Məhkəmə qərarları › İş №2(110)-364/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-364/2023

17.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-364/2023 17.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətimdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən su arxının və avtomobil yolunun açılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəliyyətində olan Şərur rayonu Xanlıqlar kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən su arxının və avtonəqliyyat yolunun qonşu torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfidən zəbt olunduğundan həmin su arxı və avtonəqliyyat yolunun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 2011-ci ildə dayısı X4 məxsus Xanlıqlar kəndində yerləşən 1.5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın aldığını, fikrət dayısının Xanlıqları olsa da işsizlik səbəbindən ailəsi ilə birgə Bakıda kirayədə yaşadığını və haliyyədə yenə orada yaşadığını, həmin vaxt dayısının cavan oğlunun xəstəlikdən rəhmətə getdiyini, oğlunun qırxı tamam olmamış həyat yoldaşının da vəfat etdiyini, dayısının Xanıqlardakı çöl pay torpağını satıb Bakıdan 2 sot torpaq alıb ev tikmək və uşaqlarını başına yığmaq istədiyini, onun həmin torpağı aldığını, digər qohum əqrabanında kömək və yardım etdiyini, onun Bakıda dayısı ilə qiymətdə razılaşdığını, alqı-satqı üçün digər dayısı Əkbərə etibarnamə verdiyini və torpağın sənədinin Danyeri kəndində Ramiz adlı şəxsdə olduğunu dediyini, Bakıdan gəldiyini, Əkbər dayısının Ramizdən sənədi aldığını və notariusda alqı-satqı müqaviləsi bağladıqlarını, həmin vaxtı ramizin çöldə buğda və arpa əkdiyini, onun Ramizə məhsulunu biçib götürməsi üçün kifayət qədər vaxt verdiyini və məhsulunu yığıb çıxdığını, onun həmin yerdə meyvə bağı saldığını, onun yerinin yuxarı hissəsində Ramizin çöl torpağı olduğunu, onun torpağına gələn su arxı və maşın yolunun Ramizin sahəsinin kənarından keçdiyini, Ramizin onun yolunu və su arxını zəbt edərək şumlayaraq sahəsinə qatdığını, dəfələrlə dövlət qurumlarına bununla bağlı şikayət etdiyini, amma hələ ki, qanuni şəkildə həll olunmadığını, sanki gözəgörünməz bir qüvvənin onu qoruduğunu, dövlət orqanlarının gücünün çatmadığını, xx.xx.2012-ci il tarixdə torpaq komitəsindən Xeyrulla Əliyevin gəlib həmin yerdə ölçü apardığını və orada onun yolunun, su arxının olması barədə akt tərtib etdiyini, aktı tərtib edən zaman Ramizə zəng edərək dəvət etdiklərini, amma Ramizin heç kimi saymayaraq sahəyə gəlmədiyini, Ramizin qanunsuz əməlləri ilə bağlı indiyədək bir çox vəzifəli şəxslərə müraciət etdiyini, lakin bir nəticəsinin olmadığını, bu vəzifəli şəxslərin heç birinin qanuni tədbir görməyə güclərinin çatmadığını, haliyyədə onun bağına gələn yolu və arxı şumlayaraq sahəsinə qatdığını, onun təqsiri üzündən xeyli bar verən ağaclarının quruduğunu, onun öz yerində oturdulmasının vaxtının çoxdan çatdığını, Heydər Əliyevin dahiyanə bir söz olduğunu “dövlət iki şeydən sarsıla bilər, günahsıza cəza veriləndə, günahkar cəzasız qalanda”, yerli dövlət orqanlarından son ümid olaraq sizə müraciət etmək qərarına gəldiyini, bu barədə qanuni tədbir görülməli olduğunu, onun pozulmuş hüquqlarının bərpa edilməli olduğunu qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının izahatında qeyd etdiyi Şərur rayonu Xanlıqlar kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedən su arxının və avtomobil yolunun onun torpaq sanəsinin kənarından keçib getmək üçün şərait olduğunu, lakin iddiaçının israrla torpaq sahəsinə gedən su arxının və avtomobil yolunun onun torpaq sahəsinə bitişik və haliyədə onun istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən keçirmək istədiyini, səbəbini başa düşmədiyini, onunla bu barədə razılığa gəlməyə çalışsada iddiaçının heç bir formada razılaşmadığını, ona görədə onun torpaq sahəsinə gedən su arxını və avtomobil yolunu bərpa etdiyini, maneəni aradan qaldırdığını, lakin həmin hissədə əkin əkdiyini, əkini biçdikdən sonra iddiaçının həmin torpaq sahəsindən istifadə edəcəyi barədə onunla razılaşdıqlarını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin və tərəflərin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirilərkən mütəxəssis qismində iştirak edən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X5 izahatında mübahisə predmeti olan Şərur rayon Xanıqlar kəndi ərazisində yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaqla ümumi istifadədə olduğunu, Cavabdeh həmin hissəyə əkin əkdiyini İddiaçı isə həmin torpaq sahəsindən istifadə edə bilməməsinə görə aralarında narazılıq yarandığını, Cavabdeh həmin sahəyə əkdiyi əkini biçdikdən sonra İddiaçı həmin sahədən istifadəsini bərpa edəcəyini bildirdiyini, İddiaçı da onunla razılaşdığını, artıq tərəflər arasında mübahisənin olmamasını bildirmişdir.. Məhkəmə tərəflərin və mütəxəssisin izahatında qeyd etdiklərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Torpaq və Xəritəçəkmə şöbəsinin baş məsləhətçisi X.Əliyevin, Şərur rayon Torpaq və Xəritəçəkmə şöbəsinin məsləhətçisi R.Məmmədovun, Xanlıqlar kənd İƏD üzrə nümayəndə İ.Mustafayevin, Xanlıqlar bələdiyyəsinin sədri Z.Səfərun, Tumaslı kənd sakini İddiaçı iştirakı ilə tərtib olunmuş 23 sentyabr 2012-ci il tarixli Aktda qeyd olunmuşdur ki, yoldaşların köməyi ilə akt tərtib edirik ondan ötəri ki, Tumaslı kənd sakini Axundov X1 sakini X2 aldığı çöl pay normasına gedən avtomobil yolunun naturada göstərilməsi ilə əlaqədar şöbəmizə etdiyi şifahi müraciətlə bağlı naturada xəritə əsasında yoxlama apardıq. Yoxlama zamanı yoldaşın aldığı çöl pay normasına gedən yolun mərz nişanlarını naturada göstərdik. Xanlıqlar kənd ilə Püsyan kəndinin sərhəddində olan bu torpaq sahəsinə əlavə yol hər iki kəndi ayıran su arxının qazılması üçün nəzərdə tutulmuş sahəsi ilə də gedib gəlmək imkanı olduğu vətəndaşa və bələdiyyə sədrinə bildirildi; - Naxçıvan MR Daşınmaz Əmlakın Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövət Reyestrindən Çıxarışdan görünür ki, Şərur rayon Xanlıqlar kəndindəki 1.4971 ha torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 19/6 nömrəli reyestr kitabının 1099 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır; Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Xanlıqlar kəndi ərazisində yerləşən və hazırki mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olmaqla tərəflərin ümumi istifadəsindədir. İddiaçı tərəflərin ümumi istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə edərək özünəməxsus torpaq sahəsini suvarmaq üçün suyun arx vasitəsilə aparılması və avtomobillə həmin hissədən keçmək istəsədə, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh tərəfindən buna maneələr yaradılğından iddiaçı həmin torpaq sahəsindən istifadə edə bilmir. İddiaçının dediyinə görə həmin torpaq sahəsinə törədilən maneənin aradan qaldırılmasını cavabdehdən dəfələrlə tələb etsədə cavabdeh könüllü olaraq həmin torpaq sahəsinə törədilən maneəni aradan qaldırmaq istəməmişdir. Həmçinin məhkəmənin və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsinin iştirakı ilə yerində müayinə-tədqiq zamanı da iddiaçının həmin torpaq sahəsindən istifadə etməsinə cavabdeh tərəfindən maneə yaradılması vizual olaraq müşahidə edilmişdir. Beləliklə də məhkəmə bu qənaətə gəlir ki, Şərur rayon Xanlıqlar kəndi ərazisində yerləşən və bələdiyyə mülkiyyətinə aid olmaqla tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən istifadə etməklə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə su arxının və avtomobil yolunun keçməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. İlk öncə qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla tərəflərin ümumi istifadəsində olması işin mübahisəsiz halıdır. Mülkiyyətin müdafiəsi isə konstitusion hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 18-ci maddəsinnin 2-ci bəndinin ikinci abzasına əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri daxildir; - 47-ci maddəsinnin 3-cü bəndinə əsasən bələdiyyə mülkiyyətinə aid olan ümumi istifadədə olan torpaqlara bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir; - 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; - 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir... Beləliklə də, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə bələdiyyə mülkiyyətinə aid olmaqla tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən iddiaçınin istifadə etməsinə müdaxiləsi hər hansı hüquqi əsasa söykənməməklə, iddiaçının hüquqlarının kobud surətdə pozulması ilə nəticələndiyindən iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinə əsasən, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Xanlıqlar kəndi ərazisində yerləşən və bələdiyyə mülkiyyətinə aid olmaqla tərəflərin ümumi istifadəsində olan torpaq sahəsindən istifadə etməklə İddiaçı mülkiyyətində olan torpaq sahəsinə su arxının və avtomobil yolunun keçməsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar