Məhkəmə qərarları › İş №2(110)-482/2021

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-482/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-482/2021 21.09.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 25000 ABŞ dolları məbləğində verdiyi pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur rayon M.Mehrab kənd sakini Cavabdeh ilə 2 il bundan əvvəl tanış olduğunu, münasibətlərinin o qədər yaxşı olduğundan bir-birinin evinə gedib-gəldiklərini, Emilin ticarətlə məşğul olduğunu dediyini, ondan mal almaq üçün arada borc pul aldığını, ona istədiyi qədər borc verdiyini, Emilin bu borclardan arada qaytarsa da tam olaraq aldığını qaytarmadığını və borcun getdikcə artdığını, Emilə ayrı-ayrı vaxtlarda ümumilikdə 25000 (iyirmi beş min) ABŞ dolları məbləğində pul borc verdiyini, ona verdiyi puldan 11000 ABŞ dollarını dostundan borc aldığını, Emilin pulları ticarətlə məşğul olduğu üçün almadığının ona sonradan aydın olduğunu, ona verdiyi pulları nə vaxt qaytaracağını soruşduğunu, o da aldığı pulları xərclədiyini, lakin tezliklə geri qaytaracağını söylədiyini, aradan uzun müddət keçməsinə baxmayaraq hər zaman bəhanələr gətirərək onu aldatdığını və bu günə kimi olan borclarını ödəmədiyini, pulu tələb edəndə hərdən bir yalan dediyini, müxtəlif bəhanələrlə bundan imtina etdiyini, göstərilən səbəbdən ağır maddi vəziyyətə düşdüyünü ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək, Cavabdeh 25000 ABŞ dolları məbləğində verdiyi pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxıçı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdikləri xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında Emilin ondan borc pul istədiyini, ona xaricdən mal gətirdiyini, qazancından ona da əlavə pul verəcəyini dediyini, onun çantasında çoxlu sayda idxal sənədləri, qaimələr gördüyünü, ona görə də ona inandığını, Emilə 2020-ci ilin avqust ayında 5000 ABŞ doları, sonra isə qalan pulları hissə - hissə olmaqla, ümumilikdə 25000 ABŞ dolları verdiyini, ona verdiyi həmin pulların yarısını dostu Orucov Kərim adlı şəxsdən alıb verdiyini, Emil ona olan borcunu 3 ay ərzində qaytaracağını bildirdiyini, həmin müddət bitdikdən sonra Emilin pulu qatarmağa fikrinin olmadığını gördüyünü, dəfələrlə onların evinə gedib pulunu istədiyini, lakin hər dəfə bir bəhanə gətirirək aldığı pulları qaytarmaqdan imtina etdiyini, ona görədə məhkəməyə müraciət etməyə məcbur olduğunu qeyd edərək Cavabdeh 25000 ABŞ dolları məbləğində verdiyi pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxıçı iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddianı qismən qəbul etdiyini, Nahidlə 2-3 il bundan əvvəl tanış olduğunu, həmin vaxtı Maliyyə Nazirliyində məsul növbətçi işlədiyini, Nahidin də Sığortada işlədiyini, münasibətlərinin həmin vaxtdan yarandığını, Nahid hər gün gəlib ona “pul verim get özünə iş qur” dediyini, Nahid ona əvvəlcə 2020-ci ilin avqust ayında 500 ABŞ dolları, sonra isə hissə-hissə olmaqla ünumilikdə 5000 ABŞ dolları verdiyini, verdiyi pulları ona hissə-hissə qaymağı dediyini, həmin pulları yeyib-içib xərclədiyini, Nahidin onların evlərinə gələrək 5000 ABŞ dollarını Kərimdən faizlə götürərək ona verdiyini, ona görədə görə 5000 ABŞ dollarına görə ona faizləri ilə birlikdə 25000 ABŞ dolları pul qaytarmalı olduğunu dediyini, onun Nahidə ümumilikdə 5000 ABŞ dolları borclu olduğunu, həmin 5000 ABŞ dolları pulu ona hissə-hissə olmaqla 3 il müddətinə qaytara biləcəyini qeyd edərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. 23 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə dəvət edilərək dindirilən şahid X3 ifadəsində Nahidlə uzun müddətdir tanış olduğunu, Emillə isə münasibətlərinin 4-5 il olar yarandığını, Nahidə görə tanıdığını, 2020-ci ilin avqust ayında Nahidin ondan 1400 ABŞ dolları aldığını, onu Emilə verəcəyini dediyini, sonra Emil ona zəng edərək onunla söhbət etmək istədiyini bildirdiyini, onunla görüşüb söhbət edən zaman Emil ona Nahidi bu işə qarışdırmamağı, verdiyi pulu özünün ödəcəyini dediyini, Türkiyəyə gedib qayıtdıqdan sonra Emil həmin pulu ödəməsi üçün ona yanvar ayına qədər möhlət verməyini istədiyini, yanvar ayında isə anası ilə gələrək fevral ayına qədər möhlət istədiyini, sonra isə pulu ödəməyəcəyini, pulunu Nahiddən almağı dediyini, artıq Emillə 5-6 aydır ümumiyyətlə əlaqələrinin kəsildiyini bildirmişdir. 11 avqust 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında mütəxəssis qismində iştirak edən X2 ona təqdim olunmuş iş materiallarında olan “Whatsapp” yazışmalarının fotoşəkillərini tədqiq edərək bildirmişdir ki, həmin yazışmaların iki şəxs arasında aparıldığını vizual olaraq müşahidə etmək mümkündür, bundan başqa həmin yazışmalara dair əlavə nə isə demək hazırki vəziyyətdə mümkün deyil. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(110)- 482/2021 nömrəli qərardadından görünür ki, Cavabdeh adına olan ünvan 1 ünvanda yerləşən, **********64-051011-093008 reyestr nömrəli evin üzərinə həsb qoyulmaqla özgəninkiləşdirilməsi qadağan olunmuşdur. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 18.06.2021-ci il tarixli, 2(110)- 482/2021 nömrəli qərardadından görünür ki, Şərur Rayon Məhkəməsinin 2(110)-482/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə ünvan 1 ünvanda yerləşən **********64-051011-093008 reyestr nömrəli ev cavabdehə məxsus olmadığı müəyyən edildiyindən, həmin evin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinin qadağan olunması barədə iddianı təmin etmə ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə İddiaçı Şərur Rayon Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırdığını, iddianı qismən qəbul etdiyini, İddiaçı 2020-ci ilin avqust ayında ona hissə-hissə olaraq 5000 ABŞ dolları məbləğində pul verdiyini, onun imkanı olmadığından pulu qaytara bilmədiyini, hal-hazırda həmin pulu hissə-hissə olmaqla 3 il ərzində ödəyə biləcəyini bildirmişdir. İş materiallarına əlavə olunmuş 08.06.2021-ci il tarixli 10963 saylı Qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırması üçün “Kapital Bank” Şərur filialı vasitəsilə dövlət büdcəsinə 30 (otuz) manat rüsum ödəmişdir. Beləliklə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları, yəni 25000 ABŞ dolları məbləğində pul vəsaitini cavabdehə verməsi, cavabdeh tərəfindən həmin məbləğin iddiaçıdan alınması və həmin pul vəsaitinin qaytarmaması hallarını sübut etmək öhdəliyini daşıyır. Lakin məhkəmə araşdırması zamanı iddiaçı hazırki iş üzrə iddia tələbinin əsası kimi istinad etdiyi halların təsdiq edilməsi üçün sübutetmə vasitələrini məhkəməyə təqdim edə bilməmiş, iddia tələbini yalnız öz izahatı ilə əsaslandırmışdır. Nəticə etibarilə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların iş üzrə mövcud olan sübutlar əsasında müəyyən edilməsi, həmçinin cavabdehin hər hansı təqsirli qanunsuz hərəkətləri nəticəsində iddiaçıya qeyd olunan məbləğdə maddi ziyanın vurulması, vurulmuş maddi ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasına dair hallarını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı iddia tələbinin əsası kimi cavabdehə 25000 ABŞ dolları məbləğində borc pul verdiyinə dair hər hansı mötəbər sübut təqdim edə bilməmiş, lakin cavabdeh etirafedici izahatı ilə iddia tələbini qismən, yəni 5000 (beş min) ABŞ dolları məbləğində iddiaçıya borcunun olması hissəsində etiraf etdildiyindən, iddiaçı tərəfindən isə iddia tələbi digər hissədə sübut edilə bilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməklə Cavabdeh 5000 (beş min) ABŞ dolları məbləğində borc pul tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 24 (iyirmi dörd) manatı iddiaçıya aid edilməli, qalan 6 (altı) manat isə cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şərur rayon M.Mehrab kənd sakini Cavabdeh 5000 (beş min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla tutularaq Babək rayon Sirab kənd sakini İddiaçı ödənilsin İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz bir) manat dövlət rüsumunun 6 (altı) manatı da Şərur rayon M.Mehrab kənd sakini Cavabdeh alınaraq iddiaçıya ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar