Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-440/2024 04.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Tumaslı kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 1100 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 31 manat oulun, cəmi 1131 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur rayon İbadulla kəndində yaşadığını, təxminən 2 il əvvəl Şərur rayon Tumaslı kənd sakini Cavabdeh həyat yoldaşının ona zəng edərək Ruslanın 1100 manat borca ehtiyacı olduğunu dediyini, Ruslanın onun yaşadığı evə gələrək pulu 3 aya qaytarmağa söz verdiyini, həmin vaxtdan 2 il ötsə də, Ruslanın borcu qaytarmaqdan boyun qaçırdığını, bununla bağlı Şərur rayon RPİ-yə ərizə ilə müraciət etdiyini, onun barəsində cinayət işinin başlanmasınıln rədd edildiyini, buna görə məhkəməyə müraciət etdiyini, bu halı təsdiq edəcək şahidlərinin olduğunu bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərziəsində qeyd etdiyi halları təsdiq edib əlavə olaraq tarixini dəqiq xatırlmasa da 3 il bundan əvvəl qardaşının qızı Nahibənin ona zəng vuraraq Ruslanın arvadı Gülnazın onunla danışmaq istədiyini bildirdiyini, Gülnazın onunla danışan zaman Ruslana pul lazım olduğunu bildirdiyini, onun isə çətin günləri üçün saxladığı pulu-1100 manatı cavabdehə verdiyini, cavabdehin 3 ay ərzində qaytaracağını bildirsə də hələ də onun pulunu qaytarmadığını, bunu onun atasına bildirəndə Ruslanın borcunun çox olduğunu, onları ödəyib qurtardıqdan sonra pulunu qaytaracağını bildirib iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, belə ki iddiaçının dediyi vaxt burada yaşamadığını, 2018-ci il sentyabrın 19-da Türkiyəyə getdiyini, 2023-cü ilin may ayında qayıtdığını, atasının 2022-ci ilin mart ayının 1-də vəfat etdiyini, yas yerinə gələ bilmədiyini, iddiaçıdan 2016-ci ilin mart ayında 800 manat faizi ilə pul aldığını, 5 ayda hər ay 120 manat faiz pulunu verdiyini, 5 ay keçdikdən sonra 1000 manat pul aldığını, sonra isə 2018-ci ilin avqust ayı da daxil olmaqla ondan hər ay faizi üçün 252 manat pul aldığını, ən sonda isə 1600 manat pulu Tumaslı kənd sakini Yəhyanın adına kredit götürüb iddiaçıya verdiyini, ona 200 manat borcu qaldığını, Türkiyəyə gedən zaman işləyib onun 200 manat borcunu qaytarcağını bildirdiyini, sonra Türkiyədə olan zaman atasına 2000 manat, sonra 1700 manat, özü bura qayıtdıqdan sonra isə 1500 manat borcu olduğunu bildirdiyini, əgər ona o qədər borcu var idisə niyə məbləğini aşağı saldığını, onun verdiyi puldan əlavə 6000 manat da pul aldığını, ona heç bir borcu olmadığını, aldığı pulların hamısını qaytardığını, uşağın müalicəsi üçün ondan pul aldığını, o vaxt qaz idarəsində işlədiyini, aylıq 242 manat əmək haqqı aldığını, əlavə olaraq da elektrik işi ilə məşğul olduğunu, pulu iddiaçının şəxsən özünə verdiyini, iddiaçını hamının “faizçi anuş” deyə bildiyini, onun verdiyi pulun 4 qatını qaytardığını, pulu qaytarmasına dair sübutu olmadığını, buna görə iddia müddətinə əsasən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin ölkəyə giriş-çıxış məlumatları elektron məhkəmə informasiya sistemi ilə müəyyən oluna bilməmiş, cavabdeh passportla deyil, şəxsiyyət vəsiqəsi ilə getdiyini bildirmiş, sərhəd xidmətinə verilən sorğuya isə cavab verilməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçının 3 illik iddia müddətini ötürdüyünü bildirərək bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində və verilən suallara cavabında yoldaşı, uşaqları və baldızı ilə bir evdə yaşadıqlarını, özünün 2021-ci ilin dekabr ayında Türkiyəyə getdiyini, 2023-cü ilin dekabr ayında qayıtdığını, pulu baldızının şəxsən evdə Ruslana verdiyini, iddiaçının pulu cavabdehə nə vaxt verməsini xatırlaya bilmədiyini, lakin Türkiyəyə getməzdən əvvəlki dövrə təsadüf etdiyini, iddiaçının faizə pul verməsi ilə bağlı məlumatı olmadığını bildirmidir. Şahidin ölkəyə giriş-çıxış məlumatları elektron məhkəmə informasiya sistemində sərhədkeçmə məlumatları ilə yoxlanılmış və tarixlərin düzgünlüyü müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində və verilən suallara cavabında pulun verilməsindən xəbəri olmadığını, vaxtı dəqiq xatırlamasa da atası rəhmətə getməzdən bir neçə müddət öncə iddiaçının onlara gəlib qardaşının borclu olması barədə atasına dediyi vaxt bildiyini, atasının 2022-ci ilin mart ayında öldüyünü, iddiaçının ötən il gəlib qardaşının borclu olduğunu dediyini, ona qardaşı gəldiyindən özü ilə danışmağı bildirdiyini, qardaşının həmin vaxtı ona borcu olmadığını dediyini, dəqiq tarix deyə bilməsə də 2019-cu il korona virusundan qabaq qardaşının Türkiyəyə getdiyini, 2023-cü ilin yazında qardaşının Türkiyədən gəldiyini, gəldikdən sonra əvvəlki borcun haqq hesabı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilən suallara cavabında tarixini dəqiq xatırlamasa da 2020-ci il vətən müharibəsindən öncə qaynının yoldaşı Gülnazın Ruslana pul lazım olduğunu dediyini, ona Cəmilədən ala biləcəyini dediyini, qaynatasının 2022-ci ilin mart ayında öldüyünü, Ruslanın 2023-cü ildə Türkiyədən gəldiyini, ili dəqiq xatırlamadığını, müharibədən əvvəl olduğunu dəqiq xatırladığını, Ruslanın pulu harda aldığını bilmədiyini bildirmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə şifahi borc müqaviləsi əsasında borc pul vermişdir. İşin mübahisəli halı borcun nə zaman verilməsi, məbləği və qaytarılması ilə bağlıdır. İddiaçı cavabdehin həmin pulu 2 il öncə aldığını və qaytarmadığını bildirmişdir. Cavabdeh isə borcun 2018-ci ildə alındığını və faizi ilə artıqlaması ilə qaytarıldığını bildirmişdir. Məhkəmədə şahidlərin dindirilməsi və sərhədkeçmə məlumatlarının yoxlanılması ilə müəyyən olunmuşdur ki, borcun verilməsi cavabdehin etirazında göstərdiyi vaxta uyğun gəlir. İddiaçı isə borcun iki il öncə verildiyini bildirsə də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh iddianı qəbul etməyərək 2018-ci ildə aldığı borcunu qaytardığını, qaytarma barədə sübutu olmadığını, buna görə də 3 illik iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. Beləliklə, iş materialları, tərəflərin izahatı və şahid ifadələrindən də aydın olur ki, iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə iddianın rədd olması ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəyə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını nəzərə alaraq hesab edir ki, iş üzrə iddiaçı 3 illik iddia müddətini ötürdüyünüdən və məhkəmə qərar çıxaranadək cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etdiyindən iddia rədd olunmaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-440/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-440/2024
04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver