Məhkəmə qərarları › İş №2(110)-477/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-477/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-477/2024 03.06.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mamed oğlundan mağazadan götürdüyü ərzaq məhsullarına görə olan borcundan qalan 241.6 (iki yüz qırx bir manat altmış qəpik) manat borcunun və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat, cəmi 271.6 (iki yüz yetmiş bir manat altmış qəpik) pulun Cavabdeh Mamed oğlundan alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur şəhərində Ticarət Mərkəzində ərzaq malları mağazasında ərzaq mallarının pərakəndə satışı ilə məşğul olduğunu, Şərur rayon Oğlanqala kənd sakini Cavabdeh Mamed oğlu ilə də mağazadan alver edərkən tanış olduğunu, təqribən 2023-cü ilin payız aylarında Cavabdeh ailəsi ilə mağazaya gəldiyini və imkanı olmadığını, ona nisyə ərzaq məhsulları verməyini xahiş etdiyini və pulunu pensiyasını alıb verəcəyini bildirdiyini, onun da onun əlində qastil olduğundan onun əlil olduğunu düşünərək, ona nisyə ərzaq məhsulları verməyə razı olduğunu, onların mağazadan 291.60 manatlıq ərzaq məhsulu götürdüklərini, Cavabdeh bugünə kimi mağazadan götürdüyü ərzaq məhsullarına görə ödəyəcəyi puldan 50 manat ödədiyini, 241.60 manat borcu qaldığını, onun dəfələrlə Cavabdeh telefonla zəng edərək və hətta Oğlanqala kəndində yaşadığı evə gedərək mağazaya olan borcunu ödəməsini bildirsə də Marat Muradpovun ona pulunu olmadığını və mağazaya olan borcunu verməyəcəyini bildirdiyini, ona görə də Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə baxışi iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq cavabdeh tərəfindən ona Kapital Banka məxsusu, müddəti keçməmiş iki ədəd pensiya kartı verildiyini, lakin pensiyalar ödənilən vaxtı dəfələrlə həmin Banka məxsus post terminallar vasitəsilə həmin kartlardan istifadə edərək pul çəkmək istəsə də, kartların heç birinin balansında pulun olmadığını gördüyünü, Cavabdeh telefonla zəng edərək və hətta Oğlanqala kəndində yaşadığı evə gedərək mağazaya olan borcunu ödəməsini bildirsə də Marat Muradpovun ona pulunu olmadığını və mağazaya olan borcunu verməyəcəyini bildirdiyini qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Mamed oğluna məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X3 ifadəsində İddiaçı mağazasında satıcı işlədiyini, Maratın tez-tez gəlib alver etdiyini, dəfələrlə mağazadan alver etdiyini, nisyə götürdüyü malların pulunu əvvəl gətirib verdiyini, sonuncu dəfə arvadıyla mağazaya gəldiyini, istədiyi ərzaq mallarını hazırlayıb ona verdiyini, aldığı nisyə ərzaq mallarının pulu gətirib vermədiyini, İddiaçı dəfələrlə onunla danışdığını, evlərinə getdiyini, lakin mağazaya olan borcunu gətirib vermədiyini bildirmişdir. Məhkəmə baxışı iclasına iddiaçının təşəbbüsü ilə dəvət edilən şahid X2 ifadəsində Şərur bazarında araba sürdüyünü, müştərilərin aldıqları maşınlara qədər daşıdığını, Maratı tanımasa da, İddiaçı onu çağırdığı zaman dükandan alınan malları onların avtomobilinə qədər daşıdığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Dükandan ərzaq mallarının vətəndaşlara nisyə satılmasına dair dəftərin vərəqinin surətindən görünür ki, Cavabdeh mazadan nisyə aldığı ərzaq məhsullarına görə borclu olduğu 291.60 manat puldan 50 manatını ödəsədə, mağazaya 241.60 manat borcu qalmışdır; - 4169 7416 9353 9809 və 4169 7416 4743 8215 nömrəli Kapital Bank tərəfindən verilmiş kartlar Cavabdeh məxsusdur; - Dövlət rüsumu ödənilməsi barədə qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2024-cü il tarixli 5936 nömrəli qəbzlə dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə də, məhkəmə tədqiqatı zamanı Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan Cavabdeh Şərur Ticarət mərkəzində iddiaçıya məxsus ərzaq mağazasından 291.60 manat məbləğində nisyə ərzaq malları alması, həmin puldan 50 manatını qaytarması, nəticədə onun iddiaçıya ümumilikdə 241.6 manat borcunun qalması ərzaq mallarının vətəndaşlara nisyə satılmasına dair dəftərin vərəqinin surətindən, iddiaçının izahatın və şahidlərin ifadələri ilə öz tədiqini tapmışdır. İddiaçının izahatından şahidin ifadəsindən də görünür ki, cavabdehdən dəfələrlə borcunu ödəməsi tələb edilsədə, o, borcunu ödəməkdən yayınmışdır. Beləliklə də, məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür; - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Göründüyü kimi iddiaçı iddia tələbinin əsaslı olmasını məhkəmədə sübut etmiş, cavabdeh isə məhkəməmə iclasında iştirak etməkdən yayınmış, eyni zamanda iddia tələbini təkzib edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin; - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzidə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə qeyd edirki, Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan Cavabdeh 241.60 (iki yüz qırx bir manat altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 271.60 (iki yüz yetmiş bir manat altmış qəpik) manat məbləğində pul alınaraq ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ödənilməlidir Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır...; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Oğlanqala kəndində qeydiyyatda olan Cavabdeh 241.60 (iki yüz qırx bir manat altmış qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 271.60 (iki yüz yetmiş bir manat altmış qəpik) manat məbləğində pul alınaraq ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar