Məhkəmə qərarları › İş №2(110)-36/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-36/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-36/2023 17.01.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Düdəngə kənd sakini Cavabdeh ona borclu olduğu 30000 ABŞ dolları pulun və ödədiyi 243 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi fiziki şəxs kimi biznes fəaliyyəti ilə məşğul olduğunu, tanıdığı İran İslam Respublikasının vətəndaşı X1 ilə bir neçə dəfə alver etdiyini, onun göndərdiyi pulla onların şirkətinin adına tanışları vasitəsilə dizel yanacağı göndərtdiyini, axırıncı dəfə iranlı ortağı ona pul göndərərkən əvvəlcədən tanıdığı və yaxşı münasibətdə olduğu Cavabdeh həmin puldan bir qədər ona verməyini, bu şərtlə ki, puldan alver məqsədilə istifadə edəcəyini və qazanc götürəcəyini, sonra isə iranlının pulunu qaytaracağını dediyini, bu şərtlə ona 30000 ABŞ dolları verdiyini, Elnurun pulu nəyə istifadə etdiyini bilmədiyini, onun pulu qaytarmadığını, iranlının pulu istəməyə başladığını, Elnurun tezliklə pulu verəcəyi barədə ona söz verdiyini, gecikdiyinə görə iranlının onu polis orqanlarına şikayət etdiyini, Elnurdan yenə pulu qaytarmağı xahiş etdiyini, cavabında isə Elnurun ona narahatlığa əsas olmadığını, tanışları vasitəsi ilə pul müqabilində həll edəcəyini, iranlı ilə əlaqədar heç bir orqana çağırılmayacağını dediyini, buna baxmayaraq Daxili İşlər Nazirliyinə günlərlə çağırıldığını, şəxsiyyət vəsiqəsinin hələ də Şərur RPŞ-də saxlandığını, iranlının Şərur rayon Məhkəməsində iddia qaldıraraq pulun qalan hissəsini ondan tələb etdiyini, həmin mülki işə hazırda məhkəmədə baxıldığını, ona görə də pulunun Elnurdan alınaraq qaytarılması üçün məhkəməyə müraciət etdiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etmiş və əlavə olaraq Bakı şəhəri Suraxanı rayonunda yaşadığını, bu hadisələrin Bakı şəhərində baş verdiyini, İran İslam Respublikasının vətəndaşı Talibimokarram ilə birlikdə dəfələrlə iş gördüyünü, dizel yanacağını onlara satdıqlarını, sonuncu dəfə 159900 ABŞ dolları aldığını, lakin dizel yanacağını ona göndərə bilmədiyini, tanışı Vəli və Aqşin adlı qardaşların iş görüb, sonra iranlının pulunu qaytarmağı ona bildirdiklərini, həmin puldan 100000 ABŞ dollarını Vəli və Aqşin adlı qardaşlara verdiyini, onlarla görüşən zaman onların işin alınmayacağını bildirib 80000 ABŞ dollarını ona qaytardıqlarını, amma 20000 ABŞ dollarını vermədiklərini, iranlının 73000 dollarını qaytardığını, qalanını isə hissə-hissə qaytaracağını, 5-6 il bundan əvvəl Habil adlı dostunun tanışı olan Cavabdeh ilə tanış olduğunu, tanışlıqdan sonra uzaqdan qohum olduğunu öyrəndiyini, bu tanışlıqdan istifadə edərək düşdüyü vəziyyətdən çıxmaq üçün Elnurdan kömək istədiyini, Elnura zəng vuraraq görüşmək istədiyini bildirəndə onun “Neftçilərdəyəm, gəl görüşək” dediyini, Qəşəm adlı tanışı vasitəsilə Elnurun yanına getdiyini, Elnura vəziyyəti bildirəndə ona pul müqabilində köməklik edəcəyini bildirdiyini, bir müddət keçdikdən sonra iranlının onu orqanlara şikayət etdiyini, bunu Elnura deyəndə “orqanlardan heç kim sənə heç nə demiyəcək” dediyini, Elnur onu evinə gətirdiyi zaman evdən 30000 ABŞ dollarını götürüb Elnura verəndə, qardaşının ona pulu verməməyi bildirdiyini, Elnurun əmioğlusu olan Nurlan adlı şəxsin danışıb bu məsələni həll edəcəyini və ona heç bir problem olmayacağını bildirdiyini, Elnurla yenidən görüşən zaman, yəni ilk görüşdüyü vaxtdan 2-3 gün keçdikdən sonra ona Naxçıvana gəlmək istədiyini bildirdiyini, onun isə “arxayın ol, get Naxçıvanda səni haradan çağırsalar biz həll edəcəyik” dediyini, özünün Naxçıvana gəldiyini, həmin vaxtı pulu olmadığından Elnurun qaynı Əsəd adlı şəxsdən 1000 manat alaraq gəldiyini, bura gələndə birinci Şərur Rayon Polis İdarəsindən, sonra isə Daxili İşlər Nazirliyindən onu çağırdıqlarını, onun sənədlərini alaraq həftədə 1 dəfə çağırdıqlarını, bunu Elnura bildirəndə “narahat olma, həll edəcəm” dediyini, sonra ona əmioğlusunun həll edə bilməyəcəyini, başqasına deyəcəyini bildirdiyini, bir müddət keçdikdən sonra “get işinlə məşğul ol, sən mənə heç nə verməyibsən” dediyini, bu hadisələrin 2022-ci ilin yanvar-fevral ayıları baş verdiyini, özünün sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını, Həsən adlı tanışı vasitəsilə Talibimokarrama Naxçıvandan yanacaq göndərdiklərini, sadəcə olaraq pulu iranlının dediyi şəxlərə verdiklərini, qazancının yanacağın tonunda 1-2 dollar olduğunu, 30000 ABŞ dollarını Elnurla görüşüb evə aparan zaman, ona məxsus 888 nömrəli maşında ona verdiyini, həmin vaxtı maşında ikisi olduğunu, iranlıdan pulu aldıqdan sonra dizeli göndərə bilmədiyini, bu puldan faydalanıb iş görüb sonra onun pulunu qaytarmağı düşündüyünü, iranlının pulunu qaytaracağını, atmaq fikri olmadığını, onun hər yerə şikayət etdiyini, özünün isə vaxt qazanmaq istədiyini, Elnura o qədər pul verməyinin səbəbinin orqanlarda məsuliyyətə cəlb edilməyib azadlıqda qalaraq işləyib iranlının pulunu qaytarmaq olduğunu, Aqşin ilə Vəli qardaşlarının ona torpaq alıb ev tikib satacaqlarını, özünün isə iranlının pulunu qaytaracağını dediyini, onların işi pozduqlarını, onun 20000 dollarını vermədiklərini, onlara qarşı Bakı şəhərində iddia qaldırdığını, lakin iddianın rədd olunduğunu, apellyasiya məhkəməsinə şikayət verəcəyini, iranlının ona qarşı Şərur Rayon Məhkəməsində iddia qaldırdığını, biznes mübahisəsi olduğundan işin baxılmamış saxlanıldığını bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, cavabdeh məhkəmə bildirişini şəxsən qəbul etməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellysiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən zaman verdiyi izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, Habil adlı şəxsin onun kirvəsi olduğunu, Orxanı ona görə tanıdığını, həmçinin Orxanla uzaqdan qohum olduğunu, 2022-ci ilin əvvələrində Orxanın zəng edərək onunla görüşmək istədiyini bildirdiyini, Orxanı Suraxanı ərazisində dələduzluqla məşğul olan şəxs kimi tanıdıqlarını, Orxan onunla görüşən vaxtı iranlıya pul atdığını, bir miqdarını iranlıya qaytardığını, bir miqdarını dostuna verdiyini, bir miqdarına maşın alıb Naxçıvana aparacağını bildirdiyini, kürəkəni olan Əsədlə aralarında torpaq alqı-satqı məsələləri olduğunu, Orxanın Əsədə xeyli miqdarda borcu olduğunu, Orxana bir neçə dəfə zəng edərək Əsədlə arasında olan məsələni həll etməsini bildiyini, Orxanın onunla görüşəndə Əsədə olan borclarını qaytaracağını və bu işdə ona kömək etməyi xahiş etdiyini, imkanı daxilində kömək etməyə çalışdığını, Orxandan heç bir pul almadığını, heç kimə də pul vermədiyini, bir neçə dəfə Orxana zəng edərək Əsədin pulunu yaxud torpağını verməyini bildirdiyini, Əsədin özünün Rusiyada olduğuna görə Orxandan onun pulunu tələb etdiyini, ona 30000 ABŞ dolları və ümumiyyətlə heç bir pul verilmədiyini, Orxanın Naxçıvana getməsi üçün ondan 1000 dollar istədiyini, Orxana öz evindən 1000 manat verməsini Əsədə dediyini, Orxana köməklik etməyimin səbəbinin Orxan pulunu diriltməklə Əsədin pulunu qaytarması olduğunu, Əsədin pulunu ondan tələb etdiyi üçün onun qabaqdan gələnlik edərək ondan pul tələb etdiyini, Orxana köməklik etməyi qohumu Nurlandan xahiş edəndə Orxana heç bir köməklik edə bilməyəciyini dediyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssisin iştirakı ilə “İphone 5” və “Samsung A21” markalı smartfon telefonlarda whatsapp messenceri vasitəsilə tərəflər arasında baş tutmuş səsli və mətn mesajları tədqiq olunmuş, həmin yazışmalarda iddiaçının cavabdehə 30000 ABŞ dolları verməsi faktı öz əksini tapmamışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə 30000 ABŞ dolları verdiyini iddia etsə də cavabdeh iddianı qəbul etməmişdir. İddiaçı cavabdehlə olan whatsapp messenceri vasitəsilə apardığı yazışmalarından çıxarışları məhkəməyə təqdim etmiş və mütəxəssisin iştirakı ilə yazışmaların tədqiqi zamanı iddiaçı tərəfindən cavabdehə 30000 ABŞ dolları verilməsi öz təsdiqi tapmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən cavabdehə 30000 ABŞ dollarının verilməsi cavabdeh tərəfindən tam şəkildə təkzib edildiyindən həmin pulun verilməsi işin mübahisəli halıdır. Bu halı sübut etmək vəzifəsi isə MPM-in 77.1-ci maddəsinə əsasən iddiaçının üzərinə düşür. İddiaçı isə qeyd olunan pul məbləğinin cavabdehə verilməsini yazılı müqavilə və yaxud digər sübut növləri ilə sübut edə bilməmişdir. Təqdim edilmiş yazılı və səsli mesajlarda isə qeyd olunan pul vəsaitinin verilməsi öz təsdiqini tapmamışdır. Buna görə də iddiaçının iddiası əsassızdır və rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 243 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar