Məhkəmə qərarları › İş №2(110)-470/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-470/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-470/2021 20.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, Əlİddiaçı Vüqar oğlunun məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və mütəxəssis X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə" dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh 45500 manat verdiyi pulun, ondan aldığı 128 qr qızıl boyunbağı, 72 qr qızıl qolbağı, 1 brilliant dəsti, 1 brilliant boyunbağı və 2 brilliant üzüyünün dəyəri olan 21860 manat olmaqla, ümumilikdə 67360 (altmış yeddi min üç yüz altmış) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Naxçıvan şəhərində sahibkarlıqla məşğul olduğunu, 1990-cı illərdən bəri qızıl ticarəti ilə olduğunu, Şərur rayon Çərçiboğan kənd sakini X3 həmin vaxtlardan onunla qızıl alveri etdiyini, cavabdehə qızılları nisyə olaraq verdiyini, cavabdeh isə satdıqdan sonra ona bunların pulunu verdiyini, buna görə illər keçdikcə aralarında etibar yarandığını, daha sonra 7-8 il öncə Taciəddinin qızıl ticarətindən uzaqlaşdığını, lakin bir-birilərini tanımadıqlarından təqribən 2 il öncə, 2019-cu ilin yazında Taciəddinin onun Cahan ticarət mərkəzində yerləşən qızıl mağazasına gələrək ondan hədiyyə üçün nisyə kordinal boyunbağı istədiyini, aralarında keçmiş münasibətlərə və etibara görə onu geri qaytara bilmədiyini, onda olmadığından digər qızılsatan yoldaşı Nihaddan 128 qr ağırlığında o vaxtkı dəyəri 8960 manat olan qızıl boyunbağını götürüb Taciəddinə verdiyini, Nihada isə pulunu özünün verdiyini, ondan 5-6 ay sonra Taciəddinin gələrək 72 qramlıq o vaxtkı dəyəri 5040 manatlıq kişi üçün qızıl qolbaq aldığını və qısa zamanda hər ikisinin pulunu qaytaracağını bildirdiyini, ondan bir neçə ay sonra isə yanına iki qadın göndərdiyini, qohumu olduğunu və onun hesabına onlara 1 ədəd 3700 manatlıq brilliant boyunbağı (sırğa, üzük, qolbaq, sep) dəsti verməsini xahiş etdiyini, iddiaçının həmin boyunbağını dediyi qadına verdiyini, ondan 3-4 ay sonra Taciəddin yenidən ona zəng edərək həmin iki qadının yenə gələcəyini və onlara Taciəddinin hesabına 1 ədəd 1460 manatlıq brilliant boyunbağı və 1 ədəd 1700 manatlıq brilliant üzük, 1 ədəd 1000 manatlıq brilliant üzük verməyini xahiş etdiyini, iddiaçının həmin zinət əşyalarını dediyi qadınlara verdiyini, Taciəddinlə araları yaxşı olduğundan ona inandığını, hər dəfə ona pulları tezliklə verəcəyini dediyini, bundan əlavə Naxçıvan şəhərində ona məxsus olan yaşayış evinin yola tərəf hissəsində yeni mağaza açmaq istədiyini, lakin lisenziya almaq lazım olduğunu, Taciəddinin ondan bunun üçün pul alaraq mağaza üçün lisenziya alacağını dediyini, iddiaçının lisenziya almaq üçün Taciəddinə ayrı-ayrı vaxtlarda ümumilikdə 45500 (qırx beş min beş yüz) manat pul verdiyini, sonradan Taciəddinin nə lisenziya almağa kömək edib, nə də pulları qaytarmadığını gördüyünü, aradan uzun müddət keçməsinə baxmayaraq hər zaman onu bəhanələr gətirərək aldatdığını, bu günə kimi ona olan borclarını ödəmədiyini, o bu pulu tələb edəndə hərdən bir yalan dediyini, müxtəlif bəhanələrlə bundan imtina etdiyini, göstərilən səbəbdən ağır maddi vəziyyətə düşdüyünü, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək Şərur rayon Çərçiboğan kənd sakini Cavabdeh 45500 manat verdiyi pulun, ondan aldığı 128 qr qızıl boyunbağı, 72 qr qızıl boyunbağı, 1 brilliant dəsti, 1 brilliant boyunbağı və 2 brilliant üzüyünün dəyəri olan 21860 manat olmaqla, ümumilikdə 67360 (altmış yeddi min üç yüz altmış) manat məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq etmiş və əlavə olaraq iddia ərizəsində səhvən 2019-cu ilin yazı yazdığını, torpağın alqı-satqı sənədlərinə baxanda 2018-ci ilin yazından söhbət getdiyini xatırladığını, Taciəddinin qızıl alverindən uzaqlaşan vaxt ona heç bir borcu qalmadığını, Taciəddinə qızılları verdiyi vaxt qızılın qramının 75-80 manat olduğunu, yanına gələn qadınların adlarını bilmədiyini, sadəcə üzdən tanıdığını, bir dəfə o qadını görəndə qızılların pulunu istədiyini, o isə qızılın pulunu Taciəddinə verdiyini bildirdiyini, ona etibarı yarandığı üçün Taciəddinin ondan 20000- 30000 manatlıq qızıl alıb-satdığını, pulunu qaytardığını, zamanla ona inandığını, dükanının yanlız ərzaq xidməti adı altında fəaliyyət göstərdiyini, lakin o müxtəlif təyinatlı adı altında istifadə etmək üçün lisenziya almaq istədiyini, Taciəddinin adamı olduğunu və bu işdə ona köməklik edəcəyini bildirdiyini, bunun üçün Taciəddinə 15000 manat verdiyini, indi evin də, mağazanın da sənədlərinin Taciəddində olduğunu, həmçinin kürəkəninin işə bərpa olunması üçün əlavə dollar ticarəti ilə məşğul olan Murtuz adlı şəxsdən 12000 manat borc aldığını, ümumilikdə bu işlə əlaqədar Taciəddinə 29500 manat pul verdiklərini, hətta cavabdehdən 94000 manata Bakıda torpaq sahəsi aldığını, onun pulunu hissə-hissə ödədiyini, lakin sonradan aldadıldığını anladığını, indi həmin torpağı heç 40000 manata sata bilmədiyini, Taciəddinlə hər bir işin pulunu ayrı-ayrı verdiklərini, işləri bir-birinə qarışdırmadıqlarını, ona görə də Taciəddinin borcunu aldığı qızıllardan çıxmadığını bildirmişdir. 01.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında 1998-ci ildən 2010-cu ilə qədər qızıl ticarəti ilə məşğul olduğunu, qızılları Türkiyədən gətirib satdığını, gətirdiyi qızılları Naxçıvana, Bakıya yolladığını, 2018-ci ilə qədər Əli ilə heç bir münasibətinin olmadığını, bir-birilərini qızıl satan kimi tanıdıqlarını, bir gün iddiaçının ona zəng edərək X12 almaqda köməklik etdiyi şəxslə iş görməməyini bildirdiyini, qızının yol kənarında olan evinin qapısının açılmalı olduğunu bildirdiyini, həmin evin qapılarının sərəncamla açıq olması göstərilsə də, açıq olmadığını, iddiaçıya köməklik etdiyini, Naxçıvan Şəhər İcra Hakimiyətində olan tanışlarından evin qapısının açılmasını xahiş etdiyini, evin qapısını açdırdığını, ondan sonra qızıl almaq üçün onun dükanına getdiyini, 1 ədəd qızıl boyunbağı, 1 ədəd kişi üçün qolbaq aldığını, lakin pulunu ödəmədiyini, bu söhbətlərdən sonra Əliyə Türkiyə Respublikasından gətirdiyi 300 qr qızılı bir, 330 qr qızılı isə bir satdığını, həmin qızılların pulunu ona qaytardığını, əgər iddiaçıya o qədər borcu var idisə, iddiaçının borcu ordan nə üçün çıxmadığını başa düşmədiyini, bir gün baldızı və baldızının baldızını Əlinin dükanına qızıl almaq üçün göndərdiyini, onlara “nə götürüsünüzsə götürün, pulu mən verəcəm” dediyini, onlar da özlərinə lazım olan qızılları onun adından Əlidən aldıqlarını, həmin qadınların nə aldığını bilmədiyini, həmin qadınların adını demək istəmədiyini, qadınların borcunun onun borcu olduğunu, bundan əlavə Bakıda cavabdehin öz adına torpaq sahəsi olduğunu, həmin torpağı Əliyə satmağı təklif etdiyini, torpağı 100000 manata satsa da, Əli ilə 96000 manata razılaşdıqlarını, torpağı sənədləşdirəndən sonra onun pulu hissə-hissə verdiyini, ona lisenziya almaq üçün ödədiyi 15000 manatı torpağın pulundan çıxdığını, sonra ona 2 torpaq sahəsi satdığını, birinin dəyərinin 35000 manat, digərininkinin 40000 manat olduğunu, iddiaçının həmin pulları ödədiyini, Əlinin kürəkəninin DYPİ-də işlədiyini, işdən çıxarıldığını, iddiaçının onu işə qaytarmaq üçün köməklik etməyi ondan istədiyini, cavabdehin ona köməklik etdiyini, Nihad adlı şəxsi tanımadığını, həmin qızılları elə onun özündən aldığını, aralarındakı torpaq alqı-satqısının bütün söhbətlərdən sonra olduğunu, torpağı 06.04.2018-ci ildə satdığını, qızıl məsələsinin qabaq olduğunu, onun və qadınların götürdüyü qızılların toplam dəyərinin 5400 manat olduğunu, həmin qadınlardan qızılın pulunu aldığını, Əlinin ona “sən mənə köməklik etmisən, o qızılların pulunu sənə bağışladım” dediyini, kürəkəninin işə qaytarılmasında onu sadəcə müəyyən adamlarla əlaqələndirdiyini, Əlinin özünün hər şeyi yaxşı bildiyini, 10000 manat pulu DİN idarə rəisi Əşrəf müəllimə verdiyini bildirmişdir. 01.07.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində iştirak edən X7 ifadəsində Əli ilə quda olduğunu, oğlunun DYPİ-də işlədiyini, 10.05.2018-ci ildə sərəncama verildiyini, oğlunun işə qaytarılması üçün Əli ilə danışdığını, Əli onun işə qaytarılmasında kömək edəcək adamın olduğunu və bunun üçün müəyyən məbləğdə pul lazım olacağını bildirdiyini, buna görə torpaq sahəsini 12500 manata satıb həmin pulu qudası Əliyə verdiyini, Əlinin isə həmin pulu Taciəddinə verdiyini, 12.10.2019-cu ildə yenidən qudasına 5000 manat pul verdiyini, toplamda oğlunun işə qayıtması Əliyə 17500 manat pul verdiyini, pulu Taciəddinə verən zaman görmədiyini, onların telefon danışıqlarının eşitdiyini, danışıq olan zaman Taciəddinin aralarındakı söhbətlər barədə qudasının xəbərinin olmamasını dediyini bildirmişdir. 22.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində iştirak edən X8 ifadəsində təxminən 2 il əvvəl oğluna nişan üzüyü almaq üçün Taciəddinin tanışı olan Əlinin mağazasına getdiklərini, Taciəddinin onlara “aldıqları qızılların pulunu ona verəcəklərini” dediyini, həmin vaxtı Əlidən 730 manat dəyərində nişan üzüyü aldıqlarını, bir müddətdən sonra rəfiqəsi ilə birlikdə Əlinin mağazasına getdiklərini, təqribən dəyəri 3200 manat olan sırğa, üzük, qolbaq və sepdən ibarət qızıl dəsti, təqribi dəyəri 1200 manat olan brilyant üzük, dəyəri təqribən 700 manat olan brilyant üzük aldıqlarını, amma ümumilikdə aldıqları 4 adda qızıllara görə Taciəddinə 5700 manat pul verdiklərini dədiq bildiyini, eyni zamanda aldıqları qızılların qiymətində Əlinin onlara xeyli güzəşt etdiyini, Əlidən 1460 manat dəyərində qızıl boyunbağı almadıqlarını bildirmişdir. 22.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində iştirak edən X9 ifadəsində Cavabdeh ilə əvvəllər Bakı şəhərində tanış olduqlarını, bir dəfə söhbət əsnasında ona nişanlnacağını dediyini, o da qızıl satan tanışının olduğunu, qızıl almaq istəyərsə onun yanına getməyini dediyini, lakin “nə qızıl alacaqlarsa hamısının pulunun ona vermələrini” dediyini, 2019-cu ildə Taciəddinin onu anası ilə Əlinin mağazasına göndərdiyini, 730 manata nişan üzüyü aldıqlarını, digər qızılların alınmasında onun iştirakı olmadan alındığını, ümumilikdə Əlidən 4 adda qızıl alındığını, həmin qızıllara görə Taciəddinə 5700 manat pul verdiyini, sonralar Taciəddinin ona zəng edərək başqa tanışları varsa qızıl almaları üçün Əlinin yanına göndərilməsini ona dediyini bildirmişdir. 22.09.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində iştirak edən X6 ifadəsində “Cahan” ticarət mərkəzində qızıl alqı-satqısı ilə məşğul olduğunu, təqribən iki il bundan əvvəl İddiaçı onun mağazasına gələrək təqribi çəkisi 100-130 qram arasında olan ağır çəkili sep aldığını, həmin sepi kimə və hansı məqsədlə satdığını bilmədiyini, sonra gətirib pulunu verdiyini, həmin ərəfədə həmin qızılın qiymətinin 6000-7000 manat arasında dəyişdiyini, Taciəddini ümumiyyətlə görmədiyini və tanımadığını, eyni zamanda ağır çəkili seplərin çəkisinin 100 qramla 150 qram arasında dəyişdiyini bildirmişdir. 22.09.2021-ci i il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı əlavə olaraq izahatında şahidlərin ifadəsini eşidəndən sonra iddia ərizəsində qeyd etdiyi 1460 manat dəyərində qızıl boyunbağını onlara satmadığını xatırladığı, onların qeyd etdiyi kimi həmin qızılın nişan üzüyü olduğunu, şahidlərin düzgün dediklərini, onlara 4 adda qızılları nisiyə satdığını, xeyli müddət keçdikdən sonra yaşadıqları məhlələrində Telli xanımla rastlaşdıqları zaman ona qızılların pulunu istədiyini, Telli xanım da ona qızılların pulunun çoxdan Taciəddinə verdiklərini söylədiyini bildirmişdir. Məhkəmə baxışı iclasına mütəxəssis qismində cəlb olunmuş X2 şifahi izahat verərək, məhkəmə baxışı iclasında ona təqdim olunan fotoşəkildəki qızıl-zinət əşyasının saat-broslet olduğunu, həmin qızıl-zinət əşyasının 2018-ci ildə alınmasını və həmin dövrdə qızılın qramının 70- 72 manat olmasını, fotoşəkildə çəkisinin 72 qram olmasını nəzərə alsaq həmin saat-brosletin dəyərinin 5040 manat olması qənaətinə gəlməyə əsas verdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunan xüsusatları, eyni zamanda əvvəlki məhkəmə baxışı iclaslarında verdiyi izahatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında əvvəlki məhkəmə iclasında verdiyi izahatla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl- zinət əşyaları olan boyunbağı və qolbağı iddiaçıdan aldığını, əvvəlki məhkəmə iclasında da verdiyi izahatındada etiraf etdiyini, amma onların pulunu iddiaçının ondan aldığı torpaq sahəsinə görə borcundan sildiyini, eyni zamanda qızılların qiymətlərinin iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi şişirdilmiş qiymətlərlə almadığını, iddiaçının boyunbağının qiymətinin 5760 manat, qolbağın isə 2380 manat olmasını, eyni zamanda torpaq sahəsinə görə borcundan ayrı-ayrı vaxtlarda verdiyi pulları bir kağıza yazaraq ona verdiyini, həmçinin tanışlarının da Əlidən aldığı qızılların pullarını da ona olan borcundan sildiyini qeyd edərək həmin yazıların yazıldığı kağızın surətini məhkəməyə təqdim edərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı əlavə olaraq izahatında cavabdehin qeyd etdiklərinə münasibət bildirərək həmin kağıza yazılmış yazını həqiqətən də üzünün yazdığını, həmin yazıda yazılmış sepin 128 qram, dəyərinin 5760 manat, qolbağın 63 qram, dəyərinin 2380 manat olması həmin qızılların real dəyərini əks etdirmədiyini, onların “lom” qiymətlərini əks etdirdiyini, eyni zamanda cavabdehin ondan aldığı qızılların pullarını ona olan borclarından silməsi barədə qeyd etdiyinin hamısının yalan olduğunu, onların elə bir razılaşmalarının olmadığını, bildirmişdir. Məhkəmə baxışı iclasında cavabdehin təşəbbüsü ilə şahid qismində iştirak edən X5 ifadəsində Taciəddinin onun dayısı oğlu olduğunu, birlikdə təsərrüfat işləri ilə məşğul olduqlarını, Taciəddindən Bakı şəhərində olan torpaq sahəsini Əlinin adına keçirdiyini eşitdiyini, həmin torpaq sahəsinin qiymətini 94000 manata razılaşdıqlarını, həmin torpağın pulunu Əlinin hissə-hissə Taciəddinə ödədiyini eşitdiyini bildirmişdir. Məhkəmə iş materiallarında olan sübutları qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 03 iyun 2021-ci il tarixli 5469 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Şərur filialı vasitəsilə dövlət büdcəsinə 30 (otuz) manat rüsum ödəmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12.04.2018-ci il tarixli, Seriya RX ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində olan 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 63.8 kv.m olan 255 V saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsində 2019-cu ildə Cavabdeh 128 qr ağırlığında o vaxtki dəyəri 8960 manat olan qızıl boyunbağı və 72 qr ağırlığında o vaxtki dəyəri 5040 manatlıq kişi üçün qızıl qolbaq verdiyini, lakin cavabdehin həmin qızılların pulunu ona ödəmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh həmin qızılları iddiaçıdan aldığını etiraf etmiş, lakin iddiaçının ona borcu olduğundan qızılların pulunu ödəmədiyini onun borcundan çıxdığını bildirsə də, iddiaçının ona borcunun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda iddiaçı tərəfindən bu hal rədd edilmişdir. Eyni zamanda o da müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsində boyunbağının dəyəri olaraq 8960 manat, kişi üçün qolbağın dəyəri olaraq 5040 manat tələb etsədə, cavabdeh tərəfindən məhkəməyə idddiaçının öz xətti ilə qeyd edilmiş vərəq təqdim etmişdir ki, həmin kağızda 128 qr qızıl boyunbağının dəyərinin 5760 manat, 63 qr qızıl qolbağın dəyərinin isə 2380 manat olması qeyd edilmiş, iddiaçı tərəfindən həmin vərəqdə yazılmış yazının ona məxsus olduğunu etiraf etsə də, həmin kağızda yazılmış qiymətlərin boyunbağının və qolbağın real dəyərini əks etdirmədiyini, onların “lom” qiymətlərini əks etdirdiyini bildirsə də, bu hala məhkəmə tərəfindən ağılabatan hesab edilməmişdir. Cavabdehin təqdim etdiyi sübutla qolbağın dəyəri müəyyən edildiyindən, məhkəmə mütəxəssisin qolbağın dəyəri ilə bağlı məsləhətinə istinad etməyi zəruri hesab etmir. Həmçinin iddiaçının iddia ərizəsində tələb etdiyi 1 ədəd 3700 manatlıq brilliant dəst (sırğa, üzük, qolbaq, sep), 1 ədəd 1460 manatlıq brilliant boyunbağı, 1 ədəd 1700 manatlıq brilliant üzük və 1 ədəd 1000 manatlıq brilliant üzük tələbi ilə bağlı məhkəmə iclasında iştirak edən şahidlərin izahatı ilə müəyyən edilmişdir ki, onlar iddiaçıdan 5700 manat dəyərində 4 adda qızıl zinət əşyası aldıqlarını, lakin onların pulunu Tacəddinə ödədiklərini, lakin iddiaçıdan 1460 manatlıq brilliant boyunbağı almadıqlarını bildirmişlər. Məhkəmə iclasında iddiaçı həqiqətəndə onlara 1460 manat dəyərində qızıl boyunbağı satmadığını xatırladığını, onların qeyd etdiyi kimi həmin qızılın nişan üzüyü olduğunu bildirmişdir. Eyni zamanda cavabdeh həqiqətəndə iddiaçıdan qızıl-zinət əşyalarının pulunu aldığını, iddiaçının ona olan borcundan çıxdığını bildirsədə buna dair sübutları məhkəməyə təqdim etməmiş, eyni zamanda iddiaçı tərəfindən bu hal rədd edilmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh 128 qr qızıl boyunbağının dəyəri olan 5760 manat, 63 qr qızıl qolbağın dəyəri olan 2380 manat, 1 brilliant dəstin, 1 ədəd sadə üzüyün, 2 ədəd brilliant üzüyün dəyərləri olan 5700 (beş min yeddi yüz) manat olmaqla, cəmi 13840 (on üç min səkkiz yüz qırx) manat tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. İddia tələbinin digər hissəsində Cavabdeh hərəkətləri cinayət xarakterli olmaqla Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibinin yaranması üçün əsaslı şübhələr olduğundan həmin xüsusatların yoxlanılması və hüquqi qiymət verilməsi üçün bu barədə xüsusi qərardad çıxarılaraq araşdırılması üçün Şərur rayon prokuroruna göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır... -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər; - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir; - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının iddia tələbi qızıl-zinətə dair hissədə qismən, yəni 128 qr qızıl boyunbağının dəyəri olan 5760 manat, 63 qr qızıl qolbağın dəyəri olan 2380 manat, 1 brilliant dəstin, 1 ədəd sadə üzüyün, 2 ədəd brilliant üzüyün dəyərləri olan 5700 (beş min yeddi yüz) manat olmaqla, cəmi 13840 (on üç min səkkiz yüz qırx) manat hissədə sübut edilmiş, cavabdeh isə iddiaya qarşı etirazını yalnız öz izahatı ilə əsaslandırmışdır. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir; -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 14 manatı iddiaçıya aid edilməli, 6 (altı) manatı isə Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 128 qr qızıl boyunbağının dəyəri olan 5760 manat, 63 qr qızıl qolbağın dəyəri olan 2380 manat, 1 brilliant dəstin, 1 ədəd sadə üzüyün, 2 ədəd brilliant üzüyün dəyərləri olan 5700 (beş min yeddi yüz) manat, cəmi 13840 (on üç min səkkiz yüz qırx) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 6 (altı) manatı olmaqla, ümumilikdə 13846 (on üç min səkkiz yüz qırx altı) manat pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar