Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-339/2021 25.05.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət Şərur Rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli 2(110)-680/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 27.07.2013-cü il tarixdə doğulmuş X1 üçün hər ay bir uşaq üçün 150 manat miqdarında alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə 2013-cü ildə nikaha daxil olduqlarını, birgə nikahdan 27.07.2013-cü il tarixdə X2 doğulduğunu, evləndikdən sonra ailə münasibətlərinin bir müddət keçdikdən sonra tədricən soyuyaraq tamamilə kəsildiyini, Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə aralarındakı nikahın pozulduğunu, 5 ildir ki, ayrı yaşadıqlarını, yetkinlik yaşına çatmayan uşağının onunla birlikdə yaşadığını, Şərur Rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli 2(110)-680/2018 saylı qətnaməsi ilə uşağın saxlanlması üçün 100 manat miqdarında alimentin təyin edildiyini, cavabdehin alimentdən başqa maddi köməklik etmədiyini, uşağı ilə maraqlanmadığını, uşağının ehtiyaclarınını ödəməkdə çətinlik çəkdiyini, cavabdehin Bakı şəhərində yaşadığını və orada işlədiyini, qazancı barədə məlumatının olmadığını bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı izahatında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq özünün Axura kənd məktəbində katibə işlədiyini, aylıq 270 manat maaş aldığını, cavabdehin 100 manat alimentdən başqa heç bir köməklik etmədiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmişdir. Cavabdeh 29.04.2021-ci il tarixdə məhkəməyə daxil olan etiraz ərizəsində Bakı şəhərində kirayədə yaşadığını, pandemiya ilə əlaqədar olaraq heç bir yerdə işləmədiyini, maddi vəziyyətinin ağır olduğunu, 100 manat miqdarında alimenti belə ödəməyə imkanının olmadığını, iddiaçının Axura məktəbində qeydiyyatçı operator vəzifəsində işlədiyini, iddiaçının valideynlərinin də rəsmi olarq işlədiyini, maddi imkanlarının kifayət qədər yaxşı olduğunu və beləliklə iddianın əsassız olduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellysiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01.10.2013-cü il tarixli AZ-İİ № 856114 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər 27.07.2013-cü il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16.06.2017-ci il tarixli AZ-İ № 176302 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 16.06.2017-ci il tarixdə 38 № ilə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 14.11.2018-ci il tarixli 2(110)-680/2018 nömrəli qətnamədən görünür ki, Şərur Rayon Məhkəməsinin 07.08.2017ci il tarixli 2(110)-579/2017 nömrəli qətnaməsi ilə 90 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək Cavabdeh 27.07.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 manat sabit pul məbləğində aliment tutularaq anası İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Axıra Kənd İƏDN-in 27.04.2021-ci il tarixli 27/01 nömrəli arayışından görünür ki, Cavabdeh heç bir idarə, təşkilat və müəssisədə işləmir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə tərəflər arasında nikah pozulmuşdur, yetkinlik yaşına çatmayan uşaq anası ilə birlikdə yaşayır. Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə uşağın saxlanılması üçün 100 manat miqdarında aliment qət edilmişdir. Hazırda cavabdeh iddiaçıya alimentdən başqa maddi köməklik göstərmir. İş üzrə iddiaçı cavabdehin aylıq qazancı barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh etiraz ərizəsində pandemiya ilə əlaqədar olaraq işləmədiyini və maddi imkanının aşağı olmasını əsas gətirərək iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il qərarının 8.2-ci bəndinə görə aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir. Lakin məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, aliment tələbi qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin qərarı ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 140 manat miqdarında aliment tutularaq 27.07.2013cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün anası Şərur rayon Axura kəndində yaşayan İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olaraq 28 (iyirmi səkkiz) manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şərur rayon Axura kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 140 manat miqdarında aliment tutularaq 27.07.2013-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün anası Şərur rayon Axura kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə münasib olaraq 28 (iyirmi səkkiz) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-339/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-339/2021
25.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver