Məhkəmə qərarları › İş №2(110)-337/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-337/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-337/2024 17.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X9 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması» tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-232/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması, bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, iki uşağa görə hər ay 470 (dörd yüz yetmiş) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə aralarında xx.xx.2008-ci il tarixdə Şərur Rayon Qeydiyyat Şöbəsində 278 saylı akt qeydi ilə bağlanmış nikah qeydinin Şərur Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(110)-224/2020 saylı qətnaməsinə əsasən xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən pozulduğunu, bu nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yaşayış yerlərinin onun yanında saxlanılmasının müəyyən edildiyini, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-232/2022 saylı qətnaməsi ilə Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-224/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək bu nikahdan doğulmuş azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla iki uşağa görə hər ay 270 (iki yüz yetmiş) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, cavabdehlə birgə nikahlarından doğulmuş uşaqlarının artıq böyüdüyünü, Cabirin 15, Zümrüdün isə 13 yaşları olduğunu, onların orta məktəbdə oxuduqlarını və gündəlik tələbatlarının da yetərincə artdığını, cavabdehin aliment ödəməkdən başqa uşaqların digər tələbatları ilə maraqlanmadığını, ödədiyi alimentin miqdarının isə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunda çox aşağı olduğunu və uşaqların gündəlik zəruri tələbatlarını ödəməyə yetmədiyini, onun özünün heç bir yerdə işləmədiyini, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını da ödəməyin tək qadın olaraq onun üçün çox çətin olduğunu, cavabdehin isə maddi vəziyyətinin yaxşı olduğunu, alimentin məbləğinin artırılmasının cavabdehin maddi vəziyyətinə təsir etməyəcəyini hesab etdiyini, onun cavabdehlə aralatrında olan ailə münasibətlərindən irəli gələn alimentin miqdarının artırılması tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya təşkilatına müraciət etdiyini, lakin ilkin mediasiya sessiyasının yeri və vaxtı Cavabdeh bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞH-00049/2024 saylı arayış verildiyini, ona görə də Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında haliyədə övladlarının böyüdüyünü, bu səbəbdən də, ödənilən alimentin məbləğinin uşaqların normal qidalanmasını, istirahətini təmin etməyə kifayət etmədiyini, uşaqların atası Cavabdeh əlavə təsərrüfatının olduğunu, özünün hər bir texnikasının olduğunu, əkin əkdiyini, sataraq oradan da qazanc əldə etdiyini, lakin həmin texnikaların hamısının atasının adına olduğunu, ona görə də heç bir sübutunun olmadığını, cavabdeh alimentdən başqa uşqların digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh həqiqətən də, iddiaçı ilə xx.xx.2008-ci il tarixdə Şərur Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarından iki övladları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 doğulduğunu, iddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-224/2020 saylı qətnaməsilə nikahlarının pozulduğunu, uşaqlarının analarının yanında qalmasının müəyyən olunduğunu, məhkəmənin qətnaməsi ilə uşaqlarınının saxlanması üçün bir uşaq üçün 100 (bir yüz) manat olmaqla iki uşağa görə hər ay 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinin müəyyən edildiyini, daha sonra isə aliment məbləği artırılaraq bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla iki uşağa görə hər ay 270 (iki yüz yetmiş) manat miqdarında müəyyən edildiyini, iddiaçının yenidən artırılması ilə bağlı məhkəməyə müraciət etdiyini, özünün Naxçıvan şəhər Mühafizə Şöbəsində polis nəfəri işlədiyini, 656.13 manat əmək haqqı aldığını, onun 270 manatını aliment ödədiyini, özünə əmək haqqından 386.13 manat pul qaldığını, əlavə olaraq 2-ci dəfə də ailə qurduğunu, ikinci evliliyindən də iki uşağının doğulduğunu, onların azyaşlı olduğunu, maddi tələbatlarının daha çox olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını, iddiaçının atasının bir neçə əmlakı olduğunu, onları kirayə verdiyini, kirayə pullarını iddiaçının alıb xərclədiyini, haliyədə təyin olunmuş alimentdən artıq məbləğdə aliment ödəməyə maddi imkanının çatmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ № 221912 nömrəli nikahın pozulması haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə X10 arasındakı nikah xx.xx.2020-ci il tarixdə pozulmuş, həmin tarixdə 85 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflər xx.xx.2008-ci il təvəllüdlü X6 valideyinləridir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında çıxarışdan görünür ki, iş üzrə tərəflər xx.xx.2010-cu il təvəllüdlü X3 valideyinləridir; - Şərur rayon Alışar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmi xx.xx.2024-cü il tarixli 03 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətənda Şərur rayon Alışar kəndində yaşayır və onun – oğlu: X16-xx.xx.2008; qızı: X11 – xx.xx.2010 tərkibdə ailə üzvləri vardır; - Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-232/2022 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-602/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 26 noyabr 2008-ci il təvəllüdlü X7 və 09 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün hər ay 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir; - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 214255 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X15 arasındakı nikah xx.xx.2021-ci il tarixdə bağlanmış, həmin tarixdə 82 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X12 xx.xx.2022-ci il təvəllüdlü X4 valideyinləridir; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X12 xx.xx.2023-cü il təvəllüdlü X8 valideyinləridir; - Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Mühafizə İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü tarixli 8/73 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən 2013-cü ildən DİO-da həmin tarixdən də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər Mühafizə Şöbəsinin nizami hissəsinin polis nəfəri vəzifəsində işləyir və aylıq əmək haqqı 656.13 qəpikdir, aliment 270.0 (vergilər və digər tutqular çıxıldıqdan sonra) 386.13 manatdır; - Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində, İddiaçı mənə qarşı Naxçıva MR Şərur Rayon Məhkəməsində iddia ilə müraciət edərək birgə nikahdan doğulmuş övladlarımız xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(110)-602/2019 saylı qətnaməsi ilə yetkinlik yaşlarına çatanadək hər biri üçün 135 manat olmaqla hər ay 270 (iki yüz yetmiş) manat aliment ödənilməsinin qət edildiyini, qətnamə vaxtlıvaxtında icra edilməklə bərabər (iddiaçının yazdıqlarının əksinə) övladlarımın ehtiyacı olduqca mən sabiq arvadıma əlavə pul ödəyərək kömək edirəm. (qəbzlərin surəti əlvə edilir). Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, iddiaçı ilə nikahımız pozulduqdan sonra 09 aprel 2021-ci il tarixdə Şərur Rayon Qeydiyyat Şöbəsində rəsmi qeydiyyatı əsasında ailə qurmuşam, xx.xx.2022-ci il təvəllüdlü X13 və xx.xx.2023-cü il təvəllüdlü X17 doğulmuşlar. X2 işləmir, mənim və ailəmin vahid əldə etdiyimiz gəlir mənbəyi 656.13 manat (aliment məbləği 270 manat çıxıldıqdan sonra) gündəlik zəruri tələbatları çətinliklə ödədiyim 386.13 AZN (üç yüz səksən altı manat on üç qəpik) əməkhaqqımdır, ondan başqa heç bir əlavə gəlir mənbəyimiz yoxdur. Ailəmin zəruri ehtiyaclarını çətinliklə ödəyirəm. İddiaçıya alimentdən əlavə ödədiyim pul vəsaitlərini uşaqlarımın çətinlik çəkməmələri üçün banklardan kredit götürərək ödəmişəm. İddiaçının nəzərinə çatdırmaq istəyirəm ki, onun iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarında hər iki valideynin uşaqlarının qayğısına qalmaq, onları yərbiyə etmək hüququ və borcu olduğu vurğulanır. Qanunların müddəalarının yalnız bir valideynə aid olmadığını bildiyi halda iddiaçıə alimentin artırılmasına dair qətnamə çıxarılmasını xahiş edib. Uşaqlarım mənim üçün çox dəyərlidirlər və mən onların təminatını hər zaman ödəməyə hazıram. Lakin mənim maddi vəziyyətimdə heç nə dəyişməyib, əlavə gəlir mənbəyim yarandıqda iddiaçının tələbi olmadan belə mən uşaqlarımın daha yaxşı yaşamaları üçün imkanım çatdığı qədər yardım edəcəyini qeyd edərəkİddiaçı iddiasının əsassız olduğundan təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-232/2022 saylı qətnaməsi iddia qismən təmin edilmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-602/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 26 noyabr 2008-ci il təvəllüdlü X7 və 09 noyabr 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, ümumilikdə iki uşaq üçün hər ay 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində haliyədə övladlarının böyüdüyünü, onun saxlanılmaları üçün xərclərin artdığını, bu səbəbdən də, ödənilən alimentin məbləğinin onun tələbatını ödəmədiyini, uşaqların normal qidalanmasına, istirahətinə təmin etməyə kifayət etmədiyini, cavabdehin uşaqların digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşaqların yaş həddini, uşaqların üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşaqların təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşaqları saxlamağa borclu olmasını, cavabdehin ikinci evliliyindən əlavə iki uşağının da olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-232/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X14 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 30 manatdır ki, bu da il ərzində 360 manat (30x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan, buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-232/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar