Məhkəmə qərarları › İş №2(110)-418/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-418/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-418/2021 24.06.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Xəlilova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14.09.2019-cu il tarixli müqaviləsinə Alyans markalı masa, 2 qapılı vitrin, 1 qapılı vitrin, Venetsiya markalı stul, Ege markalı çarpayı, dolab, komodin, etmo Marvin markalı dolab, çarpayı, Flora markalı termo üçün 1507 manat ödənilməmiş hissə, 415 manat dəbbə borcu olmaqla, cəmi 1922 manar, 02.03.2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********16794 olan iPhone 8 markalı telefon və Panasonic markalı ev telefonu üçün 488 manat ödənilməmiş hissə, 127 manat dəbbə pulu olmaqla cəmi 615 manat, ümumilikdə hər iki müqavilə üzrə 2537 manat borc və 30 manat dövlət rüsumunun alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi borclu Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 14.09.2019-cu il və 02.03.2020-ci il tarixli müqavilələrinə əsasən cavabdehin Alyans markalı masa, 2 qapılı vitrin, 1 qapılı vitrin, Venetsiya markalı stul, Ege markalı çarpayı, dolab, komodin, etmo Marvin markalı dolab, çarpayı, Flora markalı termo, İMEİ kodu **********16794 olan iPhone 8 markalı telefon və Panasonic markalı ev telefonu aldığını, cəmi 6058 manat məbləğində ödəniş etdiyini, üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, nəticədə 2537 (iki min beş yüz otuz yeddi) manat borcu yarandığını, borcun qaytarılması ilə bağlı ona rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq heç bir nəticə əldə olunmadığını, bunun üçün də məhkəməyə müraciət olunduğunu bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, iddiaçının nümayəndəsi 23.06.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddianı müdafiə etdiklərini, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, buna baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar: İş materiallarında olan 14.09.2019-cu il tarixli 00913069 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Alyans markalı masa, 2 qapılı vitrin, 1 qapılı vitrin, Venetsiya markalı stul, Ege markalı çarpayı, dolab, komodin, etmo Marvin markalı dolab, çarpayı, Flora markalı termo Cavabdeh satılmış, borcalan isə hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 02.03.2020-ci il tarixli 20139623 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İMEİ kodu **********16794 olan iPhone 8 markalı telefon və Panasonic markalı ev telefonu Cavabdeh satılmış, borcalan isə hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan 14.09.2019-cu il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Alyans markalı masa, 2 qapılı vitrin, 1 qapılı vitrin, Venetsiya markalı stul, Ege markalı çarpayı, dolab, komodin, etmo Marvin markalı dolab, çarpayı, Flora markalı termo, 02.03.2020-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki İMEİ kodu **********16794 olan iPhone 8 markalı telefon və Panasonic markalı ev telefonu qüsursuz halda Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 22.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə borcunun qalığı 1995 manat əsas borc, 542 manat dəbbə pulu olmaqla, ümumilikdə 2537 manat borcu yaranmışdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında alqı-satqı müqavilələri bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya alqı-satqı müqaviləsi üzrə 1995 manat əsas borc, 542 manat dəbbə pulu olmaqla, ümumilikdə 2537 manat borcu yaranmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (alqı-satqı müqaviləsi, təhvil aktı, maliyyə arayışı və.s) sübuta yetirmişdir. Cavabdeh isə müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Alqı-satqı müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində cavabdeh mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun tam ödənildiyini təsdiq edən sübutları (ödəniş qəbzlərini) məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu ödəyə bilməməsini, onun üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 542 manat məbləğində cərimə borcu məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 1995 manat əsas borca mütanasib olaraq 199 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayonu Ərəbyengicə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh hər iki müqavilə üzrə cəmi 1995 (bir min doqquz yüz doxsan beş) manat əsas, 199 (bir yüz doxsan doqquz) manat dəbbə borcu və 25 (iyirmi beş) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar