Məhkəmə qərarları › İş №2(110)-347/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-347/2025

21.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-347/2025 21.08.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, keçmiş həyat yoldaşı Cavabdeh əsassız varlanmaya görə 33000 manat məbləğində pul, 13200 manat əldən çıxmış fayda olmaqla, 46200 manat pulun və 178,6 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2012-ci ilin sentyabr ayında Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2013-cü il tarixdə ilk övladları X1 doğulduğunu, 2013-2015-ci illərdə Naxçıvan şəhərində kirayədə yaşadıqlarını, cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsindən Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə xx.xx.2016-cı il tarixdə aralarındakı nikahın pozularaq 1 uşağın saxlanması üçün 100 manat alimentin ona ödənilməsinin qət edildiyini, cavabdehlə 2017-ci ildə barışdıqlarını, birlikdə yaşamağa başladıqlarını, rəsmi nikaha daxil olmağı tələb etsə də, cavabdehin bir bəhanə gətirərək bundan imtina etdiyini, 2017- 2022-ci illərdə yenə kirayədə yaşadıqlarını, Naxçıvan şəhərində 2 otaqdan ibarət ata evinin olduğunu, evli olan vaxtı onu kirayə verərək qazanc götürdüklərini, həmin evin təqribən 60 min manat qiyməti olduğunu, Eminlə barışandan sonra, yəni 2017-ci ildə qardaşı ilə razılığa gələrək ona çatan 30 min payın verilməsi qarşılığında evi onlara verməsini xahiş etdiklərini, qardaşının da bir az da güzəşt edərək 27 min manat qarşılığında evi Eminin adına keçirdiyini, Eminin isə həmin evi başqasına satdığını, həmin pulla Şərur rayon Yengicə kəndində torpaq alıb hazırda yaşadıqları 2 mərtəbəli evi tikdirdiyini, təqribən 2022-ci ilin aprel ayında tikdirdikləri evə köçərək orada yaşamağa başladıqlarını, bir il sonra yenidən münasibətlərinin korlandığını, Emini evdən çıxartma tələbi ilə bağlı 2023-cü ilin iyun ayında məhkəməyə müraciət etdiyini, həmin vaxt onun hamilə olduğunu, hazırlıq məhkəməsində hakim Mehdi Əliyevin iddianı baxılmamış saxladığını, 12 sentyabr 2023-cü il tarixdə ikinci övladları X3 doğulduğunu, münasibətlərinin pozulduğu üçün Eminin öz istəyi ilə evdən getdiyini, sonradan Eminin faktiki birgə yaşadıqları dövrdə tikdirdikləri evi öz tanışının adına satdığını örəndiyini, evdən çıxmağa razı olmadığı üçün Emin həmin şəxsin - X4 adından özünü də "cavabdeh" kimi göstərərək 2024-cü ilin iyul ayında ona qarşı evdən çıxma tələbi ilə iddia qaldırılmasına nail olduğunu, Şərur Rayon Məhkəməsində hakim Seymur Qarayev tərəfindən işə baxılaraq 20 sentyabr 2024-cü il tarixdə həmin evdən məcburi qaydada çıxarılmağı barədə qətnamə çıxarıldığını, məhkəmə iclasında bunun Eminin bir oyunu olduğunu bildirərək hakimdən iddiaçının vəkilinin deyil, özünün şəxsən iştirak etməsini tələb etməyinə baxmayaraq tələblərinin təmin olunmadığını, ona yalan vədlər verilərək evlə təmin ediləcəyini bildirdiklərini, qətnamənin qüvvəyə minəndən sonra onu evdən çıxartmağa çalışdıqlarını, buna görə də mən həmin qətnamədən apellyasiya şikayəti vermək üçün müddəti ötürdüyündən ərizə verərək müddətin bərpa edildiyini, işin Naxçıvan Ali Məhkəməsinə göndərildiyini, rəsmi nikah olmadığından həmin əmlaka payını tanıda bilmədiyini, Eminin onu nikaha salmadan ata mülkündən ona çatan payı mənimsəməklə hesabına əsassız varlandığını, buna görə də həm satılan ata evindən ona verilməli olan 33000 manat pulu, həm də 2017-ci ildən bəri (illik 5 faizlə) əldən çıxmış faydanı tələb etdiyini, (33000 x 5%-1650: 1650 x 8 il 13200), (cavabdehlə mübahisəni məhkəmədən kənar həll etmək üçün mediasiya təşkilatına müraciət etsə də, razılığa gələ bilmədiklərini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini, bu halları təsdiq edəcək şahidlərinin olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil məhkəmə iclasında iştirak etmiş, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o keçirilən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı pul tələbinə dair iddia qaldırdığını, işin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iddiaçının ərizəsinin mahiyyət və məqsədini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Məhkəmə ərizəni qaytararkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə ödədiyi 178 (bir yüz yetmiş səkkiz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən ödənmiş 178 (bir yüz yetmiş səkkiz) manat dövlət rüsumu özünə geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar