Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-376/2025 24.09.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X3 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, müəyyən etdi: İddiaçı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Ələkli kənd sakini Cavabdeh 5440 manat məbləğində pulun və 75 manat dövlət rüsumu olmaqla, cəmi 5515 manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, O, Şərur rayonunun Vərməziyar kəndində yaşayır və ailəsinin dolanışığı üçün heyvandarlıqla (təsərrüfat fəaliyyəti ilə) məşğuldur. 2021-ci ildə Cavabdeh ondan əvvəlcə 40 baş, daha sonra isə 20 baş olmaqla, ümumilikdə 60 baş quzunu nisyə olaraq almışdır. Tərəflər arasında razılaşmaya əsasən, quzuların ümumi dəyəri 5800 (beş min səkkiz yüz) manat təşkil etmiş, cavabdeh bu məbləği qısa müddət ərzində ödəyəcəyinə dair vəd vermişdir. Lakin cavabdeh Ruslan Oktay oğlu yalnız 360 manat məbləğində ödəniş etmiş, qalan 5440 manat borcu isə bu günə qədər verməmişdir. O, dəfələrlə borcun qaytarılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyin icrasından yayınmışdır. Bu səbəbdən o, məsələ ilə bağlı Şərur Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis idarəsində cavabdehdən izahat alınmış və onun tərəfindən 2024-cü ilin mart ayınadək hər ay 200 manat olmaqla borcun ödənilməsi barədə iltizam yazılmışdır. Lakin cavabdeh bu öhdəliyi də yerinə yetirməmişdir. Həmçinin məsələ ilə bağlı Şərur Rayon Polis İdarəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 oktyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı verdiyi izahatında və verilmiş suallara cavablarında bildirmişdir ki, o, 2021-ci ilin avqust ayında Şərur rayon bazarına quzularını satmaq məqsədilə aparmış, həmin vaxt Cavabdeh bazarda ona yaxınlaşaraq quzuları almaq istədiyini bildirmişdir. Onlar arasında razılıq əldə olunduqdan sonra o, quzuları bazardan cavabdehin yaşadığı ünvana-Ruslanın evinə aparmış, quzular orada maşından boşaldılmışdır. Cavabdehin anası quzuları saymış, sonra o, Ruslanın atası ilə birlikdə həyətlərində oturub çay içmişdir. O, ilk dəfə Ruslana 40 baş, təxminən bir həftə sonra isə əlavə olaraq 20 baş quzu vermiş, ümumilikdə 60 baş quzunu Ruslana təhvil vermişdir. Tərəflər quzuların birinin qiymətini 100 (yüz) manat olmaqla müəyyən etmişlər. İlk dəfə quzuları təhvil verərkən cavabdeh ona cəmi 200 manat məbləğində pul vermiş, qalan məbləği bir həftə ərzində ödəyəcəyini vəd etmişdir. Bundan sonra o, dəfələrlə Ruslana müraciət etsə də, müraciətləri nəticəsiz qalmış, təqribən bir il əvvəl Şərur rayon polis idarəsinə şikayət etmiş, orada Ruslandan izahat almışlar, həmin izahatda cavabdeh Ruslan ona olan borcunu etitaf etmişdir. Ruslan həmin puldan ona ayrı-ayrı vaxtlarda 100 manat, 200 manat və 60 manat olmaqla , ümumilikdə 360 manat pul ödəmişdir. xx.xx.2025-ci il tarixdə həyata keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddianı qismən qəbul etdiyini, alış-verişi özünün Şakir adlı şəxslə etdiyini, iddiaçını tanımadığını, Şakir əminin quzuları gətirib onun həyətinə boşaltdığını, 2023-cü ildə məsələnin araşdırılması məqsədilə Şərur rayon polis idarəsində izahat verdiyini, özünün iddiaçıya iddiaçının bildirdiyi kimi 360 manat yox, cəmi 1400 manat pul ödədiyini, bu pulun 900 manatını iddiaçının kartına yüklədiyini, bununla bağlı əlində qəbzlərinin olduğunu, 500 manatını isə əldən Şakir əmiyə verdiyi, növbəti məhkəmə iclaslarında bununla bağlı sübutlarını məhkəməyə təqdim edəcəyini bildirmişdir. Yazılı sübutlar: İş materillarında olan Cavabdeh Şərur Rayon Polis İdarəsində verdiyi xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh Şərur rayon Vərməziyar kənd sakini İddiaçı 5800 manat borcu olduğunu, həmin borcun bir hissəsini 2024-ci ilin mart ayına kimi ayda 200 manat olaraq ödəyəcəyini, qalan borcu isə mart ayında tam şəkildə ödəyəcəyini qeyd etmişdir. İş materillarında olan Şərur Rayon Polis İdarəsində qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şərur rayon Vərməziyar kənd sakini İddiaçı idarəyə etdiyi şikayət ərizəsi idarənin təhqiqatçısı vmie polis baş leytenantı Elçin İbrahimli tərəfindən araşdırılmış, araşdırma zamanı Şərur rayonunun Ələkli kənd sakini Cavabdeh izahat alınmış, Cavabdeh verdiyi izahatında İddiaçı 2021-ci ilin avqust ayında 40 ədəd quzu aldığını, sonradan isə əlavə 20 ədəd quzu aldığını, quzuların birini 100 manatdan olmaqla nisyə aldığını, həmin vaxtda pulu ödəmədiyini, quzuları satdıqdan sonra borcunu qaytaracağını bildirdiyini, lakin quzuları sata bilmədiyi üçün və müxtəlif səbəblərə görə borcunu qaytara bilmədiyini göstərmişdir. Həmçinin Cavabdeh izahatında İddiaçı 2021-ci ilin avqust ayında 40 ədəd quzu aldığını, sonradan əlavə 20 ədəd quzu aldığını, quzuların birini 100 manata nisyə aldığını, həmin zaman mal-qara satmaq üçün bazara düşdüyü üçün aldığı quzuları sata bilmədiyini, satış qiymətinin aşağı olması səbəbindən ziyana düşdüyü üçün aldığı quzuların pulunu qaytara bilmədiyini, işsiz olduğunu, anasını müalicə etdirmək üçün zərurət yarandığını, üçün quzuları ucuz qiymətə satıb anasını mualicə etdirdiyini, İddiaçı olan borcunu qaytarmaq üçün işləməyə başladığını, lakin həbs olunduğu üçün işləyə bilmədiyini, həbsdən azad olunduqdan sonra işləməyə başladığını və yaxın zamanda kredit götürərək borcunu qaytarmağı düşündüyünü bildirmişdir. Şərur Rayon Polis İdarəsində qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla şəxsin barəsində cinayət işinin başlabnılması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 597.1-ci maddələrinə əsasən iddiaçının cavabdehə qarşı pul məbləğinin ödənilməsi ilə bağlı tələb hüququ vardır. Belə ki, işdə olan materiallardan, xüsusilə cavabdehin Şərur rayon Polis İdarəsində özü tərəfindən imzalanmış iltizamından və “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından belə müəyyən olunur ki, tərəflər arasında 2021-ci ilin avqust ayında 60 baş quzunun hər birinin dəyəri 100 manat olmaqla, 6000 manat məbləğində şifahi nisyə alqı-satqı müaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında bu müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin tələblərinə əsasən satıcı (iddiaçı) öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, 6000 manat dəyərində olan 60 baş quzunu alıcı (cavabdeh) Cavabdeh təhvil vermiş, alıcı isə iddiaçıdan (satıcıdan) aldığı quzuların əvəzində müəyyənləşdirilmiş pul məbləğindən 200 manatı elə həmin gün iddiaçıya ödəmiş, geri qalan məbləğin isə quzuların cavabdehə (alıcıya) verilməsindən 1 həftə sonra ödənilməsini öhdəsinə götürmüş, lakin sonradan cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etməmişdir. Məhkəmə Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclası zamanı verdiyi izahatında iddianı qismən qəbul etməsi, quzuları aldığını, lakin iddiaçını tanımadığını, alış-verişi “Şakir” adlı şəxs vasitəsilə həyata keçirdiyini, 1400 manat məbləğində ödəniş etdiyini və növbəti məhkəmə iclaslarında bu barədə sübutlar təqdim edəcəyini bildirməsi ilə bağlı etirazlarını nəzərdən keçirmiş, lakin cavabdehin qeyd edilən etirazlarını təsdiqləyən hər hansı sübutu məhkəməyə təqdim etmədiyini müəyyən etmişdir. Bu səbəbdən də, məhkəmə, sübutetmə yükünün bölüşdürülməsi prinsipini və əsas sübut kimi cavabdehin borcu etiraf etdiyi iltizamı əsas götürərək, ödənilən məbləğ kimi 360 manat qəbul edilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə hesab edir ki, cavabdehin tərəfindən etiraf olunan faktlar işin həqiqi hаllаrına və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun olduğundan, bu etiraf qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən isə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ohdəliyin məzmunu ilə muəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtləri baxımından, iddiaçı (satıcı) öz üzərinə düşən öhdəliklərini yerinə yetirərək, satılan heyvanları cavabdehə (alıcıya) təhvil verdiyi və alıcının isə heyvanları qəbul etdiyi andan alıcı- Cavabdeh oğlunun alqı-satqı predmeti olan heyvanları qiymətini müqavilədə qeyd olunan şərtlərlə satıcı-İddiaçı ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsində qeyd edilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia təmin edilməli; -Cavabdeh 5440 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməli; -tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 75 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şərur rayonunun Ələkli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 5440 manat pul vəsaiti alınaraq Şərur rayonunun Vərməziyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 75 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №2(110)-376/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-376/2025
24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver