Məhkəmə qərarları › İş №2(110)-481/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-481/2024

30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-481/2024 30.07.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı və Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19000 (on doqquz min) manat borcun və dövlət rüsumu olaraq ödədiyi 147 (bir yüz qırx yeddi) manat, cəmi 19147 (on doqquz min bir yüz qırx yeddi) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi cavabdehi çoxdan tanıdığını, Şərur şəhər H.Əliyev prospekti ünvanında yerləşən İnternet və Yeni texnologiyaların tədrisi mərkəzi binasında “Arzu” foto studiyasını işlətdiyini, cavabdehlə əvvəllər hər hansı bir ədavətləri və düşmənçiliklərinin olmadığını, cavabdehin 2022-ci ilin aprel-may aylarında “Arzu” foto studiyasına yeni avadanlıqlar almaq istədiyini, lakin yeni avadanlıqların alınması üçün ona pul verməsini xahiş etdiyini, borcunu tez bir zamanda qaytaracağını, cavadehi tanıdığından və onun səmimiyyətinə inandığından heç bir rəsmi sənəd almadan ona 19000(on doqquz min) manat borc pul verdiyini, həmin vaxtdan bir ildən artıq vaxt keçməsinə baxmayaq cavabdehin hələ də borcunu qaytarmadığını, ona dəfələrlə borcu qaytarmağını bildirsə də, hər dəfə pulu olmadığını bildirərək borcunu qaytarmaqdan yayındığını, məcbur qalıb bu barədə Şərur rayon Polis İdarəsinə müraciət etdiyini, cavabdehin xx.xx.2023-cü il tarixdə borcunun bir hissəsini xx.xx.2023-cü il tarixdə özünəməxsus avtomobili satdıqdan sonra verəcəyini, borcun qalanını isə hər ay 1500- 2000 manat aralığında verməklə 2023-cü ilin dekabr ayının 15-dək tam həcmdə ödəyəcəyi barədə yazılı iltizam verdiyini, həmin vaxtan bir aydan artıq vaxt keçməsinə baxmayaraq cavadehin borc aldığı 19000 (on doqquz min) manatı hələdə qaytarmadığını, maddi imkanının yaxşı olmadığını, bu gün həmin pula çox ehtiyacı olduğunu, bu səbəbdən də cavadeh Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclaslarında iştirak Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində göstərdiyi halları təsdiq etdiyini, 10 ildir ki, cavabdehlə dostluqlarının olduğunu, pulu ona yoldaşının xəstə olması, uşaqların xaricdə təhsil alması, material alması üçün hissə-hissə olaraq verdiyini, cavabdehdən başqa 8 nəfərin də ona borcu olduğunu, cavabdehin ondan sui-istifadə etdiyini, cavabdehin ona avtomobilini satıb pulunu qaytaracağını bildirdiyini, lakin ona olan borcunu qaytarmadığını, onu pis vəziyyətə saldığını, suallara cavabında özünün də başqalarına borcu olduğunu, cavabdeh və ona borclu olan digər şəxslərin ucbatından borclarını qaytara bilmədiyi üçün Naxçıvan MR Ağır Cinayətlər Məhkəmsəsi tərəfindən 7 il müddətinə azadlıqdan məhrum olunduğunu, məqsədinin ona olan borcları yığıb özünün borclarını qaytarmaq olduğunu, polis idarəsində cavabdehlə 15 min manata razılaşmasının səbəbinin onun barəsində polis tərəfindən araşdırma başladıldığından qısa müddətdə şikayətçilərin borcunu qaytarmaq üçün pula ehtiyacı olduğunu və Şahinin də qısa zaman içində borcunu qaytarmağa söz verdiyindən Şahinə 4000 manat güzəştə getdiyini, Şahinin isə sözünə əməl etmədiyini, ondan sonra həbs olunduğunu, buna görə də hazırda Şahinin ona olan 19 min manata borcunu qaytarmasını tələb etdiyini, Şahinin ona olan son borcunu vatsap mesenceri vasitəsilə Şahinin özünə göndərdiyini, borca dair qeyd dəftərinin Şahinə məxsus olduğunu, Şahin tərəfindən ona olan borcun həmin dəftərə yazıldığını, onun isə həmin yazının fotoşəklini sübut kimi çəkib vatsapla Şahinin özünə göndərdiyini, Şahin tərəfindən məhkəməyə təqdim edilən həmin dəftərə faiz qeydlərinin sonradan Şahin tərəfindən əlavə edildiyini, buna sübut kimi, whatsappdakı həmin dəftərdən çəkilmiş şəkillərdə faiz barədə qeydlərin olmadığını, Şahinin borcunu ödəməkdən yayınmaq üçün sonradan həmin dəftərə guya faizlər verməsi ilə bağlı qeydlər apardığını bildirərək məhkəmədən iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili iddianı müdafiə etdiklərini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında və verilmiş suallara cavabında iddianı qismən qəbul etdiyini, ilkin izahatlarında iddiaçıya 1660 manat borcunun olduğunu, ərizədə qeyd edilənlərin heç birinin düzgün olmadığını, ətraflı olaraq bildirmək istədiklərini yazılı formada qeyd etdiyini və onu təqdim etdiyini, iddiaçıdan 1000 manat faizi ilə pul götürdüyünü, avadanlıq almağı üçün kredit götürdüyünü, bununla bağlı sübutlarının olduğunu, 2023-cü ilin avqust ayında gecə saat 02:00-da ona bir nəfərin zəng vuraraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətindən olduğunu, Fuada olan 18000 manat borcunun ödənilməsini bildirdiyini, sonra ona hədə-qorxu gəlməyə başladıqlarını, sonradan hədə-qorxu gələnin iddiaçının oğlu olduğunu bildiyini, bu məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvan MR Baş İdarəsinin Şərur Rayon Şöbəsinə müraciət etdiyini və həmin telefon danışığının araşdırılacağını bildirdiklərini, iltizam məsələsinə gəldikdə isə Şərur Rayon Polis İdarəsində ona təzyiq göstərərək iltizama imza atmaqlarını tələb etdiklərini, təzyiq altında imza atdığını, 2023-cü ilin sentyabr ayının 30-da saat 16:00-dan 20:00-dək polis idarəsində saxlanıldığını, Polis idarəsində Bayram müəllim iltizama imza çəkmədən gedə bilməyəcəklərini bildirdiyini, fotoqraf işlədiyi üçün restorana getməli olduğunu, ona görə də imza atıb getdiyini, suallara cavabında polisdən çəkindiyi üçün polisin qanunsuz hərəkəti ilə bağlı məhkəməyə müraciət etmədiyini, təxminən 10 gündən sonra Şərur Rayon Prokurorluğuna müraciət etdiyini, prokurorun onu qəbul etdikdən sonra bu halla bağlı polisə məlumat veriləcəyini bildirdiyini, məhkəməyə təqdim etdiyi dəftəri yandırması ilə bağlı əvvəlki məhkəmə iclaslarında verdiyi izahatın əsəbi olduğu üçün etdiyini, dəftərdəki qeydlərin ona məxsus olduğunu, faizlə bağlı qeydləri sonradan hesablayıb əlavə etdiyini, təqribi hesablamalarına görə iddiaçıya 3-4 min manat borcu olduğunu, borcunu dəqiq bilmədiyi üçün ilkin izhatında və etiraz ərizəsində 1660 manat qeyd etdiyini, buna görə də iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili iddianı qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində və verilmiş sualara cavabında 2023-cü ilin sentyabr-oktyabr ayında 10 nəfər şəxsin müraciət edərək İddiaçı onlara borcu olduğunu bildirdiklərini, araşdırmanın aparılması ona həvalə olunduğunu, İddiaçı izahatını alan zaman Cavabdeh ona borcu olduğunu bildirdiyini, İddiaçı əməli cinayət əməli olduğundan istintaqa təhvil verildiyini, Fuadın izahatında Şahinin adı keçdiyi üçün onu polis idarəsinə dəvət etdiyini, həmin vaxtı Fuad Şahinə dostluğuna görə 3-4 min manatı keçdiyini bildirdiyini, cavabdehin borcu olduğunu və avtomobilini satıb qaytaracağını bildirdiyini, onların bir-biri ilə söhbət edə-edə oradan ayrıldıqlarını, Cavabdeh 18:00-19:00 radələrində dəvət etdiyini, cavabdehə heç bir təzyiq göstərmədiyini, onu nəzakətlə qarşıladığını, hətta ona çay, su təklif etdiyini, həmin vaxtı Əliyev Əlinin onların yanında olmadığını, X2 borcunu hissə-hissə qaytarması ilə bağlı Fuadla razılıq əldə etdiyini, tərəfləri otağında qəbul etdiyini, özlərinin öz aralarında razılığa gəldiklərini, iltizamı isə onun tərtib etdiyini, onların hər iksinin də imzaladığını, zarafatlaşa-zarafatlaşa otaqdan çıxıb getdiklərini, Cavabdeh adı izahatda keçdiyi üçün onu çağırdığını, hər iki tərəf razılığa gəldikləri üçün cavabdehdən iltizam aldığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2023-cü il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh İddiaçı Bəhlul oğluna 15000 manat borclu olduğunu təsdiq edir, həmin borcun bir hissəsini 04 oktyabr 2023-cü il tarixədək ona məxsus avtomobili satdıqdan sonra verəcəyini, qalan hissəsini isə 15 dekabr 2023-cü il tarixədək hər ay 1500-2000 manat ödəməklə borcunu tam qaytaracağına dair yazılı öhdəlik götürür, həmin razılaşmanı hər iki tərəf imzalayır. İş materiallarında olan Şərur Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Şərur Rayon Prokurorluğuna Şərur Rayon Polis İdarəsində ona təzyiq göstərilərək borca dair iltizama imza atması ilə bağlı şifahi və yazılı müraciəti daxil olmamışdır. Həmçinin Şərur Rayon Polis İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı xx.xx.2023-cü il tarixdə istintaqa ərizə verərək Cavabdeh onun etibarından istifadə edərək 19000 manat pulunu alaraq qaytarmadığını bildirmiş, bu xüsusatlar istintaq zamanı araşdırılmış və pulun dələduzluq yolu ilə ələ keçirilməsi öz təsdiqini tapmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan MR Baş İdarəsinin Şərur Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh 2023-cü ildə AR DTX Naxçıvan BR üzrə Baş İdarəsinin Şərur Rayon Şöbəsinə şifahi müraciət edərək əvvəllər X3 borc pul aldığını, ötən müddət ərzində aralarındakı razılığın şərtlərinə uyğun olaraq borcun çox hissəsini ödədiyini, sonradan İddiaçı razılaşmanın şərtlərini pozaraq ondan artıq pul tələb etdiyini, bu zəmində mübahisələrinin yarandığını, məsələnin DİN tərəfindən araşdırıldığını bildirmişdir. Həmçinin, Cavabdeh bu hadisədən sonra özünü İddiaçı yaxın qohumu və DTX əməkdaşı kimi təqdim edən bir nəfərin ona zəng edərək F.MMədova olan borcunu qısa müddət ərzində sonuncuya çatdırmasını söylədiyini, özünün bu barədə RPİ işçilərinə məlumat verdiyini qeyd etmiş, həmin şəxsin tapılaraq cəzalandırılmasını istəmişdir. Cavabdeh z\ng etmiş şəxsin DTX adından istifadə etməsinin sübut edilməsiin mümkün olmadığı, qeyd edilən məsələ ilə bağlı hazırda DİN orqanları tərəfindən araşdırıldığı nəzərə alınaraq araşdırmanın nəticəsini gözləməsi razı qalmayacağı təqdirdə aidiyyəti dövlət orqanına şikayət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında iddiaçıya məxsus Samsung markalı smartfon telefonda iddiaçının istifadəsində olmuş ********** mobil telefon nömrəsi ilə cavabdehin istifadəsində olan ********** mobil telefon nömrələrinin whatsapp hesabları arasındakı yazışmaların tədqiqindən müəyyən olunur ki, tərəflər arasında qeyd olunan nömrələr arasında whatsapp mesencerində qalan yazışma 11 yanvar 2023-cü il tarixdən 5 avqust 2023-cü il tarixədəkdir. Yazışmalardan iş üçün əhəmiyyətli olmayan şəxsi və dostluq münasibətlərinə aid yazılar vardır. 01 aprel 2023-cü il tarixdə “Fuad 19350 m xx.xx.2022” qeydi il başlayan, 29 aprel 2023-cü il tarixdə “Fuad 18800 manat” qeydi il başlayan, 21 iyun 2023-cü il və 5 avqust 2023-cü il tarixdə “Fuad 18800 manat” qeydi il başlayan “sonda 19000 manat borc” yazısı olan, tərəflərin cavabdehə məxsus olduğunu təsdiq etdikləri qeyd dəftərinin vərəqinin şəkilləri vardır. Şəkil iddiaçı tərəfindən cavabdehə məxsus qeyd dəftərindən çəkilərək cavabdehin özünə göndərilmişdir. Həmçinin 21 iyun 2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə “Sənin borcun 19000 m” yazısı göndərilmişdir. Cavabdeh isə iddiaçıya “kartını mənə at” səsli mesajını göndərmişdir. İddiaçı cavabdehə kart şəkli göndərmişdir. Cavabdeh həmin kart hesabına 200 manat göndərmişdir. Həmçinin cavabdehə məxsus olduğu mübahisələndirilməyən qeyd dəftərindən çəkilmiş həmin fotoşəkillərdə faiz qeydləri yoxdur. Məhkəmə iclasında cavabdehə məxsus qeyd dəftərindəki yazıların tədqiqindən müəyyən olunur ki, dəftərdə xx.xx.2021-ci il tarixdən Fuad 7600 qeydi ilə başlayan, xx.xx.2023-cü il tarixdə 19000 manatla bitən 33 səhifəlik qeydlər var, sonuncu iki vərəq iddiaçının telefonunda olan whatsapp proqramında fotoşəklini çəkib cavabdehə göndərdiyi vərəqdir, sonuncu vərəq dəftərdən qoparılıb, qeydlər qaralanıb, ondan öncəki vərəqlərdə isə əlavə faiz qeydləri əlavə olunub. Həmin vərəqlərin iddiaçının telefonunda olan whatsapp yazışmalarında olan şəkillərində isə faiz qeydləri yoxdur. Qeydlərin cavabdeh tərəfindən sonradan əlavə olunduğu müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqəyə uyğun olaraq məhkəmə iclasında cavabdeh tərəfindən təqdim olunmuş, iddiaçı ilə özünün telefon danışıqlarını (hər iki tərəf danışıqların onlara aid olduğunu təsdiq edir) qeydə almasına dair səs yazıları tədqiq olunmuşdur. Səs yazılarının tədqiqindən müəyyən olunur ki, iddiaçı cavabdehdən razılaşmaya uyğun borcunu nə vaxt qaytaracağını soruşur, cavabdeh isə ona bir gün öncə polisdə iltizama zorla qol çəkdirildiyini deyir və borcu qaytarmayacağını bildirir. İddiaçı isə ona etdiyi yaxşlıqları xatırladır, etdiklərinin onun burnundan gələcəyini bildirərək telefonu söndürür. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında dəfələrlə şifahi borc müqaviləsi bağlanmış, iddiaçının cavabdehə 5 avqust 2023-cü il tarixdə 19000 manat borcu olduğu hər iki tərəfin təsdiq və qəbul etdiyi şəkildə əlyazma və whatsapp messencerindəki yazışma ilə öz təsdiqini tapmışdır. Bunda sonra tərəflər Şərur Rayon Polis idarəsində iddiaçının şikayəti ilə araşdırma aparılan zaman xx.xx.2023-cü il tarixdə öz aralarında mövcud borcun 15000 manat olmasının təsdiq edilməsinə və ödənilməsinə dair yazılı razılaşma imzalamışlar. Həmin yazılı razılaşmanı tərəflərin imzalaması işin mübahisə edilməyən halıdır. Mübahisəli hal ondan ibarətdir ki, iddiaçı həmin vaxt təcili pula ehtiyacı olduğu üçün 19000 deyil, 15000 manata razılaşdığını bildirir. Cavabdeh isə polis tərəfindən təzyiq edilidiyi üçün 15000 manat borcu olmasına dair yazılı razılaşmanı imzaladığını bildirir. Lakin borcunun əvvəlcə 1660 manat, son məhkəmə iclasında isə 3000-4000 manat ola biləcəyini bildirir. Cavabdehin iddiaçının faizlə pul verməsi ilə bağlı dediklərinə gəldikdə isə həmin hallar polis tərəfindən araşdırılmış, iddiaçı bununla bağlı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmə tədqiq olunmuş bütün sübutlara məcmu halında qiymət verərək hesab edir ki, tərəflər arasında mövcud borcun bəyanına dair son yazılı iradə ifadəsi məhz xx.xx.2023cü il tarixdə Şərur Rayon Polis idarəsində tərtib olunmuş, tərəflərin hər ikisi tərəfindən imzalanmış yazılı razılaşmadır. Tərəflərin müxtəlif dəlillər gətirərək həmin razılaşmanı şübhə altına almasını məhkəmə tədqiq edilmiş sübutlar, şahid ifadəsi, verilmiş sorğulara alınmış cavablar əsasında ağılabatan hesab etmir. Məhkəmə iddianın qismən təmin olunması ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmin məcəllənin 882.2-ci maddəsinə görə isə Mülki Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 15000 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 15000 manat pul vəsaiti və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 116.05 manat dövlət rüsumu olmaqla, ümumilikdə 15116.05 manat (on beş min yüz on altı manat beş qəpik) alınaraq Şərur rayon Çərçiboğan kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar