Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-359/2025 18.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Yuxarı Aralıq kənd sakini Cavabdeh ondan aldığı 1 ədəd iribuynuzlu heyvana görə 2400 (iki min dörd yüz) manat pulun və ödəniş edilmiş 44 (qırx dörd) manat dövlət rüsumunun, alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində xx.xx.2024-cü il tarixdə Şərur rayon Yuxarı Aralıq kənd sakini Cavabdeh 2400 manata bir ədəd iribuynuzlu dana satdığını, çöl sahəsində oğlu X4 dananı Şərur rayon Xanlıqlar kənd sakini X1 “Qazel” markalı yük avtomobilinə mindirərək Cavabdeh təhvil verdiyini, Cavabdeh pulu 1 həftə ərzində ödəyəcəyini desə də, bu günədək pulu ödəməkdən yayındığını, hər dəfə müxtəlif bəhanələr gətirdiyini, buna görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək, oğluyla evdə olan zaman oğlu ona Şahinin gəlib dananı aparacağını dediyini, günorta saatlarında Şahinin onlara gəldiyini, mal çöldə olduğu üçün “gedin çöldə baxın” dediyini, çöl sahəsində mala baxmağa getdiklərini, oğlunun ona zəng edərək Şahinin dananı 2400 manat istədiyini dediyini, onun da razılıq verərək “sat” dediyini, sonra zəng edib 1 həftə sonra pulu ödəyəcəyini dediyini, onun da razılaşaraq dananı ona verməsini dediyini, 1 həftə sonra ona zəng edən zaman ona zəng çatmadığını, onların evinə gedən zaman yoldaşının Şahinin evdə olmadığını dediyini, nömrəsinə zəng edən zaman da bu günə-sabaha ödəyəcəm deyərək bu günədək malın pulu ödəmədiyini bildirərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilsədə, о, məhkəmə baxışı iclasında iştirakı etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasına iddiacının təşəbbüsü ilə dəvət edilən şahid X6 ifadəsində o, Şahinə satılacaq malının olduğunu dediyini, Şahinin onunla birlikdə otlaq sahəsinə gələrək mala baxdığını, baxış zamanı 2400 manat verəcəyini dediyini, onunla razılaşdığını, anasına zəng edərək pulu 1 həftə sonra verəcəyini dediyini, Şahinlə razılaşaraq Mərdana zəng elədiyini, malı Mərdanın “Qazel” maşınına yükləyərək Yuxarı Aralıq kəndinə Şahinin həyətinə apardıqlarını, 1 həftə sonra zəng edən zaman ona zəng çatmadığını, vatsap sosial şəbəkəsi ilə əlaqə saxladığı zaman İstabulda olduğunu dediyini, 10 gün vaxt istədiyini, evlərinə getdikləri zaman da bu gün sabah deyərək bu günədək pulu vermədiyini bildirdi. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X2 ifadəsində onun “Qazel” markal avtomobilinin olduğunu, həmin gün çöldə olduğunu, Nurlanın ona zəng edərək mal satdığını, gəlib maşınla onu aparmağını dediyini, onun da həmin yerə getdiyini, Nurlan, atası və onunla birlikdə malı maşına mindirdiklərini, malı aparıb Yuxarı Aralıq kəndində həmin adamın həyətində düşürdüklərini, mal alan zaman həmin adamın malın pulunu 1 həftə sonra verəcəyini dediyini, malın qiymətini bilmədiyini bildiri. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli 26614 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Şərur filialı vasitəsilə dövlət büdcəsinə 44 (qırx dörd) manat rüsum ödəmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıdan dəyəri 2400 manat olan bir baş iribuynuzli dana almışdır. Aralarında olan razılaşmaya əsasən 1 həftə sonra pulu tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin bu günədək cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür; - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı iddia tələbini sübut etmiş, cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş, həmçinin məhkəməyə iddia tələbini təkzib edəcək hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 44.0 dövlət rüsumunun əvəzidə cavabdehdən alınaraq iddiacıya ödənilməlidir. Beləliklə də, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Şərur rayon Yuxarı Aralıq kəndində qeydiyyatda olan Cavabdeh 2400.0 (iki min dörd yüz) manat məbləğində borc və 44.0 (qırx dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2444.0 (iki min dörd yüz qırx dörd) manat məbləğində pul alinaraq Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda olan İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Yuxarı Aralıq kəndində qeydiyyatda olan Cavabdeh 2400.0 (iki min dörd yüz) manat məbləğində borc və 44.0 (qırx dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2444.0 (iki min dörd yüz qırx dörd) manat məbləğində pul alinaraq Şərur rayon Xanlıqlar kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-359/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-359/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver