Məhkəmə qərarları › İş №2(110)-367/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-367/2025

26.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-367/2025 26.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X6 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “torpaqdan məcburi çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 №-li qərarına əsasən JN-685 (KOD********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ilə birgə mülkiyyətlərinə verilmiş 0.54 ha kənd təsərrüfatı torpaq sahəsindən Cavabdeh məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şərur rayon Düdəngə kəndində aparılmış aqrar islahat zamanı İddiaçı1 ailə başçısı olmaqla, onların cəmi 5 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə 0.54 ha kənd təsərrüfatı torpaq sahəsi verilib. Lakin tərəflər bu barədə məlumatlı olmayıb və “Torpağa mülkiyyət hüququ haqqında” Dövlət Aktını almamışlar. 2022-ci ildə İddiaçı3 sosial müavinat almaq üçün DSMF-yə müraciət etdikdə onun adına Şərur rayon Düdəngə kəndində torpaq sahəsi olduğu və torpağa məcburi sığorta haqqının ödənilmədiyi bildirilib. Bununla əlaqədar, tərəflər Naxçıvan MR İqtisadiyyat Nazirliyinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Şərur Rayon Şöbəsinə müraciət ediblər. Şöbə tərəfindən Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 10 nömrəli qərarına əsasən torpaq sahəsinin İddiaçı1 ailə başçısı olmaqla 5 nəfərin birgə mülkiyyətinə verildiyi bildirilib. Daha sonra məlum olub ki, həmin torpaq sahəsi Şərur rayon Zeyvə kənd sakini Cavabdeh istifadəsindədir. Bu müddət ərzində iddiaçılar dəfələrlə Cavabdeh torpaq sahəsini geri qaytarmasını tələb etmiş, lakin cavabdeh bu tələbləri rədd etmişdir. Həmçinin 2022-ci ildən etibarən İddiaçı3 torpaq sahəsinin vergilərini ödəyib. İddiaçılar, Cavabdeh mülkiyyətlərinə verilmiş torpaq sahəsindən çıxarılmasını tələb etmək məcburiyyətində qalıblar. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı1 izahatında və ona verilən suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, torpaq islahatı həyata keçirilərkən özü Rusiyada olduğundan ona torpaq sahəsi verilməsindən məlumatı olmamış, həmin dövrdə ondan xəbərsiz olaraq atası Cəfərov Əloşla cavabdehin atası öz torpaq sahələrini dəyişmişlər, lakin Amidin atasının onlara verdiyi torpaq sahəsindən özlərinin heç bir məlumatı yoxdur. Mübahisəli torpaq sahəsi ilə bağlı onların heç kəsə satmadıqlarını, icarəyə vermədiklərini bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı2 izahatında və ona verilən suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təasdiqlədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı3 izahatında və ona verilən suallara cavabında iddia ərizəsində sadalanan halları təsdiqlədiyini, onun adına torpaq sahəsinin olduğunu sosial müvainət üçün sənəd topladığı zaman məlum olduğunu, 2022-ci ildən torpaq vergilərini də ödədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddiaçıların yalan danışdığını, mübahisəli torpaq sahəsinin onların atalarının şifahi razılığına əsasən dəyişdirildiyini, onun atasının Zeyvə kəndi ərazisində yerləşən torpaq sahəsini iddiaçının atasının istifadəsinə, iddiaçıların mübahisəli torpaq sahələrinin isə onun atasının istifadəsinə verildiyini, bu zaman tərəflər arasında torpağa dair hər hansı bir yazılı müqavilənin bağlanmadığını, mübahisəli torpaq sahəsinin hal-hazırda onun istifadəsində olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh və iddiaçılar İddiaçı4 və İddiaçı5 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, yalnız iddiaçılar xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq səhhətləri ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, onların iştirakı olmadan məhkəmə iclasını keçirərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar: İş materiallarına əlavə edilmiş JN-685 nömrəli “Torpağın mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Şərur rayon Zeyvə-Düdəngə kəndində 0.54 ha torpaq sahəsi Şərur Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istahsalı üçün İddiaçı1, İddiaçı2, X2, X3 və İddiaçı5 birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şərur ərazi bölməsini tərəfindən müvafiq sorğu əsasında məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 03/50 nömrəli məktubdan görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə JN-685 nömrəli dövlət aktı əsasında verilmiş 0.54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətindədir. Sözügedən torpaq sahəsi haqqında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasında özgəninkiləşdirilməsi (alqı-satqı və ya bağışlama) barəsində heç bir məlumat yoxdur. Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin hazırda iddiaçıların mülkiyyətində olmasına baxmayaraq, cavabdehin istifadəsində olması mülki işin mübahisəsiz halı, cavabdehin iddiaçılara münasibətdə mübahisəli torpaq sahəsinə sahiblik hüququnun olubolmaması isə mülki işin mübahisəli halıdır. Məhkəmənin əsaslandırması: Beləliklə də, məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, işin hallarına dair tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddiaçıların tələbi əsaslıdır və təmin edilməlidir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən iddiaçılar onlara məxsus əmlakı özgənin qanunsuz sahibliyindən geri tələb edə bilərlər. Belə ki. iş materiallarından göründüyü kimi, Şərur rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 10 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.54 hektar torpaq sahəsi İddiaçı1 ailə başçısı olmaqla, ailə üzvləri- İddiaçı2, Kazımova (Cəfərova) Sevda Bəradər qızı, Qarayeva (Cəfərova) Nigar Bəradər qızı və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmiş və bu barədə JN-685 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. Azərbaycan Respublikasında aqrar islahatların aparılması nəticəsində torpaq sahələrinin fiziki şəxslərə verilməsi qanunvericiliklə təsbit olunmuş hüquqi prosesdir. Həmin prosesin nəticəsi kimi verilmiş dövlət aktı torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənəd sayılır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şərur ərazi bölməsinin xx.xx.2025-ci il tarixli, 03/50 nömrəli məktubundan görünür ki, həmin torpaq sahəsi üzrə özgəninkiləşdirmə (alqısatqı, bağışlama, dəyişmə və ya digər hüquqkeçirici əməliyyat) barədə dövlət reyestrində heç bir qeyd yoxdur. Bu hal göstərir ki, torpaq sahəsi hələ də iddiaçılara məxsus olmaqda davam edir. Cavabdeh izahatında göstərmişdir ki, mübahisəli torpaq sahəsinin istifadəsi onların ailəsinə iddiaçının atasının razılığı ilə, şifahi qaydada həyata keçirilmiş torpaq mübadiləsi nəticəsində keçib. Lakin cavabdeh tərəfindən torpaq sahəsinin hüquqi əsasla əldə edilməsini sübut edən heç bir yazılı sənəd-nə müqavilə, nə də dövlət qeydiyyat sənədi məhkəməyə təqdim olunmamışdır. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında torpaq sahəsinin “şifahi dəyişdirilməsi” barədə hər hansı razılaşma olsa belə, bu hal Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə torpaq mülkiyyətinin keçməsi üçün hüquqi əsas yarada bilməz. Bu səbəbdəndə məhkəmə hesab edir ki, iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki burada üç dispozisiya şərtinin olması vacibdir: 1) İddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; 2) Cavabdeh əşyanın sahibi olmalıdır; 3) Cavabdehin əşya üzərində sahibliyi qanunsuz olmalıdır. 1-ci dispozisiya şərti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, iddiaçılar mübahisəli torpaq sahəsinin hələ də mülkiyyətçiləridirlər. Torpaq sahəsinin hər hansı bir şəxs tərəfindən şifahi razılaşma əsasında cavabdehin istifadəsinə verməklə, onun üzərində mülkiyyət hüquqlarını itirməyiblər. Belə ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 146.1-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-ci maddəsinin 9-cu bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından görünür ki, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında notarial qaydada təsdiq olunan müvafiq müqavilənin bağlanılması ilə mümkündür. Həmçinin belə əqdlərin bağlanmasının qanunla müəyyən edilmiş formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Mülki Məcəlləsinin 157.2-ci maddəsinin 2-ci dispozisiya şərti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflərin izahatlarından görünür ki, hal-hazırda cavabdeh mübahisəli torpaq sahəsinin bilavasitə sahibidir. Mülki Məcəlləsinin 157.2-ci maddəsinin 3-cü dispozisiya şərti ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair notarial qaydada təsdiq olunan hər hansı bir müqavilə bağlanılmadığından, tərəflər arasında daşınmaz əmlaka dair sərəncam verilməsi ilə bağlı əldə edilmiş şifahi razılaşma isə mülkiyyətçinin dəyişməsinə səbəb olmadığından, mübahisəli torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarına xitam vermədiyindən cavabdehin hal-hazırda mübahisəli torpaq sahəsi üzərində sahibliyi qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İİİ və İV hissələri). “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilir ki, “mülkiyyət hüququ” Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsində qeyd edilir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -153.1-ci maddəsində göstərilir ki, bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. -154.1-ci maddəsinin tələbinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. - 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. -238.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. -238.2-ci maddəsinin tələbinə görə əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Beləliklə də, məhəkəmə yuxarıda qeyd edilənlərin nəticəsi olaraq yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi təmin edilməli; - Şərur rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə JN-685 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında İddiaçı1 ailə başçısı olmaqla, ailə üzvləri-İddiaçı2, Kazımova (Cəfərova) Sevda Bəradər qızı, Qarayeva (Cəfərova) Nigar Bəradər qızı və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmiş, Şərur rayonunun Düdəngə kəndində yerləşən 0.54 ha torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı; -Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçılar tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Şərur rayon Aqrar İslahat Komissiyasının 25 dekabr 1997-ci il tarixli, 10 nömrəli qərarı ilə JN-685 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında İddiaçı1 ailə başçısı olmaqla, ailə üzvləri-İddiaçı2, Kazımova (Cəfərova) Sevda Bəradər qızı, Qarayeva (Cəfərova) Nigar Bəradər qızı və İddiaçı5 ümumi birgə mülkiyyətinə verilmiş, Şərur rayonunun Düdəngə kəndində yerləşən 0.54 ha torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılsın. İddiaçılar tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq onlara ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar