Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-371/2023 16.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə İddiaçı cavabdeh X5 qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-227/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək birgə nikahdan xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 üçün hər uşağa görə 240 manat olmaqla, ümumilikdə 480 manat sabit pul məbləğində müəyyən edilməklə alimentin artırılması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-227/2022 saylı qətnaməsi ilə cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2015-ci il tarixli nikahın pozulması, birgə nikahdan olan uşaqların onun yanında saxlanılmasını və hər uşaq üçün 140 manat olmaqla, ümumilikdə iki uşaq üçün 280 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət olunduğunu, həmin məbləğin iki uşağın saxlanması və onların xərclərinin ödənilməsinə kifayət etmədiyini bildirərək alimentin məbləğinin artırılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdehə tetelefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatının olduğunu, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı qəbul etmədiyini, əvvəlki alimenti çətinliklə ödədiyini, heç bir yerdə işləmədiyini, başqa nikahından olan uşağa görə aliment ödədiyini bildirmişdir. Həmçinin cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək iddianı qəbul etmədiyini, iddiaçı ilə evlənməmişdən əvvəl birinci nikahının olduğunu, həmin nikahın pozulduğunu, birinci nikahdan 2 uşağının olduğunu, xx.xx.2004-cü il tarixdə doğulmuş X10 və xx.xx.2006-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulataq tələbkar X8 ödənildiyini, hal-hazırda işsiz olduğunu, əvvəlki nikahdan olan 2 uşağa görə hər ay 150 manat pul ödəməyə davam etdiyini, ikinci nikahdan olan uşaqlara isə aylıq 280 manat aliment ödədiyini, bundan artığına gücünün çatmadığını bildirərək iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Yardımlı Rayon Qeydiyyat Şöbəsi və Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İlİ № 523366 nömrəli və xx.xx.2017-ci il tarixli AZ-İlİ № 808550 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2017-ci il tarixdə doğulmuş X6 valideynləridir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)- 227/2022 saylı qətnaməsindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2017-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 140 manat olmaqla, ümumulikdə 280 manat miqdarında alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət olunmuşdur. İş materiallarında olan Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, A-24 saylı arayışından görünür ki, X4 6740 manat aliment borcu vardır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasındakı nikah 2015-ci il tarixdə pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-227/2022 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay bir uşaq üçün 140 manat olmaqla, ümumulikdə 280 manat miqdarında aliment təyin olunmuşdur. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim etməmişdir. Cavabdeh isə məhkəməyə etiraz ərizəsi göndərək heç bir yerdə işləmədiyini, əvvəlki nikahdan olan uşaqlara görə 150 manat miqadarında aliment ödədiyini bildirmişdir. Məhkəmə cavabdehin göstərdiyi halları əsaslı hesab etmir. Belə ki, uşaqlardan biri artıq yetkinlik yaşına çatdığından, digərinin isə 17 yaşı olduğundan cavabdeh yalnız uşaqların birinə bir il müddətinə aliment ödəmək öhdəliyi daşıyır. Həmçinin məhkəməyə təqdim edilmiş arayışa əsasən cavabdehin əvvəlki nikahdan olan uşaqlara görə 6740 manat aliment borcu olması onun aliment öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığını göstərir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Ailə Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni hər iki valideyn uşağın saxlanılmasında iştirak etməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, cavabdehin gəlirləri ilə bağlı sübut olmadığını nəzərə aldığından cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər ay bir uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-227/2022 saylı qətnaməsi ilə X9 və X2 üçün müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, cavabdeh X3 uşaqların yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 manat sabit pul məbləğində aliment tutularaq anası İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə görə iş üzrə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 22 (iyirmi iki) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(110)-227/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq cavabdeh Yardımlı rayon Şıxlar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X3 xx.xx.2014-cü il tarixdə doğulmuş X9 və xx.xx.2017-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq anası ünvan 1 ünvanında yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. X3 iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 22 (iyirmi iki) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-371/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-371/2023
16.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver