Məhkəmə qərarları › İş №2(110)-302/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-302/2022

03.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-302/2022 03.08.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsinə” dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 6405 (altı min dörd yüz beş) manat məbləğində borcun, ilkin mediasiya sesiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində haqqın və dövlət rüsumu kimi ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC (bundan sonra Cəmiyyət) iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunduğunu, xx.xx.2018-ci il tarixli 555-K saylı əmrlə isə administrator vəzifəsinə keçirildiyini, eyni zamanda öhdəlik və vəzifələrinə dair “X2” haqqında müqavilə imzalandığını, xx.xx.2021-ci il tarixdə öz ərizəsi əsasında 195-K saylı əmrlə vəzifəsindən azad edildiyini, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol verdiyini, belə ki, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində “Oba-Bakıxanov 11” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya yoxlamaları müvafiq malların çatışmadığının aşkar olunduğunu, aparılan yoxlamalara dair yuxarıda qeyd olunan müvafiq tarixlərdə “İnventarizasiya Nəticələrinə dair” aktlar tərtib edilməklə, qeyd edilən bütün yoxlamalar üzrə ümumilikdə 12717 (on iki min yeddi yüz on yeddi) manat məbləğində malın çatışmadığı məlum olduğunu, maliyyə arayışından da məlum olduğu kimi, çatışmayan malların ümümi dəyəri olan 12717 (on iki min yeddi yüz on yeddi) manat vəsait üzrə keçən dövr ərzində cavabdehə 3541 (üç min beş yüz qırx bir) manat güzəşt edildiyini, bundan əlavə qalıq borcun 2771 (iki min yeddi yüz yeytmiş bir) manat hissəsi Cavabdeh iddiaçıdan alacağı vəsaitlə qarşılandığını, yekun olaraq Cavabdeh iddiaçıya 6405 (altı min dörd yüz beş) manat borcu yarandığını, uzun müddət keçməsinə baxmayaraq sözügedən borc öhdəliyi cavabdeh tərəfindən icra edilmədiyini qeyd edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 6405 (altı min dörd yüz beş) manat məbləğində borcun, ilkin mediasiya sesiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində haqqın və dövlət rüsumu kimi ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda iddialarını tam müdafiə etdiklərini, Cavabdeh işi üzrə məhkəmə iclasina onların iştiraklari olmadan baxaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxışlarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Eyni zamanda Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə müddətin tətbiqi barədə ərizə ünvanlayaraq ərizəsində bildirmişdir ki, İddiaçı MMC-nin ona qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi barədə” iddia tələbi üzrə Şərur rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbində keçirilmiş təftiş yoxlamalarının nəticələri əsas götürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin məcəllənin ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Həmin Məcəllənin Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Eyni zamanda əmək mübahisələri ilə bağlı tələblər üzrə Əmək qanunvericiliyində xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Qanunvericiliyin tələbindən görünür ki, maddi ziyan vurulması ilə bağlı 1 illik iddia müddəti müəyyən edilmişdir. Bu isə iddianın rədd edilməsi üçün əsasdır. Halhazırki iddia da isə iddia müddəti ötürülmüşdür. Bu isə iddianın rədd edilməsi üçün əsasdır. Göstərilənləri nəzə alaraq məhkəmədən iddia müddətini tətbiq edərək İddiaçı MMC-nin ona qarşı qaldırdığı “əmlaka vurulmuş ziyanın ödənilməsi barədə” iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiklərini, cavabdehin müddətin tətbiqi barədə ərizəsini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. İş materillarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, “X4” MMC ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. İş materillarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 439-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan “X4” MMC ilə Cavabdeh arasında bağlanmış “X2” haqqında xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq və s. barədə X2i öz öhdəsinə götürmüşdür. İş materillarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 555-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən “administator” vəzifəsinə keçirilmişdir. İş materiallarında olan “X4” MMC ilə Cavabdeh arasında bağlanmış “X2” haqqında xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmaq və s. barədə X2i öz öhdəsinə götürmüşdür İş materillarında olan satış departamenti-vəzifə təlimatı barədə sənədin surətindən görünür ki, Administrator işlədiyi mağazada çalışan əməkdaşların fəaliyyətinə nəzarət edir, satış hədəflərinin reallaşmasına məsul olan şəxsdir və üzərinə bir sıra vəzifələr qoyulmuşdur. İş materillarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli 195-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə “OBA Bakıxanov 11” filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, 4697.97 manat əskikgəlmə müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə “OBA Bakıxanov 11” filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, 1501.64 manat əskikgəlmə müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə “OBA Bakıxanov 11” filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, 905.27 manat əskikgəlmə müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə “OBA Bakıxanov 11” filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, 1626.88 manat əskikgəlmə müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə “OBA Bakıxanov 11” filialında aparılmış təhvil-təslim nəticələrinə dair yekun aktdan görünür ki, 1807.98 manat əskikgəlmə müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli iltizamnamədən görünür ki, Cavabdeh yoxlama nəticələrinin məsuliyyətini öz üzərinə götürməklə araşdırma qrupunun apardığı araşdırma yoxlamasına dair heç bir narazığının və iradının olmaması barədə iltizam vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2019-cu il tarixində 6875 manat, xx.xx.2020-ci il tarixində 1502 manat, xx.xx.2020-ci il tarixində 905 manat, xx.xx.2020ci il tarixində 1627 manat, xx.xx.2021-ci il tarixində 1808 manat və ümumi olaraq 12717 (on iki min yeddi yüz on yeddi) manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0,5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği birinci əksikgəlməyə görə 5457 manat (6875-283668*0,5%) manat, ikinci əksikgəlmədən 1057 (1502-88950*0,5%) manat, üçüncü əksikgəlmədən 374 (905-106252*0,5%) manat, dördüncü əksikgəlmədən 1111 (1627-103280*0,5%) manat, beşinci əksikgəlmədən 1177 (1808-126197*0,5%) manat və ümumi olaraq 9176 (doqquz min bir yüz yetmiş altı) manat borcu qalmışdır. Ümumi kənarlaşma məbləğindən 2771 (iki min yeddi yüz yetmiş bir) manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı MMC-nə olan borcu 6405 (altı min dörd yüz beş) manat təşkil edir. İş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli, DN 1567 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 6405 (altı min dörd yüz beş) manat qalıq borcu olması, 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə barəsində hüquqi tədbirlər həyata keçiriləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş, xx.xx.2021-ci il tarixli, 060618 nömrəli Qəbzdən görünür ki, “Oba Market“MMC tərəfindən ilkin mediasiya sesiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində haqq ödənilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, xx.xx.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 35 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, “X4” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən o İddiaçı MMC-də əvvəlcə 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə, xx.xx.2018-ci il tarixdən isə “administator” vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixdə “OBA Bakıxanov 11” filialında aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş Akta əsasən 6875 manat, xx.xx.2020-ci il tarixdə aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş Akta əsasən 1502 manat, xx.xx.2020-ci il tarixdə aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş Akta əsasən 905 manat, xx.xx.2020-ci il tarixdə aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş Akta əsasən 1627 manat, xx.xx.2021ci il tarixdə aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş Akta əsasən 1808 manat olmaqla, ümümilikdə 12717 (on iki min yeddi yüz on yeddi) manat məbləğində kənarlaşma olduğu aşkar olunmuşdur.Cavabdehə ümumi kənarlaşma məbləğindən 3541 (üç min beş yüz qırx bir) manat güzəşt edilmiş, 2771 (iki min yeddi yüz yetmiş bir) manat isə şirkətdən alacağı vəsaitlə qarşılanmış, nəticədə cavabdehin iddiaçıya 6405 (altı min dörd yüz beş) manat borcu yaranmışdır. Lakin cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim olunaraq, ərizəsində müvafiq tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün qanunla müəyyən olunmuş bir illik müddət ötürülməklə məhkəməyə müraciət edilmişdir. Məhkəmə belə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslıdır, ona görə də iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakdan məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 199-cu maddəsinin “a” bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi X2 daşıyır; - 205-ci maddəsinin 2-ci bəndinə görə əgər zərər işçi tərəfindən X2 daşıdığı hallarda vurulmuşdursa, ziyanın məbləği işçinin aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü ödəməkdən imtina edərsə, işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər; - 296.5-ci maddəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması nəsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququpozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; - 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; - 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına“ kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının “müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcburedir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Eyni zamanda, iddia müddətləri ilə bağlı müddəaların təhlili göstərir ki, müqavilənin qüvvədə olması faktı öz-özlüyündə kreditora borclu tərəfindən öhdəliyin məcburi qaydada icra edilməsini tələb etmək hüququ vermir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Beləliklə də, məhkəmənin qənaətinə görə iddiaçının əmək müqaviləsi üzrə yaranmış borcu tələb etmək üçün subyektiv hüququ olsa da, cavabdeh tərəfindən ona vurulmuş ziyanın ödənilməsi tələbi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, işçinin işəgötürənə maddi ziyan vurması tələbləri üzrə mübahisələrə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsində nəzərdə tutulan 1 illik iddia müddəti tətbiq edildiyindən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Hazırkı iş üzrə “OBA Bakıxanov 11” filialında aparılmış hətta sonuncu yoxlamanın nəticəsinə əsasən iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamış və xx.xx.2022- ci il tarixdə başa çatmışdır. İddia tələbi isə iddia müddəti başa çatdıqdan 2 ay müddət keçdikdən sonra qaldırılmışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsinə” dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsaslı hesab edilərək, hazırki iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 4.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı MMC tərəfindən ilkin mediasiya sesiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində haqq və 35 (otuz beş) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı MMC tərəfindən ilkin mediasiya sesiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində haqq və 35 (otuz beş) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar