Məhkəmə qərarları › İş №2(110)-387/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-387/2024

18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-387/2024 18.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 2(110)-274/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya təlimi üçün ödənilmiş 50 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində 2008-ci ildə bağlanmış nikahın 2015-ci ildə Şərur Rayon Məhkəməsinin qətnaməsi ilə pozulduğunu, bununla bağlı Şərur rayon Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 26 nömrəli qeydiyyatın aparıldığını, birgə nikahdan xx.xx.2009-cu il tarixdə X1 yanında qalmasının müəyyən edildiyini, saxlanılması üçün nikahları pozulmamışdan əvvəl Şərur Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(110)-126/2013 saylı əmri ilə müəyyən edilmiş alimentin məbləği həmin məhkəmənin 2(110)-824/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə dəyişdrilərək 60 manat sabit pul məbləğində təyin edildiyini, sonradan uşağın saxlanılmasında çətinlik çəkdiyini, tərəfindən müəyyən edilmiş aliment məbləğinin artırılması tələbi ilə iddia qaldırdığını, Şərur Rayon Məhkəməsinin 2(110)-274/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə artırılaraq 120 manat sabit pul məbləğində təyin edildiyini, qətnamənin qəbulundan 4 ilə yaxın vaxt keçdiyini, cavabdehin hər ay 120 manat sabit pul məbləğində aliment ödədiyini, bəzən ardıcıl xarkter daşımadığını, ödənilən alimentin uşağın tələbatını ödəməyə yetərli olmadığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddianı müdafiə etdiyini, uşağı ilə birlikdə ata evində yaşadığını, uşağın tələbatlarının artdığını, hazırlıqlara getdiyini, təyin olunan alimentin uşağın saxlanması üçün kifayət etmədiyini, cavabdehin həm pensiya aldığını, həm də heyvan alqı-satqısı ilə məşğul olduğunu, 200 manat ödəsə cavabdehlə razılaşacağını, cavabdehin təyin olunan 120 manat alimeti ödədiyini, barışıb birlikdə yaşamaqlarının mümkün olmadığını bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilən suallara cavabında iddianı qismən qəbul etdiyini, səhhətində problem olduğunu, onurğasında əyrilik olduğu üçün hərəkət məhdudiyyəti olduğundan İİ qrup əlilik təyin edildiyini və 363 manat pensiya aldığını, dərmanlarının da özünün aldığını, əvvəlcə heyvandarlıqla məşğul olduğunu, lakin hamısını satdığını, hal-hazırda heç bir işlə məşğul olmadığını, başqa gəlirinin olmadığını, 180 manatdan artıq ödəməyə imkanının olmadığını, bir ailə olaraq barışmaq istəmədiyini bildirərək iddianın qismən təmin olunmasını xahiş etmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Həmzəli kənd İƏDN tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İİ № 852251 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər xx.xx.2009-cu il tarixdə doğulmuş X2 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015ci il tarixli AZ-İ № 173982 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah xx.xx.2015-ci il tarixdə 26 nömrə ilə pozulmuşdur. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)- 274/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahından 1 uşaq doğulmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Şərur Rayon Məhkəməsinin 2(110)-274/2020 saylı qətnaməsi ilə uşağa görə hər ay 120 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. İddiaçı uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. İş üzrə cavabdehin İİ qrup əlil olduğu və 363 manat pensiya aldığı müəyyən olunmuşdur. İddiaçı cavabdehin əlavə qazancının olduğunu bildirsə də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Buna görə məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşağın anasının yanında yaşamasını və uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini, eyni zamanda iddiaçının heç bir yerdə işləmədiyini, cavabdehin isə 2-ci qrup əlil olduğunu, 363 manat pensiya almasını, səhhətinə görə işləyə bilməməsini, buna görə başqa qazancının olmadığını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, alimentin miqdarı artırılaraq 180 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən belə nəticəyə gəlir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 17,60 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, 26 manat mediasiya xərci isə İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(110)-274/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq Şərur rayon Həmzəli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq anası Şərur rayon Danyeri kəndində yaşayan İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 17,60 manat (on yeddi manat altmış qəpik) dövlət rüsumu tutularaq dövlət nəfinə, 26 (iyirmi altı) manat mediasiya xərci isə İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar