Məhkəmə qərarları › İş №2(110)-464/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-464/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-464/2024 26.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək malların alınması üçün 4475 manat, həmin malların satılmasından əldə edəcəyi gəlir 2000 manat, həmin pula münasibətdə əldən çıxmış fayda olaraq 3000 manat və mənəvi ziyan 3000 manat olmaqla ümumilikdə 12475 (on iki min dörd yüz yetmiş beş) manat pulun həmçinin 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona – İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun Cavabdeh dayısı oğlu X4 görə tanıdığını, belə ki, cavabdeh S. İsayev dayıoğlusu V.Vəliyevlə əsgər yoldaşı olduqlarını və yaxşı münasibətlərinin olduğunu, eyni zamanda cavabdehin mal-qara alqı-satqısı, həmçinin qəssabçılıqla məşğul olduğunu, buna görə də mərhum qardaşı şəhid X5 üçün dövlət tərəfindən ödənilən 11000 (on bir min) manat sığorta pulu artırmaq, ailələrinin tələbatını ödəmək məqsədilə mal-qara alıb-satmaq qərarına gəldiyini, bu işlə maraqlanarkən dayısı oğlunun cavabdehi məsləhət gördüyünü, 2020-ci ilin noyabr ayında 1 baş malı Dəmirçi kəndindən (975 manat), 3 baş malı isə Şahtaxtı kəndindən alaraq cavabdeh S. İsayevə verdiyini, hansı ki, 4 baş mala ümumilikdə 4475 (dörd min dörd yüz yetmiş beş) manat pul verdiyini, Şahtaxtı kəndindən aldıqları 3 baş malın ümumi dəyərinin 4300 manat təşkil etdiyini, bunun da 800 manatının cavabdeh tərəfindən ödənildiyini, cavabdehin qəssab olaraq həmin malları satıb ümumi qazancı bölməli olduqlarını, belə ki, ətin kiloqramının 12 manat olmaqla malların kəsilib satılmasından ona əlavə olaraq cavabdeh tərəfindən 2000 manat pul ödənilməli olduğunu, cavabdehin pulun ödənilməsi vədini bütün malların satışından yəni, təqribən malları aldıqları tarixdən 10-15 gün sonra yerinə yetirməli olduqlarını, lakin həmin hadisədən artıq dörd ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdehin ona 1 manat olsun pul ödəmədiyini, verdiyi vədə əməl etmədiyini, ona edilmiş xəbərdarlıqların isə heç bir nəticəsinin olmadığını, bu səbəbdən də onun məcbur qalıb polis orqanlarına müraciət etdiyini, müraciəti nəticəsində cavabdehlə aralarındakı mübahisənin mülki xarakterli olması səbəbindən aidiyyəti üzrə məhkəməyə müraciət etməli olmağının bildirildiyini, hansı ki, ötən müddət ərzində cavabdehin qeyd etdiyi qanunazidd davranışı nəticəsində ona xeyli miqdarda maddi və mənəvi ziyan vurulduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdikləri xüsusatlarla ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında Vəli ilə Dəmirçi kəndinə gedib 1 baş inək alıb gətirdiklərini, 3 baş da Şahtaxtı kəndindən alıb gətirib Sübhanın həyətinə düşürdüklərini, 3-4 gün sonra Sübhanın inəyin birini satdığını, onlara nisyə satdığını, pulunu alıb verəcəyini bildirdiyini, qalan 3 baş inəkdən xəbərinin olmadığını, bu barədə soruşduqda inəkləri nisyə satdığını, pulu aldıqdan sonra onların da pulunu verəcəyini bildirdiyini, 4 ildir ki, Sübhanın onları aldatdığını, 2022-ci ildə Şərur rayon Polis İdarəsinə müraciət etdiyini, bundan sonra Sübhanın polis əməkdaşlarının vasitəsilə 4 ay ərzində hər ay 200 manat olmaqla 800 manat pul verdiyini, 100 manat da Sübhanın özünün gətirib Şərur bazarında ona verdiyini, pulun qalan hissəsini isə isə bu günədək ala bilmədiyini qeyd edərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddiaçının iddia ərizəsində qeyd etdiklərinin həqiqət olmadığını, 2021-ci ilin yanvar ayında əsgər yoldaşı olan Vəli Vəliyev onlara gəldiyini, ona “mal-qara alıb sataq pul qazanaq” - dediyini onun da razılaşdığını, Vəlinin Dəmirçi kəndindən bir inək alıb gətirdiyini, həmin gün ona “Şahtaxtı kəndində inək var gedək alaq” – dediyini, Vəli, o və Səbahəddinin birlikdə gedib inəkləri alıb gətirdiklərini, bir baş inəyin pulunu onun verdiyini, digərlərinin pulunu Vəlinin ödədiyini, inəkləri onların həyətə gətirdiklərini, 2-3 gün sonra inəklərdən birini kəsib satdığını, ciyərini də vəliyə verdiyini, bir neçə gün sonra digər 2 inəyi də kəsib satdığını, əti nisyə satdığını, inəklərin pulunu çıxara bilmədiyini, Vəliyə 4275 manat borcunun yarandığını, İddiaçı Şərur Rayon Polis İdarəsinə şikayət etdikdən sonra Vəliyə zəng edərək ona hər ay 200 manat pul verə biləcəyini dediyini, hər ay 200 manat aparıb Şərur Rayon Polis İdarəsində müstəntiq işləyən İsmayıl müəllimə verdiyini, ümumilikdə İsmayıl müəllimə 800 manat verdiyini, 5-ci ay 100 manat düzəldə bildiyini, İsmayıl müəllimin həmin pulul Şərur bazarında Səbahəddinə verməyini bildirdiyini, onun da pulu aparıb Səbahəddinə verdiyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X6 ifadəsində tərəflər arasında olan mübahisədən xəbərinin olmadığını, yalnız Səbahəddinin dediklərinə əsasən məlumatının olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını qarşılıqlı qiymətləndirərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində malların alınması üçün ödədiyi 4475 manat pulun Cavabdeh alınaraq ona ödənilməsini xahiş etsədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, lakin məhkəmə baxışı iclasında iştirak edən cavabdeh İsayev X1 deyil Vəliyə 4275 manat borcunun olduğunu, İddiaçı Şərur Rayon Polis İdarəsinə şikayət etdikdən sonra Vəliyə zəng edərək ona hər ay 200 manat pul verə biləcəyini dediyini, hər ay 200 manat aparıb Şərur Rayon Polis İdarəsində müstəntiq işləyən İsmayıl müəllimə verdiyini, ümumilikdə İsmayıl müəllimə 800 manat verdiyini, 5-ci ay 100 manat düzəldə bildiyini, İsmayıl müəllimin həmin pulul Şərur bazarında Səbahəddinə verməyini bildirdiyini, onun da pulu aparıb Səbahəddinə verdiyini qeyd etməklə iddiaçıya borclu olmasını dolayısıyla etiraf etmişdir. Eyni zamanda cavabdeh də həmin pulu Vəliyə borclu olmasını bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin tərəflərin izahatlarından göründüyü kimi cavabdeh borcundan 900 manat ödədiyindən həmin pul cavabdehin etiraf etdiyi 4275 manatdan çıxılmalıdır. Beləliklə də, məhkəmə qeyd edir ki, cavabdehdən 3375 (üç min üç yüz yetmiş beş) manat məbləğində pul alınaraq iddiaçıya ödənilməli, iddia tələbi malların alınması üçün ödənilmiş pul tələbinə dair digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; - 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; - 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər; - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmçinin iddia tələbində malların satılmasından əldə edəcəyi gəlirə görə cavabdeh tərəfindən iddiaçıya 2000 manat maddi ziyan vurulması qeyd olunsa da, ona vurulan ziyan və ya zərərin konkret nədən ibarət olmasını əsaslandıra bilməmişdir və bu səbəbdən iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmçinin məhkəmə iddiaçının iddia tələbi üzrə cavabdehdən əldən çıxmış fayda əvəzi olaraq 3000 manat pulun alınmasına münasibət bildirərək qeyd edir ki, iddiaçı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri əldən çıxmış fayda kimi tələb edirsə bunu əsaslandırmalı, həqiqətən də mülki dövriyyə şəraitində həmin məbləğdə pul əldə edəcəyinə dair məhkəməyə sübutlar təqdim etməli idi ki, iddiaçı bunu etmədiyindən, iddia tələb bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda məhkəmə iddia tələbi üzrə mənəvi ziyanla bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia ərizəsində cavabdehlərdən mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul tələb etsədə mənəvi ziyanın nədən ibarət olması, onun hansı fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin hansı qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxslərin təqsiri müəyyən edilməmiş, eyni zamanda iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi və ya bu əməlin onun şüurunda hansı mənfi psixi reaksiyaya səbəb olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi mənəvi ziyana dair hissədə də əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin bəndin 3-cü abzasında Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Eyni zamanda həmin bəndin 2-ci abzasında Plenum izah edir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.Göründüyü kimi iddiaçı iddia tələbinin qismən əsaslı olmasını məhkəmədə sübut etmiş, cavabdeh isə iddia tələbini sübut olunmuş hissədə təkzib edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin; - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 128 manat dövlət rüsumunun 93.38 manatı iddiaçıya aid edilməli, qalan 34.62 manatı cavabdehdən alınaaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə qeyd edirki, iddia qismən təmin olunaraq Cavabdeh 3375 (üç min üç yüz yetmiş beş) manat məbləğində vurulmuş ziyan və ödənilmiş 128 manat dövlət rüsumunun 34.62 manatı olmaqla, ümumilikdə 3409.62 (üç min dörd yüz doqquz manat altmış iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3375 (üç min üç yüz yetmiş beş) manat məbləğində vurulmuş ziyan və ödənilmiş 128 manat dövlət rüsumunun 34.62 manatı olmaqla, ümumilikdə 3409.62 (üç min dörd yüz doqquz manat altmış iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar