Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-354/2025 02.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı "Azlənd Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələb:
1. İddiaçı "Azlənd Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən onlara məxsus olan avtobusa vurulmuş zərərə görə 6920 AZN "xxxx" MMCə ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. .
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Bakı şəhəri ərazisində və ətrafında sərnişin daşıma işləri ilə məşğul olduğunu, MMC-nin balansında bir çox sayda avtobuslar mövcud olduğunu, belə ki, MMC-nin balansında olan avtobuslardan **-JC-*** dövlət qeydiyyat nişanlı avtobusa ASC tərəfindən sığorta edilmiş **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xəsarət yetirildiyini və maddi ziyana səbəb olduğunu, həmin dəymiş zərərin sübuta yetirilməsi ilə bağlı fotoşəkillər ve sürücülər tərəfindən polis idarəsində verilmiş izahatlar Məhkəməyə təqdim edildiyini, həmin izahatlarda **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən öz diqqətsizliyi nəticəsində onlara məxsus olan avtobusa zərər vurulduğunun qeyd edildiyini, Sabunçu rayonu DYPŞ-nin 2024-10-12-il tarixdə saat 05.00 dəqiqədə Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verdiyini bildirdiyini, inzibati xətalar haqqında işlərə və ya cinayət işlərinə baxmağa səlahiyyəti olan orqanın qüvvəyə minmiş qərarına əsasən yolnəqliyyat hadisəsinin baş verməsində X4 (ŞV: AZE1999252, PİN xxxxxxx) təqsirli bilindiyini, X4 (ŞV: AZE1999252, PİN xxxxxxx) öz izahatında da avtobusu görmədiyini və özünü təqsirli bildiyini, nəticədə Azərbaycan Respulikasının inzibati Xətalar məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyini və nəticədə onlara 6920 AZN zərər dəydiyini, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının olmadığını, dəymiş zərəri yol nəqliyyat hadisəsinin səbəbkarı olmuş, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüçüsü X3 tələb edilməli olduğunu hesab etdiklərini bildirmişdir.
Tərəflərin izahatları:
3. İddiaçı "Azlənd Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə əvvəlki iclasında iştirak etmiş Cavabdeh verdiyi izahatında həqiqətən də xx.xx.2024-cü il tarixdə idarə etdiyi **-ZD-*** dövlət qeydiyyat nişanlı “PRİCEP”lə qəza törətdiyini, avtomobilin özünə aid olmadığını, etibarnamə ilə idarə etdiyini, qəzanın baş verdiyi zaman təqsirin onda olduğunu, idarə etdiyi avtomobilin sığortasının olmadığını, həmin vaxt onun polisə aparılaraq ona protokol tərtib edildiyini, orada cəriməni ödəyərək ordan ayrılan zaman ona heç nə deyilmədiyini, 3 ay sonra onu məhkəməyə verildiyini öyrəndiyini, imkan edib indi gələ bildiyini, idarə etdiyi avtomobilin sığorta olunmamasına onun mülkiyyətçinin məsuliyyət daşıdığını, özünün avtomobilin sığortasının olmamasından xəbərsiz olduğunu, iddiaçının tələb etdiyi məğləbi ödəyə bilməyəcəyini, ayda 500 manat aliment ödədiyini bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. Sabunçu Rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokolun surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir.
8. İnzibati tənbeh vermə haqqında 22.10.224-cü il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.
9. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Sabunçu rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş arayışdan görünür ki, yol-nəqliyyat hadisəsi xx.xx.2024cü il tarixdə, saat 05:00 dəqiqədə baş vermişdir. yol-nəqliyyat hadisəsinin törədilməsində GMS GÜVE YARİMQOŞQU marka və modelli, **-ZD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X4 olmuşdur.
10. xx.xx.2024-cü il tarixli, təmir işləri aktının surətindən və iddiaçı tərəfindən "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ünvanlanan məktubun surətindən görünür ki, **-ZD-*** qeydiyyat nişanlı GMS Güvə Yarımqoşqu tərəfindən Citibus markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 6920 manat olmuş, həmin məbləğin "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ödənilməsi xahiş olunmuşdur.
11. 10 dekabr 2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh dəymiş zərərin ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir.
12. “Naxçıvan” Qiymətləndirmə Mərkəzinin xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Citibus markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi dəyəri 6030 manat təşkil edir.
13. Müvafiq sorğu əsasında "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, O-A-2025-0741 nömrəli məktubdan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "xxxx" MMC-yə məxsus Citibus markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil "Atəşgah” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalı olmuş, hadisə zamanı zərərvuran **-ZD-*** qeydiyyat nişanlı avtomobilin qüvvədə olan mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmadığından, hadisə ilə əlaqədar olaraq "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalı- "Azlənd Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinə sığorta ödənişi ödənilməmişdir.
14. 02.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "Azlənd Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 90 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “GMS Güvə Yarımqoşqu” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil “Citibus” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə "Azlənd Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Citibus markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Hadisə baş verdiyi zamanı zərərçəkmiş “Citibus” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olsa da, zərərvuran “GMS Güvə Yarımqoşqu” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmamışdır. İddiaçı "Azlənd Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq sığorta şirkətindən sığorta ödənişi ala bilmədiyindən, zərərvurandan-hazırki iş üzrə cavabdehdən 6920 manat məbləğində dəymiş zərəri tələb edir.
Tətbiq edilən hüquq:
16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki hüquqi məsuliyyət daşıyırlar.
17."İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun:
3.1.1 və 3.1.2-ci maddələrinə əsasən icbari sığortaların əsas prinsipləri ondan ibarətdir ki, sığorta marağı olan hər kəsə bu sığorta növü məcburi qaydada şamil edilir və sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsi təmin edilir. 4.1-ci maddəsinə əsasən, icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədilə tətbiq edilir. 5.2-ci maddəsinə əsasən, sığortalı — müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi olan və sığortaçı ilə bağlanan icbari sığorta müqaviləsinin tərəfi olan şəxsdir. 6.7-ci maddəsinə görə, mülki məsuliyyət sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan şəxs, əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq, zərərçəkən hesab edilir. 8.1-ci maddəsinə əsasən, icbari sığorta müqaviləsi yalnız elektron formada bağlandığı və informasiya sistemində mövcud olduğu halda etibarlıdır. Belə müqavilə olmadıqda, sığorta təminatı qüvvədə sayılmır. 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 50.2-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İİ hissəsinə uyğun olaraq qeydiyyatdan keçmiş mexaniki avtonəqliyyat vasitələrinin və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir. 52.1-ci maddəsinə əsasən Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 52–1.1-ci maddəsinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: -52–1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; -52–1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 53.1-ci maddəsinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
18. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətinin "15" avqust 1996-cı il tarixli 453 saylı Əmri ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında Təlimat”ın: 2-ci bəndinə əsasən nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mühərrikli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisələri nəticəsində fiziki və hüquqi şəxslərin əmlakına, habelə vətəndaşların səhhətinə vurulan zərərlərin ödənilməsi məqsədilə aparılır. 3-cü bəndinə əsasən Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortasının aparılması məcburidir. 14-cü bəndinə əsasən Sığortanın obyekti-mülkiyyətində mühərrikli nəqliyyat vasitəsi olan və Azərbaycan Respublikası ərazisində yol-nəqliyyat hərəkətində iştirak edən bütün fiziki və hüquqi şəxslərə məxsus nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətidir.
19. Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 iyun 2022-ci il tarixli, 25/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaların: 3-cü bəndinə əsasən aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yolnəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir: -3.0.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; -3.0.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə.
20. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. 21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926-cı maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır.
23. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələb hüququ vardır.
24. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “GMS Güvə Yarımqoşqu” markalı, **-ZD-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsus “Citibus” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtobusla toqquşmuş, nəticədə iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Hadisə barədə tərtib edilmiş İXP ******* saylı inzibati protokol və TP ******* nömrəli inzibati qərar əsasında Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh hadisənin baş verməsində öz təqsirini etiraf etmiş, hadisə nəticəsində iddiaçıya dəyən maddi zərərin onun səhlənkarlığı və diqqətsizliyi nəticəsində yarandığı müəyyən edilmişdir.
25. İş materiallarından, o cümlədən Sabunçu Rayon DYPŞ-nin arayışından və "xxxx" Sığorta Şirkəti ASC-nin məktubundan aydın olur ki, hadisə baş verən zaman cavabdehin idarə etdiyi avtomobilin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmamışdır. Nəticədə iddiaçıya dəyən zərər sığorta qaydasında ödənilməmişdir.
26. “X1”nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, “Citibus” markalı avtobusun təmir və bərpa xərcləri 6030 (altı min otuz) manat təşkil edir.
27. Beləliklə də məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən də zərərçəkmiş şəxs dəvurulmuş zərər onun tərəfindən ödənilməlidir.
28. Məhkəmə cavabdehin hazırki iş üzrə əsas məsuliyyət daşıyan şəsin onun hadisə zamanı etibarnamə ilə idarə etdiyi avtomobilin mülkiyyətçinin olması ilə bağlı etirazlarına dair qeyd etmək istəyir ki, hazırki iş üzrə delikt törətmiş şəxs birbaşa onun özüdür. Hadisə onun təqsiri nəticəsində baş vermişdir və Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmçinin ."İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin tələbləri baxımından da o, etibarnamə əsasında idarə etdiyi avtonəqliyyat vasitəsinin sahibi hesab olunur. Bu səbəbdən də, onun etirazları əsassızdır.
Məhkəmə baxışının hədləri:
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
30. İddia tələbi qismən təmin olunduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun 78.42 manatlıq hissəsi cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.
Nəticə:
31. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; - 6030 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı "Azərlən Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli; -İddiaçı tərəfindən ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun 78.42 manatlıq hissəsi cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 6030 (altı min otuz) manat məbləğində pul tutularaq iddiaçı "Azlənd Plaza” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun 78.42 manatlıq hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: