Məhkəmə qərarları › İş №2(110)-385/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-385/2024

11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-385/2024 11.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı yaşayış evinə çəkilmiş xərcin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək tikiliyə çəkdiyi xərclərin əvəzi olan 30000 manat pulun və ödəmiş olduğu 180 manat dövlət rüsumunun Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi 2008-ci ildə Şərur rayon Çomaxtur kəndində yoldaşı X9 ilə birlikdə torpaq aldıqlarını, torpağ alarkən qaynanası torpağın onun adına olmasını istədiyinin, buna səbəbin yoldaşının ilk evliliyində ev mübahisəsi olduğunu, sonra həmin torpaq sahəsində ev tikməyə başladıqlarını, evin himini X5 açdığını, sonra onun üzərində yavaş-yavaş otaqları tikməyə başladıqlarını, evi ilk tikməəyə başlayanda orda Şərur rayon Çomaxtur kənd sakinləri X18, X6 və X13 işlədiyini, ilk olaraq evin bir otağını tikərək orada 6 il yaşadıqlarını, sonra digər otaqları tikməyə başladıqlarını, son vaxtlara qədər evdə tikinti işləri gördüyünü, X18 usta, X13 isə fəhlə kimi işlədiyini, uşaqlarının otağının təmir işlərini yoldaşının dayısı oğlu X11 gördüyünü, mətbəxin və salonun betonunu yoldaşının xalası oğlu X1 və onun kürəkəni X14 tökdüyünü, eyni zamanda mətbəxin və hamamın suvağını Daşqının çəkdiyini və fəhlə kimi də Vəlinin işlədiyini, evin dam örtüyünün X12 vurduğunu, ümumilikdə 2008-ci ildən indiyədək evə 30000 manata yaxın xərc çəkdiklərini, bunu yaxın qonşuları Çomaxtur kənd sakinləri Şahid və X10 təsdiq edə biləcəyini, məhkəmə qərarına əsasən iki övladı ilə birlikdə evdən çıxarılması qət edildiyini, həmin evdə 16 ildir ki, yaşadığını, evin bütün xərcinin yoldaşı ilə onun çəkdiyini, bütün kommunal çeklərinin yoldaşının adına olduğunu, ona görə də cavabdehdən həmin evə çəkilmiş xərci tələb etdiyini bildirdi. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddianı müdafiə etdiyini, Eldəniz ilə 2003-cü ildə nikahda daxil olmadan evləndiklərini, lakin nikaha 2013-cü ildə daxil olduqlarını, torpaq sahəsi qardaşının pulu ilə alındığını, həmin vaxtı Eldənizin birinci nikahdan olan arvadı ilə əmlak mübahisəsi olduğu üçün torpağı qayınanasının adına rəsmiləşdirdiyini, həmin torpaq sahəsində 2008-ci ildə ev tikməyə başladıqlarını, Bir otaq hazır olandan sonra orada yaşamağa başladıqlarını, onu nikaha salmağa qayınanasının imkan vermədiyini, qızının məktəbə gedən ili nikaha daxil olduqlarını, həmin vaxtadək evin sokolu qoyulmuş və bir otaq tikildiyini, evə çəkilən xərclər Eldənizlə onun pulu olduğunu, sonra evi yavaş-yavaş tikməyə başladıqlarını, hal-hazırda həmin evdə 2 uşağı və nəvəsi ilə birlikdə yaşadığını, Şərur Rayon Məhkəməsinin qətaməsi ilə evdən çıxarılması təmin edildiyini, onun qalacaq yeri olmadığını, halları təsdiq edəcək şahidlərinin olduğunu, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən cavabdeh X7 izahatında və verilən suallara cavabında iddianı qəbul etmədiyini, həmin torpaq sahəsini başqa torpaq sahəsini sataraq aldığını, topraq sahəsinin üzərindəki evi yoldaşının 2008-ci il tikməyə başladığını, oğlu və Səriyyə həmin vaxtı rayonda kirayədə yaşadıqlarını, onlar gəldikdən sonra həmin evdə yaşamlarına icazə verdiyini, həmin vaxtı Səriyyənin heç bir yerdə işləmədiyini, hazırda onun kirayədə yaşadığını və 200 manat kirayə ödədiyini, həmçinin xəstə olduğunu, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının keçmiş əri, cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində icraata cəlb olunmuş X9 lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 185-ci maddəsinə uyğun olaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X23 ifadəsində və verilən suallara cavabında sözügedən evi onun tikdiyini, onunla bərabər Rafiqin usta işlədiyini, evdə işlədiklərinin haqqı olaraq Eldəniz ona 1500 manat pul verdiyini, evin tikintisinə başlayan zaman evin himinin qoyulduğunu, birinci bir otağı tikdikdən sonra Səriyyəgil həmin otaqda yaşamağa başladıqlarını, 1-2 ildən sonra qalan otağı, salon, mətbəx və hamamı tikdiklərini, evi tikdikləri zaman Səriyyənin də orada olduğunu, onlar yemək və çay gətirdiyini, ilini tam olaraq xatırlamadığını, təxminən 15 il bundan öncə olduğunu, həmin vaxt Səriyyənin yanında 2 yaşında bir qızı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində və verilən suallara cavabında evin tikintisində Eylaz usta ilə birlikdə işlədiklərini, həmin vaxtı Səriyyəgil qonşu evdə yaşadıqlarını, onun bir otağın tikintisində iştirak etdiyini, orada 4-5 gün işlədiyini, pulunu isə Eylaz usta ona verdiyini, evə Eldənizin nəzarət etdiyini, ona görə də Eldənizi ev sahibi kimi tanıdığını, ilini xatırlamadığını, həmin vaxt onların bir balaca qızlarının olduğunu, evi tikməyə başladıqlarınında evin sadəcə himi olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X19 ifadəsində və verilən suallara cavabında 3-4 il bundan əvvəl Eldənizin evinə emusiya vurduğunu, lakin Eldənizdən pul almadığını, bir otağın laminatını da vurduğunu, həmin evə nə vaxt köçdüklərini xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X21 ifadəsində və verilən suallara cavabında Eldəniz ona zəng vurarq evə beton tökülməsini istədiyini, evin betonunu tökərək pul almadığını, ili tam xatırlamadığını, deyəsən 2015-ci il olduğunu, həmin vaxt ev tikili olduğunu, onun otağın betonunu tökdüyünü, Səriyyənin həmin evdə olduğunu, onlara yemək və çay verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilən suallara cavabında onun bir uşaq otağının suvağını çəkdiyini, Eldəniz xalaoğlusu olduğuna görə pul almadığını, tarixi tam xatırlamadığını, devalvasiyadan sonra, pandemiyadan isə əvvəlki dövr olduğunu, yəni 2015-2019-cü il arası olduğunu, həmin vaxt ev tikildiyini, şiferinin vurulduğunu, bir otağın hazır olduğunu, Səriyyəgil həmin evdə yaşadıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid ifadəsində və verilən suallara cavabında iddiaçı ilə qonşu olduqlarını, 2010-cu ildə özlərinə ev tikdiklərini, Səriyyəgilin də həmin vaxt ev tikməyə başladıqlarını, bu müddət ərzində Səriyyəgilin Məhərrəmin evində qaldıqlarını, özünün 2006-ci ildə evləndiyini, 2008-ci ildə əsgərliyə getdiyini, 2010-cü ildən əsgərlikdən qayıtdığını, qayıtdıqdan sonra Türkiyəyə getdiyini, orada 1-2 il yaşadığını, sonra bura qayıdanda onların bir otaqlı ev tikdiklərini, sonra yenidən onların Türkiyəyə getdiyini, 2014-cu ilin may ayının 5-də uşaqları doğulacağı üçün bura qayıtdıqlarını, 2 ay burada qaldıqdan sonra yenidən getdiklərini, həmin vaxtı Səriyyəgilin evinin tikintisi getdiyini, amma şiferinin vurulmadığını, 2018-ci ildə gələn zaman ev hazır vəziyyətdə olduğunu, şiferinin vurulduğunu, qohumları Hilalın evin üzünü də bəzədiyini, uşağının 2014-cü il may ayının 12-də doğulduğundan tarixi tam dəqiq xatırladığını, həmin vaxt evin yarıtikili vəziyyətdə olduğunu, bir otağın hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X16 ifadəsində və verilən suallara cavabında iddiaçı ilə qonşu olduğunu, onların ilk vaxtlar Məhərəmin evində yaşadıqlarını, Sonra bir otaq tikib orada yaşamağa başladıqlarını, sonra isə evi hazır vəziyyətə gətirdiklərini, tarixləri xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X22 ifadəsində və verilən suallara cavabında 2001-ci ildən 2021-ci ilə qədər tikinti materialları satdığını, Eldənizin və onun atasının materialları ondan aldıqlarını, həmin materialları onlar hissə-hissə olaraq götürürdüklərini, tarixləri xatırlamadığını, pulu Eldəniz və atasının ödədiyini, materialları Eldənizin evi üçün aldıqlarını bildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X26 ifadəsində və verilən suallara cavabında tikinti materiallarının satışı ilə məşğul olduğunu, tarixini dəqiq xatırlamadığını, bir neçə il öncə Eldənizin qardaşı Samil bir dəfə ondan 3-4 dənə şifer aldığını, hər gün müştərilərlə qarşılaşdığını, ona görə də xatırlaya bilmədiyini, onun bildiyinin bu qədər olduğunu bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-37/2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, X9 ilə İddiaçı arasında bağlanmış 14 may 2013-cü il tarixli 65 saylı nikah 13 aprel 2023-cü il tarixdə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)- 730/2023-cü il tarixli qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh məxsus Şərur rayon Çomaxtur kəndində yerləşən **********12 reyestr nömrəli torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 556 nömrəli rəyindən görünür ki, Şərur rayon Çomaxtur kəndində yerləşən X4 məxsus olan Naxçıvan MR Daşınmaz Əmlakın dövlət reyesterində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınan 0,1016 ha torpaq sahəsinin üzərində özbaşına tikilmiş yaşayış evinin tikintisinə və təmirinə ümumilikdə xərclənmiş vəsait 2024-cü ilə dair orta bazar qiymətlərinə uyğun olaraq təqribən 26059,47 manatdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehin oğlu X9 ilə nikaha daxil olaraq cavabdehə məxsus Şərur rayon Çomaxtur kəndində yerləşən torpaq sahəsinin üzərində ev tikərək yaşamışdır. Ailə münasibətləri pozulduğundan cavabdeh iddiaçını həmin torpaq sahəsi və üzərində olan tikilidən çıxarılmasına dair iddia qaldırmış və iddia təmin edilmişdir. Cavabdehin oğlu ilə birgə nikahda olduqları müddətdə həmin evin tikilməsinə və təmirinə iddiaçının keçmiş əri tərəfindən xərc çəkilmişdir. Həmin hallar şahid ifadələri ilə də tam təsdiq olunmuşdur. Çəkilən xərcin hesablanması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və müəyyən edilmişdir ki, evin tikintisi və təmirinə çəkilən xərcin bugünkü bazar qiyməti təqribən 26059,17 manatdır. Məhkəmə hesab edir ki, iddiaçı birgə nikah dövründə çəkilmiş xərcin cavabdehdən yalnız yarısını tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Buna görə də, cavabdehin evinə çəkilmiş xərclər iddiaçı ilə cavabdehin oğlunun birgə nikahı dövründə çəkildiyindən iddiaçı yalnız qanunun tələbinə əsasən çəkilmiş xərcin yarısını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli qərarının 4.11-ci bəndinə görə Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Hazırkı iş üzrə iddiaçı və cavabdehin oğlu ilə nikahda olarkən cavabdehin mülkiyyətində olan torpaq sahəsində onun razılığı ilə lakin qanunla özbaşına tikinti sayılan fərdi yaşayış evi tikmişlər. Yaşayış sahəsi cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikildiyindən məhz cavabdeh faydalanan (əsassız varlanan) şəxs hesab olunur. Buna görə məhkəmə tələbin iddiaçının keçmiş ərinə deyil, onun anası olan mülkiyyətçiyə qarşı qaldırılmasını əsaslı hesab edir. Məhkəmə iddiaçının cavabdehə qarşı iddia tələbinin qanuni əsası kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı normalarını tətbiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin 1091.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 13029,74 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 78,18 (yetmiş səkkiz manat on səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ekspertiza xərci iddianın təmin olunmuş hissəsinə münasibətdə tərəflərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayonu Çomaxtur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan X2 13029,74 manat pul vəsaitin və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 78,18 manat dövlət rüsumu olmaqla, ümumilikdə 13107,92 manat (on üç min yüz yeddi manat doxsan iki qəpik) alınaraq iddiaçı Şərur rayon Çomaxtur kəndində yaşayan İddiaçı ödənilsin. Mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 20 (iyirmi) manat ekspertiza xərcinin 8,69 (səkkiz manat altmış doqquz qəpik) manatı cavabdeh X2, 11,31 (on bir manat otuz bir qəpik) manatı isə İddiaçı alınaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar