Məhkəmə qərarları › İş №2(110)-395/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-395/2025

02.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-395/2025 02.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X18 Elmar oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və onun nümayəndəsi-Vəkil, Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi zərər olaraq 50000 (əlli min) manat, dövlət rüsumu olaraq ödədiyi 240 (iki yüz qırx) manat və vəkil qanararı olaraq ödənilmiş 300 (üç yüz) manat olmaqla cəmi 50540 (əlli min beş yüz qırx) manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək olaraq alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci ildə Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 07 nömrəli qərarına əsasən, Şərur rayon Çərçiboğan kəndində X14 ailə başçısı olmaqla, dörd nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0,24 hektar həyətyanı torpaq sahəsini 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğində satın almaq barədə razılığa gəlmiş və bu məbləği həmin kənddəki evlərində, Əliyev Vüqarın həyat yoldaşı Cavabdeh1 və o dövrdə kənd icra nümayəndəsi vəzifəsində çalışan X1 iştirakı ilə Vüqar Əliyevə nağd şəkildə vermişdir. Həmin dövrdə Vüqar Əliyev ailəsi ilə birlikdə işləmək məqsədilə Türkiyə Respublikasına getdiyindən torpaq sahəsini öz adına rəsmiləşdirə bilməmişdir. Vüqar Əliyev xx.xx.2008-ci il tarixdə vəfat etdikdən sonra onun ailə üzvləri də Türkiyədə yaşadıqları üçün torpaq sahəsinin sənədləşdirilməsi yenə də mümkün olmamışdır. İddiaçı qeyd etmişdir ki, özü İ qrup əlil olduğundan əmək qabiliyyəti yoxdur və 2007-ci ilə qədər həmin torpaq sahəsində ikiotaqlı fərdi yaşayış evi tikərək ailəsi ilə birgə orada yaşamağa başlamışdır. İddiaçı həmçinin göstərmişdir ki, qardaşı Cavabdeh4 həmin dövrdə ata evində mərhum anası ilə birlikdə yaşamış, işləmək məqsədilə Türkiyəyə gedib-gəlmişdir. 2019-cu ildə Cavabdeh4 Türkiyədən qayıtdıqdan sonra anası X4 ata evinin köhnə vəziyyətdə olduğunu, mübahisəli torpaq sahəsinin isə geniş olduğunu nəzərə alaraq, onun da həmin sahənin bir hissəsində ev tikib birgə yaşamasını təklif etmiş, iddiaçı da bu təklifi qəbul etmişdir. Bu razılaşmadan sonra Cavabdeh4 mübahisəli torpaq sahəsinin bir hissəsində iddiaçının evinə bitişik yarımtikili inşa edərək 2014-cü ildə ailəsi ilə birlikdə həmin evə köçmüş və o vaxtdan bəri orada yaşamağa başlamış, sonradan qardaşı Cavabdeh4 mübahisəli torpaq sahəsini tam şəkildə öz adına rəsmiləşdirmiş və iddiaçıdan evini boşaltmağı tələb etmişdir. Bundan sonra tərəflər arasında mübahisə yaranmışdır. O, sonradan öyrənmişdir ki, mərhum Vüqar Əliyevin vərəsələri – Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 nümayəndələri X2 vasitəsilə Şərur rayon 2 saylı Notariat ofisinə müraciət edərək vərəsəlik şəhadətnaməsi almış və xx.xx.2024-cü il tarixli AN-İ №1316924 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Cavabdeh4 satmışlar. İddiaçı hesab edir ki, bu alqı-satqı ilə 2002-ci ildə onun və mərhum Vüqar Əliyev arasında baş vermiş şifahi razılaşmaya əsasən aldığı torpaq sahəsi vərəsələr tərəfindən əsassız şəkildə üçüncü şəxsə satılmış, bununla da onun əmlak hüquqları pozulmuş və əmlak zərəri yaranmışdır. O, qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin hazırkı bazar dəyəri ən azı 50.000 (əlli min) manat təşkil edir. Bu səbəbdən cavabdehlər – Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona dəymiş 50.000 manat maddi zərəri müştərək qaydada ödəməlidirlər. İddiaçı bildirmişdir ki, o, dəfələrlə cavabdehlərə müraciət edərək dəymiş zərərin könüllü şəkildə ödənilməsini tələb etsə də, onlar bu tələbi yerinə yetirməkdən imtina etmişlər. Buna görə də, cavabdehlərə qarşı məhkəmə qaydasında pul tələbi irəli sürmək zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, 2002-ci ildən həmin evdə yaşadığını, evin haliyyədə Ceyhunun adına keçirildiyini, Ceyhunun da onu evdən çıxarmaq istədiyini bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-Vəkil verdiyi izahatında iddianı müdafiə etdiklərini bildirərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin Vəkil verdiyi izahatında iddiaçının tikməsi istinad edilən 2 otağın şəxsin adına qeydə alınması ilə bağlı Cavabdeh4 ilə barışıq əldə edə bildikləri halda iddialarından imtina edə biləcəklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 verdiyi izahatında və ona verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, 2002-ci ildə əsgərliyini bitirdikdən sonra Türkiyə Respublikasına işləməyə getdiyini, orda maaşının yüksək olduğunu, 2003-cü ilin yanvarında Türkiyədən qayıtdığını, anasına gedirəm atamın həyətyanı torpağı sahəsində ev tikəm dediyini, bu məqsədlə dostları ilə ərazidə him qazmağa getdiyini, həmin vaxt Vüqar kişinin kənddə restoranda işlədiyirdi, içməyə bir şeylər almağ üçün getdik Vüqar kişinin yanına, həmin vaxt Vüqarın ona “evi satıram gəl satım sənə” dediyini, həmin vaxt əlində 1300-1400 dollar pulu olduğunu, 2003-cü ilin aprelində anasına gedirəm o torpağı almağa dediyini, Vüqarla 2500 dollara razılaşdıqlarını, 2200 dollar verdiyini, Vüqarın həmin günün səhəri Sumqayıt şəhərindən ev almağa getdiyini, bundan sonra özünün yenə də işləmək üçün Türkiyəyə getdiyini, 2006-cı ilədək evə yüngülvarı xərc çəkdim, 2006-cı ildə kəndə gələn zaman qardaşı İlhamın evləndiyini görmüş, bundan sonra Vüqardan aldığı həmin evin bir otağını hazır etdiyini, yenidən Türkiyə Respublikasına işləməyə gedən zaman anasına qardaşı İlhamın ailəsi ilə birgə həmin evin 1 otağına köçməsini və orada yaşamasını bildirdim. Vüqardan aldığı ev 4 otaq 1 balkondan ibarət idi. Bundan sonra İlham arvadı ilə həmin otağa köçdü və bugünədək həmin otaqda yaşayır. O, Türkiyədən 2008-ci ildə yenidən gəldiyini evin tamamilə pəncərə başına qədər tikdirib yenidən qayıtdığını, 2009-cu ildə evləndiyini ailəsi ilə Türkiyə Respublikasına getdiyini, 2013-cü ildə mart ayında gələrək evin şiferini vurduğunu, bir otağı tam hazır edib anası və bacısını həmin otağa köçürdüyünü, üç aydan sonra yenə Türkiyə Respublikasına qayıtdığını, 2015-ci ilin yanvarında kəndə qayıtdığını, fevral ayında anasının vəfat etdiyini, bacısını da İstanbul şəhərinə apararaq evin qapısını bağladığını, 2016-cı ildə anasının ildönümünə bacısı gələn zaman bütün evin yerini betonunu, gəcini eləməsi üçün pul verdiyini, eyni zamanda onun evin pəncərə və qapılarını da asdırdığını, hazırki vəziyyətdə İlhama torpaq payı vermək fikrinin olmadığını, lakin onun istifadəsində olan hissədə özü üçün hamam tualet mətbəx düzəltməsinə etirazının olmadığını, hazırki vəziyyətdə torpaq bölünsə o hamam tualet və mətbəxdən istifadə edə bilməyəcəyini, çünki həyətin onun istifadə etdiyi hissəsində yerləşdiyini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 verdiyi izahatında və ona verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, mülahizədə qeyd olunanları qəbul etmədiyini, onun həmin vaxtlar uşaq olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər. Yalnız Cavabdeh1 məhkəməyə notarial qaydada ərizə göndərərək, 2003-cü ilin aprel ayında Şərur rayon Çərçiboğan kəndində yerləşən torpaq sahəsini və yarım tikili evini Cavabdeh4 satdığını və onun dəyərini Ceyhundan aldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirаkları оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iddia tərəfindən dəvət edilərək dinlənilən şahid X10 verdiyi ifadəsində sadəcə İlhamın həmin evdə yaşamasını bildiyini, evi kimin aldığını, kimin olduğunu bilmədiyini bildirmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən dəvət edilərək dinlənilən şahid X6 verdiyi ifadəsində tərəflərin onun qardaşları olduqlarını, mübahisəli evi qardaşı İlhamın deyil Ceyhunun 20 ildən artıqdır ki, Vüqardan aldığını, qardaşı öz torpağında him qazmaq istədiyini, sonra gəldi ki, Vüqarın yarım-tikili evi olduğunu, onu satdığını, onu alıb him qazmayacağını, anası ilə mübahisə edərək sonunda razı saldığını, Ceyhun həmin torpaq sahəsini və yarım tikilini aldıqdan sonra Türkiyə Respublikasına getdiyini, sonra onun kəndə gəldiyi zaman qardaşı İlhamın evləndiyini, anası və onunla eyni evdə yaşadığını, İlhamın yoldaşıyla mübahisə etdiklərini, arvadının çıxıb getdiyini, Ceyhunun otağın birini düzəltdiyini, İlhamın arvadı qayıtsa gedib o evdə yaşasınlar dediyini, İlhamın arvadı geri qayıdandan sonra gedib orada yaşadıqlarını, bu günədək orda yaşadıqlarını, qardaşım Ceyhunun sonradan onlar orda yaşayan zaman evin hamısını təmir etdirdiyini, haliyədə hər iki qardaşının orda yaşadığını, Ceyhunun o evi iki yerə böldüyünü, Ceyhunun evə elektirik çəkdirdiyini gördüyünü, təmirini Çərçiboğanlı Aslan usta etdiyini, qapı pəncərəni kimin saldığını bilmədiyini, Ceyhun Türkiyə Respublikasında qayıdıb onlar yaşadığı evə ailəsiylə gəldiyini, Ceyhunun heç vaxt İlhamı ordan çıxarmayacağını, bunu bunu da hamısının bildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində tərəflərin həmkəndlisi olduğunu, 2003-cü ildə Əmənsə ilə Məmmədova Sumayənin ev alqı-satqısı olduğunu, Sumayə evi hər 3 uşağına aldığını, həmin ev onun əmi nəvəsinin evi olduğunu, 2003-cü ildə satıldığını, 2300 ABŞ dolları məbləğinə satıldığını, bundan 2004-cü ildə xəbəri olduğunu, Əmansəyə niyə evi satdıqlarını soruşduğunu, onun da, ərinin Sumayəyə satdığını dediyini, Sumayə Əmansəyə özünə məxsus 1 put torpaq sahəsi verdiyini, həmin zaman Çərçiboğan İcra Nümayəndəliyində işlədiyini, bildiyi qədərilə həmin evin bərpasının təmirinin, xərcini Ceyhunun çəkdiyini, orada qardaşı İlhamın yaşadığını, haliyədə isə hər 2 qardaş orada ailələrilə yaşadıqlarını, icra nümayəndəliyində işləyən zaman Sumayə və oğulları Ceyhun və İlhamın İcra Nümayəndəliyinə gəldiyini, onun da həm Sumayəyə həm də Əmanəyə arayış verdiyini, onlar da alqı-satqı elədiklərini, kəndə həmin evin pulunu qardaşlar Türkiyə Respublikasında işləyib gətirdiklərini dediklərini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində tərəflər onun baldızı uşaqları olduğunu, qaynanası xəstə olduğu zaman Sumayənin onun yanına gəldiyini, orada ev aldığını dediyini, kimə aldığını soruşan zaman (İlhamı nəzərdə tutaraq) qaqasına aldığını dediyini, 1 otağı hazır olduğunu, qalanları isə yarıya qədər hazırlandığını, İlhamın xəstə olduğu üçün ev tikə bilməyəcəyini, orada yaşaması üçün aldığını dediyini, İlhamın həmin vaxt ailəli olduğunu, 2009-cu il iyulun 22-də qaynanasının vəfat etdiyini, İlhamın ailəsiylə köçüb həmin evdə yaşamağa başladığını, baldızının öz evlərində uşaqları- Ceyhun, Minayə və Vüsalla yaşadığını, evin pulunu kim verdiyini, necə verdiyini bilmədiyini, İlhamın orada yaşayan zaman həmin evin təmir və tikinti xərclərini Ceyhunun çəkdiyini, ərinin Ceyhunun həmin evi təmir etdirdiyini dediyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində İlham və Ceyhunun qardaşı olduğunu, ev alınan zaman onun Türkiyə Respublikasında işlədiyini, həmin evi qardaşı Ceyhunun özünə məxsus torpaq sahəsini sataraq, həmin pulun üzərinə özünün işləyərək yığdığı pulu qoyaraq həmin evi aldığını anasının ona bildirdiyini, evi kim aldığını onun görmədiyini, həmin ərəfədə Türkiyə Respublikasında olduğunu, lakin anası ilə hər gün telefonda danışdığını, Ceyhunun gördüyü işləri ona telefonda dediyini, evin 2003-2004-cü illərdə tikildiyini, evi Ceyhuna aldıqlarını anasının ona dediyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şərur rayonunun Çərbiğon kəndində 0.241 ha torpaq sahəsini 3999 manata Cavabdeh4 satmışdır. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Şərur rayonunun Çərçiboğan kəndində yerləşən ümumi sahəsi 0.241 hektar olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh4 adına Daşınmaz əmlakın dövlət reyestrində 19/48 nömrəli reyestr kitabının 9378 nömrəli vərəqində qeydiyyata alınmışıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, tərəflərin və şahidlərin izahatlarını, yazılı sənədləri və iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla belə qənaətə gəlmişdir ki, iddiaçının irəli sürdüyü “2002-ci ildə torpaq sahəsini mərhum Vüqar Əliyevdən 2500 ABŞ dollarına aldığı” barədə iddiaları etibarlı sübutlarla təsdiqini tapmamışdır. İddiaçı alqı-satqının baş verməsini yalnız öz ifadəsi ilə əsaslandırmış, lakin: • yazılı alqı-satqı müqaviləsi təqdim etməmiş, • pulun verilməsi faktını sübut edən heç bir sənəd və ya qəbz təqdim etməmiş, • torpaq sahəsinin ona təhvil verilməsi barədə hər hansı rəsmi akt və ya şahid ifadəsi təqdim etməmişdir. İş materiallarından belə görünür ki, mübahisəli torpaq sahəsi xx.xx.1997-ci il tarixli 07 nömrəli qərarla mərhum Vüqar Əliyevə və ailə üzvlərinə verilmiş, bu hüquq onun ölümündən sonra qanuni vərəsələrinə – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 keçmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AN-İ №1316924 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin vərəsələr mübahisəli torpaq sahəsini Cavabdeh4 satmışlar. Bu müqavilə qanunvericiliyə uyğun olaraq bağlanmış və Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli rəsmi alqı-satqı müqaviləsi və xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanuni qaydada Cavabdeh4 adına rəsmiləşdirildiyini sübut edir. Satıcılardan biri olan Cavabdeh1 isə notarial ərizəsi ilə torpağı hələ 2003-cü ildə Cavabdeh4 satdığını təsdiqləmişdir. Bu isə vərəsələr tərəfindən əmlakın "əsassız olaraq üçüncü şəxsə satılması" iddiasını faktiki olaraq təkzib edir. Həmçinin məhkəmə belə hesab edir ki, işdə mövcud olan şahid ifadələri də iddiaçının göstərdiyi iddianı birmənalı şəkildə təsdiq etmir. Belə ki, şahid X6 ifadəsində bildirmişdir ki, 2003-cü ildə mübahisəli torpaq sahəsində yerləşən yarımtikili ev Cavabdeh4 tərəfindən tikilmişdir. O, həmin evin təmiri və tikintisi üçün lazım olan xərclərin də Ceyhun tərəfindən qarşılandığını göstərmişdir. Bu ifadə torpaq və tikilinin faktiki sahibinin iddiaçı deyil, Cavabdeh4 olduğunu təsdiqləyir. Həmçinin şahid X5 da məhkəmədə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, torpaq sahəsində yerləşən tikilinin təmiri və tikintisi üçün lazım olan xərclərin Cavabdeh4 həyata keçirmişdir. Məhkəmə iş üzrə yekun qərar gələrkən iddiaçının nümayəndəsi-Vəkil məhkəmədə səsləndirdiyi fikirlərinə də münasibət bildirməyi zəruri hesab edir. Belə ki, nümayəndə məhkəmə iclasında verdiyi izahatında Cavabdeh4 ilə iddiaçının tikməsi istinad edilən 2 otağın şəxsin adına qeydə alınması ilə bağlı barışıq əldə edə bildikləri halda iddialarından imtina edə biləcəklərini bildirməsi məhkəmə tərəfindən qeyri-məntiqi və iddia tələbinin əsassızlığını göstərən əlavə bir hal kimi qiymətləndirilmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı torpaq sahəsi və tikiliyə görə 50.000 manat məbləğində maddi zərərin ödənilməsini tələb etdiyi halda, yalnız bir tikilinin (2 otağın) rəsmiləşdirilməsi müqabilində iddiadan imtina etmək təklifi irəli sürməsi, iddiaçının zərərin ödənilməsi deyil, faktiki olaraq həmin daşınmaz əmlakın bir hissəsinə qeyri-qanuni hüquq iddia etdiyini göstərir. Bu təklif bir daha sübut edir ki, iddiaçı özünün torpaq üzərində mülkiyyət hüququnu və ya 50.000 manat zərər dəyməsi faktını etibarlı sübutlarla təsdiqləyə bilmədiyi üçün, barışıq yolu ilə heç olmasa tikilinin bir hissəsini rəsmiləşdirməyə çalışır. Beləliklə də, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu və ya həmin sahəyə dair hüququn pozulması nəticəsində ona 50.000 manat zərər dəydiyini inandırıcı və hüquqi baxımdan tutarlı sübutlarla əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddiası rədd edilməli; -Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 240 manat (iki yüz qırx) məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar