Məhkəmə qərarları › İş №2(110)-448/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-448/2025

30.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-448/2025 30.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh fərdi yaşayış evinə dəymiş zərərin əvəzini, 1500 (bir min beş yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 35 (otuz beş) manat, cəmi 1535 (bir min beş yüz otuz bes) manat pulun alinaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şərur rayon Püsyan kəndində özünə məxsus 200 m² sahəsi olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. O, 2024-cü ilin noyabr ayında fərdi yaşayış evini təmir etmək qərarına gəlmişdir. Bunun üçün ev təmiri işləri ilə məşğul olan Şərur rayon İbadulla kənd sakini Cavabdeh dəvət etmişdir. Onunla evin içəri üzündə suvaq işləri, tavana alçıpan vurulması, paduqa vurulması, mətbəxtdə kafel düzülməsi və divarda televizor üçün yer düzəldilməsi kimi işlərin görməsinə razılaşmışlar. Cavabdeh işə başladıqdan az sonra müəyyən bəhanələrlə ondan ümumilikdə 1360 manat pul almışdır. Lakin sonradan işləri tam yekunlaşdırmadan və onun aldığı tikinti materiallarını korlayaraq təmiri yarımçıq qoymuşdur. Onun evinin təmir işlərinin tam yekunlaşdırılması üçün başqa usta dəvət etmişdir. Usta evin tam təmirinə və korlanmış materialların dəyişdirilməsinə görə 1500 (bir min beş yüz) manat lazım olduğunu bildirmişdir. O cavabdeh Tapdiq Novruzova dəymiş zərərin qarşılamasını xahiş etmiş, Cavabdeh ona dəymiş zərəri qarşılamayacağını bildirmişdir. O, xx.xx.2025-ei il tarixdə Şərur rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinə müraciət edərək evə dəymiş zərərin qarşılanmasına köməklik göstərilməsini xahiş etmişdir. Şərur rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinin xx.xx.2025-ci il tarixl 1/27-5-10 saylı cavab məktubunda müraciətinin araşdırıldığını və məhkəmə səlahiyyətlərinə aid olduğu bildirilərək məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur. Cavabdeh tərəfindən evə dəymiş zərərin qarşılanmasını istəyir. Ona görə də Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müüraciət etmək zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında bildirmişdir ki, o, iddia ərizəsində qeyd etdiyi halları təsdiq edir. İddiaçı qeyd etmişdir ki, Cavabdeh 2024-cü ilin noyabr ayında onun fərdi yaşayış evində təmir işlərinə başlamışdır. Onlar arasında razılaşmaya əsasən, cavabdeh tavana alçıpan vuracaq, divarlara alçı vuracaq, paduqa işlərini görəcək və mətbəxə kafel düzəcəkdir. İddiaçı bildirmişdir ki, cavabdehin işi qüsurlu olmuş, neçə dəfə tələb etməsinə baxmayaraq, cavabdeh qüsurları aradan qaldırmamışdır. Bununla əlaqədar olaraq iddiaçı polis idarəsinə müraciət etmiş, lakin polis idarəsi məsələni məhkəməyə yönləndirməli olduğunu bildirmişdir. İddiaçı qeyd etmişdir ki, aralarındakı razılaşmaya əsasən cavabdeh gördüyü işin sonunda haqqını almalı idi. Cavabdeh evdə salon, iki otaq və mətbəxə iş görmüş, lakin iddiaçı onun gördüyü işləri bəyənməmişdir. İddiaçı bildirmişdir ki, cavabdeh iki otağın alçısını vurmuş, salon və mətbəxin alçıpanını çəkmiş, mətbəxə kafel düzmüşdür, lakin işlərin keyfiyyəti onun razılığını qazanmayıb. İddiaçı bildirmişdir ki, alçının və alçıpanın kvadratını 2 manatdan, paduqanın metrini 1 manatdan razılaşmış, mətbəxə kafel üçün isə sonda 100 manat vermişdir. Onlar arasında işin keyfiyyəti ilə bağlı razılıq əldə edilməmiş, cavabdeh alçının əyriliklərini aradan qaldıracağını vəd etsə də, əməl etməmişdir. İddiaçı bildirmişdir ki, hal-hazırda cavabdehin gördüyü işə əl vurulmayıb və digər otaqlardakı işləri başqa usta tamamlamışdır. İddiaçı qeyd etmişdir ki, cavabdehin işləri qüsurlu olduğundan ona verdiyi 1360 manat məbləğini tələb edir və cavabdehin evində yenidən işləməsinə icazə verməyəcəkdir. O, həmçinin bildirmişdir ki, işlərin yenidən görülməsi zərurəti yaranmışdır və cavabdeh tərəfindən görülmüş işlərdə alçıda və paduqada əyrilik mövcuddur. İddiaçı əlavə etmişdir ki, kafel üçün sonda 100 manat, digər işlər üçün isə əlavə 22 manat artıq vermişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh verdiyi izahatında və ona verilmiş suallara cavabında bildirmişdir ki, o, iddianı qəbul etmir. Cavabdeh qeyd etmişdir ki, 2024-cü ilin soyuq vaxtında iddiaçıya məxsus Püsyan kəndindəki evində işləməyə başlamışdır. O, bildirmişdir ki, evdə tək işləyib, özü də fəhlə kimi fəaliyyət göstərmişdir. Cavabdeh bildirmişdir ki, salonun 40 m² sahəsinə alçıpan vurmuş, iş zamanı alçıpanda müəyyən əyriliklər aşkar olunmuşdur. İddiaçı ona alçıpanı yenidən vurmağı istədiyini bildirmiş, lakin cavabdeh işləmək istəmədiyini bildirmişdir. Cavabdeh əlavə etmişdir ki, iddiaçı ona “əgər vurmasan, sənin buradan ölü çıxar” demişdir, buna baxmayaraq cavabdeh alçıpanı yenidən vurmuş və işini bitirib təhvil vermişdir. O, alçıpanın kvadratını 3 manatdan 120 manat, alçının kvadratını isə 3 manatdan 120 manat qiymətləndirmiş, lakin iddiaçı ona 2 manatdan ödəmə etmişdir. O, əlavə olaraq iki otaqda alçıpan vurmuş, alçı çəkmiş, paduqa işlərini görmüş və divarlarda mala izi qala biləcəyini qeyd etmişdir. Cavabdeh bildirmişdir ki, mətbəxə kafel vurulması üçün kvadratını 5 manatdan razılaşdırmış, salonu yenidən vurduqdan sonra heç bir problem yaranmamışdır. Hətta alçı da çəkilmişdir. Cavabdeh iddia etmişdir ki, əgər iddiaçı işin keyfiyyətindən narazı idisə, onu işlətməyəcəkdi. Paduqanın metri 1 manata razılaşdırılmışdır. Cavabdeh qeyd etmişdir ki, aralarında işin keyfiyyəti ilə bağlı hər hansı razılıq əldə edilməmiş, işi tam təhvil verib çıxmışdır. O, bildirmişdir ki, haqqı 1360 manat olmuş, yarısını əvvəldən, sonda isə 600 manat ödənilmiş, əlavə olaraq 4-5 manat artıq vermişdir. Cavabdeh işin təxminən 2 ay davam etdiyini, işi bitirdikdən sonra təxminən bir ay yarım keçdikdən sonra iddiaçının ona zəng edərək verdiyi pulu tələb etdiyini bildirmişdir. Cavabdeh əlavə etmişdir ki, işlədiyi müddətdə 376 manat taksi xərclədiyini, sonuncu dəfə mətbəxə kafel vurduqdan sonra evdən çıxdığını və bunun üçün 100 manat aldığını qeyd etmişdir. O, bildirmişdir ki, işi görüb təhvil verdiyi halda, problem yaranmış olsaydı, pulunu ödəməzdi. Yazılı sübutlar: İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş əlyazmadan görünür ki, iddiaçı tərəfindən evdə görülən işlərlə bağlı ümümilikdə cavabdehə 1360 manat pul vermişdir. İş materiallarında olan Şərur Rayon Polis İdarəsinin İbadulla Polis Bölməsinin 11.07.225-ci il tarixli 1/27-5/10 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, həmin tarixdə tərəflərin və mütəxəssis qismində Şərur Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Məmməd Məmmədovun iştirakı ilə hadisə yerinə məhkəmə tərəfindən baxış həyata keçirilmiş, baxışda iştirak edən Şərur Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri Məmməd Məmmədov cavabdeh tərəfindən görülmüş işlərin adi istifadə üçün yararlı olduğunu bildirərək, bu barədə yazılı rəyini məhkəməyə təqdim edəcəyini bildirmişdir. İş materillarında olan Şərur Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, İddiaçı evinə baxış keçirilən zaman evdə ustanın gördüyü işlər qarşılığında ona ödənən qiymət arasında uyğunluq olmuşdur. Məhkəmə iş materiallarını tərəflərin izahatı ilə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, tərəflər arasında 2024-cü ilin noyabr ayında şifahi podrat müqaviləsinin bağlanılması, bu müqavilə əsasında cavabdehin iddiaçının (sifarişçinin) evində təmir işləri görməsi, qarşılıqlı razılaşmaya əsasən podratçı (cavabdeh) tərəfindən öz üzərinə düşən öhdəliyin yerinə yetirilərək, təmirin dəyərinin tam şəkildə nağd qaydada podratçıya ödənilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmənin əsaslandırması: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, yazılı sübutları və hadisə yerində aparılmış baxış protokolunu, həmçinin baxışda iştirak edən mütəxəssisin rəyini araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Tərəflərin izahatlarından və təqdim edilmiş sənədlərdən görünür ki, 2024-cü ilin noyabr ayında İddiaçı tərəfindən Cavabdeh yaşayış evinin təmiri məqsədilə müraciət edilmiş, cavabdehin müraciəti qəbul edərək, işi icra etməyə başlamışdır ki, bununla da tərəflər arasında tərəflər arasında faktiki olaraq şifahi podrat müqaviləsi bağlanmış, cavabdeh işləri icra etmiş və iddiaçı tərəfindən ona ümumilikdə 1360 manat muzd ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehin gördüyü işlərin (alçıpan, suvaq, kafel və s.) keyfiyyətsiz olduğunu, əyriliklərin mövcudluğunu əsas gətirərək ödənilmiş məbləğin geri qaytarılmasını və zərərin ödənilməsini tələb edir. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən "Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır." İşin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında işin keyfiyyətinə dair xüsusi texniki şərtlər və ya xüsusi keyfiyyət standartları (məsələn, rəsmi layihə-smeta sənədləri, xüsusi hamarlıq dərəcəsi və s.) əvvəlcədən yazılı şəkildə şərtləşdirilməmişdir. Belə olan halda, işin nəticəsinin "adi istifadə üçün yararlı olması" əsas meyar kimi götürülməlidir. Hadisə yerində aparılmış baxış zamanı aşkar edilənlərdən və baxışda iştirak edən Şərur Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdirinin məhkəməyə təqdim etdiyi mütəxəsis rəyindən görünür ki, cavabdeh tərəfindən görülmüş işlərlə ona ödənilən qiymət arasında uyğunluq mövcuddur. Bu da görülən işlərin həmin qiymət diapazonu üçün adi istifadə səviyyəsinə cavab verdiyini göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 770-ci maddəsinə əsasən sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur və işi qəbul etdikdə muzd ödəməlidir. Həmçinin, Mülki Məcəllənin 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin gördüyü işləri müşahidə etmiş, prosesin gedişində işlərin həcmi və gedişatı ilə tanış olmuşdur. Cavabdehin izahatına görə (hansı ki, iddiaçının ödəniş etməsi faktı ilə təsdiqlənir), işlər mərhələli şəkildə tamamlanmış və sonda 1360 manat məbləğində vəsait tam ödənilmişdir. İşin icrası zamanı iddiaçı podratçını işdən kənarlaşdırmamış, əksinə, işlərin davam etməsinə şərait yaratmış və muzdu ödəmişdir. Məhkəmə hesab edir ki, muzdun tam ödənilməsi faktiki olaraq işin qəbul edilməsi və nəticənin (adi əyriliklər olsa belə) sifarişçi tərəfindən həmin an üçün məqbul sayılması anlamına gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 436-cı maddəsinə əsasən əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan halları, xüsusilə podrat işlərinin nəticəsinin adi istifadə üçün yararlı olmasını, tərəflər arasında işin keyfiyyətinə dair xüsusi meyarların əvvəlcədən şərtləşdirilməməsini, habelə işlərin qəbul edilərək muzdun tam ödənilməsini rəhbər tutaraq, iddia tələbinin əsassız olması və rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq yekunda aşağıdakı nəticəyə gəlir: -İddia tələbi əsassız olduğundan rədd edilməli; -Tələb əsassız sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 35 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq Qət etdi: İddiaçı Cavabdeh qarşı "pul tələbi barədə” dair iddiası rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar