Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-332/2024 08.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı soğanın pulunun qalanını, 1750 (bir min yeddi yüz əlli) manat borcunu və dövlət rüsumu olaraq ödədiyi 47.50 (qırx yeddi manat əlli qəpik) manat, cəmi 1797.5 (bir min yeddi yüz doxsan yeddi manat əlli qəpik) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində heç bir dövlət idarə və müəssisəsində işləmədiyini, təsərrüfatlaəkinçiliklə məşğul olduğunu, kənd təsərrüfatı məhsulları əkdiyini və kənd təsərrüfatı məhsullarının topdan sataraq ailəsinin gündəlik zəruri tələbatını ödəməyə çalışdığını, Şərur rayon Zeyvə kənd sakini Cavabdeh əvvəllər tanımadığını, 2023-cü ilin payız aylarında Cavabdeh ** CA *** nömrəli dövlət qeydiyyat nişanlı SKANİA markalı, qırmızı rəngli tırla kəndə gələrək kənd təsərrüfatı məhsulları almaq istədiyini bildirdiyini, onun da ona 500 (beş yüz) tay soğanının olduğunu və satmaq istədiyini bildirdiyini və Cavabdehlə soğanın kiloqramını 20 qəpiyə alması barədə razılaşdıqlarını, Xələc kənd sakini X5 onların yanında soğanı çəkərək 13750 kiloqram olduğunu bildirdiyini, sonra iki nəfər fəhlə X12 və X6 ilə razılaşaraq 13750 kiloqram soğanı Cavabdeh gətirdiyi tıra yüklədiklərini, səhəri Cavabdeh maşını aparmaq üçün gələrkən soğanı Bakıya aparacağını, lakin Bakıdan pulun hələ gəlmədiyini, iki günə pulu verəcəyini bildirdiyini, onun ilk olaraq soğanı vermək istəməsə də sonradan soğanı bir də maşından boşaltmamaq üçün nisyə aparması barədə razılaşdığını, razılaşmalarına görə Cavabdeh ondan aldığı soğana görə 2750 manat pul ödəməli olduğunu, təqribən 15-20 gün sonra Arazın ona 1000 manat pul ödəyərək pulun qalanını iki günə çatdıracağını bildirdiyini, onun heç bir dövlət idarə və müəssisəsində işləmədiyini, əkinçiliklə məşğul olduğunu və kənd təsərrüfatı məhsullarının əkilibbecərilməsi və topdan satışı ilə məşğul olduğunu, bundan qazandığı gəlirlə ailəsinin keçimini saxladığını, bugün onun həmin pula çox ehtiyacı olduğunu, lakin dəfələrlə Cavabdeh telefon vasitəsilə zəng edərək ondan aldığı soğanın pulunun qalanını qaytarmasını istəsə də cavabdehin telefonuna zəng çatmadığını və ya telefonuna cavab vermədiyini, ona görə də onun məcbur qalıb cavabdehlər Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, onun Cavabdeh ondan aldığı soğanın pulunun qalanını 1750 (bir min yeddi yüz əlli) manat pulunu və dövlət rüsumu olaraq ödədiyi 47 (qırx yeddi) manat cəmi 1797 (bir min yeddi yüz doxsan yeddi) manat pulun alınaraq ona ödənilməsini istədiyini bildirmişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X1 ifadəsində Kənanın əmioğlusu olduğunu, Kənanın satdıq soğanı olduğu üçün zəng edərək bir nəfərin Xələc kəndində kiloqramı 25 qəpikdən soğan aldığını dediyini, onun nömrəsini Kənana verdiyini, onların özlərinin danışaraq razılaşdıqlarını, axşam Kənangilə gedərkən soğanı tıra yüklədiklərini, ancaq həmin şəxsin orda olmadığını gördüyünü, sonra Kənanın həmin şəxslə soğanın qiymətini 20 qəpiyə razılaşdıqlarını, fəhlənin pulunu da həmin şəxsin ödəyəcəyini dediyini, sabah 10-11 arası kənddə rastlaşdıqlarını, Kənan “pulu vermədiyini, 2 günə fəhlənin və soğanın pulunu verəcəyini” dediyini, tanışlıq verdiyi üçün aralarında o cür razılaşdıqlarını bildiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X2 onun bacanağı olduğunu, Kənanın ona zəng edərək “soğan satıram, gəl çəkini yaz” dediyini Kənangilə getdiyini, malı alan şəxs Arazın da orada olduğunu, Kənanın 4 nəfər fəhlə çağırdığını, tərəzi ilə malı çəkdiklərini, 500 (beş yüz) tay soğanı tayı 27.5 kiloqramdan hesabladıqlarını, vərəqə yazdığını və Kənana verdiyini, səhər getdim Kənanın ona “Arazın soğanın pulu vermədiyini, soğanı satıb pulu göndərəcəyini dediyini” bildirmişdir. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X7 ifadəsində Kənanın onu, İsanı və əlavə iki nəfər fəhləni Xələc kəndində sahəyə çağırdığını, oraya getdiklərini, tıra təxminən 13 ton 600 kiloqram soğan yüklədiklərini, Arazın onların yanında Kənana pulunu iki günə ödəyəcəyini bildirdiyini, zəhmət haqqını Kənandan aldıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X12 ifadəsində Kənanın ona zəng edərək “soğan var onun tıra yükləmək lazımdır” dediyini, Sübhanla birlikdə Kənangilə getdiklərini, Kənangildə tanımadığı iki nəfər əlavə şəxsin olduğunu, 500 kisə soğanı 4 nəfər birlikdə tıra yüklədiklərini, pulunu Kənandan aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 30464 nömrəli qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin 47.50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı Şərur rayon Zeyvə kənd sakini Cavabdeh Şərur rayon Arbatan kənd sakini İddiaçı məxsus 13750 kiloqram soğanı 1 kiloqramı 0.20 manata razılaşaraq nisyə alması, nəticədə onun iddiaçıya ümumilikdə 2750.0 manat borcunun yaranması iddiaçının və şahid ifadələri ilə öz tədiqini tapmışdır. İddiaçının izahatından görünür ki, cavabdehdən borcundan 1000 manatını qaytarsada, nisyə aldığı soğanın 1750 manatını iddiaçıya ödəməmişdir. Məhkəmə iddiaçının cavabdehdən alqı-satqıya görə borcun qaytarılması tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında əşyaların alqı-satqısına dair müqavilə üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş soğanı cavabdehə nisyə vermiş, cavabdeh isə aldığı soğanın dəyərini tam olaraq geri qaytarmamış, bununla da öhdəliyini pozmuş və iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür; - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.Göründüyü kimi iddiaçı iddia tələbinin əsaslı olmasını məhkəmədə sübut etmiş, cavabdeh isə məhkəməmə iclasında iştirak etməkdən yayınmış, eyni zamanda iddia tələbini təkzib edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin; - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar ödənilmiş 47.5 (qırx yeddi manat əlli qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə qeyd edirki, iddia təmin olunaraq Şərur rayon Zeyvə kəndində qeydiyyatda olan Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat borc və ödənilmiş 47.5 (qırx yeddi manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1797.5 (bir min yeddi yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul alınaraq Şərur rayon Arbatan kəndində qeydiyyatda olan İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır...; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Zeyvə kəndində qeydiyyatda olan Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat borc və ödənilmiş 47.5 (qırx yeddi manat əlli qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1797.5 (bir min yeddi yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul alınaraq Şərur rayon Arbatan kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-332/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-332/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver