Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-41/2025 30.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının nümayəndə-vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 36500 (otuz altı min beş yüz) manat pul vəsaiti, dövlət rüsumu olaraq ödənilmiş 200 (iki yüz) manat və vəkil qonorarı olaraq ödədiyi 300 (üç yüz) manat olmaqla, ümumilikdə 37000 (otuz yeddi min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh bir həmkəndli kimi çoxdan tanıdığını, onunla qohumluq əlaqəsinin olmadığını, aralarında əvvəldən hər hansı bir ədavətin və düşmənçiliyin olmadığını, Cavabdeh əvvəllər Bakı şəhərində Sədərək Ticarət Mərkəzində geyim paltarlarının satışı ilə məşğul olduğunu, Türkiyə Respublikasından ticarət mərkəzində satmağa geyim paltarları gətirmək üçün arada ondan borc pul aldığını, gətirdiyi geyim əşyalarını satdıqdan sonra ona olan borcunu hissə-hissə qaytardığını, aralarında olan son hesaba görə cavabdehin ona 41000 manat borcunun qaldığını, son zamanlar Cavabdeh alverinin yaxşı getmədiyini bildirərək mağazanı bağladığını və mağazada qalan 4500 manat dəyərində geyim paltarlarını ona göndərərək Şərur rayon Ticarət Mərkəzində satdırıb borcundan çıxmağını, qalan 36500 manat borcunun isə qısa zamanda qaytaracağını bildirdiyini, həmkəndlisi kimi onu çoxdan tanıdığı üçün onun səmimiyyətinə inanaraq heç bir rəsmi sənəd almadan onunla razılaşdığını, həmin vaxtdan bir ildən artıq vaxtın keçməsinə baxmayaraq cavabdehin ona olan borcunun qalan 36500 manatını hələ də qaytarmadığını, cavabdehə dəfələrlə borcunu qaytarmasını bildirsə də hər dəfə pulu olmadığını bildirərək borcunu qaytarmaqdan yayındığını, maddi imkanının yaxşı olmadığını, həmin pula bu gün çox ehtiyacının olduğunu, cavabdehin ona 36500 manat borcunun, dövlət rüsumu olaraq ödədiyi 200 manat və vəkil qonorarı olaraq ödədiyi 300 manat pulun, ümumilikdə 37000 manat pulun alınaraq ona ödənilməsini istədiyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında iddia ərizəsində göstərdiyi halları təsdiq etdiyini, cavabdehin atasına 41000 manat borcu olduğunu, cavabdehin hər biri 50 qəpik olmaqla 9000 ədəd, yəni 4500 manatlıq köynək göndərdiyini, həmin malların yarasız vəziyyətdə olduğunu, həmin paltarların evdə qaldığını və ziyna getdiklərini bildirərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndə - vəkili Vəkil iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, 2021-ci ilin mart ayında Fuadın onun mağazasına mağazasına gəldiyini, həmin vaxtı Fuada 20000 manat borcunun olduğunu, Fuadın ona pul göndərdiyini, hər üç minə 700 manat faiz verdiyini, ona borcunu ödəyə bilmədikdə Fuada 5 manatdan 10000 ədəd köynək göndərdiyini, 2022-ci ilin mart-may ayında ona 3 dəfə kamyonla paltar göndərdiyini, həmin vaxtı da ona 36500 manat borcunun olması ilə bağlı səs göndərdiyini, Fuadın may ayından yanvar ayına qədər onun telefonlarını açmadığını, həmin vaxtı Fuada əgər paltarlar pisdirsə onları bibisi oğlu Hüseynə verməsini bildirdiyini, yanvar ayında isə ona zəng vuraraq ona olan borcunu niyə qaytarmadığımı soruşduğunu, bu müddət ərzində Fuadın onun telefonlarına cavab vemədiyini, paltarların pulundan ona heç nə göndərmədiyini, buna görə də məcbur qalıb dükandan çıxdığını, sonra Fuadın Bakıya gələndə onu polisə şikayət etdiyini, şikayətin heç bir nəticəsinin olmadığını, Fuadın onun Bakıda evi, maşının olduğunu dediyini, halbuki, kirayədə yaşadığını, pulunu vermədiyinə görə dükandan çıxıb taksi fəaliyyəti ilə məşğul olmağa başaldığını, indi də vəziyyətinin pis olduğunu, ancaq bilet pulunu tapıb məhkəməyə gəldiyini, Fuada heç bir borcunun olmadığını, 2022-ci ilin yanvar ayının əvvəllərində Fuada 36500 manat borcunun xx.xx.2022-ci ildə qaytarcağı ilə bağlı səs göndərdiyini, lakin borcunu ödəyə bilmədiyindən 2022-ci ilin mart ayından ona köynək göndərməyə başladığını, Fuad ilə yazışmalarının hamısının digər telefonda olduğunu, lakin o telefonun hal-hazırda işləmədiyindən təqdim edə bilməyəcəyini, “whatsapp” mesencerindəki yazışmalarının ekran şəkillərinin bir qismini google hesabına göndərdiyini, lakin telefonu yararsız vəziyyətdə olduğundan “whatsapp” yazışmalarını təqdim edə bilməcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, oğlunun iddiaçıya borcunun olmadığını, Farizin İstanbulda işlədiyini, orada da maşın ustası kursuna getdiyini, Türkiyədən gəldikdən sonra Fuadın onu başdan çıxartdığını, ona görə Farizin Fuaddan faizi 17 min ilə pul götürdüyünü, həmin pulunun əvəzinə də oğlunun ona 3 dəfə kamyonla 10000 ədəd köynək göndərdiyini, Fuadın həmin paltarlara baxıb birini 5 manatdan götürdüyünü, oğlunun qazanc etmədiyini, qazancını Fuada faiz verdiyini, hətta Fuadın oğluna borcu olduğunu bildirmişdir. Şahid ifadəsi: Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində cavabdehin onun dayıoğlusu olduğunu, 2022-ci ildə Farizin Bakdıa bazarda köynək satdığını, həmin vaxtı bazara 50 qəpiklik köynək gətirdiklərini, Farizin Fuad göndərmək üçün həmin köynəklərdən yığdığını, Farizlə həmin malları kamyona vurduqlarını, sonra Fuada “whatsapp”la səsli mesaj göndərdiyini bildirmiş, iddiaçıya “whatsapp” mesenceri ilə göndərdiyi, məhkəmədə tədqiq edilən “Fuad bir yerdən gətirib verdilər 50 qəpikdən saruçkaları, sən o saruçkaları neynirsən, 50 qəpiyə dəyməz, onu sata bilməyəssən əlində qalar, (satan) adamın nömrəsi də var, lazımdırsa sizi əlaqələndirərəm” səsli mesajının ona aid olduğunu təsdiq etmişdir. Yazılı sübutlar və səs yazıları: İddiaçıya məxsus Samsung markalı mobil telefondakı “whatsapp” mesencerində tərəflər arasında olan yazışmaları və həmin telefonun “whatsapp” proqramında olan səsli mesajlar tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya məxsus Samsung markalı telefona yüklənmiş “whatsapp” messenceri vasitəsilə cavabdehə məxsus “***-***-**-**” nömrə ilə aparılan yazışmalar vardır. Həmin yazışmalardan və səsli mesajlardan işə aid olan hissələrdən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı cavabdehin iddiaçıya göndərdiyi “Fuad mənim sənə 36500 manat borcum var, bu pulu sənə 04 fevral 2022-ci il tamamını qaytaracağam. Qaytarmayan oğlanın...” mesajını, həmçinin eyni məzmunlu səsli mesajlarını cavabdehin özünə göndərərək pulu ondan tələb etmişdir (səsli mesajın cavabdehə məxsus olduğunu tərəflər təsdiq etdilər, cavabdeh həmin səsli mesajı iddiaçıya 2022-ci ilin yanvar ayında göndərdiyini bildirmişdir). Eyni mesajlar 19 fevral 2023-cü il tarixdə də təkrarən cavabdehinin özünə göndərilərək pul tələb edilmişdir. 09 aprel 2023-cü il tarixdə göndərilmiş səsli mesajda isə cavabdeh “sənə 36500 manat borcum vardır, 36500 manat pulu diri verəcəm. Sən məni çox ötüşdürdün, dədəmin eləmədiyi hörməti sən eləmisən, sənin iki oğlun var, ikisinin də adı Farizdir” məzmunda iddaçıya səs göndərmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddiaçıya “zəng edəcəyəm xətəxanadayam” mesajını göndərmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə göndərilən səsli mesajdan aydın olur ki, cavabdehin bibisi oğlu X1 (məhkəmə baxışı zamanı şahid kimi dindirilmişdir) iddiaçıya göndərdiyi səsli mesajda “Fuad bir yerdən gətirib verdilər 50 qəpikdən saruçkaları, sən o saruçkaları neynirsən, 50 qəpiyə dəyməz, onu sata bilməyəssən əlində qalar, (satan) adamın nömrəsi də var, lazımdırsa sizi əlaqələndirərəm” sözlərini demişdir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş halları Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında şifahi borc münasibətləri olmuşdur. Cavabdeh iddiaçıya göndərdiyi səsli mesajda ona olan 36500 manat borcu xx.xx.2022-ci il tarixdə qaytaracağını bildirmişdir. Cavabdeh iddiaçıya olan borcunun əvəzinə ona 5 manatdan 10000 ədəd köynək göndərdiyini iddia edir. Bununla bağlı sübutetmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh heç bir sübut təqdim etməmişdir. Həmçinin 41000 manat borc qarşılığında niyə 50000 manat dəyərində mal göndərdiyinə də aydınlıq gətirə bilməmişdir. İddiaçı tərəf isə cavabdehin hər biri 50 qəpik olmaqla 9000 ədəd köynək göndərdiyini, həmin köynəklər yararsız vəziyyətdə olsa da həmin məbləği (4500 manat) ümumi borcdan (41000 manat) çıxdığını göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid verdiyi ifadəsində köynəklərin dəyərinin 50 qəpik olması ilə bağlı səs yazısının ona aid olduğu təsdiq etmişdir. Səsli mesajlar bir daha təsdiq edir ki, cavabdeh 2022-ci ilin yanvar ayında 36500 manat borcunu 04 fevral 2022-ci ilədək verəcəyinə dair öhdəlik götürür. Daha sonrakı yazışmalarda da “borcu diri verəcəyəm” kimi ifadələr var. Bu, cavabdehin borcu faktiki qəbul etməsi anlamına gəlir. Buna görə də məhkəmə borcun mövcud olması ilə bağlı gətirdiyi dəlilləri və təqdim etdiyi sübutları kifayət hesab edir. Cavabdeh mövcud borcun ödəniləməsinə dair məhkəməyə mötəbər sübutlar təqdim etməmiş, etirazlarını yalnız ziddiyətli izahatları ilə əsaslandırmışdır. Məhkəmənin əsaslandırması Məhkəmə iş üzrə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarını, işdə iştirak edən şəxslərin izahatını, şahid ifadəsini həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə (31 sentyabr 2023-cü il tarixədək) qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin forması ilə bağlı Mülki Məcəlləsinin həmin zaman qüvvədə olan 740.1 və 740.2-ci maddələrinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki işin faktiki hallarından aydın olur ki, tərəflər arasında müqavilə mülki hüquq normasının tələbləri baxımından yazılı formada bağlanmalı idi, çünki iddiaçının iddia etdiyi borc məbləği üç min manatdan çoxdur. Lakin tərəflər arasında borcun verilməsinə dair yazılı müqavilə bağlanmamışdır. Digər tərəfdən cavabdehin iddiaçıya 36500 manat borclu olmasına və borcu 04 fevral 2022-ci il tarixədək qaytaracağı ilə bağlı öhdəlik götürməsinə dair ona göndərdiyi mətn və səsli mesajı vardır. Buna görə məhkəmə mövcud borcun etirafına dair mücərrəd müqavilə ilə bağlı normaların tətəbiqini zəruri hesab edir. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəlləyə 24 iyun 2005-ci il 948-İİQD nömrəli qanunla əlavə edilmiş 882.5-ci maddəyə görə əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki işin faktiki hallarından və tərəflər arasında olan whatsapp mesenceri ilə aparılan yazışmalar (mətn və səsli mesajlar) onu göstər ki, tərəflər arasında əvvəllər də borc münasibətləri olmuş, 36500 manat borcun etirafına və qaytarılma vaxtına dair cavabdehin iddiaçıya göndərdiyi mətn və səsli mesaj tərəflər arasında sonuncu razılaşma olmuşdur. Bu baxımdan mülki işin məhkəmə tərəfindən müəyyən edilən hallarına Mülki Məcəllənin 882.5-ci maddəsi nəzərə alınmaqla 882.2-ci maddəsi tətbiq olunmalı, tərəflər arasındakı bu mesajlar mövcud borcun etirafına dair razılaşma kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 882.2-ci maddəsinə görə isə Mülki Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə (borcun qaytarılmasına) dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən mülki hüquq normalarını işin faktiki halları ilə əlaqəli təhlil edən məhkəmə belə hesab edir ki, toplanmış sübutlar, tərəflərin izahatlarına və xüsusən də cavabdehin özünün səsli mesajlarda borcu dəfələrlə təsdiq etməsi, borcun “əmlak” formasında ödənilməsinin cavabdeh tərəfindən sübut edilməməsi səbəbindən iddia təmin olunmalıdır. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri - iddiaçı tərəfindən ödənilmiş 200 manat dövlət rüsumu, 300 manat vəkil qonorarı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 36500 (otuz altı min beş yüz) manat pul vəsaiti, dövlət rüsumu olaraq ödənilmiş 200 (iki yüz) manat və vəkil qonorarı olaraq ödədiyi 300 (üç yüz) manat olmaqla, ümumilikdə 37000 (otuz yeddi min) manat pulun alınaraq Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzə qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-41/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-41/2025
30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver