Məhkəmə qərarları › İş №2(110)-413/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-413/2023

17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-413/2023 17.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahlarından doğulmuş övladları 29 iyun 2008-ci il təvəllüdlü X2, 06 aprel 2010-cu il təvəllüdlü X3 və 19 avqust 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Şərur rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(110)-326/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün 200 (iki yüz) manat sabit məbləğində müəyyən edilməklə Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində onunla Cavabdeh arasında16 avqust 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla rəsmi nikah bağlanıldığını, onların birgə nikahdan-xx.xx.2008-ci il tarixdə X2, xx.xx.2010-cu il tarixdə X3, xx.xx.2013-cü il tarixdə X7 doğulduğunu, cavabdeh ilə ilk vaxtlar yaxşı yola getsələr də sonradan ailə münasibətlərinin pozulduğunu və aralarındakı nikaha Şərur rayon məhkəməsinin 2(110)-326/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xitam verildiyini, qəbul edilmiş qətnamə ilə birgə nikahdan doğulmuş övladlarının da onunla birgə qalmaları müəyyən edildiyini, eyni zamanda onların saxlanılması üçün Cavabdeh qazancının yarısının aliment kimi onun xeyrinə tutulmasının da qət edildiyini, yuxarıda qeyd edilən qətnamənin qəbulundan artıq beş ilə yaxın vaxt keçdiyini, bu müddət ərzində də cavabdehin ona hər ay üç uşaq üçün ayda cəmi 200 (iki yüz) manat məbləğində aliment ödədiyini, bunun da ardıcıl xarakter daşımadığını, eyni zamanda ödənilən aliment məbləğinin də hazırki şəraitdə uşaqlarının tələbatını ödəmək üçün yetərli olmadığını, belə ki, cavabdehin ödədiyi alimentin miqdarı “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2023-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimundan çox-çox aşağı olduğunu, ona görə də alimentin miqdarının artırılmasını və sabit pul məbləğində müəyyən edilməsini istədiyini, onun ailə münasibətlərindən irəli gələn alimentin məbləğinin artırılması tələbi barədə mübahisənin məhkəmədən kənar həll edilməsi məqsədilə Mediasiya Təşkilatına da müraciət etdiyini, lakin ilkin mediasiya sessiyasının vaxtı və yeri Cavabdeh bildirilsə də cavabdehin ilkin mediasiya sessiyasında iştirak etmədiyini, ona görə də Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Q-194/2023 saylı arayış verildiyini, göstərilən səbəbdən də onun Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlarla məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 29 oktyabr 2018-ci il tarixdə pozulmuş və nikahın pozulması haqqında akt qeydi kitabında 79 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Quliyeva” soyadı verilmişdir. - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İİ № 167991 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər 29 iyun 2008-ci il təvəllüdlü X2 valideyinləridir. - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ № 503060 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər 06 aprel 2010-cu il təvəllüdlü X4 valideyinləridir. - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İİ № 856166 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflər 19 avqust 2013-cü il təvəllüdlü X5 valideyinləridir. - Şərur Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(110)-326/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilməklə Cavabdeh və İddiaçı arasındakı 16 avqust 2007-ci il tarixdə 08 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, Onların birgə nikahından doğulmuş övladları xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X7 anası cavabdeh İddiaçı yanında qalmaları müəyyən edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün iddiaçı Cavabdeh qazancının (başqa gəlirlərinin) yarısı xx.xx.2018-ci il tarixdən hesablanmaqla aliment qismində tutularaq cavabdeh İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir; Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Şərur rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(110)-326/2018 saylı qətnaməsi ilə iddia təmin edilməklə Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment alınaraq 29 iyun 2008-ci il təvəllüdlü X2, 06 aprel 2010-cu il təvəllüdlü X4 və 19 avqust 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı xeyrinə ödənilməsi müəyyən edilmişdir. İddiaçı yenidən məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin ona hər ay üç uşaq üçün ayda cəmi 200 manat miqdarında aliment ödədiyini, bunun da ardıcıl xarakter daşımadığını, eyni zamanda ödənilən aliment məbləğinin də hazırki şəraitdə uşaqlarının tələbatını ödəmək üçün yetərli olmadığını, belə ki, cavabdehin ödədiyi alimentin miqdarı “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə 2023-cü ildə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimundan çox-çox aşağı olduğunu, ona görə də alimentin miqdarının artırılmasını və sabit pul məbləğində müəyyən edilməsini istədiyini bildirmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaş həddini, uşağın üstün mənafeyini və digər diqqətəlayiq hallarını, uşağın təminatının əvvəlki vəziyyətdə saxlanılmasının vacibliyini, hər iki valideynin uşaq üzərində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağı saxlamağa borclu olmasını, qətnamənin gələcəkdə icra oluna bilmə imkanını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Şərur rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(110)-326/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 29 iyun 2008-ci il təvəllüdlü X2, 06 aprel 2010-cu il təvəllüdlü X4 və 19 avqust 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə üç uşağa görə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən, valideynlərin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmasını nəzərə almışdır. Məhkəmə Şərur Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(110)-326/2018 nömrəli qətnaməsindən keçən müddət ərzində ölkə üzrə yaşayış minimumunun artmasını əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda ərzaq və qeyri-ərzaq mallarının, habelə digər xidmətlərin qiymətinin artması həmin aliment məbləği ilə uşağın maddi təminatının əvvəlki səviyyədə saxlanılmasının mümkün olmaması qənaətinə gəlməyə əsas verir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, azyaşlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Eyni zamanda məhkəmə qeyd edir “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış edərək minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, valideynlər uşaqlar barəsində bütün məsələlərdə diqqətlərini uşaqların mənafelərinin daha yaxşı təmin edilməsinə yönəltməli, onları zəruri olan müdafiə və qayğı ilə təmin etməli, uşaqların həyat şəraitini yaxşılaşdırmalı, sağlam inkişaf etməsini maksimum mümkün olan dərəcədə təmin etməli, habelə uşaqların xüsusi diqqətə möhtac olduqlarını unutmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyasının: - 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir; - 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; - 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanunun: - 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cu maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. X8 Məhkəməsi Plenumu qeyd etmişdir ki;

1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir;

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin dövlət büdcəsinə ödənilməli olan dövlət rüsumu ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilir; - 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddianın artırılmış məbləği 190 manatdır ki, bu da il ərzində 2280 manat (190x12) təşkil etdiyindən, buna müvafiq olaraq da 42.80 (qırx iki manat səksən qəpik) manat (2280- 1000=1280/100*1=30+12.80=42.80) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,

qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(110)-326/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 29 iyun 2008-ci il təvəllüdlü X2, 06 aprel 2010-cu il təvəllüdlü X4 və 19 avqust 2013cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə üç uşağa görə 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilməsi müəyyən olunmuş 42.80 (qırx iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar