Məhkəmə qərarları › İş №2(110)-48/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-48/2025

15.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-48/2025 15.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maşın almaq üçün ödədiyi pulun qalanını, 500 (beş yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat, cəmi 530 (beş yüz otuz) manat pulun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun Şərur rayon Alışar kənd sakini Cavabdeh əvvəllər tanımadığını, təqribən 2023-cü ilin iyun ayına maşın almaq istədiklərini və Şərur rayon Alışar kənd sakini Cavabdeh bir ədəd Opel markalı maşın olduğunu və satmaq istədiyini öyrəndiklərini, Cavabdeh maşına baxmaq üçün Şərur rayon Yengicə kəndinə yaşadıqları evə gətirməsini xahiş etdiyini, Cavabdeh maşını həyətə gətirdiyini, maşına baxdıqlarını və maşının bəzi yerlərində çürüklər olduğundan həmin çürümüş yerləri təmir etdirib yenidən rənglədərsə alacaqlarını bildirdiyini, Cavabdeh əlində pulu olmadığını, maşını təmir etdirməyə ona pul lazım olduğunu, ona görə də ona bir miqdar pul verməklərini, pulun qalanını isə maşını təmir etdirib gətirdikdən sonra verə biləcəklərini bildirdiklərini və onlar maşını ondan 3500 manata almaqları barədə razılaşdıqlarını, ilkin olaraq ona 3000 (üç min) manat pul ödədiyini və pulun qalan 500 manatını isə maşını gətirdikdən sonra verəcəyini bildirdiyini, Cavabdeh getdikdən təqribən 10 gün sonra ona maşını gətirməsini bildirdiyini, Cavabdeh hələ maşının təmirini qurtarmadığını, bir az da vaxt verməklərini bildirdiyini, təqribən bir ay ərzində dəfələrlə Cavabdeh maşını gətirməsini bildirsə də o hər dəfə bir bəhanə ilə maşını gətiməkdən yayındığını, onun Cavabdeh aralarında olan razılaşmadan bir aydan çox vaxt keçdiyini, hələ də maşını təmir etdirib vermədiyini, artıq maşını almaq istəmədiyini və maşını almaq üçün ona ödədiyi 3000 manat pulu qaytarmasını bildirdiyini, Qurban pulu olmadığını, maşını satıb ondan aldığı pulu qaytara biləcəyini bildirdiyini, bu müddət ərzində dəfələrlə Cavabdeh ondan aldığı pulu qaytarmasını tələb etsə də onun ona hərdən 1500 manat və 1000 manat olmaqla iki dəfəyə 2500 manat pul qaytardığını, qalan 500 manat pulu isə hələdə pul qaytarmadığını, onun bu müddət ərzində dəfələrlə Cavabdeh istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna zəng etsə də onun zənglərinə cavab vermədiyini və ya onun telefonuna zəng catmadığını, ona görə də Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını, onun Cavabdeh maşın almaq üçün ödədiyi pulun qalanını, 500 (beş yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat, cəmi 530 (beş yüz otuz) manat pulun alınaraq ona ödənilməsini istədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada dəfələrlə məlumat verilmiş, o, məhkəmə iclaslarına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən Süleymanova Ruqiyyə ifadəsində o, Hökumənin onun baldızı olduğunu, bir evdə yaşadıqlarını, Hökumənin qardaşı Usuba avtomobil almaq istədiyini dediyini, maşını sahibi Qurban onların küçəsinə gətirdiyini, o, Hökumə və yoldaşı Usub küçəyə çıxdıqlarını, avtomobilə baxdıqlarını və avtomobili bəyəndiklərini, lakin avtomobilin bir neçə təmirə ehtiyacı olan nahiyələri olduğunu, avtomobilə Hökumənin nə qədər pul verdiyini xatırlamadığını, ondan sonra Qurbana avtomobilin bu hisələrini düzəltdirib gətir dediklərini, yoldaşının avtomobili yoxlamaq üçün Qurbanla birlikdə getdiklərini, bir azdan həyətə gəldiklərini, Hökumə “Qurbana avtomobilin bu hissələrini düzəltdirib 10 günə qaytar” dediyini, 10 gün sonra Qurban avtomobili eyni şəkildə gətirərək “usta tapa bilmədiyin, usta tapan kimi bir gün aparıb düzltirərəm” dediyini, Hökumənin onunla razılaşmadığını, “mənim pulumu qaytar, mən avtomobili istəmirəm” dediyini, Hökümənin Qurbandan dəqiq nə qədər pul aldığını bilməsədə Qurban aldığı pulun 1000 manatını bir dəfə, 500 manatını isə Şərur rayon Polis idarəsində Höküməyə qaytardığından xəbərinin olduğunu, Qurbanın Hökümənin 500 manatını 1 ildir qaytarmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 ifadəsində Hökumənin onun bacısı olduğunu, bacısı ona avtomobil alacağını dediyini, Şərur rayon Alışar kənd sakini Qurban adlı şəxsin Opel markalı avtomobil satdığını eşitdiyini, bu barədə Höküməyə dediyini, Qurban həmin avtomobili onların Yengicə kəndində onların evinin qapısına gətirdiyini, o, bacısı və arvadı avtomobilə baxdıqlarını, avtomobili bəyəndiklərini, avtomobilin bir neçə yerdən təmirlik işi olduğunu, bacısının Qurbana həmin hissələri düzəltirməsini dediyini, Qurbanla avtomobilin qiymətini 3500 manata razılaşdıqlarını, bu şərtə ki, həmin hissələri təmir edəcəkdi, bacısı gətirib Qurbana 3000 manat pul verdiyini, qalanını avtomobili düzəltdikdən sonra verəcəkləri barədə razılaşdıqlarını, Qurbanın avtomobili 3 günə düzəltdirib gətirəcəyini dediyini, həmin vaxtdan 10 gün keçdiyini, məcbur qalıb Alışar kəndinə gedib Qurbanı gördüyünü, Qurbanın maşını düzəltdirmədiyini, boya ustası tapa bilmədiyini dediyini, düzəltdirib verəcəm dediyini, bir neçə gündən sonra Qurbanın Yengicə kəndinə gələrək kənd mərkəzindən onu götürdüyünü, evə getdiklərini, bacısına “avtomobili düzəldə bilmədim vaxtım olmadı, imkan olan kimi gəlib aparıb düzəltdirəcəyini” dediyini, bacısının isə Qurbanla razılaşmadığını, “pulumu qaytar mən maşını istəmirəm” dediyini, Qurbanın maşını sürüb getdiyini, gətirib bacısına 1500 manat qaytardığını, 1000 manatını bir müddət sonra qaytardığını, 500 manat borcunun qaldığını, onuda yaxın vaxtlarda gətirib verəcəyini dediyini, bir müddətdən sonra Qurbangilin həyətinə getdiyini, onların pulunu qaytarması üçün onun anasına dediyini, anasının onu həyətdə qovaladığını, ondan Şərur rayon Polis idarəsinə şikayət etdiyini, onu polisə çağırdıqlarını, 50 manat cərimə etdiklərini, Qurbanın dayısı ona 500 manatı özünün verəcəyini dediyini, bir neçə gündən sonra ona zəng etdiyini, lakin dayısının da telefona cavab vermədiyini, Qurbanın bacısının 500 manatını 1 ildir qaytarmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını və şahid ifadəsini qarşılıqlı qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı məhkəmə şahid ifadəsini mötəbər sübut kimi qiymətləndirərk belə qənaətə gəlir ki, şahidlərin ifadələləri ilə müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı cavabdehə avtomobilin alınması üçün ilkin olaraq 3000 manat məbləğində pul verilmişdir. Lakin tərəflər arasında avtomobilin alqı-satqısı barədə sövdələşmə baş tutmadığı üçün iddiaçı avtomobili almaqdan imtina etmiş, cavabdeh isə həmin pulun 2500 manatını qaytarsada həmin pulun 500 manatını qaytarmadığından iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehə dəfələrlə məhkəmə iclaslarının yeri və vaxtı barədə dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş və həmin pulu iddiaçıya qaytarmasına dair də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya olan borc ödənilmədiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borclu olduğu 500 (beş yüz) manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaşı tərəfindən cavabdehə pulun verilməsi öz təsdiqini tapmış, lakin cavabdeh pulun iddiaçıya qaytarılması öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçının cavabdehə pul verdiyini şahid ifadəsi ilə sübut etmiş, cavabdehə isə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş və həmin pulu iddiaçıya qaytarmasına dair də məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzidə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Şərur rayon Alışar kəndində qeydiyyatda duran Cavabdeh 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manatı olmaqla, ümumilikdə 530 (beş yüz otuz) məbləğində pul alınaraq Şərur rayon Yengicə kəndində qeydiyyatda duran İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Alışar kəndində qeydiyyatda duran Cavabdeh 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manatı olmaqla, ümumilikdə 530 (beş yüz otuz) məbləğində pul alınaraq Şərur rayon Yengicə kəndində qeydiyyatda duran İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar