Məhkəmə qərarları › İş №2(110)-398/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-398/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-398/2021 31.08.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 16.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6768.69 manat məbləğində əsas borcu, 101.16 manat məbləğində faiz borcu və 57.48 manat cərimə və kredit müqaviləsi üzrə 13.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 1386.6 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8313.93 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat Bank İddiaçı ASC- yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin 23.08.2021-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq teleqramda icraatınızda olan və 31.08.2021-ci il tarixə saat 15:00-a təyin olunmuş 2(110)-398/2021 saylı mülki iş üzrə üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddia ərizəsini müdafiə etdiklərini, bankın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını, növbəti məhkəmə iclaslarının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 16.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "Nikoyl“ İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 6768,69 manat kredit götürdüyünü, borcun təminatı olaraq Cavabdeh2 ilə 16.10.2019-cu il tarixli zaminlik müqaviləsinin bağlandığını, lakin borclunun müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, 13.04.2021-dək Cavabdeh1 banka 16.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6768,69 (altı min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat məbləğində əsas borcu, 101,16 (bir yüz bir manat on altı qəpik) manat məbləğində faiz borcu və 57,48 (əlli yeddi manat qırx səkkiz qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 13.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 1386,6 (bir min üç yüz səksən altı manat altmış qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8313,93 (səkkiz min üç yüz on üç manat doxsan üç qəpik) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, onlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, həqiqətən Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında 16.10.2019-cu il tarixli “Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri”nə dair müqavilə imzalamış və tərəflər üzərilərinə bir sıra öhdəliklər götürmüşlər. eyni zamanda və bu şərtlər daxilində 16.10.2019-cu il tarixdə 16.10.2019-cu il tarixli 24-MZ-1-0- 364-14 saylı kredit müqaviləsi imzalamışlar. “Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri”nə dair müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, kredit müqaviləsinə əsasən Bank Müştəriyə kreditlər verməyi, Müştəri isə Kredit Müqqaviləsi ilə müəyyən olunanşərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür; Həmin müqavilənin 3.1-ci bəndinə əsasən kreditin istifadə təyinatı Müştərinin vaxtı keçmiş kredit borclarının restruktrizasiyasıdır; Həmin müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kedit Banka tam məbləğdə faktiki qaytarılan günədək 5 il ərzində illik 1 % olmaqla hesablanır. Kreditin verildiyi tarixindən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tətləb olunmur. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən ... Müştəri borcların ödənilməsini gecikdirdiyi halda hər gecikdirilən gün üçün gecikdirilmiş əsas borc borc məbləğinin müəyyən faizi miqdarında dəbbə pulu ödəyir və kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarrı həddi hər il üçün 0.02 faiz olmaqla, 5 il müddətinə 0.1faizdən çox olmaamalıdır. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında 16.10.2019-cu il tarixli “Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri”nə dair müqavilə əsasənda tərəflər arasında imzalanmış 16.10.2019-cu il tarixli 24-MZ-1-0-364-14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 bir il güzəşt müddəti şərti ilə illik 1 (bir) faiz dərəcəsi ilə, 5 (beş) il müddətinə 6768,69 (altı min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin digər şərtləri İ bəndinə görə bu Müqavilə və Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri birlikdə tətbiq edilir və vahid müqavilə hesab edilir. İş materiallarına əlavə olunmuş Zaminlik Müqaviləsindən aydın olur ki, "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında 16.10.2019-cu il tarixli 24-MZ-1-0-364-14 saylı Zaminlik Müqaviləsi bağlanmış və o üzərinə bir sıra öhdəliklər götürmüşdür. Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin və ya Zaminlər 16.10.2019-cu il tarixli 24- MZ-1-0-364-14 saylı kredit müqaviləsi və Problemli kreditlərin restruktrizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinə əsasən Bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən Kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, borcub tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Zamin və ya Zaminlər Kreditor qaşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarına əlavə olunmuş 16.10.2019-cu il tarixli 24-MZ-1-0-364-14 saylı Kredit Müqaviləsinə 1 saylı əlavəyə görə ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə gündəlik 0.02 % cərimə hesablanaraq tutulacaqdır. İş materiallarına əlavə olunmuş 16.10.2019-cu il tarixli 24-MZ-1-0-364-14 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 1 (bir) faiz dərəcəsi ilə, 5 (beş) il müddətinə 6768,69 (altı min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə bir illik güzəşt müddəti -16.11.2019 – 16.10.2020 tarixləri ərzində ayda 5,64 manat, 16.11.2020 - 16.10.2024 tarixləri ərzində ayda 143,91 manat 16.10.2024 tarixində isə 144,03 manat olmaqla, cəmi 6975,48 manat pulu "xxxx" İKB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 07.07.2014 – 28.04.2021-ci illərə dair dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Bank tərəfindən Cavabdeh1 hesab açılmış, Cavabdeh1 tərəfindən həmin hesab üzrə müxtəlif vaxtlarda müxtəlif ödəmələr edilmişdir. İş materiallarına əlavə olunmuş Vergilər nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 25.11.2019-cu il tarixli Çıxarışından görünür ki, "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. İş materiallarına əlavə olunmuş 13.04.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 13.04.2021-ci il tarixə Cavabdeh1 16.10.2019-cu il tarixli 24-MZ-1-0-364-14 saylı kredit müqaviləsi üzrə Banka 6768,69 (altı min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat məbləğində əsas borcu, 101,16 (bir yüz bir manat on altı qəpik) manat məbləğində faiz borcu və 57,48 (əlli yeddi manat qırx səkkiz qəpik) manat cərimə və kredit müqaviləsi üzrə 13.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 1386,6 (bir min üç yüz səksən altı manat altmış qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 8313,93 (səkkiz min üç yüz on üç manat doxsan üç qəpik) manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 15.04.2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etməklə ona müqavilə şərtlərinə əsasən müqavilənin müddəaları Borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verilə biləcəyi və kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını Borcalandan tələb edəcəyi barədə xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.08.2021-ci il tarixli, 185 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və 16.10.2019-cu il tarixli 24-MZ-1-0-364-14 saylı Kredit Müqaviləsinin şərtlərinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə (maliyyə arayışının verilmə tarixinə) əsas borcu 6768,69 (altı min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat, faiz borcu 100,97 (bir yüz manat doxsan yeddi qəpik) manat təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu ilə İddiaçı ASC arasında bağlanmış 16.10.2019-cu il tarixli 24-MZ-1-0-364-14 saylı kredit müqaviləsi 16.10.2024-cü il tarixdə bitir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Qərarı ilə müqavilə bitdikdən sonra tətbiq edilir. Beləliklə sualda qoyulan 13.04.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 % hesablanması düzgün hesab edilmir. İş materiallarında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu ilə İddiaçı ASC arasında bağlanmış 16.10.2019-cu il tarixli 24-MZ- 1-0-364-14 saylı kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna cərimə hesablanmır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.10.2019-cu il tarixli 24-MZ-1-0-364-14 saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh1 1 illik güzəşt şərti ilə illik 1 (bir) faiz dərəcəsi ilə, 5 (beş) il müddətinə 6768,69 (altı min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 1 illik güzəşt müddətində-16.11.2019-16.10.2020 tarixləri ərzində ayda 5,64 manat, 16.11.2020 -16.10.2024 tarixləri ərzində ayda 143,91 manat, 16.10.2024 tarixində isə 144,03 manat olmaqla, cəmi 6975,48 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda Kreditor "xxxx" İKB ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh1 “Kreditor "xxxx" İKB ASC qarşısında borc öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. Buna görə də Borcalan öhdəliyini vaxtında icra etmədiyi üçün Kreditor Borcalan və Zaminə qarşı birgə cavabdeh kimi məhkəmədə iddia qaldırmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.08.2021-ci il tarixli, 185 nömrəli ekspert rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (maliyyə arayışının verilmə tarixi) əsas borcu 6768.69 (altı min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat, faiz borcu 100.97 (bir yüz manat doxsan yeddi qəpik) manatdır. Lakin iş üzrə iddiaçı təşkilat tərəfindən iddia ərizəsi ilə cavabdehdən 6768.69 (altı min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat məbləğində əsas borcu, 101.16 (bir yüz bir manat on altı qəpik) manat məbləğində faiz borcu alınması nəzərdə tutulur. Əsas borc eyniyyət təşkil etsə də ekspert rəyində faiz borcunun daha az miqdarı nəzərdə tutulduğundan, məhkəmə faiz borcuna nisbətdə ekspert rəyindəki məbləğin hesablanmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər . Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin yuxarıda sadalanan tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas, faiz və cərimə borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi olmaqla 1386.6 (bir min üç yüz səksən altı manat altmış qəpik) manat məbləğində əldən çıxmış fayda qismində borcun tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləki, iş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, kredit müqaviləsinin müddəti bitməmiş, eyni zamanda iddiaçı gecikdirilmiş müddət üçün həm faiz həm də cərimə borcu tələb etmişdir. Kreditorun gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsi tələbi təmin olunacağı təqdirdə, cavabdehlərdən faizdən faiz ödənilməsi reallaşmış olacaq ki, bu isə mülki qanunvericiliyin 445.7-ci maddəsin tələbləri ilə ziddiyyət təşkil etmiş olar. Eyni zamanda iş materiallarında olan ekspert rəyində də ekspert haqlı olaraq gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmasını düzgün hesab etməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 1386.6 (bir min üç yüz səksən altı manat altmış qəpik) manat məbləğində əldən çıxmış fayda qismində pulun tutulması hissəsində iddiaçının tələbi əsaslı hesab edilə bilməz, iddia tələbi həmin hissədə rədd edilməlidir. Eyni zamanda verilmiş kreditin təminatı kimi zamin Cavabdeh2 Borcalan Cavabdeh1 götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün Borcalanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16.10.2019-cu il tarixli 24-MZ-1-0-364- 14 saylı Kredit müqaviləsi üzrə 6768.69 (altı min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat əsas borc, 100.97 (bir yüz manat doxsan yeddi qəpik) manat faiz borcu, 57.48 (əlli yeddi manat qırx səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 6927.14 (altı min doqquz yüz iyirmi yeddi manat on dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 6 (altı) manatı iddiaçıya aid edilməli, qalan 24 (iyirmi dörd) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16.10.2019-cu il tarixli 24-MZ-1-0- 364-14 saylı Kredit müqaviləsi üzrə 6768.69 (altı min yeddi yüz altmış səkkiz manat altmış doqquz qəpik) manat əsas borc, 100.97 (bir yüz manat doxsan yeddi qəpik) manat faiz borcu, 57.48 (əlli yeddi manat qırx səkkiz qəpik) manat cərimə borcu, cəmi 6927.14 (altı min doqquz yüz iyirmi yeddi manat on dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manatı olmaqla, ümumilikdə 6951.14 (altı min doqquz yüz əlli bir manat on dörd qəpik) manat pul tutularaq İddiaçı Açıq Səhmmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar