Məhkəmə qərarları › İş №2(110)-348/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-348/2025

07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-348/2025 07.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X19 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Şərur rayon Çomaxtur kənd sakini Cavabdeh kartof toxumu almaq üçün ona ödədiyi 3000 (üç min) manat və 7000 (yeddi min) ABŞ dolları pulu və dövlət rüsumu olaraq ödədiyi 136 (bir yüz otuz altı) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ildə Şərur rayon Dərvişlər kəndində mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində kartof əkini aparmaq məqsədilə toxumluq kartof almaq istəmiş, həmin vaxt Şərur rayon Çomaxtur kənd sakini Cavabdeh Türkiyə Respublikasından toxumluq kartof gətirdiyini öyrənmişdir. O, Cavabdehlə görüşərək ondan toxumluq kartof gətirməsini xahiş etmiş, ilkin olaraq 3000 (üç min) manat beh vermiş, bir müddət sonra Cavabdeh ona gəlib kartofunu aparmasını bildirmiş,o, adam göndərib1 5,5 ton kartofu təhvil aldıqdan sonra pulun qalanını - 7000 (yeddi min) ABŞ dollarını kənd mağazasında kənd sahə inspektoru X8 iştirakı ilə cavabdehə nağd şəkildə vermişdir. Əkin zamanı kartofların iri olmasına görə toxum əkən maşının gözlərinə yerləşmədiyindən o, cavabdehlə əlaqə saxlayaraq vəziyyəti izah etmiş, cavabdeh isə kartofun məhsuldar olduğunu, yalnız bölünərək əkilməsinin məqsədəuyğunluğunu və əgər məhsul verməsə zərəri ödəyəcəyini bildirmişdir. İbundan sonra o, cavabdehin göstərişi ilə kartofları bölərək əkdirmiş, lakin sahədə məhsulun cücərmədiyini müşahidə etdikdən sonra bu sahəyə kartofçuluqla məşğul olan Dərvişlər kənd sakini X3 dəvət etmiş, o isə toxumun keyfiyyətsiz olduğunu və məhsul alınmayacağını bildirmişdir. O, bu barədə cavabdehə məlumat verdikdə, o, Türkiyə vətəndaşından aldığı kartofun pulunu geri alıb iddiaçıya qaytaracağını vəd etmiş, lakin bu vədini yerinə yetirməmişdir. O, cavabdehdən pulunu tələb etdikdə cavabdeh ona əlavə toxumluq kartif verəcəyini bildirmiş və 2024-cü ilin yazında ona əlavə olaraq 2,5 ton toxumluq kartof vermiş, lakin həmin toxum da keyfiyyətsiz olduğundan məhsul əldə edilməmişdir. İddiaçının ifadəsinə görə, aqronom ixtisaslı həmkəndlisi X7 da toxumun yararsız olduğunu bildirmişdir. İddiaçı hesab edir ki, cavabdeh iki il ərzində ona keyfiyyətsiz toxum satmaqla ona əhəmiyyətli zərər vurmuşdur. Bu səbəbdən də o, Cavabdeh verdiyi 3000 (üç min) manat və 7000 (yeddi min) ABŞ dollarının, habelə 136 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, kartof əkdiyi 1,2 put torpaq sahəsinə 22 tay “Dof” gübrəsi verdiyini, 25 tay azot, 12 kamaz peyin, 5 kamaz da toyuq peyini verdiyini, Ziyafət adlı şəxsin kartof əkini ilə məşğul olduğunu, onun gəlib toxuma baxdığını, toxumun yaxşı olmadığını dediyini, erkəkləmiş toxum olduğunu, məhsul verməyəcəyini dediyini, Fərmana dəfələrlə zəng etdiyni, onun zəngə cavab vermədiyini, kartofun pulunu öncədən verdiyini, özünün toxumlarının lazım qədər məhsul verdiyini, lakin Fərmandan aldığı kartofun məhsul vermədiyini bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında və ona verilmiş suallara cavabında iddianı qəbul etməmişdir. Bildirmişdir ki, toxumluq kartofu Türkiyə Respublikasından gətirərək satmışdır. Dərvişlər kəndində İbrahim adlı şəxsdən iddiaçı İbadullahın toxumluq kartof almaq istədiyini eşitdiyini, daha sonra İbadullahın ona telefonla zəng etdiyini, kartof toxumu istədiyini, onun da qiyməti bildirdiyini, qarşılıqlı razılıqdan sonra satışın həyata keçirildiyini göstərmişdir. Cavabdeh qeyd etmişdir ki, iddiaçı ilkin olaraq ona 3000 (üç min) manat məbləğində pul vermiş, bundan sonra ona 12,5 ton toxumluq kartof təhvil vermişdir. İddiaçının qardaşı kartofa anbarda baxmış, kartofun iri olmasını qeyd etmiş, lakin cavabdeh onların istəyindən asılı olaraq kartofu qaytara biləcəklərini bildirmiş, iddiaçı isə kartofu qəbul edərək aparmışdır. Cavabdeh bildirmişdir ki, təxminən bir həftə sonra iddiaçı Arpaçay kəndində özünə məxsus mağazada onun qalan pulunu-7000 (yeddi min) ABŞ dollarını nağd şəkildə ödəmişdir. Kartof əkildikdən bir müddət sonra iddiaçı ona zəng edərək kartofların yaxşı göyərmədiyini demişdir. Cavabdeh isə həmin partiyadan olan toxumun Türkiyə Respublikasından gətirildiyini, beş nəfər arasında bölündüyünü, digər dörd şəxsin əkdiyi sahələrdə məhsul əldə olunduğunu, bu şəxslərin 3,5–3,8 ton arası məhsul götürdüklərini bildirmişdir. Onun sözlərinə görə, iddiaçıya satılan kartof digər şəxslərə verilən kartofla eyni olmuş, fərqli məhsul təqdim edilməmişdir. İddiaçı məhsulun az olduğunu dedikdə, cavabdeh ona Türkiyə Respublikasına gedəcəyi zaman əkin sahəsinin şəkillərini çəkməyi, həmin şəkilləri ona göndərməyi və bu şəkilləri Türkiyədə kartof aldığı şəxsə göstərməklə məsələni araşdıracağını bildirmişdir. Lakin iddiaçı şəkilləri göndərməmiş, nəticədə Türkiyə tərəfi də toxumun əvəzinin verilməsini qəbul etməmişdir. Cavabdeh əlavə olaraq qeyd etmişdir ki, iddiaçı bir neçə dəfə onunla görüşərək yaz əkini üçün əlavə toxum istəmiş, o da xeyirxahlıq məqsədilə və pulsuz olaraq 4,5 ton kartof toxumu vermişdir. Lakin iddiaçı həmin toxumdan da məhsul ala bilmədiyini söyləmişdir. Cavabdeh vurğulamışdır ki, o, eyni toxumdan öz torpaq sahəsində əkmiş və kifayət qədər məhsul götürmüşdür. İddiaçının məhsul ala bilməməsinin səbəbi onun sahəsinə düzgün qulluq etməməsi, torpaq sahəsinin otluq olması ilə bağlı olmuşdur. Cavabdeh qeyd etmişdir ki, o, iddiaçıya kartofu bölüb əkməyi deməmiş, çünki özü də kartofçuluqla məşğuldur və belə bir tövsiyə verməsi üçün əsas olmamışdır. İddiaçıya Türkiyə Respublikasına gedib toxumu aldığı şəxsə əkin sahəsinin vəziyyətini şəxsən göstərməyi də təklif etmiş, lakin iddiaçı bundan imtina etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində onun İbadullah ilə həmkəndli olduğunu, fəhlə olduğunu, İbadullahın ona kartof əkəcəyini dediyini və ona kömək etməsini istədiyini, onun da razılaşdığını, 1 hektardan çox torpaq sahəsinə kartof əkdiklərini, kartof böyük olduğu üçün bölərək əkdiklərini, ona hər kəsin kartofu çıxdığını onun niyə gec əkdiyini soruşduğunu, İbadullah toxumu gec gətirdiklərindən dediyini, onun Orxanla gedib kartofu Çomaxtur kənd sakini Fərmanın anbarından yığıb gətirdiklərini, kartofu əkən zaman onun göyərəcəyinin şübhəli olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində iddiaçı İbadullah ilə həmkəndli olduğunu, onun ixtisasca aqronom olduğunu, İbadullahın ona kartof toxumu aldığını, həmin torpaq sahəsinə gedərək necə toxum olduğuna baxmasını istədiyini, baxarkən toxumun yararsız toxum olduğunu, əkməyə dəyməz olduğunu dediyini, çünki kartofun hamısının 30 sm uzunluğuna qədər cücərmiş olduğunu, kartof əkən maşınla əkdiyinə görə də həmin cücərmiş hissələrin yararsız hala düşdüyünü, payızda həmin əkin sahəsi onların iş yerinin qarşısında olduğu üçün gedib baxdığını və məhsulun olmadığını müşaiət etdiyini, 2024-cü ildə əkdiyi toxumluq kartofu gördüyünü, ondan əvvəlki ildə əkdiyi kartofdan məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində onun İlqarla və Aslanla gedib Çərçiboğanda anbardan kartofu yığıb Qazel markalı avtomobillə Arpaçay kəndində İbadullahnın torpaq sahəsinə apardıqlarını, kartofu onun, İlqarın və Aslanın əkməyə kömək etdiklərini, kartoflar böyük olduğunu, həm də əkin vaxtının keçdiyini, kartoflar böyük olduğu üçün bıçaqla 4 yerə bölüb əkirdiklərini, İbadullahın onlara Fərmandan soruşduğunu, bölüb əkmək olar dediyini, onların da bölüb əkdiklərini, öz toxumu da olduğunu, əlavə onu da əkdiklərini, yığım vaxtı yaxşı kartof çıxmadığını, 2 hektar sahədən 20 tona yaxın kartof çıxdığını, onların 13 tona yaxın kartof əkdiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində Fərmanla 2022-ci ildə Türkiyə Respublikasından eyni maşınla toxumluq kartof gətirdiklərini, ona məxsus 8 ton kartof olduğunu, Fərmanın 18 ton kartofu olduğunu, 8 ton kartofu Qıvraq qəsəbəsinə apardığını, əkdiyini və normal məhsulu olduğunu, narazı olmadığını, həmin tırda 4 ton Ərəbyengicəli Mirabbasın oğlunun da kartofu olduğunu, kartofu martın sonunda gətirdiklərini, apreldə əkdiklərini, kartofun içindən böyüklərini seçdiyini, çünki maşına yerləşmədiyini, əzildiyini, seçdiyi böyük kartofları da satdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində 2022-ci ilin mart ayında Fərmanla oğlunun gedib Türkiyə Respublikasından toxumluq kartof gətirdiklərini, 3 ton kartof aldığını, Çomaxtur kəndində əkdiyini, 32 ton kartof əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X18 ifadəsində Çərçiboğanda Orxanla onun gedib anbardan kartofu maşına yüklədiklərini, Arpaçay kəndinə İbadullahın torpaq sahəsinə gətirdiklərini, Aslanın, onun və Orxanın kartofu traktorla əkməyə kömək etdiklərini, kartoflar böyük olduğu üçün traktorun çaşkasına yerləşmədiyini, məcbur qalıb 4 yerə bölərək əkdiklərini, İbadullah ilə bölərək əkməyə razılaşdıqlarını, başqa cür mümkün olmadığını, əlavə olaraq İbadullanın öz toxumu da olduğunu, onu da bir tərəfdən əkdiklərini, yığımda iştirak etmədiyini, İbadullahın aldığı kartofun məhsul vermədiyini, öz aldığından isə məhsul götürdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində onun da Fərmandan 2022-ci ildə 3 ton kartof əkmək üçün aldığını, İbadulla kəndində məhsulunun yaxşı olduğunu, 2022-ci ilin mart ayının sonunda alıb, apreldə əkdiyini, kartofun böyüklərini bıçaqla kəsdiyini, çünki maşından keçməyərək əzildiyini, yaxşı məhsul götürdüyünü, öz anbarına yığıb ton-ton satdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində onun traktoru olduğunu, həmin traktorla kartof əkdiyini, 2 il bundan əvvəl İbadullahın da kartofunu əkdiyini, onun yerinin Arpaçay kəndində mağazanın qarşısında yeri olduğunu, əkin etdiyi zaman may ayı olduğunu, toxumun böyük olduğunu, təxminən 10 faizinin kiçik olduğunu, maşının gözündən keçmədiyini, İbadullahın maraqlanaraq kartofu böldürüb əkdiyini, ona kartofun yararsız olduğunu, əkməyin mənasının olmadığını dediyini, əkin sahəsinə gedən zaman toxumun artıq orada olduğunu, təxminən 12-13 ton toxum olduğunu, İbadullahın adam çağıraraq kartofları böldürdüyünü, Fərmanının orada olmadığını, əkəndən sonra məhsulunun olmadığını eşitdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində Fərmanın qardaşı olduğunu, Fərmanın ona zəng edərək anbardan gəlib kartof götürəcəklərini dediyini, təxminən aprelin 25-27 arası olduğunu, Çərçiboğan kəndində yerləşən anbardan verdiyini, 6 nəfər işçi gəldiyini, 3 nəfəri böyük, 3 nəfəri isə azyaşlı olduğunu, onların kartofu maşına yüklədiklərini, kartofu götürdüklərini, onun da kartofu çəkərək verdiyini, həmin vaxtı kartofun böyük olması barədə heç nə demədiklərini, hardasa 14,5-15 ton kartof aldıqlarını, kartofu verərək ordan getdiyini, başqa heç bir şey bilmədiyini, onların danışığının şahidi olmadığını, Fərmanın bu kartofları Türkiyə Respublikasında aldığını, bir ildə 2-3 dəfə kartof gətirdiyini, həmin vaxt anbarda başqa kartof olmadığını, toxum gələn zaman Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının gələrək qalan kartofun anbara vurulmasını tələb etdiklərini, İbadullaha verilən kartofun da Türkiyədən gələn kartof olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını tərəflərin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, tərəflər arasında 2022-ci ilin aprel ayında şifahi alqı-satqı müqaviləsinin bağlanılması, müqaviləsinin tələblərinə əsasən satıcı (cavabdeh) tərəfindən öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, Türkiyə Respublikasından gətirdiyi 15.5 ton toxumluq kartofu iddiaçının (alıcının) istifadəsinə verməsi, iddiaçının malın dəyərini tam şəkildə nağd qaydada satıcıya ödəməsi işin mübahisəsiz hallarıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və şahid ifadələrini araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, işdə olan materiallardan belə müəyyən olunur ki, 20022-ci ilin təqribən aprel ayında tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanılmış etibarlı alqı-satqı müqaviləsinin tələblərinə əsasən satıcı (cavabdeh) öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, Türkiyə Respublikasından gətirdiyi 15.5 ton toxumluq kartofu iddiaçının istifadəsinə vermiş, iddiaçı isə 3000 manat beh, malları qəbul etdikdən sonra isə 7000 ABŞ dolları olmaqla malın dəyərini tam şəkildə nağd qaydada satıcıya ödəmişdir. Cavabdeh Mülki Məcəllənin 568.1-ci maddəsinin tələblərinə uyğun olaraq kartofu iddiaçının adamlarına təhvil vermiş, iddiaçı malı nümayəndələri vasitəsilə şəxsən qəbul etmiş, onu öz torpaq sahəsinə apararaq əkmə əməliyyatını həyata keçirmiş, yəni malı qəbul edib istifadəsinə vermişdir. Bu isə, Mülki Məcəllənin 570-ci maddəsinə əsasən, satıcının əşyanı vermək öhdəliyinin icra edildiyini və malın mülkiyyətinin alıcıya keçdiyini göstərir. İş materiallarından və şahid ifadələrindən görünür ki, iddiaçı və onun nümayəndələri kartofun iri olduğunu aşkar etmələrinə baxmayaraq, cavabdehin geri qaytarma təklifinə rəğmən kartofu qəbul etmişlər. İddiaçı özü də toxumun iri olduğu üçün onu bölərək əkdirdiyini təsdiqləmişdir. Məhkəmə hesab edir ki, iddiaçının kartofu qəbul etdikdən sonra onu bölməklə (yəni əşyanın təyinatını və bütövlüyünü dəyişdirməklə) özü məhsul almama riskini artırmışdır. O, Mülki Məcəllənin 586-cı maddəsində nəzərdə tutulan qaydada, kartofu qəbul edərkən və ya dərhal sonra keyfiyyət yoxlamasını aparıb lazımi tələbləri irəli sürmək əvəzinə, malı qəbul etmiş və istifadə qaydasını özü müəyyən etmişdir. Mülki Məcəllənin 588.1-ci maddəsinə görə satıcı o halda məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. İşdəki materiallar məhsulun olmamasının yeganə səbəbinin məhz toxumun keyfiyyətsizliyi olduğunu tam sübut etmir. Cavabdeh eyni partiya toxumun digər alıcıları tərəfindən uğurla istifadə edildiyini şahid ifadələri ilə təsdiqləmişdir. Bu isə iddiaçının məhsul ala bilməməsinin səbəbləri arasında onun əkin şəraitinin, sahəyə qulluğunun və ya kartofu bölərək əkməsinin daha böyük rolu olmasını ehtimal etməyə əsas verir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı kartofların 4 yerə bölünərək əkilməsinin ona cavabdeh tərəfindən deyildiyini bildirsə də, o, bununla bağlı mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmiş, onun dindirilmiş şahidləri isə tərəflər arasında bu barədə olan danışığı eşitmədiklərini qeyd etmişlər. Beləliklə, məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və şahid ifadələrini araşdıraraq belə hesab edir ki, iddiaçının Mülki Məcəllənin 587-ci maddəsi ilə müəyyən edilən müqavilədən imtina və pulun geri qaytarılması tələbi əsassız hesab edilərək rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən, Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 570-ci maddəsinə əsasən əgər əşya alıcıya təhvil verilmişsə, satıcının öhdəliyi yerinə yetirilmiş sayılır. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 581.3-cü maddəsinə əsasən əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. 581.4-cü maddəsinə əsasən satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər. 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 586.1-ci maddəsinə əsasən qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər. 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin; 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli; -Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 134 (bir yüz otuz dörd) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar