Məhkəmə qərarları › İş №2(110)-363/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-363/2024

26.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-363/2024 26.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarında doğulmuş övladı xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)-745/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat miqdarında sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində, Cavabdeh ilə aralarında 2014-cü ildə bağlanmış nikah qeydinin Şərur Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(110)-629/2016 saylı qətnaməsinə əsasən xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən pozulduğunu, bu nikahdan doğulmu. xx.xx.2014-cü il təvəllüdlü X1 yaşayış yerinin onun yanında saxlanılması və Şərur Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(110)-745/2017 saylı qətnaməsi ilə bu nikahdan doğulmuş azyaşlı övladı xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 80 (səksən) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsinin müəyyən edildiyini, cavabdehlə birgə nikahdan doğulmuş övladının artıq böyüdüyünü, Səkinənin 10 yaşı olduğunu, onun orta məktəbdə oxuduğunu və gündəlik zəruri tələbatının da yetərincə artdığını, cavabdehin aliment ödəməkdən başqa övladının digər tələbatları ilə maraqlanmadığını, ödədiyi alimentin miqdarının isə ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan çox aşağı olduğunu və övladının gündəlik zəruri tələbatlarını ödəməyə yetmədiyini, uşağın təlim-tərbiyəsi ilə məşğul olmqla yanaşı, həm də maddi tələbatlarını ödəməyin bir qadın olaraq onun üçün çox çətin olduğunu, cavabdehin isə maddi vəziyyətinin yaxşı olduğunu, alimentin məbləğinin artırılmasının cavabdehin maddi vəziyyətinə təsir etməyəcəyini hesab etdiyini, onun cavabdehlə aralarında olan ailə münasibətlərindən irəli gələn alimentin miqdarının artırılması tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə mediasiya təşkilatına müraciət etdiyini, lakin ilkin mediasiya sessiyasının yeri və vaxtı Cavabdeh bildirilsə də cavabdehin ilkin medisasiya sessiyasında iştirak etmədiyini, ona görə də mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞH-00236/2024 saylı arayış verildiyini, ona görə də Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında əvvəlcə özü işlədiyi üçün yeddi ilə yaxındır məhkəmənin qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğini artıqmağa ehtiyyac olmadığını düşündüyünü, haliyədə işləmədiyi üçün buna məcbur olduğunu, artıq övladının da böyüdüyünü, cavabdeh tərəfindən ödənilən 80 manaat alimentin uşağının normal qidalanmasını, istirahətini təmin etməyə kifayət etmədiyini, uşağın atası Cavabdeh uşağın digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ № 202945 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X5 arasındakı nikah xx.xx.2017-ci il tarixdə pozulmuş, həmin tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Məmmədova” soyadı verilmişdir. - Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV № 631872 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2014-cü il təvəllüdlü X1 valideyinləridir; - Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)-745/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 80 (səksən) manat sabit pul məbləğində aliment xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay cavabdeh X2 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)-745/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 80 (səksən) manat sabit pul məbləğində aliment xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay cavabdeh X2 xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində haliyədə övladının böyüdüyünü, onun saxlanılması üçün xərclərin artdığını, bu səbəbdən də, ödənilən alimentin məbləğinin onun tələbatını ödəmədiyini, uşağın normal qidalanmasına, istirahətinə təmin etməyə kifayət etmədiyini, uşağın atası Cavabdeh uşağın digər xərclərinin ödənilməsində ona maddi köməklik göstərilməsindən boyun qaçırdığını bildirmişdir. Məhkəmə yetkinlik yaşlarına çatmayan uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, müəyyən olunmuş alimentə dair məhkəmənin qətnaməsindən yeddi ilə yaxın bir müddətin keşməsini, bu müdət ərzində yaşayış minumumunun bir neçə dəfə artmasını, hər iki valideynin uşaqlar üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin 2(110)-745/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun artırılması özlüyündə müəyyən meyar kimi çıxış edərək alimentin artırılması üçün yeni əsasın yaranmasına dəlalət edir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X4 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8..2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 80 manatdır ki, bu da il ərzində 960 manat (80x12) təşkil etdiyindən və iddia qiyməti 1.000 manatadək olduğundan buna müvafiq olaraq da 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(110)-745/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 30.0 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar