Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-394/2021 10.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur Rayon Məhkəməsinin 05.12.2017-ci il tarixli 2(110)-949/2017 saylı əmri ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 01.09.2014-cü il tarixdə doğulmuş X4 və 24.12.2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat miqdarında alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsində cavabdeh ilə 2013-cü ildə evləndiklərini, birgə nikahdan 01.09.2014-cü il tarixdə X4 və 24.12.2019-cu il tarixdə X5 doğulduğunu, nikah olmadığından atalıq müəyyən edildiyini, evləndikdən sonr ailə münasibətlərimiz normal olmadığını, birinci uşaq doğulan zaman ayrıldıqlarını, Şərur Rayon Məhkəməsinin əmri ilə bir uşağın saxlanması üçün aliment müəyyən olunduğunu, sonradan barışaraq bir yerdə yaşamağa başlasalar da ikinci uşaqları doğulandan sonra yenə ayrıldıqlarını, yetkinlik yaşına çatmayan uşaqların onun yanında olduğunu, iddiaçı uşaqları ilə birgə Dəmirçi kəndində validenlərinin yanında yaşadığını, Şərur Rayon Məhkəməsinin bir uşaq üçün təyin etdiyi alimentin uşaqların saxlanmasına yetmədiyini, cavabdehin 60 manat alimentdən başqa köməklik göstərmədiyi və uşaqların maddi vəziyyəti ilə maraqlanmadığını, cavabdehin fərdi təsərrüfatla məşğul olduğunu, qazancı barədə məlumatı olmadığını, hal-hazırda uşaqların tələbatını ödəməkdə çətinlik çəkdiyini bildirərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: İddiaçı izahatında iddia ərizəsində göstərdiyi halları təsdiqləmiş və əlavə olaraq ikinci uşağının 1 yaş 6 aylıq olması səbəbindən işləyə bilmədiyini, atasının yaşlı olduğunu, anasının isə görmə əngəlli olması səbəbindən maddi vəziyyətlərinin aşağı olduğunu bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 03.06.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək 2-ci qrup əlil olduğunu, 260 manat pensiya aldığını, əlillik pensiyasından əlavə qazancı olmadığını, birlikdə yaşadığı valideynlərinin xəstə olduqlarını, uşaqlarının hər ikisinin ehtiyaclarını ödəməkdə imkanı daxilində kömək etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellysiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21.11.2017-ci il tarixli AZ-İİl № 964601 seriyalı və 14.04.2021-ci il tarixli AZ-İV № 626815 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflər 01.09.2014-cü il tarixdə doğulmuş X4 və 24.12.2019-cu il tarixdə doğulmuş X5 valideynləridir. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04.04.2018-ci il tarixli AZ-İ № 209841 seriyalı və 14.04.2021-ci il tarixli AZ-İ № 240877 seriyalı atalığın müəyyən edilməsi haqqınd şəhadətnamələrin sürətindən görünür ki, Cavabdeh 01.09.2014-cü il tarixdə doğulmuş X4 və 24.12.2019-cu il tarixdə doğulmuş X6 atası hesab edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 05.12.2017-ci il tarixli 2(110)-949/2017 nömrəli məhkəmə əmrindən görünür ki, Cavabdeh hər növ aylıq qazancının 25%-i, yəni qazancının ¼ hissəsi 01.09.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün anası İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Dəmirçi Kənd İƏDN-in 03.05.2021-ci il tarixli 1199 nömrəli arayışından görünür ki, X9 və X2 Gülayə Beytulla qızı ilə birlikdə yaşayır. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş üzrə tərəflər arasında nikah olmadığından uşaqlara atalıq müəyyən edilmişdir. Tərəflər arasında faktiki ailə münasibətləri bitdiyindən yetkinlik yaşına çatmayan uşaqlar anası ilə birlikdə yaşayır. Şərur Rayon Məhkəməsinin 2(110)-949/2017 nömrəli əmri ilə X1 üçün cavabdehin qazancının ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı 2 uşağı saxlamaqda çətinlik çəkdiyini bildirərək alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh ərizəsində 2-ci qrup əlil olduğunu, 260 manat pensiya aldığını bildirmişdir. İddiaçı cavabdehin əlavə qazancı ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, uşaqlardan yalnız biri üçün əvvəllər aliment müəyyən olunmuşdur. Buna görə məhkəmə digər uşaq üçün alimentin artırılması deyil tutulmasını qanunauyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin qazancı qeyri-müəyyən olduğundan alimentin məbləği ölkə üzrə yaşayış minimumuna əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Məhkəmə işin hallarını nəzərdən keçirib uşaqların anasının yanında yaşamasını, cavabdehin pensiyadan başqa qazancının qeyri-müəyyən olmasını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən bir uşaq üçün 90 manat olmaqla, ümumilikdə 180 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, 24.12.2019-cu il tarixdə doğulmuş X7 münasibətdə alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 06.05.2021-ci il tarixdən tutulmalıdır. Mülki-Prosessual Məcəllənin 234.2-ci maddəsinə əsasən qətnamə həmin hissədə dərhal icra olunmalıdır. 01.09.2014-cü il tarixdə doğulmuş X8 münasibətdə isə aliment məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir. Lakin məhkəmə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini onun diqqətəlayiq mənafeyi kimi nəzərə alır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Şərur Rayon Məhkəməsinin qərarı ilə X8 münasibətdə müəyyən edilmiş aliment miqdarı dəyişdirilməli, X7 münasibətdə isə aliment təyin edilməlidir. Cavabdeh uşaqlar yetkinlik yaşına çatanadək hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat olmaqla, ümumilikdə 180 miqdarında aliment tutularaq anası Sədərək rayon Dəmirçi kəndində yaşayan İddiaçı ödənilməlidir. Məhkəmə alimentin tutulmasının hansı tarixdən hesablanması ilə bağlı məsələni müzakirə edərək belə hesab edir ki, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatanmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərindən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən, azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olaraq 27 (iyirmi yeddi) manatı cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şərur rayon Kürkənd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh hər ay sabit pul məbləğində bir uşaq üçün 90 manat olmaqla, ümumilikdə 180 manat miqdarında aliment tutularaq 01.09.2014-cü il tarixdə doğulmuş X9 və 24.12.2019cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün anası Sədərək rayon Dəmirçi kəndində yaşayan İddiaçı ödənilsin. X8 münasibətdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. X7 münasibətdə alimentin tutulması 06.05.2021-ci il tarixdən hesablansın və dərhal icraya yönəldilsin. Cavabdeh iddianın təmin olunmuş hissəsinə münasib olaraq 27 (iyirmi yeddi) manat məbləğində pul dövlət rüsumu olaraq alınıb dövlət nəfinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-394/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-394/2021
10.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver