Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-400/2024 07.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayonu, Dərvişlər kənd sakini Cavabdeh ona borclu olduğu 12000 (on iki min) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 126 (bir yüz iyirmi altı) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 iddia ərizəsində onun 2020-ci ilin fevral ayında həmkəndlisi Cavabdeh 33000 manat dəyərində tozumluq kartof satdığını, Dövranın ona müxtəlif zamanlarda həmin puldan hissə-hissə verdiyini və 11200 manat borcu qaldığını, sonradan Dövrana 800 manatlıq əlavə kartof verdiyini, Dövranın qalan borcunu hər il onu aldadaraq bu il verəcəm dediyini, həmin pulu söz verdiyi vaxta vermədiyindən aralarında mübahisə yarandığını, keçən ilin sentyabr ayında Dövranın ona iltizam verərək ona borcu olduğunu, həmin borcu da bu ilin oktyabr ayına kimi tam olaraq ödəyəcəyinə dair söz verdiyini, lakin uzun müddət keçməsinə baxmayaraq Dövranın ona pul vermədiyini, onun hər dəfəsində ondan pulu nə vaxt verəcəyini soruşanda onun müxtəlif bəhanələrlə bundan yayındığını, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında cavabdeh vasitəsilə başqasına 800 manat pul verdiyini, cavabdein o pulu qaytarmayacağı təqdirdə özünün ödəyəcəyini dediyini, məhkəmənin hazırlıq iclasında isə bele bir şeyin olmadığını etiraf etmədiyini, həmin pula dair əlavə sübutunun olmadığını qeyd edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə baxışı iclasına gəlməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil izahatında iddianı qismən qəbul etdiklərini, cavabdehin bildirdiyinə görə iddiaçıya 11200 manat borcunun olduğunu, cavabdehin əlavə olaraq bir neçə dəfə iddiaçıya pul ödədiyini, lakin buna dair sübutlarının olmadığını qeyd edərək, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin vəkili və nümayəndəsinin izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 4 il bundan qabaq 33000 (otuz üç min) manat dəyərində toxumluq kartofu İddiaçı götürmüş, qalan 11200 (on bir min iki yüz) manat pulu 2024-cü ilin oktyabr ayında hamısını ödəyəcəyinə söz vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün "xxxx" ASC vasitəsilə dövlət büdcəsinə 126 (bir yüz iyirmi altı) manat rüsum ödəmişdir Məhkəmə tədqiqatı zamanı iş materiallarında olan cavabdeh tərəfindən verilmiş əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 11200 (on bir min iki yüz) manat borcu var və həmin borcu 2024-cü ilin oktyabr ödəyəcəyinə söz vermiş, lakin həmin qəzdə İddiaçı borcun həmin müddətdə qaytarılmasına razılığı ifadə olunmamışdır. İddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçıya olan borc ödənilmədiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Buna görə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, 11200 (on bir min iki yüz) manat pulu iddiaçıya ödəməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi üzrə iddiaçı cavabdehdən tələb etdiyi 800 (səkkiz yüz) manat pula dair məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin iddiaçıya 11200 (on bir min iki yüz) manat borcunun olmasını etiraf etsədə, borcun qaytarılması öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun 8.40 manatı iddiaçıya aid edilməli, 117.6 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 11200 (on bir min iki yüz) manat borc və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun 117.6 manatı olmaqla, ümumilikdə 11317.6 (on bir min üç yüz on yeddi manat altmış qəpik) manat məbləğində pul alınaraq Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan və yaşayan İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumunun 8.40 manatı iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 11200 (on bir min iki yüz) manat borc və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun 117.6 manatı olmaqla, ümumilikdə 11317.6 (on bir min üç yüz on yeddi manat altmış qəpik) manat məbləğində pul alınaraq Şərur rayon Dərvişlər kəndində qeydiyyatda olan və yaşayan İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 8.40 manatı iddiaçıya aid edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-400/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-400/2024
07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver