Məhkəmə qərarları › İş №2(110)-330/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-330/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-330/2024 10.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh ona dəymiş maddi zərərin əvəzi olaraq 800 (səkkiz yüz) manat, məhkəməyə müraciət etdiyinə görə 30 (otuz) manat, ödənilmiş dövlət rüsumu, ümumilikdə 830 (səkkiz yüz otuz) manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində ona məxsus olan “Samsung A70” markalı, dəyəri 800 manat olan telefonun batereyasının xarab olduğunu, buna görə də onun Elmlər Akademiyası metrosunun yanında yerləşən telefon satışı və təmiri obyektində çalışan telefon ustası Cavabdeh yaxınlaşdığını, onun telefona baxaraq batereyasının xarab olmasını, dəyişmək lazım olduğunu bildirdiyini, onun telefonu düzəltmək üçün verdiyini və 30 manat da batereya pulu ödədiyini, bir neçə gündən sonra telefonun arxasıca həmin ustanın yanına getdiyini, orada özünün olmadığını, telefonu ona vermək üçün yanında işləyən digər bir ustaya tapşırdığını, onun həmin ustadan telefonu götürdüyünü, evdə telefonu işlətmək istədikdə telefonun batereyasının əvvəlki batereyadan da pis işlədiyini gördüyünü, ustanın onu düzəltməkdənsə daha xarab etdiyini, onun yenidən telefonu apardığını, təzədən bir batereya ilə əvəz etdiyini, lakin yenə telefonun işləmədiyini, beləliklə bu prosesin 3 dəfə davam etdiyini, 5 dəfə batereyanın dəyişildiyini, lakin yenə işləmədiyini, əlavə olaraq onun ustaya 20 manat da ödədiyini, nəticədə usta tərəfindən onun 800 manatlıq telefonunun tamamilə sıradan çıxdığını, bundan sonra onun polisə müraciət etdiyini, 28-ci Polis Bölməsində şikayətinə baxıldığını, məsələnin mülki məsələ olduğunu bildirdiklərini, beləliklə usta Cavabdeh tərəfindən ona 800 manat dəyərində ziyan dəydiyini, ona dəyən zərərin ödənilməli olduğunu hesab etdiyini, məhkəməyə müraciət etmək üçün onun 30 manat dövlət rüsumu miqdarında çəkdiyini, bununla da onun həm də əlavə olaraq məhkəməyə müraciət üçün də əlavə maddi ziyana məruz qaldığını, cavabdeh tərəfindən dəyən qeyd edilən maddi zərərin ona ödənilməli olduğunu hesab etdiyini bildirmişdir. Eyni zamanda İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində, 2023-cü ildə Elmlərdə yerləşən telefon mağazasında usta Cavabdeh Samsun A70 telefonunun batereyasını dəyişmək üçün müraciət etdiyini, batereyanı dəyişməsinə baxmayaraq, telefonun zaryadka saxlamadığını, onun yenidən ona müraciət edərək qoyduğu batereyanın keyfiyyətsiz olduğunu, zaryadka saxlamadığını, əvvəlkindən də daha pis olduğunu, köhnə batereyanın bundan da daha yaxşı saxladığını bildirdiyini, onun ona ustaya müraciət etdim ki, telefonumu düzəltməyə siz daha da xarab etdiniz dediyini, yenə dəyişərək başqa batereya telefonuna qoyduğunu, yenə heç bir dəyişiklik olmadığını, bu halı 3 dəfə təkrarlandığını, telefonun daha pis vəziyyətə düşdüyünü, batereyanın şişdiyini, telefonunun aralandığını, yararsız hala düşdüyünü, onun nə vəziyyətə saldığını göstərmək üçün aparıb telefonu ona göstərdiyini, ya telefonumu təmir elə, ya da pulunu ver gedim başqa ustaya düzəltdirim dediyini, ondan neçə yaş böyük olmağına baxmayaraq onu təhqir edərək, nə sənin telefonunu düzəltmirəm nə də pulunu qaytarmıram dediyini, onun heç bir sözünə məhəl qoymadığını, məcbur qalıb polisə müraciət etdiyini, polisin də uzun müddət ona dəymiş ziyanı ödəməsi və barışıq etməsi üçün uzun müddət onunla danışıq apardığını, lakin onun polisin də sözünə məhəl qoymadığını, polisin də ona məhkəməyə müraciət etməlisiniz deyə bildirdiyini, onun da məhkəməyə müraciət etdiyinisübutları: telefonun fotoşəkilləri, yazışmalardan çıxarış, polisdə olan araşdırma materialı və telefonunu video şəklində çəkib necə yararsız hala saldığını disqə köçürüb sübut kimi göndərdiyini, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2024-ci il tarixdə məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəməni onun iştirakı olmadadan keçirilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində, həmçinin məhkəməyə təqdim etdiyi CD-də olan votsap yazışmalarında və səs yazılarında özünə məxsus “Samsung A70” markalı mobil telefonu batareyasını dəyişməsi üçün cavabdehə təqdim etmişdir. İddiaçının qeyd etdiyinə görə cavabdeh tərəfindən həmin telefonun batareyası bir neçə dəfə dəyişdirilsədə, telefona qoyulmuş batareya enerji saxlamamış, nəticədə onun mobil telefonuna zərər dəymişdir. Lakin hazırki iddia tələbi üzrə iddiaçı cavabdeh tərəfindən mobil telefonun batereyasının bir neçə dəfə yenisi ilə əvəz olunması nəticəsində ona məxsus mobil telefona zərər dəyməsi və zərərin məhz cavabdeh tərəfindən vurulmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus telefona zərər dəyməsi və zərərin cavabdeh təqsirli hərəkəti nəticəsində dəyməsi sübut olunmadığından, iddiaçının cavabdehə qarşı tələbi əsassız hesab edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən sorğu nəticəsində Bakı Şəhər BPİ-nin Yasamal RPİ-nin 28-ci PB-dən əldə edilmiş İddiaçı müraciəti əsasında toplanmış materialın surətindən görünür ki, onun Polis Bölməsinə müraciətinə müvafiq olaraq Cavabdeh ilə əlaqə saxlanılsada o, izahat verməkdən imtina etmiş, onun gördüyü işdən narazıdırsa İddiaçı məhkəməyə müraciət etməsini bildirmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, həmin materialda iş üçün əhəmiyyəti olan hər hansı bir hal müəyyən edilməmişdir. Аzərbаycаn Rеspublikаsı Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın; - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının zərərə məruz qalması sübuta yetirilməlidir; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülki-hüquq məsuliyyətinin, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. İddiaçının tələbinin əsaslı olması üçün iddiaçı maddi ziyana məruz qalmalı, həmin ziyan cavabdehin hüquqa zidd təqsirli hərəkəti nəticəsində baş verməli, cavabdehin hərəkəti ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmalı, həmçinin dəymiş ziyan cavabdeh tərəfindən ödənilməməlidir. Bu hallar məcmu halında mövcud olduqda iddiaçının cavabdehdən dəymiş ziyanı tələb etmək hüququ yaranır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində maddi zərərə məruz qalması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, bunu yalnız iddia ərizəsində qeyd etməklə kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "X.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında şərh etmişdir ki, “...məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir...”. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə” dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Hazırki vəziyyətdə iddia tələbi rədd edildiyindən məhkəməyə müraciət etməsi ilə əlaqədar İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilməlidir Аzərbаycаn Rеspublikаsının Mülki-Prosessual Məcəlləsinin: - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; -217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar