Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-360/2024 18.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-109/2022 saylı qətnaməsində nəzərdə tutulan Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində alimentin dəyişdirilərək hər uşağa 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində 2009-cu ildə cavabdeh ilə evləndiklərini, birgə nikahdan xx.xx.2010-cu il tarixdə X1 və xx.xx.2012-ci il tarixdə X2 doğulduğunu, xasiyyətlərinin uyğun gəlməməsindən onun iddia ərizəsi əsasında Şərur Rayon Məhkəməsinin 2016-cı ildəki qətnaməsi ilə aralarında olan nikahın pozulduğunu, yetkinlik yaşına çatmayan uşaqların onun yanında qaldığını, Şərur Rayon Məhkəməsinin 2(110)-109/2022 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən ayda hər uşağa 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində aliment təyin olunduğunu, haliyədə uşaqların təminatını ödəməyin çətin olduğunu, çünki uşaq böyüdükcə tələbatının artdığını, cavabdehin Veysəloğlu şirkətində işlədiyini, İİ qrup əlillik pulu aldığını və Mingəçevir şəhərində ev kirayə verərək qazanc əldə etdiyini, cavabdehin uşaqların xərclərinin ödənilməsində köməklik göstərməkdən boyun qaçırdığını, Kosacan kənd tam orta məktəbində yarım aklad xadimə işlədiyini, aylıq qazancını 175 manatın təşkil etdiyini, ilkin mediasiya sessiyasında razılığa gələ bilmədiklərini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiqlədiyini, cavabdehin alimentdən başqa uşaqların saxlanmasına heç bir köməklik etmədiyini, cavabdehin vəziyyətinin yaxşı olduğunu, işlədiyini, pensiya aldığını, həmçinin Mingəçevir şəhərində özünə məxsus evinin olduğunu, cavabdehin bacısıgillə bərabər yaşadığını, həmin evi kirayə verib oradan da qazanc əldə etdiyini, cavabdehin müalicə xərclərini şirkətin qarşıladığını bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, qardaşının “Veysəloğlu” şirkətində işlədiyi müddətdə qəza keçirdiyindən bir gözünün ümumiyyətlə görmədiyini, digər gözünün isə 50% gördüyünü, hal-hazıda Mingəçevir şəhərində “Veysəloğlu” şirkətində bağban işlədiyini və 430 manat əmək haqqı aldığını, qardaşının müalicə xərclərinin çox olduğunu və onun müalicəsinə onların köməklik etdiyini, bir dərmanının 195 manat olduğunu, cavabdehin artıq aliment ödəməyə imkanının olmadığını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmişdir. Lakin cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək sağ gözünün görmədiyini, sol gözünün 50% gördüyünü, İİ qrup əlil olduğunu, 363 manat pensiya aldığını, 430 manat isə əmək haqqı aldığını, 6 aydan bir müalicə aldığını, hal-hazırda 260 manat aliment ödədiyini, daha artıq aliment ödəməyə imkanının olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi və Şərur rayon Kosacan kənd İƏDN tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İİ № 664187 nömrəli və xx.xx.2012-ci il tarixli AZ-İİ № 670309 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İ № 400928 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)- 109/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 130 manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemi üzrə çıxarışlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də bağban işləyir, 430 manat əmək haqqı alır, İİ qrup əlildir və 363,85 manat pensiya alır. Mülkiyyətində Mingəçevir şəhəri, X5 küçəsi, ev 1, mənzil 10 ünvanında yerləşən bir otaqdan ibarət mənzil vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 2 uşaq doğulmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-109/2022 saylı qətnaməsi ilə uşaqların ananın yanında saxlanması və hər uşağa 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə iddiaçının xadimə işlədiyi, 175 manat əmək haqqı aldığı, cavabdehin isə İİ qrup əlil olduğu, 363 manat pensiya aldığı, 430 manat əmək haqqı aldığı və mülkiyyətində mənzilin olduğu müəyyən olunmuşdur. Cavabdeh müalicə xərcləri ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını və uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, eyni zamanda iddiaçının özünün xadimə işlədiyini, 175 manat əmək haqqı aldığını, cavabdehin isə 430 manat əmək haqqı və 363 manat pensiya aldığını, mülkiyyətində daşınmaz əmlakın olduğunu və iddiaçının izahatında göstərdiyi halları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 170 manat olmaqla, ümumlikdə 340 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 21 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-109/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq Şərur rayon Kosacan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2010-cu il tarixdə doğulmuş X1 və xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Kosacan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 21 (iyirmi bir) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-360/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-360/2024
18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver