Məhkəmə qərarları › İş №2(110)-339/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-339/2024

16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-339/2024 16.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli 2(110)-90/2022 saylı qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş Nümayəndə2 Əziz qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində 2001-ci ildə cavabdeh ilə evləndiklərini, birgə nikahdan iki övladlarının doğulduğunu, xasiyyətlərinin uyğun gəlməməsindən onun iddia ərizəsi əsasında nikahlarının Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-71/2022 saylı qətnaməsinə əsasən bir uşağın saxlanması üçün cavabdehdən ayda 150 manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunduğunu, övladlarından birinin yetkinlik yaşına çatdığını, digər övladının böyüdüyünü, orta məktəbdə təhsil aldığını, ödənilən aliment məbləğinin təlabatı ödəmədiyini, cavabdehin uşağın sağlamlığı, təhsili və diğər xərclərinin ödənilməsindən boyun qaçırdığını, ilkin mediasiya sessiyasında alimentin artırılması barədə razılığa gələ bilmədiklərini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd etdiyi halları təsdiq etdiyini, nümayəndəsi olduğu qızının özünə lazım olan sənədləri almaq üçün Türkiyə Respublikasına getdiyini, ona görə məhkəmə iclasında iştirak edə bilmədiyini, uşaqların hal-hazırda onun yanında yaşadıqlarını, onlardan birinin yetkinlik yaşına çatdığını, nəvəsinin gözündə problem olduğunu, əməliyyat olunmalı olduğunu, uşağın məktəbli olduğunu, cavabdehin göndərdiyi 150 manat uşağın tələbatlarını qarşılamadığını, onun evində yeddi nəfər yaşadığını, imkanları aşağı olduğundan uşağı saxlanmasına köməklik edə bilmədiyini, cavabdehin qazancı barədə məlumatının olmadığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, oğlunun Türkiyə Respublikasında yaşadığını, ürəyində problemin olduğunu, ona görə 2 aydır ki, işləyə bilmədiyini, imkanı olduqca alimentdən başqa pul göndərdiyini, böyük uşağın sürücülük şəhadətnaməsinin alması üçün 600 manat göndərdiyini, oğlunun 150 manatdan artıq aliment ödəməyə imkanının olmadığını, cavabdehin xəstəliyi ilə bağlı təqdim edəcək sübutunun olmadığını, oğlunun adına heç bir əmlak olmadığını bildirərək iddianın rədd olunması xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak edərkən izahatında və verilən suallara cavabında Türkiyə Respublikasında yaşadığını, oğlunun hərbi xidmətə getməyi ilə əlaqədar bura qayıtdıqlarını, lakin onu gözündə problem olduğu üçün oğlunu hərbi xidmətə aparmadıqlarını, onu müalicə etdirməli olduğunu, hal-hazırda uşaqları ilə Yengicə kəndində yaşadığını, cavabdehin hər ay 150 manat alimenti ödədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli AZ-İİİ № 537305 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2022-ci il tarixdə doğulmuş Nümayəndə2 Əziz qızının valideynləridir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)- 90/2022 saylı qətnaməsindən görünür ki, xx.xx.2001-cü il tarixli 231 nömrıli nikahın pozulması, xx.xx.2012-ci il tarixdə doğulmuş Nümayəndə2 Əziz qızının anasının yanında qalmasının müəyyən olunması və Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş Nümayəndə2 Əziz qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 2 uşaqları doğulmuşdur. Uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Tərəflər arasında nikah pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-90/2022 saylı qətnaməsi ilə uşağın ananın yanında saxlanması və uşağa görə hər ay 150 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin qazancı barədə, cavabdehin nümayəndəsi isə cavabdehin xəstəliyi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Buna görə məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, cavabdehin qazancı barədə sübutun olmadığını, həmçinin cavabdehin nümayəndəsinin izahatında qeyd etdikləri halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq 190 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 17,10 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-90/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq Şərur rayon Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2012-ci il tarixdə doğulmuş Nümayəndə2 Əziz qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Yengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 17,10 manat (on yeddi manat on qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar