Məhkəmə qərarları › İş №2(110)-416/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-416/2023

10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-416/2023 10.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh müqavilə üzrə ödənilməmiş 500 manat icarə haqqı, 330 manat inzibati cərimə ödənişi borcu və vurmuş olduğu 2180 manat həcmində maddi zərər, habelə 47 manat məbləğində dövlət rüsumunun, 361 AZN depozit məbləği çıxılmaqla, ümumilikdə 2696 manat məbləğində pulun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd (pretenziya qaydasında) iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə iddiaçıya izah olunur ki, qüvvədə olan Mülki-Pposessual Məcələsinin 284-3.1-ci maddəsinin tələblərinə əsasən kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi elektron kabinet vasitəsi ilə verilməlidir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Bununla yanaşı hesab edirəm ki, iddia ərizəsi geri qaytarılarkən Azərbaycan Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixli qəbzlə ödənmiş 46,49 manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-3.5, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı MMC-yə geri qaytarılsın. X2 X1 hesabına xx.xx.2023-cü il tarixli qəbzlə ödənmiş 46,49 (qırx altı manat qırx doqquz qəpik) manat miqdarında dövlət rüsumu İddiaçı MMC-yə geri ödənilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar