Məhkəmə qərarları › İş №2(110)-300/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-300/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-300/2021 08.04.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur rayon məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər təkrar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı eyni tələblə əvvəlcə də məhkəməyə müraciət etmiş və Şərur Rayon Məhkəməsinin 2(110)-199/2021 nömrəli, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır ona görə ki, iddiaçının mübahisələndirdiyi alqı-satqı müqaviləsinin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti, eyni zamanda cavabdehlərin yaşayış yerindən arayışları iddia ərizəsinə əlavə edilməmişdir. İddiaçıya qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Lakin iddiaçı qərardadda qeyd edilən nöqsanları aradan qaldırmayaraq tekrar məhkəməyə müraciət etmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia ərizəsində vəsatətlə çıxış edərək cavabdehlərin yaşayış yeri barədə arayışları müstəqil əldə edə bilmədiyindən həmin arayışların məhkəmə tərəfindən tələb olunmasını xahiş etsədə, lakin iddia ərizəsinə cavabdehlərin yaşayış yeri barədə arayışları müstəqil əldə edə bilməməsinə dair heç bir sübut əlavə etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında qeyd olunur ki, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; - 149.2 -ci maddəsinə əsasən ərizədə ərizənin verildiyi məhkəmənin adı, həmçinin, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları həmçinin, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilmiş sənədlərin siyahısı göstərilməlidir; - 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləriiddia ərizəsinə əlavə edilir: - 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, İddiaçı tərəfindən “xxxx” ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2021-ci il tarixdə 27887 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardad da qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən “xxxx” ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2021-ci il tarixdə 27887 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçı izah olunsun ki, ərizənin qaytarılması üçün əsas olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar