Məhkəmə qərarları › İş №2(110)-488/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-488/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-488/2022 28.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Əliyev Mehdi Ədalət oğlu İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 50000 manat borc məbləğinin, əlavə xərclər üçün 500 manat və ödəniləcək dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, iddianın verilməsinə görə dövlət rüsumu ödənilməmiş və xx.xx.2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki-Pposessual Məcələsinin 149-cu maddəsinin yeni redaksiyasının tələblərinə riayət olunmamış, iddia ərizəsində tərəflərin şəxsiyyətini eyniləşdirmə məlumatları, iddianın qiyməti və sübutların siyahısı qeyd edilməmişdir. Həmçinin cavabdehə təqdim etmək üçün sübutların siyahısının surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin 01 oktyabr 2021-ci il tarixdən qüvvədə olan yeni redaksiyasına əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələblər göstərilməlidir. Mülki-Prosessual Məcəllənin 149.2.3 və 149.2.5-ci maddələrinə əsasən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı qanunvericiliklə bir birindən fərqləndirildiyindən ərizəyə əlavə olunan sənədlərdən məhz hansıların iddia tələbini əsaslandıran sübutlar olduğu iddia ərizəsinin məzmununda ayrıca göstərilməlidir. İddia ərizəsi kağız daşıyıcıda verildikdə cavabdehlərin sayına görə həmin sübutların surətləri iddia ərizəsinə əlavə olunmalıdır. Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar