Məhkəmə qərarları › İş №2(110)-377/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-377/2025

06.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-377/2025 06.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X9 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi (alimentin tutulma qaydasının dəyişdirilməsi) tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı xx.xx.2025-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllülü X5 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-51/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş cavabdehin aylıq qazancına və digər gəlirlərinə olan münasibətdən sabit pul məbləğində tutulmasına dəyişdirilməsi və bir uşağa 240 manat olmaqla iki uşağa görə hər ay 480 manat miqdarında sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsası kimi, Cavabdeh ilə aralarında xx.xx.2014-cü il tarixdə Şərur rayon İbaulla kənd İƏD üzrə Nümayəndəlikdə nikah haqqında akt qeydləri kitabında 07 nömrə ilə rəsmi qeydiyyata alınmış nikah qeydi Şərur rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(110)-51/2023 saylı qətnaməsinə əsasən pozulduğunu, bu nikahdan doğulmuş azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllülü X5 onun yanında qalmaları müəyyən edildiyini, azyaşlı övladları yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir (1/3) hissəsi miqdarında alimentin tutularaq onun xeyrinə ödənilməsi qət edildiyini, ilk vaxtlar Cavabdeh müəyyən olunmuş alimenti vaxtlı-vaxtında ödəsə də, 2024-cü ilin oktyabr ayından heç bir yerdə işləmədiyini bildirərək aliment ödəmədiyini, uşaqların bütün qayğısını, ehtiyaclarıını özünün çəkdiyini, böyüdükcə uşaqların ata qayğısına daha çox ehtiyacı olmasına baxmayaraq cavabdehin onlara qarşı heç bir diqqət və qayğı göstərmədiyini, üşaqların gündəlik zəruri tələbatlarının qarşılanmasına maddi cəhətən köməklik etmədiyini, uşaqların gündəlik zəruri tələbatlarının qarşılnmasına vaideynlərinin köməklik etdiyini, məhkəmə tərəfindən azyaşlı uşaqların yetkinlik yaşlarına çtanadək sxlanılması üçün cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir (1/3) hissəsi miqdarında aliment müəyyən edilsə də Cavabdehın aylıq qazancı (başqa gəlirləri) barədə dəqiq məlumat əldə etmək onun imkanı xaricində olduğunu, övladladları isə artıq böyüdüyünü, Qənimətin 10 yaşı, İncinin isə 8 yaşı olduğunu, onların orta məktəbdə təhsil aldıqlarını və gündəlik zəruri təlabatlarının da yetərincə artdığını, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətin olduğunu, cavabdehin 2024-cü ilin oktyabr ayından 80 manat Prezident təqaütü aldığını, başqa gəlirinin olmadığını bildirərək hər ay 26 (iyirmi altı) manat aliment ödədiyini, ona görə də alimentin cavabdehin aylıq qazançına münasibətdən sabit pul məbləğinə dəyişdirilməsi daha məqsədə müvafiq olduğunu hesab etdiyini, aralarında olan ailə münasibətlərindən irəli gələn alimentin aylıq qazancından sabit pul məbləğində tutulmasına dəyişdirilməsi tələbinə dair mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədi ilə Mediasiya Təşkilatına müraciət etsə də Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞN/25-N00172 saylı arayış verildiyini, ona görə də Cavabdeh qarşı alimentin aylıq qazancına (digər gəlirlərinə) münasibətdən sabit pul məbləğində tutulmasına dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət məcburiyyətində qaldığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən sualları cavablandırarkən iddianı müdafiə etdiyini, ərizəsində qeyd etdiyi halları təsdiq etdiyini, 2014-cü ildə evləndiklərini, həmin evlilikdən Qənimət və İnci adında uşaqlarının doğulduğunu, aralarındakı nikahın 2023-cü ildə pozulduğunu, nikah pozulan vaxtı uşaqların saxlanması üçün cavabdehin qazancınını 3/1 hissəsində alimentin təyin edildiyini, lakin sonra cavabdehin pensiyasının kəsildiyini, 7 aydır ki aliment ala bilmədiyini, cavabdehin hal-hazırda Bakı şəhərində tikiş sexində müdir köməkçisi vəzifəsində işlədiyini, lakin bununla bağlı sübutunun olmadığını, cavabdehin evləndiyi xanımın birinci nikahdan olan uşaqlarını saxladığını, lakin öz uşaqlarına heç bir köməklik etmədiyini, son 7 aya qədər hər ay 400-420 manat aliment aldığını, ondan sonra 80 manata uyğun olaraq 26 manat aliment aldığını, bundan başqa heç bir ödəniş etmədiyini və heç bir köməklik etmədiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilən sualları cavablandırarkən iddianı qismən qəbul etdiyini, Vətən müharibəsi iştirakçısı olduğunu, 21 gün xəstəxandada müalicə aldığını, aliment ödəyə-ödəyə hər şey adığını, lakin iddaçının onun aldıqlarını zibilə atdığını, uşaqları ilə əlaqə saxlaya bilmədiyini, neçə aydır ki onlarla danışa bilmədiyini, 801 manat prezident təqaüdü, 330 manat isə pensiya aldığını, pensiyasının 2024-cü ilin sentyabr ayından kəsildiyini, aidiyyəti orqanlara müraciət edəndə əlillik meyarına uyğun gəlmədiyindən pensiyasının kəsildiyini bildirdiklərini, sadəcə 80 manatı müharibə veteranına görə aldığını, onun da 26 manatının alimet üçün çıxıldığını, hal-hazırda evləndiyini, həmin evlilikdən uşaqlarının olmadığını, yoldaşının dərzi işlədiyini, 500 manat əmək haqqı aldığını, özünün heç bir yerdə işləmədiyini, işləyib 200 manat aliment ödəyə biləcəyini bildirərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon İbadulla kənd İƏDN tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İİİ № 753711 nömrəli və xx.xx.2014-cü il tarixli AZ-İİİ № 080149 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X5 və xx.xx.2014-cü il tarixdə doğulmuş X3 ata məlumat qrafasında Cavabdeh, ana məlumat qrafasında X6 yazılmışdır. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(110)-51/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarda alimentin alınıb 15 sentyabr 2014-cü il tarixdə doğulmuş X3 və 21 dekabr 2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 433008 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah Şərur Rayon Məhkəməsini qətnaməsindən çıxarışa əsasən xx.xx.2023-cü ildə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 91 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Tağıyev, qadına Nəbiyeva soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X13 tərəfindən verilmiş rəylərdən görünür ki, Cavabdeh “fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez dekopensasiyalar, depressiv epizodlar, intihar fikirləri” diaqnozu ilə Həkim Psixatr Komissiyası tərəfindən müayinə olunub. Beləliklə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 15 sentyabr 2014-cü il təvəllüdlü X7 və 21 dekabr 2016-cı il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır, uşaqlar hazırda anasının yanında yaşayır və məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşına yatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi məbləğində alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iddia tələbi barədə ilk növbədə onu qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi ilə onun tutulması qaydasının dəyişdirilməsini eyniləşdirmək olmaz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsasları öz əksini tapıb. İstər həmin maddənin adından, istərsə də onun mahiyyətindən görünür ki, sözügedən norma məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsini özündə ehtiva edir. Məhkəmə sözügedən halı nəzərə almaqla iddia tələbi ilə bağlı aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsi (bundan sonra “AM”) uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. AM-in 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göründüyü kimi qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Məhkəmə cavabdehin sabit qazancı və ya sair gəlirinin olmasının müəyyən olunmadığını nəzərə alaraq alimentin tutulma qaydasının dəyişdirilərək sabit pul məbləğində müəyyən olunması ilə bağlı iddiaçının tələbini əsaslı sayır. AM-in 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə nəzərə alır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 13.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarı). Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə ilk olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin ali qanunun 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Bundan əlavə “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. ”İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və elektron məhkəmə informasiya sisteminin məlumatları əsasında müəyyən olunmuşdur ki, iddiaçı heç bir yerdə işləmir. Yuxarıda qeyd edilən maddi hüquq normaları, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində əks olunmuş bərabərlik hüququnun mahiyyətindən belə məlum olur ki, uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir. Bu isə onu deməyə əsas verir ki, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. Uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququnun mövculuğunu, uşaqların saxlanılmasında hər iki valideynin məsuliyyətinin bərabərliyini, bununla bərabər yetkinlik yaşına çatmayan uşaqların ananın yanında saxlanılmaqla məişət qayğılarının onun üzərinə düşməsini, cavabdehin gəlirləri barədə sübutların təqdim olunmamasını, eyni zamanda cavabdehin iddiaya qarşı etirazının olmasını, cavabdehin səhhəti ilə bağlı sübutların məhkəməyə təqdim olunmasını, 2025-ci ildə uşaqların saxlanılması üçün müəyyən olunmuş yaşayış minimumunun miqdarını nəzərə alan məhkəmə belə hesab edir ki, aliment miqdarı bir uşaq üçün 132 manat olmaqla, iki uşaq üçün 264 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında edilmiş dəyişikliyə əsasən həmin Qərarın 8.4-2-ci bəndinə görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. Minimum əmək haqqı 2025-ci ildə ölkə üzrə 400 manat təşkil etdiyindən bir uşaq üçün alimentin miqdarı minimum əmək haqqının 0,33 misli həddində (132 manat : 400 manat = 0,33) müəyyən edilməli və sonrakı illərdə ölkə üzrə minimum əmək haqqı həmin mislə vurulmaqla sabit aliment məbləğləri müəyyən olunmalıdır. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanların ananın yanında saxlanılmasını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların anasına ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Plenum qərarının mahiyyətindən irəli gələn hal odur ki, əgər yetkinlik yaşına çatmayan uşağa başqa əsasla ödənilən daha əvvəl müəyyən olunmuş aliment mövcuddursa ödənilən aliment məbləğinin dəyişdirilməsinə səbəb olan yeni məhkəmə qətnaməsi yalnız qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İş üzrə Şərur Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(110)-51/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment hazırki iddia tələbi ilə məhkəməyə müraciət edildikdən indiyə qədər tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə müvafiq olaraq (iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır) həmin məcəllənin 112.1 və 112.1.6-cı maddələri əsas götürülməklə iddianın təmin edilmiş hissəsinə münasib olaraq 23,83 manat (iyirmi üç manat səksən üç qəpik) miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda belə nəticəyə gəlir ki, - iddia qismən təmin olunmalı; - Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-51/2023 saylı qətnaməsi ilə İddiaçı himayəsində olan xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilərək xx.xx.2014cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh-Şərur rayonunun İbadulla kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı-Şərur rayonunun İbadulla kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilməli; - Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 23,83 manat (iyirmi üç manat səksən üç qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməli; - İddia qalan hissədə rədd edilməli Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-51/2023 saylı qətnaməsi ilə İddiaçı himayəsində olan xx.xx.2014-cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilərək xx.xx.2014cü il tarixdə doğulmuş X3 və xx.xx.2016-cı il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh-Şərur rayonunun İbadulla kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,33 misli həddində sabit pul məbləğində aliment tutularaq, iddiaçı-Şərur rayonunun İbadulla kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Dəyişdirilmiş aliment miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 23,83 manat (iyirmi üç manat səksən üç qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar