Məhkəmə qərarları › İş №2(110)-311/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-311/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-311/2023 02.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona verdi 900 manat borcun və dövlət rüsumu olaraq 30 manatın alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Xanlıqlar kənd sakini Cavabdeh ilə qızının evləndiklərini, bir gün qızının gələrək Sevindiyin 500 manat pula ehtiyacı olduğunu bildirdiyini, Sevindiyi çağırıb ona 500 manat verdiyini, bir müddət keçdikdən sonra Sevindiyin gələrək su çəkəcəyi üçün 400 manat borc istədiyini, əlavə olaraq da 400 manat verdiyini, qızı ilə cavabdeh 7 ay birlikdə yaşadıqdan sonra ayrıldıqlarını, Sevindiyin porcu etiraf etdiyini, aradan xeyli vaxt keçməsinə baxmayaraq borcunu qaytarmadığını, hərdən bir bəhanə gətirərək borcunu ödəməkdən yayındığından buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq cavabdehin naxçıvanlıya borcu olduğunu, Türkiyəyə gedib gələndən sonra pulumu qaytaracağını bildirdiyini, 500 manatı şəxsən cavabdehin özünə, 400 manatı isə cavabdehə vermək üçün qızına verdiyini, Sevindiyə pulu evdə oğlunun və gəlininin yanında verdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qismən qəbul etdiyini, iddiaçının qızı ilə nikaha daxil olmadan evləndiyini, 7 ay birlikdə yaşadıqdan sonra onun öz istəyi ilə atası evinə getdiyini, həyətə su çəkdirən zaman iddiaçıdan 400 manat borc aldığını, 500 manat pul verilmədiyini, onların evinə heç vaxt getmədiyini bildirərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilən suallara cavabında 2022-ci ilin iyul ayında cavabdehin onlara gələrək naxçıvanlıya borcu olduğunu bildirib atasından 500 manat borc istədiyini, atasının pulu özünün və yoldaşının yanında şəxsən cavabdehə evdə verdiyini, sonra isə öz bacısının gələrək su çəkilməsi üçün 400 manat pul istədiyini, atasının 400 manatı cavabdehə vermək üçün verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində və verilən suallara cavabında cavabdeh ilə baldızının nikaha daxil olmadan ailə qurduqlarını, onların münasibətinin 7 ay çəkdiyini, 2022-ci ilin iyul ayının 22-ində cavabdehin onlara gələrək pula ehtiyacı olduğunu bildirdiyini, həmin ərəfədə qızının ad günü olduğu üçün pulun verildiyi vaxtı xatırladığını, qayınatasının evdə özünün və yoldaşının yanında 500 manatı cavabdehə verdiyini, qayınatasının əlavə olaraq da 400 manat verdiyini, cavabdehin onlara 2 dəfə gələrək çay içdiyini, qayınatasının cavabdehə pensiyasından borc verdiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2022-ci ildə cavabdeh iddiaçıya 900 manat məbləğində borc vermişdir. Cavabdeh isə 400 manat məbləğində borc aldığını bildirmişdir. Cavabdehin iddiaçıya borclu olması iş üzrə şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 900 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Şərur rayon Xanlıqlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 900 (doqquz yüz) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 930 (doqquz yüz otuz) manat alınaraq Şərur rayon Məmmədsabir kəndində yaşayan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar