünvanına ərizə ünvanlayaraq ərizəsində icraatda olan LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair 2(110)-29/2022 saylı mülki işin baxış iclasının 26.01.2022-ci il saat 14:00-a təyin olunduğunu, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini, ökədə pandemiya şəraiti ilə əlaqədar mövcud vəziyyəti və s. bu kimi halları nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 19 noyabr 2014-cü il tarixli 1886 saylı Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC-nin Binəqədi filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2.1, 2.2, 2.3, 2.4-cü bəndinə əsasən “Kreditor” “Borcalan”a dövlət vəsaitinin artırılması və cari xərclər məqsədilə 24 (iyirmi dörd) ay müddətinə, illik 30 (otuz) faiz dərəcəsi ilə 1406 (bir min dörd yüz altı) ABŞ dolları məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 60 (altmış) faiz dərəcəsi ilə aylıq isə 5 (beş) faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Həmin Müqavilənin borcalan kreditora kreditin rəsmiləşdirilməsi (ssuda hesabı açılması. Sənədlərin təhlili və hazırlanması və digər hallarda yaranan xərcləri) üçün bu müqavilə məbləğinin 1 (iki) % məbləğində - 14 ABŞ dolları komissiya haqqı ödəyir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Kreditor Borcalana 24 (iyirmi dörd) ay müddətinə, illik 30 (otuz) faiz dərəcəsi ilə 1406 (bir min dörd yüz altı) ABŞ dolları məbləğində kredit vermiş Borcalan isə aldığı krediti 19.12.2014-19.10.2016-ci il tarixləri ərzində ayda 79 ABŞ dolları, 18.11.2016-ci il tarixdə isə 82 ABŞ olmaqla, ümumilikdə 1899 ABŞ dolları pulu Kreditora ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, 19.11.2014-cü il tarixli 1/79/75679415 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 1406 ABŞ dolları pulun verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 12 iyul 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 19 noyabr 2014-cü il tarixli 1886 saylı kredit müqaviləsi üzrə 12 iyul 2021-ci il tarixə Cavabdeh Banka 655.64 ABŞ dolları əsas, 995 ABŞ dolları faiz, 2165 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 95.49 (doxsan beş dollar, 49 sent) ABŞ dolları faiz olmaqla, ümumilikdə 3911 ABŞ dolları məbləğində kredit borcu mövcuddur. Eyni zamanda iş materiallarında olan 1919 noyabr 2014-cü il tarixli 1886 nömrəli kredit müqaviləsi əsasında tərtib edilmiş 16 aprel 2015-ci il tarixli, 1886-15 nömrəli əlavə saziş və ödəniş cədvəli Kreditor və Borcalan tərəfindən imzalanmadığı üçün məhkəmə bu qənaətə gəlir ki, onların hüquqi əsası olmadığından sübut kimi qiymətləndirilməməlidir. İş materiallarında olan poçt qəbzləri və 14.06.2021-ci il tarixli bildirişdən aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək 3902.21 ABŞ dolları məbləğində borcun ödənilməsini 3 gün ərzində ödəməsini bildirmişdir. Cavabdeh gecikdirilmiş ödəniş məbləğlərini banka qaytarmayacağı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş 13.08.2021-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabina 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-3194/17 saylı 27 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, "Dəmirbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışlardan görünür ki X2 28.03.2016-29.10.2019 tarixləri ərzində bankda onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-676/2021 saylı 11 oktyabr 2021-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 24.12.2021-ci il tarixli 344 saylı ekspert rəyindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-nə 19 noyabr 2014-cü il tarixli 1886 nömrəli kredit müqaviləsinin şərtlərinə hesab üzrə əməliyyatlar cədvəli və hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh cədvəl məlumatlarında görüldüyü kimi 29 oktyabr 2019-cu il tarixə (hesabdan çıxarışın verildiyi son tarixə) əsas borcu 622.23 (altı min iki yüz iyirmi iki dollar. iyirmi üç sent) ABŞ dolları, faiz borcu 562.53 (beş yüz altmış iki dollar əlli üç sent) ABŞ dolları, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu 170.84 (bir yüz yetmiş dollar səksən dörd sent) ABŞ dolları təşkil edir. Qeyd olunan 1919 noyabr 2014-cü il tarixli 1886 nömrəli kredit müqaviləsi əsasında 16 aprel 2015-ci il tarixli , 1886-15 nömrəli əlavə saziş və ödəniş cədvəli iş materiallarında öz əksini tapmış lakin hər iki sənəddə cavabdehin imzası və möhür olmadığından aparılan hesablama zamanı bu saziş nəzərə alınmamışdır. İş materiallarında Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 19 noyabr 2014-cü il tarixli 1886 nömrəli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cavabdehə cərimə hesablamamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh cərimə hesablanması düzgün hesab edilmir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 1919 noyabr 2014-cü il tarixli 1886 saylı Kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 30% şərti ilə 1406 (bir min dörd yüz altı) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə Kreditora qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Borcalan isə aldığı krediti 19.12.2014-19.10.2016-ci il tarixləri ərzində ayda 79 ABŞ dolları, 18.11.2016-ci il tarixdə isə 82 ABŞ olmaqla, ümumilikdə 1899 ABŞ dolları pulu Kreditora ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə üçün iddiaçı məhkəmədə iddia qaldıraraq 655.64 (altı yüz əlli beş dollar, 64 sent) ABŞ dolları əsas, 995.67 (doqquz yüz doxsan beş dollar, 67 sent ) ABŞ dolları faiz, 2165.09 (iki min yüz altmış beş dollar, 09 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 95.49 (doxsan beş dollar, 49 sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 3911.89 (üç min doqquz yüz on bir dollar, 89 sent) ABŞ dolları məbləğində kredit borcunun tutulmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu, kredit müqaviləsi bitəndən sonrakı dövr üçün faiz borcunun və cərimənin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24.12.2021-ci il tarixli 344 saylı ekspert rəyindən görünür ki, Cavabdeh İddiaçı ASC ilə bağlanmış 1919 noyabr 2014-cü il tarixli 1886 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən 29.10.2019-ci il tarixə (müqavilənin bitmə tarixi) olan əsas borcu 622.23 (altı min iki yüz iyirmi iki dollar iyirmi üç sent) ABŞ dolları, faiz borcu 562.53 (beş yüz altmış iki dollar əlli üç sent) ABŞ dolları və müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu 170.84 (bir yüz yetmiş dollar səksən dörd sent) ABŞ dolları olması qənatinə gəlmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən tələb olunan müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu iddia tələbi üzrə 95.49 (doxsan beş dollar, 49 sent) ABŞ dolları məbləğində müəyyən edilməli, iddia tələbinin digər hissəsilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi pul məbləğlərinin həqiqiliyini müəyyən olunması xüsusi bilik tələb olunan məsələ olduğundan, məhkəmə ekspert rəyini sübut növü kimi qiymətləndirərək iddiaçının tələb etdiyi əsas borc, faiz borcu üzrə ekspertin gəldiyi nəticə ilə eyni mövqedən çıxış edərək bu qənaətə gəlir ki, Cavabdeh 1919 noyabr 2014-cü il tarixli 1886 nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 622.23 (altı min iki yüz iyirmi iki dollar iyirmi üç sent) ABŞ dolları, faiz borcu 562.53 (beş yüz altmış iki dollar əlli üç sent) ABŞ dolları məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bu qənaətə gəlir ki, Borcalan Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə kreditor qarşısında üzərinə götürdüyü öhdəyi lazımınca yerinə yetirmədiyindən Kreditor borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşudr. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə tələb olunan 2165.09 (iki min yüz altmış beş dollar, doqquz sent) ABŞ dolları məbləğində cərimənin tutulmasına dair hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;” - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəfindən kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə kredit müqaviləsi üzrə tələb olunan 2165.09 (iki min yüz altmış beş dollar, doqquz sent) ABŞ dolları məbləğində cərimə məbləğinin əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, dəbbə pulunun 217 (iki yüz on yeddi) ABŞ dolları həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 95.49 (doxsan beş dollar, 49 sent) ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 95.49 (doxsan beş dollar, 49 sent) ABŞ dolları tutulması hissəsində də təmin edilməlidir. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 19 noyabr 2014-cü il tarixli 1886 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 622.23 (altı min iki yüz iyirmi iki dollar iyirmi üç sent) ABŞ dolları, faiz borcu üzrə 562.53 (beş yüz altmış iki dollar əlli üç sent) ABŞ dolları, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan gecikdirilmiş faiz borcu üzrə 95.49 (doxsan beş dollar, qırx doqquz sent) ABŞ dolları və cərimə olaraq 217 (iki yüz on yeddi) ABŞ dolları olmaqla, ümumilikdə 1497.25 (bir min dörd yüz doxsan yeddi dollar iyirmi beş sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında””Plenum qərarının 10-cu bəndində qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18.52 manatı iddiaçıya aid edilməli, 11.48 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 19 noyabr 2014-cü il tarixli 1886 nömrəli Kredit müqaviləsi üzrə əsas borc üzrə 622.23 (altı min iki yüz iyirmi iki dollar iyirmi üç sent) ABŞ dolları, faiz borcu üzrə 562.53 (beş yüz altmış iki dollar əlli üç sent) ABŞ dolları, müqavilə bitdikdən sonra AR Konstitusiya məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan gecikdirilmiş faiz borcu üzrə 95.49 (doxsan beş dollar, qırx doqquz sent) ABŞ dolları və cərimə olaraq 217 (iki yüz on yeddi) ABŞ dolları olmaqla, ümumilikdə 1497.25 (bir min dörd yüz doxsan yeddi dollar iyirmi beş sent) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 18.52 manatı iddiaçıya aid edilməli, 11.48 manat məbləğində pul vəsaiti isə Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar