Məhkəmə qərarları › İş №2(110)-419/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-419/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-419/2021 15.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Şərur rayon Çəmənli kənd sakini Cavabdeh 4 illik məhsulun qarşlığı olan 32000 manat məbləğində pulun, 30000 manat məbləğində bağın artan dəyərinin və dövlət rüsumu olaraq ödədiyi 30 manat olmaqla, ümumilikdə 62030 manat məbləğində pulun alınıb ona verilməsi, ödəyə bilmədiyi təqdirdə isə dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətlərinin əvvəlki şərtlər əsasında davam etdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində təsərrüfatla məşğul olmaq üçün 2012-ci ildə Şərur rayon Çəmənli kənd sakini Cavabdeh onu adına olan 1.20 ha torpaq sahəsini 8 illiyinə kirayə götürdüyünü, həmin torpaq sahəsində bağ salmaq üçün bankdan kredit götürdüyünü,1200 ədəd meyvə tingləri alaraq həmin yerdə bağ saldığını, bir neçə il həmin tinglərə qulluq edəndən sonra məsul verməyə başladığını, Cavabdeh 4 ildə bağın məhsulunu topladığını, ona heç nə vermədiyini, aldadaraq məhsul vermir dediyini, qayını kimi ona inandığını, ötən il bağın məhsulunu özünün yığdığını, bağın yaxşı məhsul verdiyini gördüyünü, hər il ortalama demək olar ki, 8000 manat məbləğində gəlir əldə edildiyini, bu il həmin bağın icarə müddətinin bitdiyini, Tofiqin bağa tam sahiblənərək onu bağa yaxın qoymadığını, faktiki olaraq bütün gəlirlərindən məhrum olduğunu, bağın indiki dəyərinin artaraq 30000 manat məbləğində olduğunu, Tofiqlə bu barədə danışıb razılığa gəlmək istəsə də buna nail olmadığını, bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət etdiyini, Tofiqin həm bağdan əldə olunmuş, lakin ona vermədiyi pulları qaytarmalı, həm də bağın dəyərini artırdığı üçün dəyər artımının əvəzini ödəməli olduğunu bildirərək Şərur rayon Çəmənli kənd sakini Cavabdeh 4 illik məhsulun qarşlığı olan 32000 manat məbləğində pulun, 30000 manat məbləğində bağın artan dəyərinin və dövlət rüsumu olaraq ödədiyi 30 manat olmaqla, ümumilikdə 62030 manat məbləğində pulun alınıb ona verilməsi, ödəyə bilmədiyi təqdirdə isə dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətlərinin əvvəlki şərtlər əsasında davam etdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində sadaladığı halları təsdiq edərək əlavə olaraq izahatında 2012-ci ildə 200-dən artıq şaftalı tinglərini, 1000-ə yaxın da iki illik alma tinglərini əkdiyini, şaftalı ağacının 2 ildən sonra, alma ağacının isə 3 ildən sonra bar verməyə başladığını, məhsul verənə qədər bütün işlərin-gübrə verilməsini, ağacların budanmasını, avadanlıqlarının alınmasını hamısını özünün adamları ilə gördüyünü, cavabdehin yalnız suvarma işlərinin gördüyünü, cavabdehlə yığılan məhsulları yarı-yarına bölməyə razılaşdıqlarını, bu illər ərzində cavabdehin məhsulun həddən artıq az olduğunu bildirdiyində qayını olduğundan ona inandığını, 2020-ci ildə müvafiq hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra məhsulları özünün götürməyə başladığını, ortalama 8000 manat məbləğində gəlir götürdüyünü, 2021-ci ildən isə müqavilə müddətinin bitdiyini əsas gətirərək bağa buraxmadığını, faktiki bütün gəlirlərindən məhrum olduğunu, cavabdehə məxsus bağın dəyərini əhəmiyyətli dərəcədə artırdığını, bağın hazırki dəyərinin 30000 manatdan artıq olduğunu, bundan əlavə Cavabdeh üçün çox maddi və mənəvi əziyyət çəkdiyini, onun uşaqlarının hamısını oxumasında köməklik göstərdiyini, Nigar adlı qızını 11 il saxladığını, onun bütün əziyyətlərini çəkdiyini, amma bütün bunlara baxmayaraq etdiyi yaxşılıqları başa düşmədiyini, birlikdə şərik olduqları bağın 5 il ərzində bütün gəlirlərini cavabdehin mənimsədiyini, onun yoldaşının qardaşı olduğu üçün hər şeyi güzəşt etdiyini, 2019-cu ildə bacısını qapıdan təhqir edib qovandan sonra artıq ona güzəşt etmədiyini, 2020-ci ilə hüquq müahafizə orqanlarına müraciət etdikdən sonra bağa özünün baxmağa başladığını, oradan 1 il ərzində 10 tondan artıq meyvə götürdüyünü, həmin meyvələri "xxxx" MMC-yə, "xxxx" MMC-yə və "xxxx" MMCyə satdığını, ona görədə əvvəlki 4 ildədə təqribi hesabına görə bağın bu qədər məhsul verə biləcəyini düşündüyünü, ona görə də həmin illər üçün məhsulun qarşlığı olan 32000 manat məbləğində pulu tələb etdiyini, amma 2020-ci ildə icarə müqaviləsinin vaxtı bitdiyindən cavabdehin onu bağa buraxmadığını, halbuki, bağın bütün tinglərini, lazım olan texnikasının hamısı öz vəsaiti hesabına aldığını, tinglərin əkilməsindən dərmanlanmasına qədər hamısında özünün iştirak etdiyini, özünün, atasının və yoldaşının adına 4 ha torpaq sahəsinin olduğunu, öz yerinə bağ sala biləcəyini, amma cavabdeh üçün etdiyi yaxşılıqları başa düşmədiyini, cavabdehə məxsus torpaq sahəsində bağ salmasının məqsədinin həm gəlir əldə etmək, həm də Tofiqin ailəsinin yaxşı dolanması üçün ona şərait yaratmaq olduğunu, eyni zamanda onun bağa nəzarət etməsini istədiyi, tinglərin əkilməsində şəxsən iştirak etdiyini, həmçinin qardaşı İlqarın, kəndçiləri Nazimin, bacısıoğlu Elşənin, əmioğlusunun da onlara köməklik etdiyini, bağın 3 illik dərman və suvarmə xərclərini çəkdiyini Tofiqin bu illər ərzində sadəcə suvarma işlərini apardığını, suvarma xərcini artıqlaması ilə ödədiyini, lakin torpaq Tofiqin adına olduğu üçün qəbzlər onun adına yazılmışdır, eyni zamanda cavabdehə razılığa gəlmələri üçün müxtəlif təkliflər etdiyini, onlardan birinin də bağın ərsəyə gəlməsi üçün çəkdiyi xərci çıxarması üçün 5 il ərzində icarə hüquq münasibətlərinin əvvəlki şərtlər əsasında davam etdirilməsi, ondan sonra bağı ona təhvil verəcəyini bildirdiyini, lakin cavabdehin onunla razılaşmadığını, ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, Qurbanın alma tinglərini aldığını, şəftəli tinglərinin hamısını özünün alaraq qohumları ilə birlikdə əkdiklərini, bağın salınmasında işlərin əksəriyyətini özünün gördüyünü, indi isə nə haqla ondan bağ tələb etdiyini başa düşmədiyini, iddiaçının elə bir əziyyət çəkmədiyini, bağın salınmasında ancaq iddiaçının və Nazimin iştirak etdiyini, bağ məhsul verməyə başladığı vaxtdan hər il, xüsusəndə 2018-ci ildə gəlib yeşiklərlə meyvə yığıb apardığını, o bağda 7 il əziyyət çəkdiyini, bütün suvarma pullarını özünün ödədiyini, 2020-ci ildə bağa lazımi qaydada qulluq etmədiyindən bu il bağın məhsuldarlığı aşağı düşdüyünü, iddiaçının təkcə bağ üçün otbiçən aldığını, lakin onu da sonradan əlindən aldığını, Qurbanın öz torpaq sahələrinin olduğunu, amma onun torpaq sahəsinə bağ salmaqda məqsədi bağın bütün işlərini ona əvəzsiz olaraq gördürmək olduğunu, icarə müqaviləsinin artıq müddətinin bitdiyini, eyni zamanda müqavilədə onun soyadının səhv yazıldığını, amma müqaviləni özünün imzaladığını, iddiaçının bağa çəkdiyi xərci artıqlaması ilə qazandığını, iddiaçı ilə aralarında heç bir razılaşmanın ola bilməyəcəyini, onun torpağından çıxmasını, ağacları çıxarıb aparmasını istədiyini bildirərək məhkəmdən iddanın rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh vəkili Vəkil izahatında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən kirayə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun kirayəyə verənə kirayə haqqını ödəməyi öhdəsinə götürdüyü qeyd olunduğu, lakin sualına cavab olaraq iddiaçının kirayə haqqının ödəmədiyini bildirdiyini, həmçinin Mülki Məcəllənin 685-ci maddəsinə əsasən, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayə verən kirayə müqaviləsini ləğv edə biləcəyi qeyd olunduğu, 18.12.2012-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarə haqqı hər ay üçün 20 manat müəyyən edildiyi, müqavilə bağlandığı 8 il ərzində iddiaçının heç bir ödəniş etmədiyini, həmçinin kirayə götürülən torpaq sahəsi üçün lazım olan bütün zəruri xərcləri kirayəçinin özü ödəməli olduğu, lakin bununla bağlı heç bir ödəniş iddiaçı tərəfindən həyata keçirilmədiyi, Cavabdeh tərəfindən torpağın məcburi sığorta haqqını və illik suvarma pulların hamısını özünün ödədiyini, bununla bağlı sübutları məhkəməyə təqdim etdiyini, cavabdehin müqaviləni ləğv etmədiyini bildirərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 07.07.2021-ci il tarixdə yerində müayinə zamanı mütəxəssis Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin böyük məsləhətçisi aqronom X4 izahatında Cavabdeh adına qeydə alınmış torpaq sahəsinin 0.30 ha sahəsinə 180 ədəd şaftalı ağacı, 0.90 ha sahəsinə isə 516 ədəd alma ağacının əkildiyini, bağda olan meyvə ağaclarının yaşının təqribən 7-8 il olduğunu, normativlərə görə 1.0 ha torpaq sahəsinə 600-650 ədəd meyvə ağacının əkildiyini, həmin normaya görə məhsuldarlıq 1.0 ha alma bağından 15 ton alma, 1.0 ha şaftalı bağından isə 8 ton şaftalının nəzərdə tutulduğunu, hər alma ağacının orta hesabla 15-16 kq, şaftalı ağaclarının isə orta hesabla 8-9 kq məhsul vermək qabiliyyətində olduğunu, bağa əvvəlki illərdə aqro-texniki qaydada baxılmasına baxmayaraq, cari ildə bağa lazımi aqrotexniki qulluğun göstərilmədiyini, mövcud coğrafi şərait nəzərə alınmaqla meyvə ağaclarının hər ay 3-4 dəfə suvarılması zəruri olduğu halda cari ildə normativlərə uyğun suvarma aparılmadığını, ona görə də məhsuldarlığın normadan olduqca aşağı vəziyyətdə olduğunu bildirmişdir. Məhkəmə iddiaçının, cavabdehin və cavabdehin vəkilinin izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şərur rayon Çəmənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 178 nömrəli, 07.05.2021-ci il tarixli arayışından görünür ki, Çəmənli kənd sakini Cavabdeh həqiqətən Şərur rayon Çəmənli kəndində yaşayır və qeydiyyatda durur. İş materiallarına əlavə olunmuş 04.05.2021-ci il tarixli 22593 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Şərur filialı vasitəsilə dövlət büdcəsinə 30 (otuz) manat rüsum ödəmişdir. İş materiallarında olan 18.12.2012-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan JN-Kod İ0205058 dövlət aktı ilə verilmiş Şərur rayon Çəmənli kəndində yerləşən 1.20 ha torpaq sahəsini İddiaçı hər ay 20 manat olmaqla 8 il müddətinə icarəyə vermişdir. İş materiallarında olan 26.12.2012-ci il tarixli 05/05 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı 26000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 2012-ci il tarixli “X1 X8”ından görünür ki, Qurbanlı X2 Muxtar Respublika əhalisinin meyvə məhsullarına olan tələbatını ödəmək məqsədilə bu sahənin inkişaf etdirilməsi üçün 4 il müddətinə illik 6 % dərəcəsi ilə 26000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu Şərur Rayon Şöbəsinin 10.06.2021-ci il tarixli 08/216 nömrəli arayışından görünür ki, Cavabdeh 01.01.2009-cu il tarixdən 31.12.2016-cı il tarixədək 484 manat torpaqdan məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İş materiallarında olan Şərur rayon Çəmənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16.06. 2021-ci il tarixli arayışından görünür ki, Çəmənli kənd sakini Cavabdeh 1,20 ha torpaq sahəsinin 2015-ci ildən 2021-ci ilin may ayına qədər illik 15 manat olan suvarma pulu ödəmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-419/2021 nömrəli, 21.06.2021-ci il tarixli Qərardadı ilə mübahisəli torpaq sahəsinin qiymətləndirilməsi məqsədi ilə ekspertiza təyin edilərək qərardadın icrası Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinə həvalə edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin 07.07.2021-ci il tarixli 124 nömrəli rəyindən görünür ki, Şərur rayon Çəmənli kəndində yerləşən 1.20 ha torpaq sahəsinin bazar dəyəri 12000 manat təşkil edir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-419/2021 nömrəli, 16.07.2021-ci il tarixli Qərardadı ilə Şərur rayon Çəmənli kəndində yerləşən 1.20 ha torpaq sahəsi üzərində salınmış bağ nəzərə alınmaqla torpağın artım dəyərinin nə qədər olmasını müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin edilərək qərardadın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin böyük məsləhətçisi aqronom X4 07.07.2021-ci il tarixli məsləhətində Cavabdeh adına qeydə alınmış torpaq sahəsinin 0.30 ha sahəsinə 180 ədəd şaftalı ağacı, 0.90 ha sahəsinə isə 516 ədəd alma ağacının əkildiyini, bağda olan meyvə ağaclarının yaşının təqribən 7-8 il olduğunu, normativlərə görə 1.0 ha torpaq sahəsinə 600-650 ədəd meyvə ağacının əkildiyini, həmin normaya görə məhsuldarlıq 1.0 ha alma bağından 15 ton alma, 1.0 ha şaftalı bağından isə 8 ton şaftalının nəzərdə tutulduğunu, hər alma ağacının orta hesabla 15-16 kq, şaftalı ağaclarının isə orta hesabla 8-9 kq məhsul vermək qabiliyyətində olduğunu, bağa əvvəlki illərdə aqro-texniki qaydada baxılmasına baxmayaraq, cari ildə bağa lazımi aqrotexniki qulluğun göstərilmədiyini, mövcud coğrafi şərait nəzərə alınmaqla meyvə ağaclarının hər ay 3-4 dəfə suvarılması zəruri olduğu halda cari ildə normativlərə uyğun suvarma aparılmadığını, ona görə də məhsuldarlığın normadan olduqca aşağı vəziyyətdə olduğunu bildirmişdir. İş materiallarında olan "xxxx" X6 16.07.2021-ci il tarixli 01/20 nömrəli məktubundan görünür ki, 2020-ci ilin avqust-sentyabr ayları ərzində "xxxx" X9 tərəfindən Naxçıvan şəhər sakini İddiaçı 6485 kq alma məhsulu satın alınmışdır. İş materiallarında olan "xxxx" MMC-in 16.07.2021-ci il tarixli 29 nömrəli məktubundan görünür ki, Naxçıvan şəhər sakini İddiaçı tərəfindən 2020-ci ilin sentyabr ayı ərzində "xxxx" MMC-yə 1-ci növ alma məhsulu üçün 5184 manat məbləğində, 2-ci növ alma məhsulu üzrə 2024 manat məbləğində, cəmi 7208 manat məbləğində alma məhsulu vermişdir. İş materiallarında olan "xxxx" MMC-in 02.08.2021-ci il tarixli 23 nömrəli məktubundan görünür ki, Naxçıvan şəhər sakini İddiaçı 2020-ci ilin sentyabr ayı ərzində "xxxx" MMC-yə alma sirkəsi istehsalı üçün 1250 kq alma məhsulu satmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27.08.2021-ci il tarixli 211 nömrəli rəyindən görünür ki, Şərur rayon Çəmənli kəndində yerləşən 1.20 ha torpaq sahəsində salınmış bağdakı ağacların ümumi dəyəri təxminən 33120 (otuz üç min yüz iyirmi) manat müəyyən edilir (180 ədəd şaftalı ağacı 9900 manat, 516 ədəd alma ağacı 23220 manat). Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur rayon Çəmənli kənd ərazisində yerləşən JN-119 Kod 10205058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdehn mülkiyyətinə verilmiş 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 18.12.2012-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı hər ay 20 manat olmaqla 8 il müddətinə icarəyə vermiş, 2012-ci il tarixli “X1 X8”ından görünür ki, Qurbanlı X2 Muxtar Respublika əhalisinin meyvə məhsullarıan olan tələbatını ödəmək məqsədilə bu sahənin inkişaf etdirilməsi üçün 4 il müddətinə illik 6 % dərəcəsi ilə 26000 manat məbləğində kredit götürmüş, həmin icarəyə götürdüyü torpaq sahəsinin 0.30 ha sahəsinə 180 ədəd şaftalı ağacı, 0.90 ha sahəsinə isə 516 ədəd alma ağacı əkmişdir. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin böyük məsləhətçisi aqronom X4 mütəxəssis qismində verdiyi məsləhətində bağda olan meyvə ağaclarının yaşının təqribən 7-8 il olduğunu, normativlərə görə 1.0 ha torpaq sahəsinə 600-650 ədəd meyvə ağacının əkildiyini, həmin normaya görə məhsuldarlıq 1.0 ha alma bağından 15 ton alma, 1.0 ha şaftalı bağından isə 8 ton şaftalının nəzərdə tutulduğunu, hər alma ağacının orta hesabla 15-16 kq, şaftalı ağaclarının isə orta hesabla 8-9 kq məhsul vermək qabiliyyətində olduğunu bildirmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin 07.07.2021-ci il tarixli 124 nömrəli rəyindən görünür ki, Şərur rayon Çəmənli kəndində yerləşən 1.20 ha torpaq sahəsinin bazar dəyərinin 12000 manat, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27.08.2021-ci il tarixli 211 nömrəli rəyindən görünür ki, Şərur rayon Çəmənli kəndində yerləşən 1.20 ha torpaq sahəsində salınmış bağdakı 180 ədəd şaftalı ağacının dəyərinin 9900 manat, 516 ədəd alma ağacının dəyərinin isə 23220 manat olmaqla, bağdakı ağacların ümumi dəyərinin təxminən 33120 (otuz üç min yüz iyirmi) manat olması müəyyən edilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27.08.2021-ci il tarixli 211 nömrəli rəyində bağdakı ağacların ümumi dəyərinin təxminən 33120 (otuz üç min yüz iyirmi) manat olması qənaətinə gəlsədə, lakin iddiaçı iddia tələbində 30000 manat məbləğində bağın artan dəyərini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığına görə məhkəmə iddia tələbindən kənara çıxmayaraq, mülki işə həmin iddia tələbi çərçivəsində baxılması qənaətinə gələrək qeyd edir ki, Şərur rayon Çəmənli kəndində yerləşən 1.20 ha torpaq sahəsinin bazar dəyərinin 12000 manat, bağdakı ağacların ümumi dəyərinin təxminən 30000 manat olması onu dəməyə əsas verir ki, həmin torpaq sahsinin dəyəri iddiaçı tərəfindən 18000 (on səkkiz min) manat məbləğində artırılmışdır. Məhz bu baxımdan da iddia tələbi bağın artan dəyərinin cavabdehdən tələb edilməsi hissəsində qismən əsaslıdır. Məhkəmə iddia tələbinin əvvəlki 4 illik məhsulun qarşlığı olan 32000 manat məbləğində pulun tələb edilməsi hissəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, idddiaçı iddia tələbində cavabdehdən əvvəlki 4 illik məhsulun qarşlığı olan 32000 manat məbləğində pul tələb etsədə işə baxılarkən məhkəməyə bununla bağlı hər hansı bir mötəbər sübut təqdim etməmiş, məhkəmə baxışı iclasındakı izahatında 2020-cil üçün 8000 manat qazanc əldə etdiyini, ona görədə əvvəlki 4 ilin hər ili üçün də eyni məbləğdə qazanc əldə etməsini ehtimal etmişdir ki, bu məhkəmə tərəfindən ağılabatan və əsaslı hesab edilə bilməz və iddia tələbi həmin hissədə rədd edilməlidir. Həmçinin Cavabdeh icarə müqaviləsində onun soyadının səhv yazıldığını bildirməsinə məhkəmə münasibət bildirərək qeyd edir ki, icarə müqaviləsində Cavabdeh soyadının səhv yazılması texniki səhvlik kimi qiymətləndirilməlidir. Çünki müqavilənin əvvəlində cavabdehin soyadı düzgün yazılmış, sonunda isə cavabdeh qələmlə şəxsən soyadını yazmış, qarşısına imza etmiş və məhkəmə baxışı iclasında verdiyi izahatında müqaviləni imzaladığını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 714.2-ci maddəsinə əsasən torpaq icarəsi üzrə hüquq münasibətlərinə xitam verildikdə icarəyə verən razılıq verdiyi və icarəyə götürülmüş torpağın dəyərini icarə müddətindən sonra artıran (dəyərin artımı) digər məsrəflərin əvəzini də icarəçiyə ödəməlidir. Əgər icarəyə verən məsrəflərə razılıq verməkdən imtina edirsə, icarəçinin vəsatəti ilə razılıq məhkəmənin qərarı ilə əvəz edilə bilər, bu şərtlə ki, həmin məsrəflər müəssisənin rentabelliyinin qorunması və ya sürəkli yaxşılaşdırılması üçün yararlı olsun və icarəyə verənin əsaslı mənafeləri nəzərə alınmaqla onun üçün yolverilən olsun. Əgər icarə müqaviləsi ləğv edilərsə və ya torpaq icarəsi üzrə hüquq münasibətlərinə üç ildən də tez xitam verilərsə, bu müddəa tətbiq edilmir. Razılıq məhkəmənin müəyyən öhdəliklərin icrası ilə bağlı qərarı ilə əvəz edilə bilər. Məhkəmə həmçinin dəyərin artımı haqqında qərar qəbul edə bilər və onun miqdarını təyin edə bilər. Məhkəmə müəyyənləşdirə bilər ki, icarəyə verən dəyərin artımını hissə-hissə ödəməlidir. Eyni zamanda məhkəmə bu cür ödənişlərin hissə-hissə həyata keçirilməsi şərtlərini müəyyənləşdirə bilər. Əgər icarə hüquq münasibətlərinə xitam verilərkən icarəyə verən dəyər artımını hətta hissə-hissə kompensasiya etməyə qadir deyildirsə, icarəçi yalnız bunu tələb edə bilər ki, dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətləri əvvəlki şərtlər əsasında davam etdirilsin. Razılıq əldə edilmədikdə, tərəfin tələbi ilə məhkəmə icarə hüquq münasibətlərinin davam etdirilməsi barədə qərar qəbul edir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir; - 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; - 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı öz iddia tələbini torpaq sahəsinin artan dəyəri olan hissəsində qismən sübut etmiş, əvvəlki 4 illik məhsulun qarşlığı olan 32000 manat məbləğində pulun tələb edilməsi hissəsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Cavabdehin iddiaya qarşı etirazını yalnız öz izahatı ilə əsaslandırmışdır. Beləliklə də məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək Şərur rayon Çəmənli kənd ərazisində yerləşən JN-119 Kod 10205058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdehn mülkiyyətinə verilmiş 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin artan dəyəri olan 18000 (on səkkiz min) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətləri əvvəlki şərtlər əsasında davam etdirilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 21.30 manatı iddiaçıya aid edilməli, qalan 8.70 (səkkiz manat yetmiş qəpik) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon Çəmənli kənd ərazisində yerləşən JN-119 Kod 10205058 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Cavabdehn mülkiyyətinə verilmiş 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin artan dəyəri olan 18000 (on səkkiz min) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Dəyər artımı kompensasiya edilənədək icarə hüquq münasibətləri əvvəlki şərtlər əsasında davam etdirilsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 8.70 (səkkiz manat yetmiş qəpik) manatı da Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar