Məhkəmə qərarları › İş №2(110)-466/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-466/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-466/2024 29.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 22500 (iyirmi iki min beş yüz) manat borcunun və dövlət rüsumu olaraq ödədiyi 157.5 (bir yüz əlli yeddi manat əlli qəpik) manat, cəmi 22657.5 (iyirmi iki min altı yüz əlli yeddi manat əlli qəpik) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh 2002-ci ildən tanıdığını, onların həmin vaxt birlikdə Veysəloğlu şirkətində işlədiklərini, təqribən 2014-cü ilin mart ayında Cavabdeh ona zəng edərək görüşmək istədiyini bildirdiyini və onların Bakı şəhərində Xətai rayon ərazisində yerləşən çay evində onunla görüşüb söhbət etdiklərini, söhbət zamanı Cavabdeh Lotos firmasında satış müdiri işlədiyini, firmadan ucuz qiymətə Rusiya istehsalı olan spirtli içkilər olduğunu, spirtli içkiləri ucuz qiymətə alaraq baha qiymətə mağazalara paylayıb qazanc əldə edə biləcəklərini, nə qədər pul çox olarsa bir o qədər çox qazanc əldə edəcəklərini, bunun üçün də nağd pul lazım olduğunu bildirərək ona pul verməyini və şərikli işləməklərini təklif etdiyini, onun da onunla əvvəllər Veysəloğlu firmasında birlikdə işlədiklərini, haliyyədə isə onun Lotos firmasında satış müdiri vəzifəsində işlədiyindən ona inandığını və onunla şərik işləməyə razı olduğunu, təqribən 2014-cü ilin aprel ayının əvvəlində onunla yenidən Xəti rayonu, Zığ yolu küçəsində yerləşən Tac Mahalın qarşısında yolda görüşərək maşının içində ona 22500 (iyirmi iki min) manat pul verdiyini, bir müddət sonra Cavabdeh onu aldatdığını və heç bir iş görmədiyini anlayaraq ondan verdiyi pulu geri qaytarmasını tələb etdiyini, Cavabdeh pulu olmadığını, bir az gözləməyini, ondan aldığı pulu tezliklə qaytaracağını bildirdiyini, sonra dəfələrlə ona telefonla zəng edərək ona olan borcunu qaytarmasını bildirsə də Yusifin hər dəfə pulu olmadığını bildirərək ona olan borcunu qaytarmaqdan yayındığını, sonralar isə ona zəng etdikdə Cavabdeh onun telefonlarına cavab vermdiyini və ya telefonunun bağlı olduğunu, onun məcbur qalıb bu barədə rəsmi olaraq Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək Cavabdeh aldadaraq ondan aldığı 22500 manat pulun alınıb ona qaytarılmasına köməklik göstərilməsini xahiş etdiyini, Polis İdarəsində Cavabdeh başqa adamları da aldadaraq pulunu aldığını öyrəndiyini və Polis İdarəsində Cavabdeh barəsində Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılaraq barəsində qanuni qərar qəbul edilməsi üçün cinayət işinin materiallarının Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildiyini, Cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(101)-1180/2014 saylı Hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu və onun Cavabdeh cinayət əməli nəticəsində zərərçəkmiş şəxs qismində tanınaraq 22500 (iyirmi iki min beş yüz) manat maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun izah edildiyini, Cavabdeh hələ də ona olan borcunu də qaytarmadığını, onun isə bu gün həmin pula çox ehtiyacı olduğunu, onun bu müddət ərzində dəfələrlə Cavabdehlə əlaqə saxlayaraq ona olan borcunu qaytarmasını bildirsə də Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmaqdan yayındığını, Ona görə də Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 1(101)- 1180/2014 nömrəli hökmünün məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CMnin 178.3.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, zərərçəkmiş şəxslər İddiaçı cinayət əməlini törətməsi nəticəsində ona vurulmuş 22500 manat maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqlarının olması izah edilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 1(101)-1180/2014 saylı hökmünün məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.3.2 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Eyni zamanda onlar həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmçinin həmin hökmdə zərərçəkmiş şəxs İddiaçı Cavabdeh cinayət əməlini törətməsi nəticəsində ona ona vurulmuş 22500 manat maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı 22500 manat məbləğində ziyan vurması həmin cinayət işi üzrə təsdiqini tapdığından, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasınin Mülki Məcəlləsinin: - 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.1-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdehin dələduzluq etməsi nəticəsində iddiaçıya maddi zərər vurması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən həmin hallar üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən ona ziyan vurulmasını sübut etmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 157.5 (bir yüz əlli yeddi manat əlli qəpik) manat dövlət rüsumunun əvəzidə cavabdehdən alınaraq iddiaçıya edilməlidir. Beləliklə də məhkəmə belə qənaətə gəlir ki, Şərur rayon Siyaqut kənd sakini Cavabdeh 22500 (iyirmi iki min beş yüz) manat borc və 157.5 (bir yüz əlli yeddi manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 22657.5 (iyirmi iki min altı yüz əlli yeddi manat əlli qəpik) manat məbləğində pul alınıb ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Siyaqut kənd sakini Cavabdeh 22500 (iyirmi iki min beş yüz) manat borc və 157.5 (bir yüz əlli yeddi manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 22657.5 (iyirmi iki min altı yüz əlli yeddi manat əlli qəpik) manat məbləğində pul alınıb ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar