Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-323/2024 16.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurulmuş maddi zərərə görə 1840 manat, mənəvi zərərə görə 1000 manat, ümumilikdə 2840 manat pulun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi özünə məxsus olan **-BD-*** dövlət qeydiyyat nişanlı, Mersedes Benz 200 markalı avtomobil ilə taksi fəaliyyəti göstərdiyini, təxminən ay ərzində 2 dəfə qazanc məqsədilə Türkiyə Respublikasına getdiyini, xx.xx.2023-cü il tarixdə İlkanə adlı tanışı ona zəng edərək Türkiyəyə gedib-getməyəcəyini soruşduğunu, o isə xx.xx.2023-cü tarixdə gedəcəyini bildirdiyini, İlkanə isə ona oradan gələn zaman iki ədəd uşaq üçün pampers almağını xahiş etdiyini, geri dönən zaman həmin pampersləri aldığını, xx.xx.2023-cü tarixdə saat 21:00 radələrində Şərur rayon Yengicə kəndində yaşayan İlkanəgilin evinə gələrək aldığı pampersləri ona verdikdə küçədə ona məxsus avtomobilin yandığını bildirdiklərini, qonşuların köməkliyi sayəsində 30 dəqiqə sonra avtomobili söndürməyi bacardığını, avtomobili söndürdükdən sonra yanğın barədə Şərur rayon Polis İdarəsinə məlumat verdiyini, ona məxsus avtomobili qısqanclıq zəminində Yengicə kənd sakini Cavabdeh yandırdığının ona sonradan məlum olduğunu, avtomobilə dəymiş zərərin müəyyən olunması üçün 11 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş Məhkəmə Ekspertizasının 914 nömrəli rəyinin verildiyini, rəydə avtomobilə ümumilikdə 1840 manat məbləğində zərər dəyməsinin göstərildiyini, Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(110)-263/2023 saylı qərarı ilə Cavabdeh törətdiyi əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231-1-ci maddəsilə təqsirli bilinərək vurduğu ziyanın bir misli miqdarında, yəni 1840 manat məbləğində cərimə edildiyini, Cavabdeh onun avtomobilinə vurduğu zərəri ödəməkdən boyun qaçırdığını, cavabdehin qanunazidd hərəkəti nəticəsində ailəsinin dolanışığı üçün artıq üç aydır ki, heç bir qazanc əldə edə bilmədiyini, cavabdehin bu hərəkətləri bilərək və qəsdən etdiyini, ona maddi və mənəvi zərər yetirdiyini, maddi zərərin dəyərinin 1840 manat olduğunu, vurulmuş mənəvi zərərin dəyərinin pulla ölçüləsi vəziyyətdə olmadığını, lakin buna baxmayaraq cavabdehin ona vurulmuş zərərə görə ən azı 1000 manat ödəməli olduğunu, müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayındığından buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 331 saylı rəyindən görünür ki, **-BD-*** dövlət qeydiyyat nişanlı, Mersedes Benz 200 markalı avtomobilə ümumilikdə 1840 manat məbləğində zərər dəyməşdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(110)- 263/2023 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231-1-ci maddəsilə təqsirli bilinərək vurduğu ziyanın bir misli miqdarında, yəni 1840 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 22.082023-cü il tarixdə İddiaçı məxsus **-BD-*** dövlət qeydiyyat nişanlı, Mersedes Benz 200 markalı avtomobilini yandırmışdır. Avtomobilə dəymiş zərərin müəyyən olunması məqsədilə iş üzrə ekspertiza təyin edilmiş və ekspertin rəyinə əsasən 1840 manat məbləğində avtomobilə ziyan dəydiyi müəyyən olunmuşdur. Həmin xətaya görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 231-1-ci maddəsilə təqsirli bilinərək vurduğu ziyanın bir misli miqdarında, yəni 1840 manat məbləğində cərimə edilmiş, məhkəmə tərəfindən dəymiş ziyanın ödənilməsi məsələsi həll olunmamışdır. Cavabdeh iddiaçıya vurduğu zərəri ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını nəzərdən keçirib iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsində əsaslı, mənəvi ziyanın ödənilməsi hissəsində isə əsassız olduğu qənaətinə gəlir. Məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə mənəvi ziyanın ödənilməsi tələbinin rədd edilməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarının 8-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İş üzrə iddiaçı ona mənəvi zərər vurulduğunu qeyd etsə də, onun nədə ifadə olunmasını sübut edə bilməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən vurduğu maddi ziyana görə 1840 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddianın təmin ounan hissəsinə nisbətdə 31,75 (otuz bir manat yetmiş beş qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Yengicə kənd yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 1840 (bir min səkkiz yüz qırx) manat borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 31,75 manat (otuz bir manat yetmiş beş qəpik) dövlət rüsumu alınaraq Şərur rayon Kürçülü kəndində yaşayan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-323/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-323/2024
16.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver