Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-484/2024 30.05.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona borc olaraq verdiyi pulun qalanı 7500 manat borcun və dövlət rüsumu olaraq 95 manatın alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi Şərur Rayon Poçt İdarəsində sürücü işlədiyini, Cavabdeh da Sərxanlı kənd poçtunda işlədiyini, onunla işlədiyi müddətdə tanış olduğunu, Sənanın 2022-ci ilin yaz aylarında torpaq almaq istədiyini, ona pul lazım olduğunu bildirərək ona borc olaraq pul verməyini xahiş etdiyini, bir il ərzində pulu qataracağını bildirdiyini, bir yerdə işlədiyini nəzərə alaraq ona inandığını, heç bir rəsmi sənəd almadan onunla birlikdə işləyən Şərur rayon İbadulla kənd sakini X2 ilə birlikdə Sərxanlı kəndində Cavabdeh yaşadığı evə getdiklərini, cavabdehin atası Zamanov Vəlinin yanında Sənana borc olaraq 20000 manat verdiyini, Vəli Zamanovun onların yanında pulu oğlu Sənandan alaraq sayıb götürdüyünü, 2023-cü ilin yaz aylarında cavabdehdən borc aldığı pulun qaytarmasını bildirdiyini, cavabdehin pulunun olmadığını bildirərək pulunu hissə-hissə qaytaracağını bildirdiyini, iş yoldaşı kimi ona inandığını, pulunu hissə-hissə olaraq qaytarması ilə razılaşdığını, cavabdehin müxtəlif vaxtlarda 10000 manat və 2500 manat pulu qaytardığını, ona pulun qalan 7500 manatın qaytarmasını bildirdikdə isə pulu olmadığını və ona olan borcunun qalanını qaytara bilməyəcəyini bildirdiyini, borcunu istəyəndən cavabdehin hərdən bir bəhanə gətirərək borcunu qaytarmaqdan yayındığını, ona görə də məcbur qalıb ərizə ilə Şərur Rayon Polis İdarəsinə müraciət etdiyini, Şərur Rayon Polis İdarəsində cavadehin ona olan borcunu 2024-cü ilin yaz aylarında qaytaracağını bildirdiyini, Şərur Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ərizənin araşdırıldığını, öhdəliyin vaxtında icra edilməməsi ilə əlaqədar ərizənin mülk məhkəmə predmetinə aid olduğunu, cavabdehin əməlində cinayət hadisəsi olmadığını bildirilərək cinayət işinin başlanmasından rədd edildiyini, tələbi ilə əlaqədar məhkəmə müraciət etməyi bildirildiyini, özünün şəkərli diabet xəstəsi olduğunu, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək Bakı şəhərində Respublika Klinik Xəstəxanasında müalicə aldığını, sol ikinci ayaq barmağının amputasiya olduğunu, mütəmadi olaraq müalicə aldığını,həmin pula çox ehtiyacı olduğunu, cavabdehin həmin pulu ödəmədiyi üçün məhkəməyə müraciət etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında və verilən suallara cavabında iddia ərizəsində sadalanan halları bir daha təsdiqlədiyini, cavabdehlə bir yerdə işlədikləri zaman 2022-ci ildə torpaq alması məqsədilə ona 20000 manat pul verdiyini, həmin puldan 7500 manatını bu günə kimi qaytarmadığını, 2-3 dəfə evlərinə gedərək pulu tələb edəndə kartofunu satıb verəcəyini bildirdiyini, lakin hələ də ödəmədiyini, pulunu vermədiyinə görə şəkər xəstəsi olduğunu, neçə gün xəstəxanada yatdığını, faizi ilə pul vermədiyini, cavabdehin ondan aldığı pul ilə görəcəyi işdən ona da əlavə qazanc verəcəyini bildirdiyini bildirərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmişdir. Cavabdehə telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatının olduğunu, 7500 manat məbləğində borcunun qaldığını, məhkəmə iclasında iştirak edəcəyini bildirmiş, lakin heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində və verilən suallara cavabında iddiaçı ilə iş yoldaşı olduğunu, cavabdehin Sərxanlı kəndinin poçt şöbəsində əməliyyatçı vəzifəsində işlədiyini, iddiaçının cavabdehlə münasibətlərinin yaxşı olduğunu, Ənvərlə birlikdə Sənangilə getdiklərini və Ənvərin 20000 manat pulu Sənana onun yanında verdiyini, iddiaçının pulu faiz ilə verməsi ilə bağlı məlumatının olmadığını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Cavabdeh İddiaçı 2 il əvvəl 20000 manata aldığını, 1 il əvvəl 10000 manatı, 3 ay əvvəl isə 2500 manatını qaytardığını göstərmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsini haqqından qərarın surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanmasını rədd edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının izahatını, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə 20000 manat borc vermişdir. Cavabdeh iddiaçıya olan borcundan 12500 manat qaytarmışdır. Cavabdehin iddiaçıya borclu olması iş üzrə şahid ifadəsi ilə də öz təsdiqini tapmışdır. Cavabdehə telefonoqram göndərilən zaman iddianı qəbul etdiyini bildirsədə iddiaya yazılı münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 389.3-cü maddəsinin tələbinə görə isə öhdəliklər haqqında ümumi müddəalar tənzimləyən Mülki Məcəllənin müvafiq fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair həmin Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Mülki Məcəllənin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli i.a.və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh öhdəliyini yerinə yetirilməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda qeyd olunan hüquq normalarını işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 7500 manat alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən 95 (doxsan beş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Şərur rayon Sərxanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh 7500 (yeddi min beş yüz) manat borc pul vəsaiti və 95 manat dövlət rüsumu olmaqla, ümumilikdə 7595 (yeddi min beş yüz doxsan beş) manat alınaraq Şərur rayon Vərməziyar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-484/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-484/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver